Deyirlər ki, premyera olacaq…
Nə, harda və nə zaman? Bax, onu
yazını səbr edib də axıracan
oxusan biləcəksən, hörmətli oxucum.
Hələlik
isə bildiklərimdən və bilmədiklərinizdən, və
ya bilib də agah olmadıqlarınızdan, yaxud da…
qısası, bilənlər bilir, bilməyənlərə isə
demək istəyirəm ki, Azərbaycanda ilk dəfə
Argentina yazarı Adolfo Bioy Kasaresin “Qəbiri necə
qazırlar” hekayəsi əsasında “Qəbir qazma üsulu”
tamaşası hazırlanacaq. Azərbaycan
tamaşaçısı ilk dəfə bu müəlliflə
tanış olacaq. Argentina yazarına isə daha öncə Azərbaycan
Dövlət Yuğ Teatrında müraciət olunmuşdu.
Tamaşa haqqında məlumat vermişdim, sən də əgər
oxumusan və ya tamaşaya baxmısansa, bilirsən ki, bu,
X.L.Borxesin əsərləri əsasında qurulan «Tabu»
tamaşası idi.
Hörmətli
oxucum, əgər hələ də, səbrini basıb
yazımı oxuyursansa, səbrin və hörmətin
qarşısında minnətdaram. Elə isə səni
çox da intizarda saxlamadan deyirəm ki, əhvalat yenə də
vaqe olacaq Azərbaycan Dövlət Yuğ Teatrında.
Vaxtı isə noyabr ayının sonlarına təsadüf edəcək.
Afişaları nəzarətdə saxlasan, onu da biləcəksən.
Deməli,
dövlət sifarişi ilə hazırlanan «Qəbir qazma
üsulu» tamaşasının quruluşçu rejissoru və
səhnələşdirmənin müəllifi Gümrah
Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam
Rəşid Şerif, rejissor assistenti Aytən Məmmədova,
musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk
Vəlizadədir. Tamaşada Yuğ Teatrının
aktyorları Əməkdar Artistlər Vidadi Həsənov,
Sonaxanım Mikayılova, aktyorlar Yaqut Paşazadə, Oktay
Mehdiyev çıxış edirlər.
Baş
tutacaq tamaşa haqqında məlumat almaq isə, elə bilirəm
ki, sənə də, mənə də faydalı olacaq. Elə
isə tamaşanın məzmunu ilə tanış olun:
İki
gənc bir-birini sevir, bir yerdə yaşayır, ailə qurur və
öz işlərini qurmağa çalışırlar. İstəyirlər
ki, arzuladıları bu iş gözdən-könüldən
uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, orada iş
qursunlar, bütün həyatlarını ora ilə
bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər.
Ev alırlar, kafe açmaq üçün ideal bir yer
seçirlər, lakin maddi çətinliklə üzləşirlər.
Və bu zaman xeyirxah bir cənabla tanış olurlar. Bu cənab
onu da işə qoşacaqları təqdirdə gənclərə
əlmuzdu pul verməyə razılaşır.
Beləliklə,
kafeni açırlar, işləyirlər, amma təəssüflər
olsun ki, kafeyə müştəri gəlmir. Anlayırlar ki,
üst-üstə yığılmış bu qədər
borcu heç vaxt qaytara bilməyəcəklər. Günü-gündən
üstlərinə borc yığılır, amma şəhərdən
gələn təklifləri rədd edirlər, şəhərə
qayıtmaq istəmirlər. Çünki onlar gənc idilər,
çılğın idilər, bir-birilərini sevirdilər.
Beləcə,
bir gün çantası pulla dolu olan mələk qismində
bir Qadın onları sınağa çəkmək məqsədi
ilə qarşılarına çıxır. Onlar bu
qadını qətlə yetirərək, cinayət törədirlər.
Bu cinayətdən yeni cinayətlər doğur. Gənclər
isə günahlarını yumaq üçün heç bir
addım atmırlar. Məlum olur ki, üst-üstə
yığılan bu cinayətlər onların sağlam ailələrinə
zərbə vurur və fiziki həyatlarının məhvinə
gətirib çıxarır.
Tamaşanın
ideya xəttinin, yuğçuların dili ilə desəm,
loq-laynının (log-line) nədən ibarət
olmasını öyrənmək üçün üz
tuturam quruluşçu rejissor Gümrah Ömərə (o, həm
də Gəncə Dövlət Dram Teatrının baş
rejissorudur…)
Gümrah
Ömər: Tamaşanın əsas ideya xətti bundan ibarətdir:
Mənəviyyatlı insan qarşısına çıxan hər
hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd
göstərirsə, o məhvə məhkumdur.
Bundan
başqa, diqqəti bir məqama da yönəltmək istəyirəm:
Bir tərəfdən
gənclər sanki cinayəti törətdikdən sonra vicdan əzabı
çəkdiklərinə görə fiziki ölümə məhkum
olurlar.
Digər
tərəfdən də bu cinayətləri bir yerdə
törətmiş insanlar bir-birini sevən iki gənc
olduğundan, məlum olur ki, onlar günahlar içində ailələrini
qoruyub saxlaya bilməyəcəklər, ailələrinin
dağılması isə ölümlərinə, sevgilərinin
məhv olmasına səbəb olacaq. Bu mənada, Kasaresin
polisemantik fikri Yuğ Teatrının poetikası
üçün də çox səmərəli və məhsuldardır.
