“Eşitdiyim
mahnıların içərisində bir
dənə də səviyyəlisi yoxdur”
Xalq
artisti Aqşin Əlizadə bəstəkarların mahnı
janrına üstünlük verməsini fəlakət kimi qiymətləndirir
“Bəstəkar
iki dəfə şücaət göstərir – bir dəfə
əsəri yazanda, bir dəfə də yazmayanda. Onu gərək
biləsən – indi yazmaq olmaz, əlim zəifləyib. Əgər
sən bunu bilməsən, işin ağır ola bilər.
Çox təəssüf ki, bunu bəziləri bilmir.
Yazmağa davam edirlər, əsər də zəif olur. Bəziləri Cüzeppe Verdi kimi lap qocalana kimi yaza
bilir. Ancaq bu, nadir hallarda
olur”. Bakı Musiqi Akademiyasının
professoru, Xalq artisti Aqşin Əlizadə xəstəliyin
çox ideyalarının
gerçəkləşməsinə mane olduğunu deyir.
Bəstəkarı tərifləmək
nə deməkdir?
- Bəstəkar
üçün xəstələnmək nə deməkdir?
- Mən
xəstələnəndə yadıma başqa bəstəkarların
xəstəlikləri düşür.
Tanıdığım, bildiyim, eşitdiyim, ən
böyük bəstəkarların çoxu xəstə olub,
özü də gənc yaşlarında. Mən
özümü onlarla müqayisə etmək istəmirəm.
Çoxu bilmir, amma Üzeyir bəy xəstə olub. Bizim müəllimimiz danışırdı ki, o, elə xəstə olub ki, ön
qapıdan keçəndə necə nəfəs
almasının səsi eşidilirmiş. Qara Qarayev də çox xəstə idi. Mən
özüm bunu görürdüm. O, 55 yaşından sonra ağır xəstə oldu.
Tarixə baxanda Şopen, Motsart, Şuman da çox
ağır xəstə
olublar. Mənim xəstəliyim isə
çox yersiz oldu. Əgər təzədən yazmağa başlasaydım,
başqa fikirlərim vardı. Heyfsilənirəm ki, onlara əlim çatmadı.
Hətta
bəzi əsərlər
ümumi şəkildə
beynimdə hazırdır.
İndi mənə elə gəlir yazardım, bəlkə də beynim yorulub, yaza bilməzdim. Amma liberetto, mövzu kimi ağlımda var. Ona heyfsilənirəm ki, xəstəlik bunları həyata keçirməyə imkan vermədi. Ümumiyyətlə, bəstəkar prosesləri
özü hiss etməlidir.
Mən bunu çoxdan hiss etmişəm.
İndi məndən tez-tez soruşurlar: «Nə yazırsan?». Onlara nə cavab verəcəyimi bilmirəm.
Mən yazaram, amma yazmaq
şərt deyil.
Sadəcə, özün yaza
bilmədiyini bilməlisən.
- Tarixən yaradıcı insanlar arasında qısqanclıqlar, paxıllıqlar
müşahidə olunub.
Bəs sizə qarşı necə, bu cür
hisslər olubmu – hansısa əsəriniz işıq üzü görməyib, səhnəyə
yol tapmayıb və s.
- Çox olub... Amma həmişə özümü elə aparmışam ki, guya hiss etməmişəm,
guya eşitməmişəm,
guya görməmişəm...
Çünki səhəri gün
həmin adamlarla görüşəndə çox
gözəl danışırdıq.
Ancaq mən bildiklərimi onların üzünə
vurmurdum. Bilmirəm, bəlkə
məndə də qısqanclıq var. Amma mən onu basdırmağa
çalışıram. Bu, ailəmizdə olan tərbiyədən irəli gəlir. Mən nə atamdan, nə də anamdan bircə dəfə də başqalarına qarşı
qısqanclıqla hissi
ilə bağlı nəsə eşitməmişəm.
