Axundovun «reabilitasiyası»
«Sübhün səfiri»nə iki fərqli
baxış
Redaksiyadan: Noyabrın 28-də
görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyi ilə bağlı çəkilmiş
«Sübhün səfiri» filminin təqdimatı oldu. Mərasimdə
iştirak edən «Kaspi»nin əməkdaşlarının film
barədə fərqli fikirləri formalaşmışdı.
Filmə iki fərqli baxış rakursundan nəzər salaraq əməkdaşlarımızın
təəssüratlarını təqdim edirik.
Axundovun
«reabilitasiyası»
“Nizami”
kinoteatrının yolunu tanıyandan belə qələbəlik
görməmişdim. Xüsusən bərpadan sonra. Hiss
olunurdu ki, tamaşaçılar ölkədə istehsal olunan
filmə tamarzıdırlar. İstehsalatda olan filmlər
arasında təqdimatı qabaqlayan isə “Sübhün səfiri”
ekran əsəri idi. Rejissor Ramiz Həsənoğlunun
quruluşunda, Xalq yazıçısı Anarın ssenari
müəllifliyi ilə.
Təbii ki, zal dolu
idi, hətta “yaruslar” da. Elə qabaqcadan
yazıçının nüfuzuna
güvənib də zalın dolu olacağına əminlik şəksiz idi. Rəsmi dövlət adamları da vardı, incəsənətin ayrı-ayrı
sahələrini təmsil
edənlər də, jurnalistlər də, tələbələr də.
Mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev film haqqında danışaraq hansı zərurətdən çəkildiyini
və s. məziyyətlərini
izah etdi. Səhnəyə dəvət olunan
ssenari müəllifi Anarla rejissor Ramiz Həsənoğlu da ürək sözlərini dilə gətirdilər. Yaradıcı heyət adından isə baş rolun – Mirzə Fətəli Axundzadə rolunun ifaçısı Xalq artisti Rasim
Balayev danışdı.
Bir qədər kövrəkliklə,
bir qədər incikliklə, bir qədər sevinclə.
Elə yığcam çıxışı
ilə də həm kinomuzun durumuna nəzər saldı, həm gedən proseslərə toxundu, həm də filmin hansı çətinliklərlə
ərsəyə gəldiyini
ifadə etdi. Heç şübhəsiz,
çəkilişlərə vərdiş edən, amma hələm-hələm
əlinə yaxşı
imkan düşməyən
aktyorlar üçün
kinoda çəkilməməyin
sudan kənara
atılan balıq kimi yaşamağa bərabər olduğunu onların özlərindən
yaxşı heç kəs bilə bilməz. O üzdən də yaradıcı heyətin üzündə
sevinc vardı.
Təbii ki, filmi Azərbaycan
kinosunda hadisə adlandıranlar olacaq. Ya M.F.Axundzadənin
200 illiyi ilə əlaqədar çəkilməsi,
ya klassikaya müraciət olunması baxımından, ya çoxdan ciddi bir filmin tamaşaçılara
təqdim olunmaması
ilə əlaqədar
olaraq.
Filmdə M.F.Axundzadənin həyat və yaradıcılıq
yoluna artıq qocalmış və ölüm yatağında
olan dramaturqun yaddaşı ilə nəzər salınır. Anarın başqa
ssenarilərində olduğu
kimi. Belə ki, Axundzadənin
həyatı – uşaqlılıq
illərindən tutmuş
dünyasını dəyişənə
qədər dönəmlər
ekrana gəlir.
Axundzadənin sükutu
Filmdə bəzi təhriflərə
yol verilib. Bu detal hər şeydən əvvəl Azərbaycan xalqının
həyatında böyük
işlər görən,
ancaq “ateist” kimi tanınan mütəfəkkirin üzərindən
“Allahsız” damğasının
götürülməsinə cəhdlə bağlıdır.
