Natəvanın qəzəli,
Xanlıq Şükürün avazı
Mədəniyyət
tariximizdən
O, elə bir zamanda
yaşayıb-yaratmışdı ki, səsinin gözəlliyini
bizə çatdıran nə qrammofon valları, nə də
lent yazıları olub. Sadəcə xatirələrdən,
musiqişünasların yazılarından, həmkarlarının
etiraflarından öyrənirik ki, o, Azərbaycan musiqi mədəniyyətinin
çox görkəmli nümayəndələrindən biri
idi. Unudulmaz Firudin Şuşinski yazırdı ki, Xanlıq
Şükür «Zəmin-xarə», «Segah», «Hicaz»,
«Şüştər», «Şur» muğamlarını çox
məharətlə oxuyardı. Həzin və yanıqlı səsi
vardı. Onun mahnı və təsnifləri məharətlə
oxumasında müəllimi Hacı Hüsünün
böyük əməyi olub. Xanlıq Şükür Şərq
muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini
məhz müəllimindən öyrənərək xanəndəlik
sənətinin sirlərinə yiyələnmişdi.
1872-ci ildə Şuşada yoxsul bir ailədə
doğulmuş Şükür lap kiçik yaşlarından
oxumağa həvəs göstərib. Həmişə də
bağda hasarın başında əyləşər,
gül-çiçəyə dövrə vuraraq cəh-cəh
edən bülbüllərlə yarışa girərmiş.
Xatirələrdən bəlli olur ki, qonum-qonşu ona həmişə
«quşdilli Şükür» deyərmiş. Çünki
Şükür oxuyan kimi quşlar birnəfəsə onun
avazına qoşularmışlar. Əməlli-başlı bir
xor ansamblı yaradarmışlar. Solist də Şükür
olarmış.
O vaxt Xan qızı Xurşidbanu
Natəvan rəhbərlik etdiyi «Məclisi-üns» ədəbi
məclisinin üzvlərini tez-tez məşhur bağına dəvət
edərmiş. Yaşıllığın qoynunda keçirilən
ədəbi məclisdə şairlər yeni şeirlərini
oxuyar, müzakirə edər, sazəndə və xanəndələr
də məclisin şövqünü artırmaq
üçün səslə sözün ünsiyyətini
yaradardılar. Xan qızının müasirləri olan
Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və
başqa məşhur musiqiçilər bu məclislərdə
yaxından iştirak edərdilər. Təbii ki, Natəvanın
rəhbərliyi ilə yaradılmış belə bir ədəbi
mühit öz təsirini göstərirdi. Məclisin
üzvü olan da, olmayan da bu mühitdən bir məktəb
kimi bəhrələnirdi. Bütün Şuşa əhli
gözəl bilirdi ki, Xurşidbanu Natəvan həmişə
istedadlılara yaxından kömək edər, onların
formalaşması, savadlanması üçün əlindən
gələni əsirgəməzdi. Natəvandan məsləhət
alanlar həmişə həyatda uğur qazanardılar. Xan
qızı onlara həm mənəvi, həm də maddi cəhətdən
dəstək olardı. Xüsusilə də Şuşa gənclərini
çox sevən Natəvan onların parlaq gələcəyə
sahib olmalarından ötrü varından keçməyə
hazır idi. XIX əsrin məşhur musiqiçilərinin,
şairlərinin, xanəndələrinin qazandığı
uğurlarda Xan qızının xidməti çoxdur. O, sənəti
və sənətkarı dəyərləndirməyi
bacarırdı. İnsanlara dayaq olmaq onun həyat amalı idi.
Elə Şükürün
taleyində də Natəvanın böyük xidməti olub.
Deyilənə görə, Xan qızı bir gün bağda gəzərkən
Qala hasarının bürcü üstündə əyləşən
bir yeniyetmə diqqətini cəlb edib. Xurşidbanu çox təəccüblənib
ki, bu uşaq niyə hündür yerə çıxaraq sakit
dayanıb. Qəfildən avazlanan səs Natəvanı
çox təsirləndirib. Ona elə gəlib ki, Qala
bürcünün o hissəsində təndir qalayıblar. Ətrafa
yayılan şölələr isə birbaşa ürəyə
tuşlanırdı. Xan qızının xidmətçiləri
onun əmri ilə Şükürü saraya gətiriblər.