Əsərdə fikirlər birmənalı şəkildə
yönəlmir, bu fikirləri hər tərəfə yozmaq
olur.
Ola
bilər ki… əslində, heç bir cinayət törədilməyib
və bütün bu baş verənlər bir insanın təxəyyülünün
məhsuludur, sadəcə Kasares baş verə biləcək
proqnozları ortaya qoyur.
Ola
da bilər ki… əgər bu, çətinliyə düşmüş
bir insan üçün göndərilmiş ruzidirsə, onun
qismətidirsə, fərqi yoxdur, cinayət törədilir, ya
törədilmir – onu istənilən formada əldə etmək
insanın haqqıdır. Yox əgər insan
düşünüşlü şəkildə qənimət
dalınca gedirsə, o zaman bu günahdır.
Bax, Kasares bunları bir problem kimi ortaya qoyur. O, heç
bir məsələni
«bu, yalız və yalnız belədir» – prinsipi ilə həll etmir, buna görə
də polisemantikdir.
Quruluşçu rejissora ideyasını,
fikirlərini mənimlə
bölüşdüyünə görə (tamaşadan qabaq) təşəkkürümü
bildirib də, premyeraya qədər səbrimi basa bilməyəcəyimi anladım
və üz tutdum aktyorlara…
Oxuyun nələr dedilər…
Əməkdar Artist Vidadi Həsənov:
Gümrah əsəri
mənə verəndə,
oxudum və utandım ki, bu günə qədər Kasaresi oxumamışam. Sən demə, Markesin,
Borxesin özünə
müəllim saydıqları
bir yazarmış Kasares. Mənimsə Kasareslə tanışlığım
olmayıb. Bu indi mənim ya günahımdır, ya da günahsızlığımdır
ki, əsərləri
rastıma çıxmayıb.
Kasaresi tanıdım və çoxmənalı, polisemantik,
dərin qatlı bir ədəbiyyatla rastlaşdım. Elə Gümrahın
səhnələşdirməsi də mənim çox xoşuma gəldi. Oynayacağım obraz bir fərddir, lakin dərinə baxanda bir neçə şəxsdən ibarət
olduğunu anlayırsan.
O, həm kloundur… həm gerçək, real
bir insandır… həm də hər hansı bir istintaqı aparan orta əsrlərin
bir müstəntiqidir...
Bir sözlə, çoxşaxəli
bir roldur və bu rol
üzərində çox
həvəslə işləməkdəyəm.
Əməkdar Artist Sonaxanım Mikayılova:
Yaşlı bir qadın gənc ailənin yanına gəlir və elə bil ki,
onları imtahana çəkir. Mən oynayacağım obraz haqqında indi deyəcəklərimi
hələ rejissorla paylaşmamışam. Amma mənə
elə gəlir ki, həmən yaşlı Qadın İsa peyğəmbər
kimi gəlir və özünü billə-bilə çarmıxa
çəkdirir. Çünki o, insanları sevir. Qadın da eləcə. O, bilir, bilir ki,
gəncləri hara aparır, ancaq yenə də ümid edir, ümid edir ki, onlar bəlkə
də işığı
seçəcəklər.
Tamaşa hazır olanda özünüz də görəcəksiniz ki, Qadın hər şeyi bilir, anlayır, hətta əvvəlcədən özünə
tabut seçir, harada, necə uzanacağını da təyin edir. Bilir ki,
onu öldürəcəklər,
yenə də billə-bilə gəlir.
Eyni ilə İsa peyğəmbər
kimi…
Yaqut Paşazadə: Tamaşada
mən bir Qadın obrazını ifa edirəm. O qadın ki, ailəsini qorumaq naminə hər şey eləməyə qadirdir. Hətta cinayət törətməyə
belə. Lakin sonda
mənəviyyatı ona
əzab verir. Və o, həm də Kişi özləri-özlərini
tələf edirlər.
Bu addımı atdıqlarına görə
yaşaya bilmirlər.
Hətta
kölgələrindən belə
qorxurlar. Onlara elə
gəlir ki, qorxmurlar, iradəlidirlər.
Qadın
düşünür ki,
nəyin bahasına olursa-olsun mən ailəmi xilas eləmişəmsə, doğru
addım atmışam.
Lakin zaman göstərir ki, bu, doğru hərəkət deyilmiş…
belə yaşamaq mümkün deyilmiş… sən demə, bu addımı atmağa dəyməzmiş…
Oqtay
Mehdiyev: Məcburiyyətdən vəhşiliyə gedən
insanlar. Məlum olmayan bir məmləkətdə, məlum
olmayan bir yerdə iki nəfər – Qadın və Kişi pul
qazanmaq, ailələrini, sevgilərini qorumaq uğrunda
mübarizə və son… Nələr baş verəcək, nələrə
şahid olacaqsınız… mənə belə gəlir ki,
onları səhnədə görməyiniz daha maraqlı
olacaq…
Odur
ki, mən də quruluşçu rejissora, aktyorlara,
bütün yaradıcı və texniki heyətə
uğurlar arzulayır və O.Mehdiyevin sözünə
qüvvət verib də, üzümü sənə tuturam,
hörmətli oxucum (elə özümə də):
Ayıq-sayıq
olun ki, qaçırmayasınız, çünki…
Deyirlər
ki, premyera olacaq…
Könül Əliyeva,
Teatrşünas
Kaspi.-2012.-17-19 noyabr.-S.9-11.