Tofiq Quliyevin kino musiqisi
Mənim
nəslim (mən artıq 72-ni başa vurmaq üzrəyəm)
görkəmli bəstəkar Tofiq Quliyevin musiqisi ilə
böyüyüb boya başa çatmışdır. Bu
böyük ustadın ürəklərə məlhəm olan
lirik mahnıları televiziya ilə, radioda səslənəndə
gənclik illərim yada düşür. Xüsusilə də
maestronun mahnılarını dahi müğənni Rəşid
Behbudov və Şövkət Ələkbərova ifa edəndə.
Bu
günlərdə milli mahnı mədəniyyətimizin
önündə gedən böyük ustad, ictimai xadim, operetta
və fortepiano əsərlərinin müəllifi, xalq artisti,
Dövlət mükafatı laureatı Tofiq Quliyevin 95
yaşı ictimaiyyət tərəfindən qeyd olunanda bu dahi
insanla görüşüm, onunla söhbətlərim
yadıma düşdü.
Soyuq
qış günlərinin birində Azərbaycan Dövlət
Film Fondunda tanınmış kinorejissor, xalq artisti, dövlət
mükafatı laureatı Eldar Quliyevin doğum
gününün 50 illiyi ilə bağlı yubiley tədbiri
keçiriləcəkdi. Tədbirin aparıcısı mən
təyin olunduğum üçün yubilyar haqqında
lazımi materiallar toplayırdım. Düşündüm ki,
oğul haqqında ata sözünü eşitmək də
maraqlı olardı. Bununla əlaqədar bəstəkar
T.Quliyevlə əvvəlcədən zəngləşib onun
görüşünə getdim. Əvvəllər Azərbaycan
Bəstəkarlar İttifaqı keçmiş Səadət
Sarayının fəaliyyət göstərdiyi binanın
birinci mərtəbəsində yerləşirdi.
Otaq
çox soyuq olduğundan Tofiq müəllim paltoda oturmuşdu.
Söhbətimiz çox maraqlı keçirdi. Əvvəlcə
mən Eldar Quliyev barəsində ata sözünü eşitmək
istəyirdim. O, bu haqda danışmaq istəmədi. Mənim
təəccüb etdiyimi görüb dedi: “Ata
üçün öz övladı haqqında
danışmaq, söz demək çətindir, çünki
eşidən fikirləşəcək ki, valideyinin
qaydasıdır övladını tərifləmək.”
Amma
mənim dönə-dönə xahiş etdiyimi görüb
sözünə davam etdi: “Təvazökarlıqdan uzaq da olsa
deməliyəm. Eldar yaxşı oğuldur. Onun
uşaqlığı indi də gözlərimin
qabağındadır. Əksər uşaqlar kimi dəcəl
idi, dalaşmağı da vardı. Amma kin saxlamazdı,
barışmağa birinci özü təşəbbüs
göstərərdi. Bu da onun xeyirxahlığından irəli
gəlirdi. Mütaliəni uşaqlıqdan sevirdi.
Mən
Eldarın daha bir keyfiyyəti barədə danışmaq istəyirəm.
Prinsipiallıq onun üçün ən vacib cəhətlərdəndir.
Dediyi sözdən qaçan
deyil, çətin də olsa
yerinə yetirməlidir.
Moskvada
kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə
dedi ki, R.İbrahimbəyovun “9-cu Xredtovıda” hekayəsini
oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir.
Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız
haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm
etdirən çox cəsarətli əsər idi. Mən onu
fikrindən daşındırmağa çalışdım,
dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin
mövzulu əsərə müraciət etmək sənin
üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin
üçün çətin olar. O, fikrindən dönmədi.
“Bir cənub şəhərində” filmini çəkdi. Film
o vaxtı birmənalı qarşılanmadı. Amma sənət
əsəri kimi çox güclü idi. Mən elə indi də
bu fikirdəyəm ki, “Bir cənub şəhərində”
filmi Eldarın ən dəyərli əsəridir.”
Bu qısa söhbətdən sonra fikrimə nə gəldisə getməyə tələsmədim. Tofiq müəllimlə, bu sadə insanla, lakin görkəmli sənətkarla görüşüb söhbət etməyi çoxdan arzulayırdım. İndi belə bir fürsət əlimə düşmüşdü. Fürsəti fövt etmək istəmirdim. Sükutu pozub dedim: “Tofiq müəllim, biz hər ikimiz kino işçisiyik. Gəlməyinə gəlmişəm, istəyirəm bir-iki suala Sizdən cavab alam.”
