Süni
mayalanma zamanı
uşağın cinsini də sifarış vermək olur
Mərkəzi
Klinikanın Qadın Mərkəzinin müdiri Mahirə
İsmayılova deyir ki, donor ata-ananın xarici
görünüşünə uyğun seçilir
Ötən
5 ilə nisbətdə ölkəmizdə süni mayalanmaya
üz tutan ailələrin sayı 2 dəfə artıb.
İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş
tutan süni mayalanma artıq 8 ildir ki, Azərbaycanda da tətbiq
edilir və bu müddətdə sözügedən üsulla
dünyaya gələn uşaqların sayı 3 mini keçib.
Süni mayalanma ilə bağlı suallarımızı Mərkəzi
Klinikanın Qadın Mərkəzinin müdiri, mama-ginekoloq,
süni mayalanma həkimi, elmlər namizədi Mahirə
İsmayılova cavablandırdı.
Mayalanma sınaq şüşəsində
aparılır
-
Süni mayalanma sadəcə bir termindir. Əslində bu,
yardımçı reproduktiv texnologiyalar çərçivəsində
ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə
xaric deməkdir. Ekstrokorporal mayalanma o deməkdir ki, qadın və
kişi hüceyrələrinin birləşməsi insan
orqanizmində deyil, sınaq şüşəsində, yaxud
laboratoriyada baş verir və sonra qadının
uşaqlığına yerləşdirilir.
- Süni mayalanma necə icra edilir?
-
Qadın və kişi müayinədən
keçir. Müayinələrdən sonra
xanım xəstəxanaya dəvət olunur, analiz
götürülür və müalicə başlayır.
Xanıma xüsusi dərmanlar tətbiq edilir və
12-13 gün olmaqla hər 4 gündən bir həkim müayinəsinə
gəlir. Sonra venadaxili anesteziya ilə əməliyyat
etmədən xüsusi iynə vasitəsilə qadının
yumurtalıqlarından yumurta hüceyrələri toplayır və
embrioloji laboratoriyaya veririk. Eyni gündə
onun həyat yoldaşından da hüceyrələr
götürülür. Bəzi insanlar
düşünür ki, bu, əməliyyat yolu ilə
aparılır. Amma sperm göstəriciləri
normaldırsa, bunu adi yolla götürürük. Kişilərdə azoospermiya olduğu halda,
kiçik əməliyyat vasitəsilə hüceyrələr
əldə edilir. Laboratoriyada həm kişi,
həm də qadın hüceyrələrinin içərisindən
yaxşıları seçilir və onlar mikroinyeksion
üsulla mayalandırılır, yəni kişi hüceyrəsi
xüsusi mikroinyeksion iynə vasitəsilə yumurta hüceyrəsinə
daxil edilir. Nəticədə əmələ gələn
embrionlar inkubatora yerləşdirilir. Onlar 3
gün nəzarətdə saxlanılır, öyrənilir və
içərisindən ən yaxşısı seçilib
heç bir narkoz vermədən xüsusi katetr vasitəsilə
ultrasəs cihazının nəzarətiylə qadının
uşaqlığına yerləşdirilir. Süni mayalanmada digər üsullar da var. Amma dediyim ən
müasir üsuldur.
- Hansı halda cütlüklər
süni mayalanmaya müraciət edə bilərlər?
-
Dünyada ilk dəfə uşaqlıq borusu olmayan qadına
süni mayalanma tətbiq edilib. Əgər
qadının boruları yoxdursa, kişilərdə sperm
hüceyrələrində ciddi dəyişiklik varsa, yaxud
azoospermiya və digər hallarda süni mayalanma göstərişdir.
Sadaladığım hallarda cütlüklər istəyir 1,
istəyir 5 il gözləsinlər, zaman dərman
olmayacaq.
Səbr etməli, yoxsa…
- Bəzən həkimlər
sonsuzluğun səbəbini tapmır, cütlüklərə
səbr etməyi, gözləməyi məsləhət
görürlər. Neçə il
övladı olmayan cütlüklər bu üsula müraciət
edə bilərlər?
