Canlı ünsiyyətin yerini
internet, mobil telefon tutub
Pantomim
Teatrının direktoru Elman Rəfiyev: “Gənclərimizin
danışıq qabiliyyəti pis vəziyyətdədir”
“Gənclərimiz
fikirlərini qarşısındakı insana
çatdırmaqda çətinlik çəkir. Sovet
dövründə mobil telefon, internet yox idi, sadəcə,
canlı ünsiyyət var idi. İndiki dövrün gəncləri
bir-birlərinə fikirlərini ya SMS, ya da Facebook vasitəsilə
çatdırır. Gənclər indi yazılarla ünsiyyət
qurur və belə olduqda danışıq qabiliyyətləri
inkişaf etmir”. Pantomim Teatrının aktyoru və direktoru, əməkdar
artist Elman Rəfiyev bizimlə söhbətində həmçinin,
müasir teatr problemlərindən, serial çəkilişlərindən
də söhbət açdı.
Hər insan öz sənəti ilə
məşğul olsa...
- Pantomim
Teatrını Bəxtiyar Xanızadə yaradıb. Onun tələbəsi
olmaq necə bir hissdir?
- Bəxtiyar
Xanızadə bizə hər zaman söyləyir ki, mən elə
bir teatr yaratmaq istəyirəm ki, mənim aktyorum tək
pantomimlə kifayətlənməsin, o hər şeyi
bacarsın. O aktyor həm gözəl rəqs etməyi, həm
gözəl aktyorluğu, həm gözəl rejissorluğu, həm
də oxumağı bacarsın. İnsan öz amalına
doğru gedirsə və bu yolda əziyyət çəkirsə,
ona nail olmağı da bacarır. Bəxtiyar Xanızadə
bunu bacardı. Biz o zaman 4 nəfər idik - Rövşən
İsax, Əsəd İsmayılov, Siyavuş Hüseynli və
mən. Bizim qrupda adminsitrasiya işlərini mən
görürdüm və Bəxtiyar Xanızadə o zaman mənə
söyləmişdi ki, gələcəkdə teatrımız
olsa, sən çox güman ki, o teatrın direktoru olacaqsan.
Biz tələbə olarkən o, gələcəyimiz
haqqında öz diaqnozunu qoydu. B.Xanızadənin fikrincə,
hərəmizin bir sənəti olacaqdı. Məsələn
Rövşən İsaxdan gözəl rejissor, Siyavuş
Hüseynlidən gözəl aktyor çıxacaq, mən
direktor olacaqdım. İndi Elman sözügedən teatrın
direktorudur, həmin o dördlükdən Rövşən
İsax rejissordur, ATV kanalında ”Pərvanələrin rəqsi”
serialını çəkir, bundan əlavə, “Aktrisa” filmi
ilə məşhurdur. Siyavuş Hüseyinli SOY Prodakşnda əvvəllər
aparıcılıq edirdi, gözəl diksiyası var. İndi
o da serial çəkir. Əsəd İsmayılov mətbəənin
başçısıdır. Bizə qoyulan diaqnoz doğru
çıxdı. Biz bu səviyyəyə aktyor bacarığımızın
sayəsində gəlib çatmışıq. Mənim
üçün hər şeydən önəmli mənim
aktyorluğumdur, aktyor sənətimdir, çünki mən hər
şeyi bu sənətim sayəsində əldə etmişəm.
Pantomim Teatrı yaranandan mən direktor müavini işləyirdim.
Çalışıram ki, hər kəsin etimadını doğrulda
bilim. Bəxtiyar Xanızadənin yolunu davam elətdirim, onun
bizə ərmağan etdiyi teatrı mükəmməl şəkildə
təmsil edim.
- Xəzər Universitetinin Dünya məktəbində
müəllim kimi də çalışırsınız.
Pedaqoji iş aktyorluğunuza kömək edir, yoxsa əksinə?
-
Artıq 10 ildir ki, bu məktəbdə
çalışıram. Əvvəllər dünya teatr
aktyorları və rejissorlarından bəhs edir, tələbələri
incəsənət sahəsi üzrə - kino, teatr, obrazın
canlılığı və s. üzrə bilgiləndirirdim.
