Azərbaycanlı alim kainatın sirrini aça bilən yeni əmsallar tapıb 

 

Mühəndis-geoloq Vaqif Behbudoğlu yerin cazibə qüvvəsilə işləyən mühərrik kəşf edib

 

Dünyada baş verən müharibələrin əsasında duran enerji problemi həllini tapa bilər. Əgər mühəndis-geoloq Vaqif Behbudoğlunun ixtirası gerçəkləşərsə, tükənməkdə olan enerji mənbələrinə rahatlıqla əlvida deyə bilərik. İllərdir apardığı araşdırmaların nəticəsində V.Behbudoğlunun kəşfinin tətbiqi sayəsində asanlıqla enerji almaq mümkündür. İxtiraya əsasən, alternativ enerji qravitasiya qüvvəsi, yəni yerin cazibə qüvvəsinin enerjiyə çevrilməsi yolu ilə əldə olunur.

 

Elmə məlum olmayan əmsallar tapmışam

 

Yaratdığı qurğunu Qravitasiya Moment Mühərriki (QMM) adlandıran müsahibimiz yeni mühərrikin maketinin artıq hazır olduğunu bildirdi: “Mühərrik gövdə, 3 paralel qapalı zəncir, süni burucu moment yaradan mexanizm, zəncirlər üzərində bərabər məsafələrdə yerləşdirilmiş bölüşdürücülər, burucu momentləri düzxətli hərəkətə gətirən diyircəklər, zəncirin hər bir addımında yerləşdirilən 3 ulduz sistem, aparan aparılan vallardan ibarətdir. Mühərrik vertikal vəziyyətdə müəyyən yerə bərkidilib gücünə uyğun generatorlara qoşulmaqla işləyir”.

V.Behbudoğlu bildirdi ki, qravitasiya qüvvəsindən istifadə etmək üçün bu günə kimi elmə məlum olmayan əmsallar tapıb: “İllərdir, əsrlərdir, insanlar kəşf olunan eyni əmsallardan istifadə etdikləri üçün yenilərini qəbul etməkdə çətinlik çəkirlər. Amma mən araşdırmalarım nəticəsində kainatın sirrini aça bilən yeni əmsallar tapmışam. Bu əmsallar da mənə imkan verir ki, yerin cazibə qüvvəsinin sayəsində enerji almağın mümkünlüyünü açıqlayım. Bu enerjini almaq çox asandır, sadəcə bunu başa düşmək, anlamaq lazımdır. Yüksəklikdən hansısa kütlə yerə dəyəndə cazibə qüvvəsinin təsiri altında müəyyən miqdarda enerji hasil olur. Bu enerjidən asanlıqla müasir həyatda istifadə etmək mümkündür”.

 

Digər enerjilərdən ucuz başa gəlir

 

V.Behbudoğlu qravitasiya qüvvəsi sayəsində alınan enerjinin külək, Günəş, su, atom enerjisindən daha ucuz başa gəldiyini dedi: “Neft, daş kömür digər yanacaq növlərinin çıxarılıb istifadə edilməsinə il ərzində 9,2 trilyon manat vəsait xərclənir. Digər tərəfədən, bu yanacaq növlərinin nəql edilməsi üçün bir neçə yüz milyard manat maliyyə vəsaiti tələb olunur. Bununla yanaşı, elektrik cərəyanının ötürülməsi üçün milyon tonlarla mis, alüminium, dəmir digər qiymətli metallar sərf edilir. Bütövlükdə enerji daşıyıcılarına il ərzində 15 trilyon manatdan çox vəsait xərclənir. Həm QMM vasitəsilə alınan enerjini daha asanlıqla əldə etmək mümkündür. Amma Günəş enerjisini xüsusi yarımkeçiricilər vasitəsilə elektrik enerjisinə çevirmək üçün bir kvadratmetrlik lövhələrdə ən yaxşı halda 250 Vatt enerji almaq mümkündür. Külək enerjisindən istifadə etdikdə isə, fırlanan pərlər vasitəsilə bir qurğudan 0,6 kilovat enerji əldə etmək olur”.

Qurğu avtomobil mühərriklərini əvəz edə bilər

Müsahibimizin sözlərinə görə, kəşf etdiyi qurğu cazibə qüvvəsi olan bütün sistemdə tətbiq edilə bilər: “QMM-nin adi saat mexanizmində istifadəsi mümkündür. Bu qurğu avtomobil mühərriklərini əvəz edə bilər. Ən maraqlısı isə budur ki, Günəşin, maqnit qasırğalarının, ümumiyyətlə, havanın qeyri-sabitliyinin mühərrikin işinə heç bir təsiri yoxdur. Yadınızdadırsa, sentyabrda ildırımvurma nəticəsində Mingəçevirdəki Su Elektrik Stansiyasında elektrikötürücü xətlərində qəza baş verdi. Nəticədə Bakıda yollarda böyük tıxaclar yarandı, metro az müddətə olsa fəaliyyətini dayandırdı. Amma QMM strateji cəhətdən heç bir təsirə məruz qalmır. Elektrik stansiyalarında ildırımvurma, naqillərin qısaqapanması, yanğın, kosmosdan gələn güclü elektromaqnit dalğalarının təsirindən stansiyalarda açılmalar təhlükəsinin QMM-ə heç bir təsiri yoxdur”.