Oğlanın gözəl, məlahətli səsi onu məftun
edib. Bir neçə mahnı oxutduqdan sonra onun hansı ailədən
olması ilə maraqlanıb. Biləndə ki bu məlahətli
səsin sahibi yoxsul bir kişinin - Rövşənin nəvəsidir,
mütəəssir olub. Belə səs sahibinin mütləq
savad alması, oxuması vacib idi. Buna görə də Natəvan
nəvazişlə deyib: «Oğlum, sənin həzin nəfəsin
və səsin var. Sən bu səsin hesabına həm
özünü, həm də ailəni xoşbəxt edərsən.
Məsləhətim budur ki, mənim yanımda qalasan,
uşaqlarımla bir yerdə tərbiyə alasan, oxuyasan. Onda gələcəyin
savadlı xanəndəsi olarsan. Səni nəinki
Şuşada, külli Qarabağda, bəlkə daha uzaqlarda da
tanıyacaqlar».
Şükürün həyatına
həqiqətən də günəş doğdu. Zülmətdən,
çətinlikdən, ümidsizlikdən qurtuldu. Natəvan
onu öz balalarından ayırmadı. Yoxsul bir kəndli ailəsində
doğulmuş Şükür sonradan xan sarayında
yaşayıb təhsil aldığına, dövrünün
savadlı insanlarından biri olduğuna görə
Şuşa əhli onu «Xanlıq Şükür» deyə
çağırırdı. Xalq tərəfindən verilən
bu ləqəb Şükürün ömrü boyu adı ilə
qoşa çəkildi. Beləliklə, gəncin bir sənətkar
kimi inkişafında, xanəndə kimi məşhurlaşmasında
Natəvanın böyük əməyi oldu.
Natəvan əvvəlcə
Hacı Hüsüdən xahiş edib ki, Şükürü
himayəyə götürsün. Bir müəllim kimi onunla
yaxından məşğul olsun. Mahnı seçimində,
muğam oxumasında, təsnif ifasında məsləhətini
əsirgəməsin. Hacı Hüsü onsuz da istedadlı gənclərlə
işləməyi, onları öyrətməyi çox sevərdi.
Natəvanın tapşırığı isə onun
üçün hər şeydən əziz və
üstün idi. Bu səbəbdən də Hacı
Hüsü Şükürün bir xanəndə kimi
yetişməsində həvəslə
çalışdı. Şükür bir qayda olaraq ədəbi
məclislərdə, şeir və musiqi gecələrində
həmişə iştirak edər, şairlərin oxuduğu
şeirləri dinləyər, xanəndələrin vurduğu
xal və guşələri öyrənərdi.
Təbiətən çox həssas
və kövrək olan Xan qızı Natəvan hər səsi,
hər oxuyanı da bəyənməzdi. O, sirayətedici
muğamları çox sevərdi. Bu şərtlə ki onun
ifaçısı da həzin və yanıqlı səsə
malik olsun. F.Şuşinskinin yazdığına görə, Natəvan
tez-tez Şükürün səsinə qulaq asar, onun
oxuduğu muğamları, təsnifləri çox bəyənərdi.
Natəvan Şükürü övladlarından biri
sayırdı. Xüsusilə də kədərli,
hüznlü çağlarında Şükürə qulaq
asmaq onun qəlbinə bir rahatlıq, duyğularına,
ovqatına sakitlik gətirərdi. Şükür də Natəvana
çox bağlanmışdı. Həyatda
qazandığı uğurlarına görə ona minnətdar
idi.
Deyilənə görə, Natəvan
1897-ci ildə vəfat etdikdən sonra Xanlıq
Şükür bir müddət Şuşada qala bilmədi.
Çox sarsılmışdı. Ona elə gəlirdi ki, bir
daha bu şəhərdə oxuya bilməz. Çünki ana və
himayədar kimi çox sevdiyi bir insanın yoxluğu ona əzab
verirdi. Xanlıq Şükür həm də ilk növbədə
Natəvanın qarşısında çalıb-oxuyardı.