O, gülümsəyib dedi: “Məndən nə kino işçisi. Mən bədii və sənədli filmlərə musiqi bəstələmişəm. Bir də ki, bəzi kinorejissorlarla dostluq əlaqəm var, vəssalam.” Mən bəzi faktları onun yadına salası oldum: “Sizin milli kinomuzun inkişafındakı xidmətləriniz böyük və əvəzolunmazdır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bir müddət musiqi üzrə baş redaktor işləmisiniz. 1940-cı ildə kinoya ilk dəfə musiqini bəstəkar Niyazi ilə birgə rejissor M.Mikayılovun “İyirminci bahar” sənədli filminə yazmısınız. Ümumiyyətlə 30-dan artıq filmə musiqi bəstələmisiniz. Hətta bir professional dirijor kimi filmlərə yazdığınız musiqi nömrələrinin əksəriyyətinə özünüz dirijorluq etmisiniz...”
Birdən
bəstəkar sözümü kəsib yarızafat,
yarıciddi dedi: “Sən ki, mənim kino
yaradıcılığımı məndən yaxşı
bilirsən. Daha nə sual.”
– Sizin yaradıcılığınızdan az-çox xəbərim var. Amma bu barədə Sizin özünüzdən eşitmək istərdim, – deyə ona müraciət etdim. Tofiq müəllim aram-aram danışdıqca mən qeydlərimi aparır, o, isə hərdən susub fikrə dalırdı. Xeyli söhbətdən sonra birdən gözlənilmədən dedi:
– Bura çox soyuqdur. Xəstələnib eyləyərsən. Söhbətimizin qalanı sənə məlumdur.
Mən görkəmli sənətkarla
xüdahafizləşib küçəyə çıxanda asta-asta qar
yağırdı. Nə qarın yağması, nə də
havanın çox soyuq
olması mənə təsir etmirdi. Çünki fikrim Tofiq müəllimin yanında idi.
Bir
neçə gündən sonra Dövlət Film Fondunda
kinorejissor, xalq artisti Eldar Quliyevin yubileyini yüksək səviyyədə
keçirdik. Atanın oğul haqqında fikirləri də
iştirakçılar tərəfindən maraqla
qarşılandı. Tofiq müəllimlə söhbət
zamanı apardığım qeydlər arxivimdəki 92 nömrəli
qovluqda yadigar qaldı. Bu gün həmin qeydlərlə və
böyük sənətkarla bağlı fikirlərimi
oxucularla bölüşmək istəyirəm.
** *
Tofiq
Ələkbər oğlu Quliyev... Azərbaycan Dövlət
Caz orkestrinin, dövlət estrada orkestrinin yaradılması və
estrada musiqisi bu məşhur sənətkarın adı ilə
bağlıdır. O, estrada orkestrinin rəhbəri, dirijoru və
pianoçusu olmuşdur. T.Quliyev caz-estrada bəstəkarı,
kino musiqisinin ilk yaradıcılarından biri kimi
tanınmışdır.
T.Quliyevin bu sənətə bağlılığı uşaq yaşlarından başlamışdı. O, orta məktəbdə oxumaqla yanaşı Bakıda konservatoriya yanındakı fəhlə fakültəsində də musiqi təhsili alırdı. Cəmisi 23 il ömür sürmüş müəllim, gənc bəstəkar Asəf Zeynallının tövsiyyəsi ilə 1923-cü ildə Tofiq satirik şair M.Ə.Sabirin “Dərsə gedən bir uşaq” şeirinə mahnı bəstələyir. Gənc musiqiçi sonralar professional bəstəkar kimi insan qəlbini riqqətə gətirən, insanı mənən saflaşdıran bir çox dəyərli əsərlər yaradır. Onun ana laylasıtək şirin, həzin mahnıları dillər əzbəri olur.
Bəstəkarın nəinki ruhumuzu təzələyən yüzlərlə
nəğməsi, həm də operettaları, dram
tamaşalarına və kinofilmlərə bəstələdiyi
musiqi əsərləri, simfoniyaları
yüksək səviyyədə yazılmış sənət
inciləridir.
T.Quliyev
Azərbaycan Dövlət Konservatoriyasında oxumuş,
üçüncü kursdan P.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasında təhsilini davam etdirməyə
göndərilmişdir. Tələbəlik illərində və
Konservatoriyanın aspiranturasını bitirib Bakıya
qayıtdıqdan sonra o, müxtəlif janrda əsərlər
yaratmışdır.
1941-ci
ildə Niyazi rejissor R.Təhmasib və A.Beknazarovun “Səbuhi”
tarixi – bioqrafik filminə musiqi bəstələmək
üçün dəvət olunur. Sonradan başqa bir işlə
bağlı o, bu filmdən imtina edir. Öz yerinə isə
T.Quliyevi məsləhət görür. Tofiq müəllim
danışırdı ki, mən bu qrupda işə
başlayanda Niyazi film üçün bir musiqi
parçası yazmışdı. Mən təklif etdim ki, titrdə
onun da soyadı yazılsın, Niyazi razı olmadı. Niyaziyə
borclu qalmamaq üçün onun sonralar üzərində
işlədiyi filmə mən də musiqi parçası bəstələyib
dostuma hədiyyə etdim. T.Quliyevin bu filmə
yazdığı musiqi nömrələri rejissor
ideyasının açılmasına, hadisələrin
tamaşaçılar tərəfindən düzgün
qavranılmasına kömək etdi.