Hazırda isə nitq mədəniyyəti dərsi keçirəm.
Qeyd edim ki, gənclərimizin danışıq qabiliyyəti
pis vəziyyətdədir. Onların bir çoxu fikirlərini
qarşısındakı insana çatdırmaqda çətinlik
çəkir. Sovet dövründə ancaq şəhər
telefonu var idi, mobil telefon, internet yox idi, sadəcə canlı
ünsiyyət var idi. İndiki dövrün gəncləri bir-birlərinə
fikirlərini ya SMS, ya da Facebook vasitəsilə
çatdırır. Yazılarla danışırlar və belə
olduqda danışıq qabiliyyətləri elə də
inkişaf etmir. İnsanları bir-birinə
yaxınlaşdıran canlı ünsiyyətdir. Mən
Dünya məktəbində şagirdlərə bu mədəniyyəti
izah edirəm. Hər bir gəncin nitq, eşitmə və dinləmə
mədəniyyəti olmalıdır.
- Siz Pantomimin həm direktoru, həm də
aktyorusunuz. Seriallara da çəkilirsiniz. Bu qədər
işi necə çatdırırsınız?
- Həm
də Pantomim Teatrının musiqi tərtibatçısıyam
(gülür). Uşaq vaxtı yalnız AzTV var idi, o kanala
baxanda korifey sənətkarlarımız söyləyirdilər
ki, günümüz belə başlayır, səhər
dublyaj, günorta çəkiliş, axşam da tamaşa.
Düşünürdüm ki, görəsən, bu insanlar bu
qədər işi bir gündə necə
çatdırılar? Bu gün mən də bu işləri
yerinə yetirirəm və öz sənətimi sevirəm. Bu
işlərdən enerji alıram. Mən Qaban ilinin Oğlaq
bürcündənəm, qarşıma qoyduğum
bütün məqsədlərə çatmağa öyrəşmişəm.
Aktyor olacağıma artıq 10 yaşında qərar
vermişdim. Mənim 41 yaşım var, amma bu gün də
oxuyuram. Zaman dəyişir, dəyişdikcə onun tələbləri
də dəyişir. Elə mövzular var ki, uşaqlar onu bizdən
daha yaxşı bilirlər. Hər bir insan öz sənəti
ilə məşğul olub onu sevsə, bu işlərdən
yorulmaz, əksinə, həzz alar.
- İncəsənət Universitetində
pantomim dərsi keçirilmir, bəs kadrları necə
tapırsınız?
- Bizim
teatra pantomim anlayışları olmayan gənc aktyorlar
müraciət edir və onlar burada püxtələşir.
Pantomima aktyoru olmaq üçün həm fiziki, mənəvi,
həm də savad cəhətdən hazırlıqlı olmaq
lazımdır. Pantomima aktyoru olmaq çox çətindir.
Bura gələn tələbələr bu rejimə
dözmürlər, yəni gələn kimi məşhur olmaq
istəyirlər. Professionallıq əldə etmək illər
tələb edir. Bu gün fədakar gənclərimiz var, onlar
öz üzərilərində çalışırlar və
kifayət qədər də məşhurdurlar.
Ümid edirəm...
- Ölkədə keçirilən
festivallarda xeyli müddətdir ki, Pantomim Teatrının
adı yoxdur. Sizcə, bunun səbəbi nədir: Pantomimaya
ehtiyac yoxdur?
- Azərbaycanda
ilk Pantomim festivalı 1994-cü ildə “Him-Cim” adı
altında keçirilib. 2-ci Beynəlxaq Pantomim teatr festivalı
isə 1996-cı ildə keçirildi. Son zamanlar dövlət
tərəfindən teatrlarımıza böyük dəstək
var. Ümid edirəm ki, belə bir Beynəlxaq Pantomim Teatr
festivalı yaxın illərdə Azərbaycanda da keçiriləcək.
- Pantomim
Teatrı xarici festivallara dəvətlər alırmı?