Mənə qarşı olan
qısqanclıqların zərbəsi
əsərlərimə toxuna
bilməyib. İstədiyimi yazıb başa çatdırmışam. Heç kəs də onun qarşısında dura bilməyib. Yaradıcılığımda istədiyimə nail olmuşam.
Heç
kəs bunun qarşısını ala bilməyib.
Bəlkə də bu, xoşbəxtlikdir: musiqimizin ən böyük bəstəkarı
Qara Qarayev məni təsdiqləyib. Heç bilmirəm niyə?
O, hansı bəstəkarın
gələcəyini görürdüsə,
bunu deyirdi. Bu yaxınlarda əlimə
keçən qəzetlərin
birində Qara Qarayevin mənim haqqımda yazdığı
sözlərə rast
gəlmişəm. «Mən onun gələcəyinə
inanıram» - deyə
o, qeyd edib. Böyük bəstəkar bu sözləri 1965-ci ildə
yazıb. O, hər
adam üçün
bu sözləri yazmırdı. Mən hiss
edəndə ki, o məndə nəsə görür və məndən nəsə gözləyir, bundan artıq mənə heç nə lazım deyil. Ümumiyyətlə, mən başa
düşmürəm, bəstəkarı
tərifləmək nə
deməkdir? Onun haqqında
«görkəmli», «böyük»
söyləmək nə
üçündür? Bethoven olan yerdə demək olar ki, böyük bəstəkar var? Üzeyir bəy özü qoymurdu ki, ona
«böyük» desinlər.
Ancaq o, doğrudan da böyük bəstəkar
və şəxsiyyət
idi. Bəstəkar özü hiss etməlidir
ki, onun işi lazımdır, ya yox. Əgər mən cavan vaxtımda hiss etsəydim ki, alınmır, yazmazdım.
Başqa
sənət sahibi olardım. Amma mən işləyirdim.
İş prosesi məni
bütövlüklə əlinə
almışdı, başqa
şeyləri fikirləşmirdim.
Sizə deyəcəyim
söz bəlkə də qəribə gələr: mən həmişə yoldaşlarımın
yaxşı əsərlərinə
sevinirəm. Bəlkə də onların
xəbəri yoxdur, amma mən onların
hətta, diplom işləri haqqında da məlumatlıyam.
Mən həmişə yaxşı
əsərləri fikrimdə
qeyd etmişəm.
Yanında olan bəstəkarın
əsərinə doğru
qiymət vermək çox vacibdir. Bəstəkarın hansısa bir
xüsusiyyətinə görə
əsərə qiymət
vermək düz deyil. Yaxşı xasiyyətli bəstəkar
bəlkə də heç olmur. Beyin gərgin işləyir.
Bəlkə elə bir vəziyyətdə olursan
ki, kiməsə “salam” verməyə imkanın olmur. Onda səndən küsəcəklər?
Çünki sən tamam
başqa bir aləmdəsən. Mən bilirəm
dünyada nə musiqilər var. O musiqilərin
içərisində nə
cür öz sözümü tapım?
Bu dəhşətli bir prosesdir. Bəstəkarlıq sənəti çox
ağır və müqəddəs bir sənətdir.
Bəstəkarı gözləmək lazımdır
- Siz maraqlı bir məktəb
keçmisiniz. Bugünkü bəstəkarlıq məktəbi
haqqında da eyni sözləri demək olarmı?