Bundan
sonrakı illərdə bəstəkarın musiqisini
yazdığı onlarla əsər, o cümlədən “Bəxtiyar”
(1955), “Ögey ana” (1958), “Telefonçu qız” (1962),
“Möcüzələr adası” (1963), “Sən niyə
susursan?” (1966), “O qızı tapın” (1970), “Nəsimi” (1974),
“Dərviş Parisi partladır” (1976), “Xoşbəxtlik
qayğıları” (1976), “Əzablı yollar” (1982), “Musiqi
müəllimi” (1983) və s. bədii filmlər ekranlarda
uğurla nümayiş etdirilmiş, bu uğurun
qazanılmasında T.Quliyevin də böyük zəhməti
olmuşdur.
Bəstəkarın
bəstələdiyi mahnılar, musiqi parçaları sadəcə
əlavə nömrə deyil, əsərin dramaturji
inkişafının mühüm üzvü kimi filmə daxil
olmuşdur. Beləliklə də, mahnılar baş qəhrəmanların
xarakterinin açılmasında, hadisələrin
inkişafı prosesində iştirak etmişdir.
Təsadüfi
deyil ki, xalq musiqisi ilə estrada musiqisinin sintezindən
yaranmış və özünəməxsusluğu ilə
seçilən lirik mahnılar və incə duyğular ifadə
edən melodiyalar bir müddətdən sonra filmlərdən
ayrılaraq xalq arasında populyarlıq qazanır və
müstəqil həyatını yaşamağa
başlayır, “Onu bağışlamaq olarmı?” filmindəki
“Bahar mahnısı” və “Tərlanın mahnısı”,
“Görüş”dəki “Axşam mahnısı”, “Qızmar
günəş altında” filmindəki “Eldarın
mahnısı”, “Qızların mahnısı və xoru”,
“Qaynana”dakı “Şən mahnı” və “Biz mehriban ailəyik”
mahnısı, “Bəxtiyar”dakı “Zibeydə” mahnısı,
“Görüş”, “Ögey ana” və “Qızmar günəş
altında” filmlərindəki simfonik süitalar, “Telefonçu
qız”dakı “Qulamın mahnısı” (M.Babayev ifa edir),
“Bakı haqqında mahnı”, “Ögey ana”dakı Dilarənin
“Laylay”sı, “İnşaatçılar mahnısı”,
İsmayılın “Kəndimiz” mahnısı və uşaq
xoru, “Möcüzələr adası”ndakı ritmik
“Neftçilərin mahnısı” və digər nəğmə
və melodiyalar bu gün də el içində, televiziya və
radio dalğalarında səslənir, insanlara sevinc bəxş
edir.
Azərbaycanın
xalq artisti, bəstəkar A.Əlizadə “İstedadın
gücü” məqaləsində (“Ədəbiyyat və incəsənət”
qəzeti, 21.03.1980) görkəmli sənətkar T.Quliyevin kino
yaradıcılığından bəhs edərkən
yazmışdır: “Mahnı onun kino musiqisində
aparıcı rol oynayır. Müəllif mahnılarla qəhrəmanların
obrazını, onların qarşılıqlı münasibətlərini,
hadisələrin və konfliktlərin mahiyyətini
açmağı bacarır. Filmlərə bəstələdiyi
musiqidə mahnı güclü ifadə vasitəsinə
malikdir.
Bəstəkarın
istedadı ələlxusus musiqili filmlərdə
özünü biruzə verir. Burada ilk növbədə bəstəkarın
musiqi yazdığı iki serialı “Şir evdən getdi” və
“Qaynana” filmlərinin adını çəkmək
lazımdır. “Şir evdən getdi” filmində
mahnının köməyi ilə və onu inkişaf etdirməklə
müəllif bütün personajların
qarşılıqlı münasibətlərini, kədərli
və fərəhli əhvalatları, xeyirlə şərin
mübarizəsini üzə çıxarır. “Qaynana”
kinokomediyasında T.Quliyev həmişəki kimi özünə
xas olan film qəhrəmanlarının yığcam, lakonik
xarakteristikasını yaratmışdır.”
1979-cu
ildə Aşqabatda XII Ümumittifaq kinofestivalında filmin
musiqisinə görə bəstəkar T.Quliyev priz, aktrisa
N.Zeynalovaya diplom verilmişdir.
