CÜMƏ AXŞAMI (hekayə) 

 

 Nəriman Əbdülrəhmanlı

 

...- Fikir veribsənmi, bütün körpə uşaqlar eyni cür ağlayırlar, - yoldaşlarının Ağıl Dəryası adlandırdıqları həmkarı eynəyinin üstündən ona baxdı.

- Yox, heç fikir verməmişəm, - bunu deyə-deyə beynindən keçirdi ki, görən, Ağıl Dəryası ona sual verir, yoxsa ağlındakıları danışmaq istəyir.

- Yəqin ona görə ki, - «belə, deməli, sual vermirmiş», fikrindən keçirdi – körpə vaxtı uşaqların hamısı bir-birinə oxşayırlar, tərtəmizdilər, böyüdükcə bulanırlar, səsləri də dəyişir, onunçün də böyüklərin hərəsi bir cür ağlayır… - Ağıl Dəryası müdrikcəsinə susdu.

- Olar, olar… - Ondan canını qurtarmaqdan ötrü tələsik razılaşdı. – Heç ağlıma gəlməyib.

Dərhal da bu günün cümə axşamı olduğu yadına düşdü. Gecəyarısı telefonun zəngi onu mürgüdən oyadanda, nəsə xoşagəlməz duyğudan xeyli dəstəyi götürməmişdi. Uşaqlıq Dostu salamsız-kəlamsız «öldü» dedi. Əvvəl kimin, nə vaxt, niyə öldüyünü anışdırammadı, ağzından «Nə öldü» sualını necə çıxardığını özü də bilmədi.

- Nə yox, kim! – Uşaqlıq Dostu üstünə qabardı. – Müəllim öldü, sabah birinci cümə axşamıdı. İşdə ol, zəng elərəm, gedərik.

«Hə? Müəllim ölübAllah qəhmət eləsin», - dəstəyi qoya-qoya beynindən keçirdi. Məktəbdə dərs deyənlərin hamısı məllim olsalar da, nədənsə, birçəciyinə elə adsız-filansız Müəllim deyirdilər. «Hə, bu da belə. Neçə yaşı olardı? Yəqin, təxminən altmış beş – altmış altı. Çox olmazdı. Sabah gedib dəymək lazımdı»…

...İndi çıxıb dayanacaqda durmuşdu, avtobusunu gözləyirdi ki, minib getsin, Uşaqlıq Dostuyla görüşüb yas yerinə baş çəksin, bircə saat oturub Müəllimi xatırlasın. Yəqin, Müəllim də bütün uşaqlar kimi, körpəlikdə eyni cür ağlayıb, sonra böyüyüb, səsi dəyişib, bir az tın-tın olub. Ağıl Dəryası görsəydi, dərhal xarakterini müəyən eləyərdi: uşaqlıqda necə olub, gəncliyində nə təhər yaşayıb… Amma Müəllim qəribə adamıydı, o savadla, daha doğrusu, camaat demiş, o kəlləylə kənddə oturub qalmışdı, başını aşağı salıb dərsini deyirdi, halbuki, şəhərdə olsaydı, indi professoruydu, adı-sanı dünyanı başına götürmüşdü…»

Avtobusu gəldi, düz yanında dayandı. Qapı açılmamış on üçon dörd yaşlı uşaq «Metro! Bazar! Vağzal!..» qışqırdı. Düşənləri gözləyə-gözləyə fikirləşdi ki, Ağıl Dəryası düz deyirmiş, günü-gündən uşağın səsi bulanır, dəyişir. «Neçə ildi, o uşağı beləcə müştəri sağıran görürdü, elə bil, gözlərinin qabağındaca böyüyürdü, özündən aralanırdı. Əvvəllər pulu adamların əlindən dartıb almırdı, utana-utana üzlərinə baxıb, nə vaxt özləri uzadacaqlarını gözləyirdi. İndi gözü camaatın əlindəydi, hərdən bir pulsuz sivişib aradan çıxmaq istəyənlərin dalınca söyüş də göndərirdi. «Hə, Ağıl Dəryası haqlıdı», fikrindən keçirdi.

Həmişə keçib lap arxada otururdu, axırıncı dayanacaqda düşdüyünə görə, yolu rahat getməyə çalışırdı. İndi nədənsə arxa tərəfə getməyə hövsələsi çatmadı; bəlkə də ona görə ki, cəmi üç dayanacaq gedəcəkdi, ya da ola bilsin ki, içəridə cəmi beş-on nəfərin olması onun fikrindən daşındırdı: keçib cavan qadınla bir sırada oturdu, sonra da saaatına baxdı. Vaxtına on beş dəqiqə qalırdı, bu müddətə üç dayanacağı yəqin ki, arın-arxayan gedə bilərdi. Güman ki, Uşaqlıq Dostu da adəti üzrə beş-on dəqiqə gecikəcəkdi, sonra günahı yenə saatın üstünə yıxacaqdı.