- Bəstəkarlıq
elə bir axın deyil ki, o, hər dəfə getdikcə
artacaq, maraqlı əsərlər alınacaq. Bunu heç kim
öncədən bilmir. Əvvəla, bəstəkarı
gözləmək lazımdır. Bəstəkar tələb
olunanda əsərlər yaranır. Bizim oxuduğumuz illərdə
tələb çox böyük idi. Ancaq bu, insanın
özündən də asılıdır. Bir də
görürsən ki, tək qalırsan. Tək qalanda sənin
yanında, fikrində olan bəstəkar olmalıdır. Məsələn,
mən ömrümdə Prokofyevi görməmişəm. Amma
o, həmişə mənim üçün o, nümunə
olub. Bugünkü bəstəkarlara gəldikdə… Bu gün
demək olmaz ki, bəstəkar var, ya yoxdur. Bunun
üçün zaman lazımdır. Sözün düzü,
o maraqlı əsərləri eşidirəm. Həmin əsərləri
2-3 dəfə dinləyirəm və öz fikrimi müəlliflərinə
deyirəm. Görürəm bu, onlar üçün də
çox vacibdir. Onlar iri həcmli əsərlərə əl
atırlar. Bu o demək deyil ki, birdən-birə böyük əsərlər
yaranacaq. Bu gün yeni bir musiqi yaranır. Bir xəstəlik
kimidir, onun içindən çıxmaq lazımdır. Vacib
olan odur ki, bizim musiqi cəmiyyətində hansı musiqinin
yaxşı və ya zəif olduğunu anlayırlar. Demək
olmaz ki, 70 il bundan əvvəl bu fərqi bilirdilər.
1947-48-ci ildə Qara Qarayevin «Leyli və Məcnun» poeması
çalınanda çoxu bu əsəri başa
düşmürdü. Amma biz bilirdik ki, bu, klassik əsərdir.
Amma bu gün tam fərqlidir. Dünyada da dəyişiklik
gedir. Bəzən əcaib musiqilər yazılır. Heç
nəyə qarşı getmək lazım deyil. Ola bilər ki,
onların çoxu silinib, içərisindən çox
maraqlı bir əsər çıxsın.
- Hansı əsərinizin taleyindən
nigaran qalmısınız?
-
Heç birinin. Mən əvvəldən ki, səbirli oluram,
bu çox vacibdir. Heç vaxt fikirləşməmişəm
ki, əsər bitən kimi ifa olunsun. Mən gözləmişəm.
Hətta, bəzən irihəcmli əsərləri illərlə
gözləmişəm. 1 ildən və ya 3 ildən sonra bir
də baxmışam. Məsələn, «Babək» baletini
1979-cu ildə Bədii Şura qəbul etdi. Amma mən onu
1986-cı ilə qədər saxladım. Bəzən
ömrümdə 1-2 dəfə olub ki, əsər yazılan
kimi ifa olunub. Onda da mən əsəri yazdığım vaxt
orkestrlə mütəmadi görüşürdüm. Bəzi
əsərlər illər boyu alınmırdı. Məsələn,
«Bayatı»ları oxuya bilmirdilər. Ta ki, uzun illərdən sonra
istedadlı bir xormeyster gəldi. O ifa edəndən sonra öz
yerini tutdu. Sonra əsəri Moskvada da ifa etdilər. Amma mən
heç darıxmırdım. Çünki başım
başqa əsərlərə qarışırdı.
- Bu
gün ölkəmizdə musiqi ilə bağlı ali və
orta ixtisas təhsil ocaqları fəaliyyət göstərir.
Ortada necə, səviyyəli məhsul varmı?
- Bu,
məktəbdəki müəllimlərin səviyyəsindən
asılıdır. Ancaq indi istək də, münasibət də
dəyişib. 50-60 il bundan əvvəlki istək indi daha
yoxdur. Yadımdadır, uşaqlıqda oxuyanda müəllimlər
bizi oyandırmağa çalışırdılar. Bu, indi
yoxdur. İndi başqa səviyyədir. Müəllimlər
özləri məktəbdə necə oxuyurdularsa,
uşaqları da elə oxudurlar. Bəlkə bu, bir
dalğadır, uzun da çəkə bilər. Bu gün
hamı elə tələsir ki, əli bir yerə
çatsın. Heç kim fikirləşmir ki, gərək
3-5 il oturub əsər yazsın.
- Tələbələrinizlə
evdə məşğul olursunuz. Dərsə həvəsləri
varmı?