Bütün ifalarının rəyçisi, dinləyicisi, tənqidçisi,
pərəstişkarı, himayədarı Xan qızı idi.
Birdən-birə bu böyük insanın, müqəddəs
varlığın əbədi yoxluğunu qəbul etmək və
bu ağır dərdlə barışmaq çox çətin
idi. Bu səbəbdən də o, Şuşadan
köçür. Uzun illər İrəvan şəhərində
yaşayaraq xanəndəlik etsə də, yenidən
Şuşaya qayıtmalı olub. Öncə «İmarət» qəbiristanlığında
uyuyan Xan qızı Natəvanı ziyarət edib. El
arasında dolaşan bir söhbətə görə Xan
qızının qəbri başında əlini
qulağının dibinə verən Xanlıq
Şükür «Segah» oxuyub. Yaxınlıqda olan insanlar bu qəmli
səsin ahənginə düşərək tanış nalənin
izi ilə «İmarət»ə sarı gəliblər.
Şükür bir də onda gözlərini açıb ki, ətrafda
insan əlindən tərpənmək olmur. O gün «İmarət»də
səslənən «Şüştər», «Segah», «Zabul-Segah» və
digər muğamlar Şükürün içində gəzdirdiyi
kədəri ifadə edib. Sanki bununla da əzabdan qurtulub. Həyatın
qanunlarına, dünyanın faniliyinə, bir olumun həm də
sonuna baş əyərək yenidən Natəvanın məsləhətlərinə
- nəsihətlərinə əməl etməyə
üstünlük verib. Beləliklə, Şükür
bütün ömrü boyu Xan qızını unutmayıb.
Onun qəzəllərini, şeirlərini özünəməxsus
bir ahənglə ifa edib. Bununla sanki öz oğulluq, sənətkarlıq
borcunu yerinə yetirirdi:
Yenə ya Rəbb, nə qəmgindir
mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub,
ustad olan könlüm.
Xanlıq Şükürlə
bağlı aparılan araşdırmalardan məlum olur ki, o,
təkcə xanəndəlik etməyib. Hətta Üzeyir
Hacıbəylinin «Leyli və Məcnun» operasında da müxtəlif
rollar yaradıb. «Kaspi» qəzetinin 1910-cu il 19 may nömrəsində
verilmiş bir xəbərdə oxuyuruq ki, Üzeyir Hacıbəylinin
may ayının 14-də Bakı şəhərində
göstərilmiş «Leyli və Məcnun» operasında İbn
Səlam rolunu Xanlıq Şükür məharətlə
oynamışdır. F.Şuşinski yazırdı ki,
Şükürün İbn Səlamı həmin operada Məcnun
rolunun görkəmli ifaçısı Hüseynqulu Sarabskinin
çox xoşuna gəlmişdi. Təsadüfi deyildir ki,
1913-cü ilin avqust ayında Şuşada
yaradıcılıq gecəsi keçirilərkən Sarabski Məcnunu,
Şükür isə İbn Səlamı böyük məharətlə
oynamışdılar.
Sənətşünas Cəlil bəy
Bağdadbəyov da Qarabağ xanəndələri
haqqındakı xatirələrində bu unudulmaz muğam
ustadının yaradıcılığı ilə
bağlı yazırdı: «Xanlıq Şükürün
gözəl səsi var idi. O, «Şur» muğamını məharətlə
oxuyardı. Şükür həmişə xalqın içərisində
olduğundan bütün əhali onu çox sevərdi».
Baxmayaraq ki o, sarayda böyümüşdü, Natəvanın
qohumları, yaxınları ona Xurşidbanunun yadigarı kimi
baxırdılar, Xanlıq Şükür həmişə
öz sadəliyini, böyüklüyünü saxlaya bildi.
Çünki Natəvan xanımın özü də sadə
təbiətli olmuşdu. Yoxsullara diqqət ayırardı,
hörmət edərdi, bəxşişlərini əsirgəməzdi.