Uşaq alışıqlı səsiylə yenə «Metro! Bazar! Vağzal!..» qışqırdı, sonra müştəri olmadığını görüb abırsız söz işlətdi. Onda uşağa sarı dönəndə, gözü qeyri-ixtiyari eyni sıradakı cavan qadına da sataşdı, qadının qəribə, sözlü təbəssümlə üzünə baxdığını görüb çaşdı. «Yəqin, uşağın diribaşlığı xoşuna gəlib, bəs, niyə mənə baxıb gülümsəyir? Bunu beynindən keçirə-keçirə yenə dönüb pəncərəyə baxdı, qarşıdakı cümə axşamı haqqında fikirləşmək istədi. Amma üzünün sol tərəfi od yuyub yanırdı və o yanğının içində bir cür gözün hələ də ona zilləndiyini duyurdu. Fikirləri də dolaşıq düşmüşdü, içində Uşaqlıq Dostu nəsə danışırdı, sonra qəfildən dönüb yan tərəfdə oturan cavan qadın olurdu, ona baxıb gülümsəyirdi…

Yəqin, bütün bunlar ani çəkdi, çünki hələ avtobus dayanacaqdan yenicə tərpənmişdi, heç sürət də götürməmişdi. Sifətini qarsalayan baxışlardan xilas olmaq üçün dönüb yenə uşağa baxdı, arada gözləri yenə cavan qadına sataşdı: elə bayaqki kimi sakitcə oturub sözlü təbəssümlə ona baxırdı. Görünür, özü də vəziyyətin qanolaylığını hiss eləyib azacıq irəli əyildi.

- Siz ... müəllim deyilsinizmi? - Hələ də onu tandığına qəti əmin olmaya-olmaya soruşdu.

- Hə, - dedi, amma heç öz adını da düz-əməlli eşitməmişdi, qəfildən də yaddaşının alışdığını duydu, bu cavan qadın kimiydisə, çox doğma adamıdı, illərin o üzündən gəlmişdi, yaddaşının uçuntuları altından çıxmışdı. Axı, kimdi bu qadın? Çox doğmadı, doğurdanmı, xatırlamaq bu qədər çətindi?

- Mən... - cavan qadın deyəsən, üz tutduğu adamın yaddaşsızlığından təəssüflənə-təəssüflənə, bəlkə özününbaş açmadığı hisslə nəsə demək istədi.

Deyəsən, duyğuları qıc olmuşdu. Qadın sözünü qurtarandan sonra da əməlli-başlı sükut yaranmışdı, çünki o anlarda ürəyinin döyüntüsündən başqa bir səs eşitmirdi.

...Sonra da xatırlamağa çalışdısa, qadına nə cavab verdiyini düz-əməlli yadına sala bilmədi, deyəsən, çaşğın görkəmlə heyrətini ifadə eləmişdi, daha sonra bir-iki söz soruşmuşdu. Cavan qadının nə cavab verdiyini də xatırlamırdı. Biro yadındaydı ki, növbəti dayanacaqda qadın sağollaşıb düşmüşdü, o darmacalda telefon nömrəsini desə də, nə vaxtsa zəng eləyəcəyinə inanmamışdı.

…O cavan qadınla bir məktəbdə oxumuşdular, aralarında üç, ya dörd sinif fərq vardı, bəlkə də çox olardı, bunu yadına sala bilmədi. Bu suyuşirin qız xoşuna gəlirdi – bunu axırıncı sinifdə oxuyanda hiss elədi. Sonra yolu şəhərə düşdü, oxumağa qarışdı, o hissi içində cücərdə, böyüdə bilmədi. Sonra da qızın yolu şəhərə düşdü, amma axtarıb-aparmağa özündə cəsarət tapmadı. Bir yay tətildən qayıdanda qızın atası onu yolda qarşıladı, cibindən çıxardığı bükülünü ona uzatdı. «Bunu bizim uşağa çatdır, deynən, lazım olsa, yenə göndərərəm». Həmin güngetdiyi yolu bildi, nə də duyğularının dolaşıqlığından can qurtara bildi. Amma o görüş, nə sirdisə, yaddaşında dipdiri qalmışdı…

Kürsünü qrupunu, auditoriyasını tapanacan xeyli vurnuxmalı oldu. Axır ki, tapıb ürəyi döyünə-döyünə zəngin vurulmağını gözlədi. Bayıra çıxanların içində onu görən də az qala tanımadı: görmədiyi neçə ilin içində tamam dəyişmişdi, daha doğrusu yetkinləşmişdi. Dəhlizin iri pəncərəsinin qabağında ayaq saxlayanda yaxınlaşdı. Qız onu tanımışdı, neçə ilin tanışı kimi görüşdü, evlərindən hal-əhval tutdu. Elə onda da dili-ağzı bağlanmışdı, qızın suallarına necə cavab verdiyini xatırlamırdı. Bironda ayıldı ki, qız üzr istəyən nəzərlərlə üzünə baxır. Sonra yapışıqlı təbəssümüylə dil-ağız elədi:

- Çox sağ ol, zəhmət çəkibsən. Məni bağışla, dərsə girəsiyəm. – Eləcə də dönüb getdi.