-
Onlara uşaq kimi baxıram. Bəzilərinə daha çox
kömək etmək istəyirəm. Bilirəm ki, dərslərini
az alıblar. Bir neçə dərsdən sonra elə bil
ayılırlar. Öyrənmək istəyirlər. Bu isə ən
vacibdir. Onlar bu gün oxuyanda bəlkə də fikirləşirlər
ki, harada işləyəcəklər? Harada iş tapacaqlar? Mən
bunu onlarda hiss edirəm. Amma mən öz işimi görürəm,
dərsimi deyirəm.
Açılmayan
sirr
- Nədənsə bəstəkarlar
asan janr kimi ən çox mahnı janrına üz tutarlar. Bu
tendensiya nə ilə bağlıdır?
- Bu
da böyük bir fəlakətdir ki, guya musiqinin əsası
mahnıdır. Eşitdiyim mahnıların içərisində
bircə dənə səviyyəlisi yoxdur. Ancaq mən
onların heç birinə qarşı getmirəm. Məsələn,
onlar muğam üstə gəzişmənin adını
mahnı qoyurlar. Əvvəllər mahnıların bəstəkarı
olub. İndi o cür insanlar yoxdur. Məsələn, mən
belə hesab edirəm ki, ən gözəl mahnı yazan
Niyazidir. Onun 2-3 mahnısını desək, kifayətdir. Tofiq
Quliyevin ən yaxşı mahnılarını yığsan,
sayı cəmi 15 edər. O, özü də bunu deyirdi. Amma
demək olmaz ki, onun 50 yaxşı mahnısı var.
Çünki bu qədər yaxşı mahnı yazmaq olmur. O
mahnıkar idi. Üzeyir bəy cəmi 7 mahnı yazıb. Eləcə
də Qara Qarayev. Mənim də 5 mahnım var. Mahnı
lazım olanda yazılır. İndi qəribə bir proses yaranıb,
hamı istəyir ki, mahnı yazsın. Bu, xalqı
çaşdırır, xalqı azdırmaq olmaz. Mahnı
kütləvi janrdır. Çünki cəmiyyət
mahnını çox asan qəbul edir. Ancaq bu proses tək Azərbaycanda
deyil, Rusiyada da belədir. Sovet İttifaqı dağılandan
sonra mən bəstəkarların əsərini eşitmirəm.
Bu yaxınlarda Rusiyanın Bəstəkarlar
İttifaqının sədri ilə görüşdüm. O,
dedi ki, “mahnı, əyləncə musiqisi yazanlar bu gün dəstəklənir.
Rusiya hökuməti bizi heç dəstəkləmir”. Digər
bir məsələ isə odur ki, onları təbliğ edirlər.
Efirə onları dəvət edirlər, yer verirlər. Bəziləri
veriliş aparırlar.
- Bəzən
bəstəkarlar deyirlər ki, «Mən çox əsər
yazmışam, bundan sonra yazmasam da olar». Yaradıcılıq
üçün bu fikirlərdə həqiqət varmı?
- Bu,
gülməli fikirdir. Özündən razı olan adam hər
şey yaza bilməz. Düzdür, tarixdə bu cür adamlar
olub. Məsələn Vaqner özündən başqa
heç kimi qəbul etmirdi. O deyirdi ki, məndən başqa
yeni musiqini heç kəs yarada bilməz. Onun haqqı
vardı. Amma başqaları deyəndə bu, gülməli
çıxır.
- Yaxşı musiqinin sirri nədir?
- Yaxşı musiqinin sirrini heç kəs aça bilməyib. Əgər o sirr açılsaydı,
bu tilsim də qırılardı,
bəstəkarlıq sənəti
də ləğv olunardı. Heç kəs o zirvəyə
çata bilməyib, çünki bu, mümkün deyil. Ancaq dahilər o zirvəyə yaxın olublar. Çünki hər bir böyük bəstəkar
bir sirdir, bir-birlərinə bənzəmirlər.
Ona görə də hələ bu sirri heç kəs tapa bilməyib.
Təranə Məhərrəmova
Kaspi.-2012.-7 noyabr.-S.9.