«SÜBHÜN SƏFİRİ»NİN
UĞURU
Nizami Kino
Mərkəzində “Sübhün səfiri”
filminin təqdimatı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film böyük anşlaqla qarşılandı.
Görkəmli
dramaturq Mirzə Fətəli Axundzadənin həyat və
yaradıcılığından bəhs edən ekran əsərinin
ssenari müəllifi Xalq yazıçısı Anar, rejissoru
isə Ramiz Həsənoğludur.
Filmin
süjeti Mirzə Fətəli Axundovun – artıq
ömrünü başa vurmaqda olan görkəmli dramaturqun
xatirələri üzərində qurulub. Belə ki,
ağır xəstə olan dramaturq həyatını göz
önündən keçirir. Balaca Fətəlinin anası ilə
birlikdə karvanla Tiflisdən Şəkiyə - əmisi Axund Ələsgərin
yanına gəldiyi andan etibarən ölümünə qədərki
həyatı ekrana gəlir. Mirzə Fətəli həyatı
boyu yaşadığı bütün şirin və acı
xatirələri öz xatirəsində canlandırır.
Heç
şübhəsiz, M.F. Axundovun həyat və
yaradıcılığından xəbərdar olmayan Azərbaycan
vətəndaşı çətin tapılar. Sözügedən
filmdə həmin bilgilərin sadəcə
görüntüsü ekrana gəlir.
Ölüm
qabağı anasının yuxuya girib onu yanına
çağırması və ömrünün sona yetməsi
filmin ən təsiredici səhnələrindəndir.
Aydın
görünür ki, müəllif ssenarini yazarkən görkəmli
dramaturqun daxilən keçirdiyi əzabları tam
dolğunluqla canlandırmağa müvəffəq olub. Yəni
ssenarisitin yazdıqları ilə rejissor yozumu bir-birini
tamamlayıb. Film sözün yaxşı mənasında
uğurlu alınıb.
Ekran
əsərinin ərsəyə gəlməsində rejissorun
da fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ramiz
Həsənoğlu obrazların seçimində ən
xırda detallara belə xüsusi önəm verib.
Düzdür, Fətəlinin uşaqlığı bir qədər
süni alınsa da, filmi ümumilikdə qənaətbəxş
hesab etmək mümkündür.
90-a
yaxın personajın iştirak etdiyi filmdə həmçinin
dövrün görkəmli xadimləri - Mirzə Şəfi
Vazeh, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi
və başqa Azərbaycan ədəbiyyatında öz
sözünü demiş sənətkarlar ekrana gəlir. Filmdə
obrazların geyimləri və qrimləri seyrçiləri
asanlıqla XIX əsrə qaytara bilir.
Ekran
əsərində Mirzə Fətəli Axundovun gənclik
dövrünü gənc aktyor Nicat Həbibov canlandırır.
Gənc olmasına baxmayaraq, aktyor rolunun öhdəsindən
layiqincə gəlməyi bacarır. Dramaturqun 50
yaşından ömrünün sonuna kimi olan
dövrünü isə Xalq artisti Rasim Balayev oynayır. Xalq
artisti hər rolunda olduğu kimi bu obrazı ilə da
tamaşaçıların könlünü fəth etməyi
bacardı.
Türkiyədə
yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova isə
filmdə Mirzə Fətəlinin həyat yoldaşı Tubu
xanım rolunda ekrana gəlir.
Filmin
ərsəyə hazırlanmasında professional komandanın
olması onun keyfiyyətindən xəbər verir.
Əslində
uzun və keşməkeşli bir ömür sürən
dramaturqun həyatı ilə bağlı ssenari yazmaq o qədər
də asan iş deyil. Bunun üçün onun bütün əlyazmalarını
izləmək, yaradıcılığını
araşdırmaq, həyata dair biliklərini zənginləşdirmək
böyük bacarıq və peşəkarlıq tələb
edir. Yazıçı Anar böyük ustalıqla bu işin
öhdəsindən gəlməyi bacarıb.
Anar
görkəmli dramaturqun həyatdan götürdüyü
hadisələri olduğu kimi qələmə alıb. Doğrudur,
yeni ideya, yeni baxış bucağı filmdə hiss olunmasa da
bu, yazıçının öz dəsti-xətti kimi
başa düşülür. Yazıçı M.F. Axundovun
yaratdığı komediyaların necə ərsəyə gəldiyini,
hansı keşməkeşli yollardan keçdiyini tam
aydınlıqla ifadə etməyi bacarıb.
Tamaşaçı filmi izləyərkən məşhur
komediyaların yaranma şəraitin izləyicisi olur.
Filmdə
mükəmməl rejissor işi, yetkin aktyor oyunu, peşəkar
bəstəkarlıq və rəssam işi də maraq
doğurur.
Ekran
əsəri Şəkidə fəaliyyət göstərən
Mirzə Fətəli Axundovun ev muzeyində lentə
alınıb. Bundan əlavə, kadrlar Milli Kitabxana, Nizami Kino
Mərkəzi və başqa məkanlarda çəkilib.
Qeyd
edək ki, “Sübhün səfiri” filminin çəkilişləri
3 ölkədə - Azərbaycan, Gürcüstan və
Türkiyədə aparılıb. Bu da görkəmli
dramaturqun həyat və fəaliyyətinin çox şaxəli
və əhatəli olmasından xəbər verir.
Xatırladaq
ki, 200 illik yubileyi qeyd olunan dramaturqun bu filmlə TÜRKSOY tərəfindən
elan olunan “M.F.Axundzadə İli”nə yekun vurulacaq.
Filmin ölkəmizi beynəlxalq festivallarda tanıda biləcəyinə əmin olmaq olar. Bizə yalnız uğurlar diləmək qalır!
Xəyalə Rəis
Kaspi.-2012.-30 noyabr.-S.6.