O gün ömründə birinci dəfə içib kefləndi. Daha doğrusu, cəmi-cümlətanı bir şüşə çaxır içmişdi, əməllicə dəm oldu. Sonra da otağında qapanıb dünyanın hayıfını özündən çıxdı, fərasətsizliyinə, çəkingənliyinə görə o ki var, asıb-kəsdi.

Onda arada gəzən sözləri eşitmişdi, neçə aydan sonra da eşitdi ki, nişanlanıb, toyu olacaq. Oğlanı tanıyırdı, hər halda, özünə də qəribə gəldi ki, ona düşmən münasibət bəsləmədi: təkcə özünə məlum olan, böyüyüb-bərkiməmiş hissdən başqalarının nə xəbəri ola bilərdi, Birki, ağrı hardasa uzaqdaydı, xəbərini çox-çox sonralar eşitdi. Uzun illər nə rastlaşdılar, nə də bir-birlərindən xəbərləri oldu. Qız tərəfindən bu təbii ki, başadüşünüləndi, heç yatsa, yuxusuna da girməzdi ki, cəmi-cümlətanı, bircə dəfə üzbəüz durduğu kimsə, ürəyində ona qarşı hisslər bəsləyirmiş.

Bir neçə illər sonra eşitdi ki, taleləri barışmayıb, ayrılıblar. Onda iki uşaq atasıydı, az-çox tanınırdı, qayğıların əlindən başını qaldırıb dünyaya baxası halı yoxuydu. Heç külfətiylə ortalıqda sevgi-filan da olmamışdı, bacısı hər şeyi düzüb qoşmuşdu, o da etiraz eləməmişdi. Bironda ayılmışdı ki, ailə yiyəsidi. Elə fikri-zikri ailəni dolandırmaqdı, yazı-rozusunu bir tərəfə çıxarmaqdı. Nə vaxtsa içində taleyini dəyişdirə biləcək yaşantısını arabir yüngül qüssəylə xatırlayırdı, onda yaddaşından həmin o qızın üzü boy verirdi.

…Əlbəttə, bir neçə dəqiqə əvvəl üzbəüz durduğu cavan qadınla yaddaşındakı o qızın oxşarlığı, çox azıydı: cavan qadın həyatda gördüyünü görmüşdü, ağlına gətirmədiyi zərbəyə də alışmışdı, indi təkcə özünə güvənirdi, ola bilsin ki, bütün kişilərə olan inamını da itirmişdi. Amma hər halda, həyatın ağrılarına, qəddarlıqlarına dözmək üçün hansı duyğusa, onun dadına çatmalıydı, əlindən tutmalıydı. Yoxsa həyat bu günlə, ya da o adamla qurtarmırdı, üstəlik, həyat elə maddi təminat və qayğılardan ibarət deyildi.

Uşaq qapını açmışdı, «Bazar! Vağzal!» qışqırırdı, onun metronu xatırlamamasından başa düşdü ki, metroya çatıb, burda düşməlidi. Uşaq pulu onun əlindən ustalıqla qapdı, xırdasını qaytaranda hörmətsiz-filansız «buyur, day-day» əlavə elədi. Onda uşağın üzünə diqqətlə baxdı, gözlərinin dibindəki bulantını görəndə Ağıl Dəryasının bayaqkı fikrini bir də xatırladı. Bəlkə o uşaqlar özləri bulanmırlar, biz bulandırırıq? Aldatmağa öyrədirik, hörmətsizliyə öyrədirik, sonra da oturub fəlsəfi fikirlər toqquşdururuq…»

Uşaqlıq Dostu təbii ki, hələ şərtləşdikləri yerdə görünmürdü. O, peyda olanacan siqaret çəkmək, sərin su içmək, lap elə taleyin təsadüf gətirdiyi cavan qadın haqqında fikirləşmək olardı. Sonra Uşaqlıq Dostu özünü çatdıracaqdı, qısa söz atışmasından sonra yas yerinə gedəcək, başsağlığı verib, söhbətə girişəcək, hətta arada özlərini saxlaya bilməyib xısın-xısın güləcəkdilər. Müəllimə Allah rəhmət eləsin. Yarandı, yaşadı, getdi.

Sonra fikirləşdi ki, çox güman, Qadın zəng eləməyəcək, yəqin, o uzaqkiçik xatirələri çoxdan dəfn eləyib, ola bilsin, heç göz yaşı da tökməyib…

Amma zəng eləsə, lap möcüzə olardı…

 

 

Kaspi.-2012.-17-19 noyabr.-S.16.