Natəvanın bir arzusu vardı - millətinin övladları
oxusun, savadlansın. Elə bu nəcib niyyətin də bəhrəsi
idi ki, o, özü də həmişə istedadlıların
qolundan tutar, onların işıqlı gələcəyi
üçün çalışardı.
Xanlıq Şükür
bütün klassik xanəndələr kimi el şənliklərində,
məclislərdə yaxından iştirak edərdi. O,
toyların yaraşığı idi. Özündən əvvəl
və sonra oxuyanların hamısından fərqlənirdi.
Zahirən də çox yaraşıqlı, boy-buxunlu, gözəl
bir simaya malik idi. Qəlbi geniş, xasiyyəti mülayim olub.
Onun haqqında yazılan xatirələrdən öyrənirik
ki, Xanlıq Şükür oxuduğu muğamlara elə
guşə və xallar vurarmış ki, üzünü
görmədən də səsini eşidən
ifaçının kim olduğunu dərhal bilərmiş. Məlahətli,
yanıqlı səslər çox olub. Şuşada isə
bu cür sənətkarların sayı-hesabı yox idi.
Xanlıq Şükür bu nəhəng çayların,
ümmanların içində məhz öz yolu, öz
adı, öz dadı olan bir bulaq kimi qaynayırdı,
seçilirdi, sevilirdi. Təəssüf ki, biz nəsil o
xoş avazı eşitməmişik. Amma məşhur xanəndələrin,
sənət korifeylərinin etirafları təsdiqləyir ki, həqiqətən
də bu şuşalı balası bənzərsiz bir
ifaçı olub. Xatirələrdə əbədiləşən
Xanlıq Şükür cəmi 55 il ömür
sürüb. Doğulduğu Şuşa şəhərində
də vəfat edib.
İndi onun anadan olmasının 140 ili tamam
olur. Musiqi mədəniyyətimizin inkişafında bu cür klassik xanəndələrimiz böyük
xidmətlər göstəriblər.
Öz ifaları ilə böyük bir məktəb yaradıblar.
Xanlıq Şükür
kimi sənətkarların
sayəsində Şuşa şəhəri
XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmişdi. Repertuarı xalq
yaradıcılığından ibarət olan bu xanəndələrin ifa etdikləri el havalarının yayılaraq
inkişaf etməsində,
musiqi mədəniyyətimizin
zənginləşməsində zəhməti əvəzsizdir.
Bu cür xalq
sənətkarları, dahi
bəstəkar Üzeyir
Hacıbəylinin qeyd
etdiyi kimi, gözəl və ustad sənətkar olmaqdan başqa, xalq musiqi yaradıcılığını
meydana çıxaran,
onu canlandıran, əsaslandıran tükənməz
bir mənbədir.
Çox yaxşı olardı ki, bu cür klassik
muğam ustadları haqqında dərsliklərdə
məlumatlar verilsin, onların yaradıcılığı
sənət təhsili
alan məktəblərdə
tələbələrə öyrədilsin.
Deyilənə görə, Xanlıq
Şükür tez-tez
«İmarət»ə gedər,
Xan qızının qəbrini ziyarət edərmiş. Hər dəfə
də Xurşidbanunun qəzəllərini «Segah»
üstə oxuyarmış.
Sonuncu ifası isə bu misralar
olub:
Nə yaxşı günlər idi kim,
səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
Xanlıq Şükür Natəvanı
itirəndə özünün
25, analar anası bildiyi Xurşidbanunun isə 65 yaşı var idi. Bir qərinədən sonra isə özü də haqq dünyasına
qovuşdu. Acılar olsun
ki, indi onların ruhları da nigarandır. Gözəl Qarabağ, onun zümrüd tacı Şuşa
20 ildir ki, erməni vandalları tərəfindən işğal
edilib. Hər dəfə o doğma yerlərin adı çəkiləndə Natəvanın
qəzəlləri bizlərə
qan ağladır: “Hicran edibdi könlümü
bərbad, ağlaram”.
Flora Xəlilzadə,
yazıçı-publisist
Kaspi.-2012.-24-26
noyabr.-S.23.