 

Kənd təsərrüfatı da qazana bilər

 

V.Behbudoğlunun fikrincə, ixtirası tətbiq olunarsa, ölkəmizin kənd təsərrüfatı sahəsinə böyük miqdarda gəlirlər gətirə bilər: “Mənim hazırladığım qurğu Mingəcevir SES-in yerinə işləyərsə, enerji alınması üçün istifadə olunan su kənd təsərrüfatında torpaqların suvarılmasına sərf olunar, bununla da kənd təsərrüfatında yüz milyard manatdan çox gəlir əldə edilər. Digər tətəfdən, Mingəçevir SES- hasil olunan enerjini bölgələrə ötürməkçün yolda xeyli enerji itkisi olur. Eyni zamanda, enerjinin ötürülməsi üçün bahalı naqillər, kabellər, izolyatorlardan istifadə edilir. Yeni qurğu quraşdırılarsa, bütün bunlara ehtiyac qalmaz. Bu qurğunu nəinki hər bir şəhərdə, hətta hər bir küçədə, hər bir binada quraşdırıb enerji almaq mümkündür”.

 

Alınan enerji atmosferi çirkləndirmir

 

İxtiranın fərqi həm də ondadır ki, ətraf mühit üçün heç bir ziyanı yoxdur. V.Behbudoğlunun sözlərinə görə, qlobal istiləşmə, buzlaqların əriməsi kimi təbiət hadisələrinin əsasında havanın neft tullantılarından və sairdən çirklənməsi durur: “Amma QMM atmosferə heç bir tullantı yaymır və ətraf mühitə heç bir zərəri yoxdur”.

Müsahibimiz bildirdi ki, QMM ölçülərindən asılı olaraq müxtəlif qiymətə başa gəlir: “0,002 vatdan 41 min kvt/saata qədər enerji almaq mümkündür. 41 min kvt/saatlıq mühərrikin hazırlanması 150-160 min manata başa gələ bilər. Tam tətbiq olunduqda böyük ölçülü mühərrikdən Mingəçevir SES-in bütövlükdə verdiyi enerji qədər enerji almaq olar ki, bu da generatorla birlikdə təxminən 10 kvadratmetr sahəni tutar. Günəşdən Yer kürəsinin 1 kvadratmetrinə düşən enerjinin miqdarı 1 saatda 84 kilovat təşkil edir. İrihəcmli, güclü QMM vasitəsilə isə bu enerjidən 100 dəfələrlə çox enerji almaq mümkündür”.

İxtiraçının hesablamalarına görə, mühərriki istehsal edən müsəssisə 15 milyon manata başa gələrsə, qoyulan sərmayədən il ərzində 100 dəfələrlə çox gəlir əldə etmək olar.

 

“Əgər yalandırsa, desinlər yalandır.

 

V.Behbudoğlu ixtirasını Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) təqdim etdiyini bildirdi: “İki aya yaxındır ki, kəşfimi müzakirə olunub rəy verilməsi üçün AMEA-ya vermişəm. Amma hələ ki səs-soraq yoxdur. 20 ildən artıqdır ki, kəşfim qoltuğumda döymədiyim qapı qalmayıb. Əgər kəşfimi gerçəkləşdirmək mümkün deyilsə, yalandırsa, desinlər yalandır. Bunu da deyən yoxdur. AMEA-da müzakirəni gözləyirəm, müzakirə olunduqdan sonra rəy veriləcək və mən həmin rəylə birlikdə kəşfimi patent almaq üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərəcəyəm”.

Müsahibimiz layihəsinin geniş tətbiqi üçün dövlət qurumlarından və xeyriyyəçi iş adamlarından kömək istədi.

Qeyd edək ki, V.Behbudoğlu bir neçə ixtiranın müəllifidir. Keçmiş SSRİ miqyasında yük vaqonlarının boşaldılması və anbarlara nəql edilməsində ixtirası geniş tətbiq olunub. Bundan başqa, bir neçə ixtirasından SSRİ dövründə istifadə edilib və həmin dövrdə müxtəlif ordenlərə layiq görülüb.

 

 

Lalə Musaqızı

 

Kaspi.-2012.-7 noyabr.-S.6.