Etimada sədaqətlə 20 il

 

“Çağ Öyrətim İşlətmələri” şirkətinin fəaliyyətə başlamasının 20 illik yubileyi keçirilib

 

Noyabrın 27-də Gülüstan sarayında “Çağ Öyrətim İşlətmələri”nin fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə "Etimada sədaqətlə 20 il " devizi altında təntənəli yubiley tədbiri keçirilib. Yubiley mərasimində tədbir iştirakçıları türk dünyasının iki nəhəng şəxsiyyətinin - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Təntənəli yubiley gecəsi Azərbaycanın dövlət himni və Türkiyənin istiqlal marşının oxunması ilə açıq elan edilib və "Çağ" Öyrətim İşlətmələrinin 20 illik fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub. Yubiley tədbirində Türkiyənin prezidenti Abdulla Gülün təbrik məktubu oxunub. Mərasimdə görkəmli dövlət xadimləri, elm adamları, "Çağ Öyrətim" İşlətmələrinə daxil olan liseylərin rəhbərləri, Qafqaz Universitetinin məzunları və media nümayəndələri iştirak ediblər.

"Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren çıxışında tədbir iştirakçılarına bu özəl gündə onlara dəstək olduqları üçün təşəkkürünü bildirib və son 20 ildə Azərbaycanın inkişafından söz açıb, bu prosesin bu gün də davam etdiyini qeyd edib. “Çağ Öyrətim”in təhsilimizə verdiyi töhfələrdən söz açan sədr bu qurumun ölkədə beynəlxalq standartlı təhsil müəssisəsi olmaqla ümummilli lider Heydər Əliyevin inam və etimadına sədaqətlə xidmət etdiyini vurğulayıb: “Fəaliyyətinin ilk günündən bu günədək 20 il ərzində məqsədi yalnız müsbət elmlərlə, milli və ümumbəşəri dəyərlərlə zəngin yeni nəsillər yetişdirmək olan “Çağ Öyrətim” özünün Azərbaycan Türkiyə ümumtəhsil məktəbləriylə, “Araz” Hazırlıq Kursları, Qafqaz Universitetinin fəaliyyəti ilə göstərilən etimada sədaqətlə xidmətini nümayiş etdirir. Tələbələrimiz öz bilik və bacarıqları ilə Azərbaycanı həm bölgələrdə, həm də dünyada şərəflə təmsil edirlər. Beynəlxalq fənn olimpiadalarında alınan 520-dən çox alınan medal, hər il məzunların 99 faizinin ölkəmizin və dünyanın seçkin ali məktəblərinə ən yüksək balla qəbul olunması və Prezident təqaüdü ilə təhsil alanların sayının ilbəil artması da bunu sübut edir. “Çağ Öyrətim”in tələbələri dünyanın dörd bir yanında ən məşhur universitetlərdə aldıqları təhsillə, elmi dərəcələrlə, ən əsası əxlaqi dəyərlərə sahib olmaları ilə fərqlənirlər”. Ənvər Özeren bildirib ki, “Çağ Öyrətim” bu gün möhkəm dayaqlar üzərində fəaliyyətini davam etdirir və onun maddi-texniki bazası durmadan yüksəlir. ”Əgər 20 il əvvəl müəssisələrdə azərbaycanlı müəllimlərin sayı azlıq təşkil edirdisə, bu il dərs keçən müəllim və akademik səviyyədə kadrların 80 faizdən çoxu azərbaycanlı müəllimlərdir. Bu gün dünyanın hansı ölkəsinə getsəniz orada Azərbaycanı ləyaqətlə təmsil edən kadrlarla qarşılaşacaqsınız” – deyə Ə.Özərən vurğulayıb.

Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov şirkətin 20 illik yubileyini təbrik edib, “Çağ Öyrətim”in keçdiyi keşməkeşli yollardan və qurumun uğurlarından danışıb. O şirkəti yaradanların ulu öndərə verdikləri sözə sədaqətlə əməl etdiklərini vurğulayıb. Nazir tədbirdə Azərbaycanda təhsilimizə göstərdiyi xidmətlərinə görə “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşını fəxri fərmanlarla və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edib.

Bakı Dövlət Universitetinin rektoru, Akademik Abel Məhərrəmov qurumu 20 illik yubileyi münasibətilə təbrik edib və bu günü Azərbaycan və Türkiyə təhsilinin böyük bayramı kimi qeyd edib. Abel Məhərrəmov ölkəmizin çətin vəziyyətlərində Türkiyənin bizə əl tutmasından söhbət açıb. “O zamanlar hər kəs Azərbaycanda öz biznesini qurmağa çalışırdı. Kimi ticarət işi qurmaq istəyirdi, kimi şirkətlər açmaq istəyirdi. Yalnız “Çağ Öyrətim” şirkəti Azərbaycanda əsl iş gördü. Digər şirkətlər bağlandı, yaxud inkişaf etdi, ancaq bunların içində ən çox tarixi mövqe tutan “Çağ Öyrətim” oldu. Çünki biri digərinin cibinə pul qoyanda o xərclənib gedər, məsləhət verirsə, savad verirsə, bu ömür boyu davam edər. Buna görə də bu şirkətin tarixi xidmətini Azərbaycan xalqı heç vaxt yaddan çıxarmayacaq”.

Sonda Abel Məhərrəmov qurumun məzunlarından Nobel mükafatı gözlədiyini bildirib.

Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisi sədrinin yardımçısı Mehmet Sağlam qurumu yubiley münasibətilə təbrik etdikdən sonra Heydər Əliyevlə bağlı xatirəsini qonaqlarla bölüşüb və müəllimlərə böyük qiymət verməklə onların türk dünyasının gələcəyini inşa etdiklərini bildirib.

Yubileyin sonunda 20 illik fəaliyyətlərində seçilən məzunlar müəyyən hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıb.

Qeyd edək ki, “Çağ Öyrətim” şirkəti hazırda 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsil hazırlıq kursları və 1 universiteti özündə birləşdirir. Şirkət 1992-ci ildə fəaliyyətə başlayıb, ayrı-ayrılıqda onun bütün müəssisələri Beynəlxalq TSE-EN-ISO 9000:2008 sertifikatını alıb.

 

 

AYGÜN CƏFƏRLİ

 

Kaspi.-2012.-29 noyabr.-S.9.