Azərbaycanın
xalq artisti N.Məmmədovun bəstəkar T.Quliyevin kino
musiqisi barədə filmləri də maraqlıdır:
“T.Quliyev 30-dan artıq filmə musiqi yazmışdır. Kino
musiqisi bəstəkara çox böyük müvəffəqiyyət
gətirmişdir.
T.Quliyevin
“Səbuhi”, “Bəxtiyar”, “Ögey ana”, “Möcüzələr
adası”, “Şir evdən getdi” və başqa filmlərə
bəstələdiyi bir çox mahnısı, həm də
filmlər dillər əzbəri olmuşdur. Q.Qarayevin təbirincə
desək, T.Quliyevin kino musiqisində mahnı başlıca
dramaturji mühərrikdir, təkanverici qüvvədir. Həm
qəhrəmanın portreti, həm təbiət təsviri, həm
də ümumi emosional mühit məhz onun mahnılarında
öz təcəssümünü tapır, mahnı bir
növ filmin leytmotivinə çevrilir. Bir
mahnıda musiqi əsərin
dramaturgiyasına xidmət edir.”
Böyük
yaradıcılıq yolu keçmiş T.Quliyevin kinematoqrafiya
sahəsindəki fəaliyyəti heç də bununla bitmir. O,
eyni zamanda 20-dən artıq sənədli filmin, o cümlədən
“Qayğı” (1943), “Şəfa nəğməsi” (1944),
“Qardaşlıq köməyi” (1944), “Əbədi Odlar ölkəsi”
(1945), “Çağırışa cavab” (1947), “Bakıdan
Göygölədək” (1947), “Sovet Azərbaycanı” (1950,
film 1951-ci ildə IV Kann Beynəlxalq kinofestivalında
münsiflər heyyətinin Xüsusi mükafatına layiq
görülmüşdür), “Alagöz yaylağında”
(1955), “Bakı və bakılılar” (1958), “Mən Bakıda
yaşayıram” (1986) kinolentlərinin, “Nəğməkar
torpaq” (1981) film-konsertinin bəstəkarıdır. 1965-ci ildə
“Tacikfilm” kinostudiyasında rejissor Boris Kimyagərovun çəkdiyi
“Arabaçı Həsən” bədii filminin də bəstəkarı
Tofiq Quliyevdir.
1991-ci
ildə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında rejissor Tofiq İsmayılov “Sənətkarlarımızın
portreti” silsiləsindən görkəmli bəstəkarın
həyat və yaradıcılığından bəhs edən
“Özüm və zaman haqqında” sənədli filmini çəkmişdir.
2009-cu
ildə isə oğul ata haqqında – rejissor Eldar Quliyev
görkəmli bəstəkar barədə 44 dəqiqəlik
“Nəğməli ömür” bədii-sənədli filmini
yaratmışdır.
Tanınmış
jurnalist Azad Şərif şair Rəsul Rzanın sözlərinə
bəstəkar T.Quliyevin bəstələdiyi
“Üzüyümün qaşı firuzədəndir” lirik
mahnısı ilə bağlı maraqlı bir hadisə
danışdı. Dedi ki, lap çoxdanın əhvalatıdır.
İranda ezamiyyətdə olarkən Tehranda qızıl
dükanına baş çəkdim. Dükanın sahibi
bakılı idi. Keçən əsrin 20-ci illərində bu
şəhərə köçmüşdü. Mən həyat
yoldaşımın xahişi ilə Tehrandan onun
üçün qaşı firuzə olan üzük
almalı idim. Sahib firuzə adını eşitcək
gülümsədi və dedi:
–
İndi Tehranda hamı qaşı firuzədən olan
üzük alır.
Mənim
təəccüb etdiyimi görüb əlavə etdi:
– Bu
yaxınlarda Rəşid Behbudovun konsertləri olmuşdu. Bu
konsertlərdə o, mütləq “Üzüyümün
qaşı firuzədəndir” mahnısını ifa edirdi.
İki həftəlik qastrol iki ay yarım davam etdi. İndi bu
mahnını, şəhərin bütün azərbaycanlı
ailələrində oxuyurlar...
Azərbaycan klassik musiqisinə
olan böyük sevginin nəticəsidir ki,
Tofiq Quliyevin yüksək
səviyyədə bəstələdiyi hər bir əsər onun
yaradıcılığında əhəmiyyətli yer tutur. Və
hələ sağlığında milli bəstəkarlıq
məktəbinin korifeylərindən biri kimi tanınan görkəmli bəstəkar Tofiq Quliyevin ölməz
adı Azərbaycan musiqi və kino tarixinə əbədi olaraq
qızıl hərflərlə həkk edilmişdir.
Aydın Kazımzadə,
əməkdar incəsənət
xadimi
Kaspi.-2012.-17-19 noyabr.-S.7.