-
Haqlısınız, bəzən, 10 ildir ailəli olan xəstə
deyir ki, bu müddətdə dəfələrlə müayinədən
keçib, boruları açıqdır, folekulları
yetişir, özünün və həyat
yoldaşının analizləri normalara cavab verir, amma hamilə
qalmır. Düşünürəm ki, övlad istəyən
ailə 1-2 il gözləyirsə və bu,
təbii yolla mümkün olmursa, süni mayalanmaya müraciət
etməlidir. Belə hallar səbəbi bilinməyən
sonsuzluqlar sayılır. Amma əslində
səbəb var, sadəcə, mövcud müayinə
üsulları ilə onları aşkar etmək mümkünsüzdür.
Məsələn, ultrasəs müayinəsi
(UZİ) zamanı qadınlarda folekulların normal yetişdiyi
görünür. Amma bunun içərisində
hüceyrənin olub olmadığını heç bir həkim
görə bilməz. Bayaq qeyd etdiyim kimi,
süni mayalanma zamanı yumurtalıqların içərisinə
girərək yumurta hüceyrələrini toplayır və
keyfiyyətini bilirik. Elə qadınlar var
ki, onların yumurtalıqlarında çox gözəl
folekullar yetişir, amma içi boş olur. Belə
insanlar 10-20 il gözləsələr də,
onların təbii yolla uşaqlarının olması
mümkünsüzdür. Yaxud kişilərdə
sperm hüceyrələri normal görünə bilər, amma
mayalanma qabiliyyətləri aşağı olar. Qadın
və kişi hüceyrələrinin nə
dərəcədə keyfiyyətli
olub-olmadığını süni mayalanma zamanı
laboratoriyada mikroskop altında görə bilirik.
- Süni mayalanmanın alınma
şansı neçə faizdir?
-
Dünyada süni mayalanmanın alınma şansı 30-60 faiz
arasında dəyişir. Burada yaş faktoru
önəmlidir. Əgər qadın 30 yaşına qədərdirsə,
onun alınma şansı 60-70 faiz, 30-35 yaş arasında
40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur. Yəni uşağı olmayan cütlüklər illərlə
gözlədikdə zaman onların əleyhinə işləyir.
Onların yaşı artdıqca süni mayalanma
şansları aşağı düşür. Bizim
klinikada il ərzində 600-700 nəfərə
süni mayalanma tətbiq edilir. Onların 49-55
faizində hamiləlik baş tutur. Uşaqların
10-15 faizi əkiz, 2-3 faizi üçəm doğulur.
- Dediniz,
süni mayalanma zamanı embrionlar uşaqlığa transfer
edilir. Uşaqlığa adətən necə
embrion yerləşdirilə bilər?
- Adətən
iki embrion yerləşdiririk. Çalışırıq ki, az embrion yerləşdirək, çünki
çoxdöllü hamiləliklər problem yaradır. Əkizlərdə, üçəmlərdə erkən
doğum, düşük riski çox yüksəkdir. Müəyyən ölkələr embrionun sayı
ilə bağlı müvafiq qanunlar qəbul edib. Məsələn, qonşu Türkiyədə qəbul
olunmuş qanuna görə, xanım 35 yaşına qədərdirsə,
ona bir embrion yerləşdirilir. 35-dən
çox yaşı varsa, iki embrion yerləşdirilir. Bizdə hələ bununla bağlı qanun qəbul
edilməyib. Yaşı 30-un altında olan
və hüceyrələri keyfiyyətli olan xanımlara bəzən
bir embrion yerləşdiririk. Dəfələrlə
süni mayalanma edilib tutmayan xəstələrə
üç embrion da yerləşdirilə bilər.
- Alınmadığı təqdirdə,
bir qadına neçə dəfə süni mayalanma tətbiq
etmək mümkündür?