- Bəli,
xarici festivallara tez-tez dəvət alırıq. Festival önəmli
bir bayramdır. Beynəlxaq festivallarda müxtəlif qruplar bir
yerdə cəmləşirlər və öz ölkələrini
tanıdırlar, simaları tanınır və xarici
festivallardan yeni səfərlər doğur. Əgər
özünü gözəl göstərə bilirsənsə,
növbəti dəvətlər gəlir. Biz festivallara gedərkən
həmişə vətənimizi təmsil etmişik və
kifayət qədər də uğur qazanmışıq.
- Hazırda Pantomim Teatrında yeni
tamaşalar hazırlanırmı?
-
Bütün mətbuat orqanları bilir ki, Pantomim Teatrında
heç vaxt öncədən məşq və olacaqlar bardə
məlumat verilmir. Çünki tamaşaçı
üçün sürpriz daha maraqlı olur. Mən indi yeni
tamaşa haqqında sizə tam məlumat verim, tamaşanın
ideyasını, adını, musiqisini açıqlayım və
o zaman artıq tamaşaçının beynində tamaşa
barədə təəssürat formalaşır, sonradan onun
üçün tamaşa maraqsız olur. Bilirəm reklam
xatirinə demək lazımıdr, amma Pantamim Teatrının
tamaşaçıları biləndə ki, yeni tamaşa
hazırlanıb, onlar özlərini sürprizə hazır
edirlər. Hazırda yeni tamaşa üzərində məşqlər
gedir. Bu ilin sonunda tamaşaçılara təqdim olunacaq. Bircə
onu deyə bilərəm ki, tamaşada jest, mimika, söz,
texnika - bir sözlə, hər şey olacaq.
- Hansı rejissorların işini daha
çox bəyənirsiniz?
- Hər
bir rejissorun öz yozumu, öz dili var. Heç bir zaman
heç bir aktyor və rejissor arasında ayrı-seçkilik
qoymuram. İndi teatr aləmində yeniliklər çoxdur,
maraqlı tamaşalar qurulur. Elə bir zaman gəlib
çatıb ki, insanlar texnikadan qurtulub, canlı ünsiyyətlə
əlaqə qurmağa ehtiyac duyurlar. 31 ildir ki, bu işlə məşğulam.
Bizim sənətdə aktyroun ən böyük qazancı
tamaşaçıların ona verdiyi alqışdır. Bu
qiymətlərin ən yaxşısı isə aktyorlara verilən
fəxri adlardır. Bu il mayın 9-da mən bu ada layiq
görüldüm. Çox istərdim ki, bütün aktyor
yoldaşlarım bu hissi yaşasınlar.
- İndi televiziyalarımızda yerli
seriallar çəkilməyə başlayıb və o
serialların birində də siz rol almısınız.
Çəkilən serialların keyfiyyətindən
razısınızmı?
- İndi
çəkilən serilların hamısını
alqışlayıram. Dövlət tərəfindən yerli
serilların çəkilişi barədə qərar qəbul
edildikdən sonra televiziyalarımızda yerli seriallar
çoxalmağa başladı. Serail çəkimi nə deməkdir?
Yəni rejissorun və aktyorun işi var. Heç kim deməsin
ki, seriallarımız maraqsızdır. Gəlin qonşu
dövlətlərin təcrübəsinə nəzər
yetirək. Türkiyədə də film çəkilişlərinə
yeni başlayanda bu iş tam professional deyidi. Ancaq indi türk
serialı dünyada öz sözünü deyir. Əgər
uşaq yeriməyə başlayırsa, biz onun əlindən
tutub yeriməyi öyrətməliyik, ona laqeydlik göstərib,
üz çevirməməliyik. Seriallarınmız addım
atan uşağa bənzəyir.
Seriala
çəkilməmişdən əvvəl mənə bir
çox təkliflər gəldi. Ssenariləri oxudum və
seçim elədim. Mənim üçün baş rol önəmli
deyil. Elə korifey sənətkarlarımız olub ki, epizodik
rolla yaddaşlarda qalıb. Biz onları görüb bu sənətə
gəlmişik. Rolun böyüyü-kiçiyi yoxdur. Hər
bir aktyor üçün tramplin teatrdır.
Xəyalə Rəis
Kaspi.-2012.-9 noyabr.-S.15.