Nigar Köçərli müsabiqədən
danışdı
Milli Kitab
Mükafatına əsər qəbulu başa
çatıb
Ölkəmizdə
ədəbiyyat sahəsində ən böyük layihə
sayılan Milli Kitab Mükafatına (MKM) əsər qəbulu
başa çatıb. Belə ki, 28 avqust 2012-ci il tarixindən
start götürən müsabiqəyə 241 əsər daxil
olub. Onlardan 175-si nəsr
əsəri, 58-i şeir,
8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə
qatılanların 164 nəfəri
kişi, 77-si qadındır. Ən gənc yazarın
7, ən yaşlı yazarınsa 86 yaşı
var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil
edir.
MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat evinin sahibi Nigar Köçərli
bizimlə söhbətində
əsərlərin Azərbaycanın
bütün bölgələrindən
daxil olduğunu bildirdi. Həmçinin Türkiyə,
İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük
Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz
də öz əsərlərini müsabiqəyə
təqdim ediblər:
“MKM-in təqdimatı 9 təhsil
ocağında və
6 bölgədə təşkil
olunub. Mükafat ölkənin bütün
televiziyalarında, o cümlədən
regional kanallarda ətraflı
işıqlandırılıb”. Təsisçinin sözlərinə
görə, bütövlükdə
müsabiqəyə hekayələr,
povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr
əsərləri qəbul
olunub: “Müsabiqənin
şərtinə görə,
hər bir əsər 40 min işarədən
az olmalı deyil. Maksimal həcmlə bağlı
məhdudiyyətlər qoyulmur.
Namizəd əsərlərin müəlliflərinə
yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq
olunmayıb. Əsərləri yalnız müəlliflərin
özləri təqdim
ediblər və bura həm nəşr
olunmuş, həm də nəşr olunmamış əsərlər
daxildir. Qeyd edim
ki, təqdim edilmiş əlyazmalar redaktə edilmir və qaytarılmır.
Müsabiqəyə təqdim edilən
əsər mükafat
prosesinin başlanması
barədə edilən
elandan 10 ildən gec müddətdə yazılmamış olmalıdır.
Şərikli müəllifli olan
əsər mükafat
laureatı olduğu təqdirdə, mükafatın
məbləği müəlliflər
arasında bərabər
miqdarda bölünür.
Hər müəllif ən çox üç əsər təqdim edə bilər”.
Nigar Köçərlinin
sözlərinə görə,
müsabiqəyə təqdim
edilən əsərlər
bu həftə Ekspert Şurasına təqdim olunacaq. Ekspertlər Şurasının
ilk görüşü isə
noyabrın sonunda təşkil olunacaq.
Martın 1-də ekspertlər
tərəfindən müəyyənləşdirilmiş
20 ən yaxşı əsərdən ibarət
“longlist” (uzun siyahı), martın 15-də
isə 10 əsərdən
ibarət “shortlist” (qısa
siyahı) müəyyənləşəcək
və qiymətləndirilmə
üçün Münsiflər
Heyətinə təqdim
olunacaq. İyirmiliyə düşən əsərlərin
həm Bakıda, həm də bölgələrdəki BookClub-larda
müzakirələri olacaq
və www.mkm.az saytında
İnternet səsverməsi
keçiriləcək.
MKM təsisçisi qeyd
edib ki, iyun ayının 4-də mükafatın qalibləri
elan olunacaq. Belə ki,
münsiflərin rəyləri
internet səhifədə açıqlanacaq.
Ötən il
olduğu kimi, bu il də
1-ci yerin sahibi üç min, 2-ci yerə
layiq görülən
iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı
ilə təltif olunacaq. Qaliblərin kitabları həm
kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının
müəllifinə 300 manat,
ən yaxşı gənc yazara 300 manat və ən
yaxşı şeirə
görə 300 manat məbləğində mükafat
veriləcək.
Keçən müsabiqənin nəticələri
ilə bağlı yaranan narazılıqlara gəlincə, N.Köçərli
bu il
də həmin narazılıqların təkrar
oluna biləcəyinə
əmin olmadığını
bildirib: «Uğurlu bir iş hər
zaman birmənalı qarşılanmamalıdır. Əgər
əvvəldən bəlli
olsa ki, yarışmanın qalibi kim olacaq,
o zaman hər şey birmənalı, maraqsız olardı. Əlbəttə, müsabiqənin bu qədər qalmaqallı olması mənim üçün xoş deyil. Çünki ədəbiyyat layihəsidir
və istərdim ki, qalmaqaldan uzaq olsun. Amma digər tərəfdən
də baxıram ki, elə “Nobel” mükafatı da qalmaqalla qarşılanır.
Bununla belə, burada mənlik bir şey yoxdur. Mən təşkilatçıyam. Bu, bir prosesdir
və davam edir. Kimsə narazıdırsa, öz narazılığını
bildirə bilər.
Müsabiqənin saytında münsiflərin
adı dərc olunub. Kimin iradı varsa,
onlarla əlaqə yaradıb öz fikirlərini bildirə bilər. Bu, şəffaf və aydın bir prosesdir”.
Müsabiqənin artıq 2 ildən
bir keçirilməsinə
gəlincə, təsisçi
bunu təşkilatçılığın
həddən artıq
vaxt aparması ilə əlaqələndirib:
“Mən belə qərara gəldim ki, Milli Kitab
Mükafatı 2 ildən
bir keçirilsə, daha yaxşı olar. Bir balaca fasilə
vermək lazımdır.
Təşkilatçılıq həddən artıq
vaxt aparır. Düzdür,
köməkçilərim də var, yaxşı
komandayıq. Amma yenə
də hədsiz vaxt aparır. İkincisi, ədəbiyyat aləmi üçün də yaxşı olar”.
MKM təsisçisinin sözlərinə
görə, müsabiqənin
keçirilməsində əsas
məqsəd ədəbiyyatımızı
ictimailəşdirmək, onu
gündəmə gətirmək,
ədəbi əsərlərin
üzə çıxarılması
və stimullaşdırılması,
Azərbaycan mədəniyyətinin
və ədəbiyyatının
sosial əhəmiyyətinin
gücləndirilməsidir: “Böyük irəliləyiş
var və bu, məni çox
sevindirir”.
Təranə Məhərrəmova
Kaspi.-2012.-29 noyabr.-S.10.