- Əgər qadının yumurtalıqları imkan verirsə,
yumurtalıqların rezervi yaxşıdırsa, nə qədər
tətbiq olunsa, problem yoxdur. Məsələn, mən
Türkiyədə təhsil alanda elə xəstə var idi
ki, 17-ci dəfədə süni mayalanma
alınmışdı. Bizdə də elə
xəstələr var ki, 10 dəfə müxtəlif ölkələrdə
bu proseduru ediblər, 11 və 12-ci dəfəni biz etmişik,
12-cidə alınıb. Xəstələrə
də həmişə deyirəm ki, süni mayalanma 100 faizlik
deyil, amma sizdə alınmayacaq deyə bir şey yoxdur. Əgər bir qadının uşaqlığı,
yumurtalıqları, kişidə isə sperm hüceyrələri
varsa, bu üsulla hamiləlik şansı nə vaxtsa əldə
edilə bilər.
Cinsi də sifariş vermək olur
- Süni mayalanma zamanı
uşağın cinsini sifariş vermək
mümkündürmü?
-
Mümkündür. Süni mayalanma
sırasında implantasiya öncəsi genetik diaqnostika (PGD)
adlı müayinə üsulundan istifadə edilir. Bu üsulu cinsi müəyyən etmək
üçün icad etməyiblər. Bir
sıra insanlar var ki, onların ailələrində genetik xəstəliklər
- talassemiya, hemofiliya, daun sindromu, əzələ xəstəlikləri
və digər yüzlərlə belə xəstəlik var.
Belə ailələrdə təbii yolla hamiləlik baş
verdikdə xəstəlik genetik olaraq keçir. Sağlam uşaq dünyaya gətirmək
üçün belə cütlüklər bizə müraciət
etdikdə, embrionu qadının uşaqlığına yerləşdirmədən
öncə genetik laboratoriyada hüceyrələr üzərində
xüsusi araşdırmalar aparır və xəstə
hüceyrələri ləğv edib sağlamlardan 1 və ya
2-sini seçib uşaqlığa transfer edirik. Bu cür ağır xəstəlikləri müəyyən
etmək olursa, PGD vasitəsilə cinsiyyəti müəyyənləşdirmək
lap asandır. Amma etik cəhətdən
biz həkimlər oğlan və ya qız uşağı
üçün genetik təhlillər aparılmasının
tərəfdarı deyilik.
Donor ata-ananın xarici
görünüşünə uyğun seçilir
- Kişi, yaxud qadın hüceyrələri
süni mayalanma üçün də kriteriyalara cavab vermirsə,
bu zaman donor hüceyrələrindən istifadə edirsinizmi?
- Bu
gün Azərbaycanda mövcud olan mərkəzlərdə
qadın və kişi donorluğundan
istifadə olunur. Çünki bu haqda müvafiq
qadağalar yoxdur. Donordan istifadə
hansı hallarda tətbiq olunur? Əgər kişilər
azoospermiyadan əziyyət çəkirsə və əməliyyat
zamanı da kişi hüceyrələrinin
əldə edilməsi mümkünsüzdürsə, bu halda ər
və arvadın razılığı ilə
klinikamızdakı sperm bankına müraciət edirik. Donorluq xidmətini icra etdikdə donorun
sağlamlığı yoxlanılır, psixoloji, genetik,
infeksion testlərdən keçirilir. Donor
seçdikdə biz alıcının, yəni donora
ehtiyacı olan insanın xarici
görünüşünü, qan qrupunu nəzərə
alır, ona uyğun donorun hüceyrələrindən istifadə
edirik. Xanımlara gəlincə, yumurta
rezervi olmayan, yaxud klimaks dövrünü yaşayan
qadınlar da övlad istəyirlər. Bu
zaman qadın donorlarımızdan istifadə etmişik. Belə hallarda da xanımın xarici
görünüşünə, qan qrupuna uyğun donor
seçilir, amma sperm hüceyrəsi xanımın həyat
yoldaşından götürülür və xanımın
uşaqlığına yerləşdirilir. O, 9 ay bu
uşağı bətnində daşıyır, sadəcə
genetik olaraq hüceyrələr başqa birisindən
götürülmüş olur. 48 və 54
yaşında da donor vasitəsilə süni mayalanma tətbiq
etdiyimiz qasınlar olub.
- Süni mayalanma ilə hamilə
qalanda, qadın uşağı təbii, ya qeysəriyyə kəsiyi
ilə dünyaya gətirir?
- Bu, təbii
yolla hamilə qalan xanımlarda olduğu kimidir. Əgər
göstəricilər imkan verirsə, təbii doğuş həyata
keçirilir.
- Süni
mayalanma ilə doğulan uşaqlarda sonradan hansısa problemlər
olmur? Belə fikirlər var ki, süni mayalanmayla
doğulan uşaqlar sonsuz olur.
- Süni
mayalanma ilə 1978-ci ildə doğulan ilk uşaq - Luiza Braun
özü təbii yolla ana olub. O vaxtdan bəri süni
mayalanma ilə milyonlarla uşaq dünyaya gəlib. Aparılan elmi araşdırmalar göstərir ki,
süni mayalanmayla doğulanların sağlamlıq göstəriciləri
təbii yolla dünyaya gələn uşaqlarla eynidir.
Kişi sonsuzluğu qadın
sonsuzluğunu üstələyib
- Süni mayalanma ilə bağlı
sizə müraciət edən cütlüklər arasında əsasən
qadınlar, ya kişilərdə problem olur?
- Əvvəlki illərdə problem daha çox
qadınlarda olurdu, amma son vaxtlar bu, tamamilə bərabərləşib. Mən deyərdim ki, kişi faktoru hətta daha çoxdur.
- Bu
yaxınlarda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
parlamentdə müzakirə olundu. Sizcə,
sözügedən layihədə hansı məqamlara diqqət
edilməlidir. Məsələn, layihədə
süni mayalanma zamanı uşaqlığa ikidən artıq
embrionun yerləşdirilməsi qadağan edilib.
- Mən
də fikirləşirəm ki, ikidən artıq embrion yerləşdirilməməlidir.
Amma düşünürəm ki, yaş faktoru
nəzərə alınmalıdır. Deyək
ki, qadın 40-45 yaşındadırsa, ona 3 embrion qoyulsa, daha
yaxşıdır. Türkiyədə
qanunla 35 yaşına qədər 1 embrion, 35 yaşından
sonra iki embrion qoyulması mümkündür. Buna görə də Türkiyədə süni
mayalanmanın tutma göstəriciləri aşağı
düşüb. Çünki az
embrion qoyanda hamiləliyin alınma şansı
aşağı düşür. Bir sözlə,
embrionun sayı ilə qadının yaşı arasında
mütənasiblik olmalıdır. 30
yaşa qədər 1, 30-35 yaş arası 2, 35 yaşın
üstündə 3 embrion qoyula bilər. Çünki
bu, pul, eyni zamanda qadının psixoloji stress keçirməsi
hesabına başa gəlir.
Düşünürəm
ki, donorluqla bağlı məsələ də qanun çərçivəsində
həll olunmalıdır. Çünki bizdə buna ehtiyac var.
Bəzən xəstələrdən soruşanda, donordan istifadə
etmisən, yaxud edərsən, “yox” deyə cavab verirlər.
Amma övladı olmayanda hər biri kabinetə girib donora
ehtiyaclarının olduğunu deyirlər. Yəni bizə belə
müraciətlər çox olur. Düşünürəm
ki, bir donor üç dəfədən artıq istifadə
olunmamalıdır. Əgər bir donordan 5-10 dəfə
istifadə olunarsa, bir müddət keçdikdən sonra qohum
nikahlar baş verə bilər. Bu məsələ qanun çərçivəsində
həll edilməli və ciddi nəzarətlə icra
olunmalıdır.
- Mahirə xanım, sizin klinikada
süni mayalanma neçəyə başa gəlir?
- Dərmanı
çıxmaqla süni mayalanma 2 min manata, dərmanla birlikdə
3500-4000 manata başa gəlir.
Lalə Musaqızı
Kaspi.-2012.-29 noyabr.-S.6.