Məsələn, rus
canişinləri Axundzadənin
harada dəfn olunacağını müzakirə
etdikləri, dramaturqun
özünün müsəlman
qəbiristanlığında dəfn olunmaması ilə bağlı vəsiyyəti olduğu halda görüşünə
gələn şeyx ömrünün son anlarını
yaşayan mütəfəkkirlə
“bu dünya” və “o dünya” barədə moizə oxuyur. “Hər
şeyi Yaradan bilir” deyən şeyxin sözlərinə
Axundzadənin cavabı
yalnız sükut olur. Bununla da ssenari müəllifi böyük
dramaturqun üzərindən
“ateist” damğasını
sanki silməyə çalışır.
Bundan əlavə, gənc Fətəli (Nicat Həbibov) müəllimi Mirzə Şəfi Vazehə “mən də ruhani olmaq istəyirəm” deyə cavab verəndə, müəllimindən
“Özünü bu cahillərin arasında pis eləmə” cavabını alır. Amma dərsliklərdə və
görkəmli dramaturqun
tərcümeyi-halında Mirzə
Şəfinin cavabı
“sən də ikiüzlü olmaq istəyirsən?” sözləri
olub.
Axundzadənin yaşadığı dövrün ab-havasında
mühüm rol oynayan maarifçilər və qabaqcıl düşüncəli insanlar
– Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi, Bestujev Marlinski, M.V.Lermontov və s. şəxsiyyətlərə filmdə
çox az
kadrlar həsr olunub. Rejissorun seçimindəki yanlışlıq Axundzadənin
əsərlərinin mayasını
təşkil edən
- həyat səhnələrini
yaradan aktyorların ifasında üzə çıxır. Dilarə Əliyeva,
Qorxmaz Əlili və b. aktyorların epizodik rolları süni ifalarla yadda qalır.
Gözdən “qaçan” qüsurlar
Baş rolun ifaçısına gəlincə,
elə təkcə Rasim Balayev sanki
bütün səhnələri
öz ardınca çəkib aparırdı. Mübaliğəsiz deyirəm, əgər bu obrazı Rasim Balayev oynamasaydı,
bəlkə də ekran əsəri baxımlı olmazdı.
Abbasqulu ağa Bakıxanovun obrazını yaradan Fəxrəddin Manafovun rolu isə filmdə
yalnız epizodik səhnələri təşkil
edir. Bu günə
qədər bir-birindən
gözəl rollar oynayan aktyor sanki bu filmə
“xala xətrin qalmasın” deyə çəkilib. Axundzadənin həyatında mühüm
rol oynayan Mirzə Şəfi Vazeh (Ayşad Məmmədov) rolunun ifaçısı da obrazda səmimi görünmür. Həmçinin Həsən bəy Zərdabi rolunu oynayan Məmməd Səfanın ifası görkəmli maarifçinin
obrazını tamamlamır.
Bunu da rejissorun tələsik
seçimi kimi dəyərləndirmək olar.
Axundzadənin həyat
yoldaşını- Tubu
xanım obrazını
yaradan aktrisa isə siması hamıya tanış
Məlahət Abbasovadır.
Rejissor onu çəkilişlərə
Türkiyədən dəvət
edib. Aktrisanı qocaldıb Tubu
xanımın obrazına
salmaq əməliyyatı
isə o qədər uğurlu alınmayıb.
Hərçənd aktrisa bütün
imkanlarından istifadə
edərək rolu canlandırmağa çalışır,
fəqət, “səs”
və “qrim” buna mane olur.
Ekran əsəri
bədii bioqrafik janrdadır. Hiss olunur ki, filmin çəkilişində
kinostudiyanın mümkün
texniki imkanlarından istifadə olunub. Müxtəlif məkan səhnələri
– Azərbaycan, Gürcüstan
və Türkiyədəki
çəkilişlər Axundzadənin
həyat və fəaliyyətinin zənginliyini
özündə əks
etdirməsi baxımından
maraq doğurur. Filmin musiqisinə də söz ola bilməz.
Bəstəkar Cavanşir Quliyev
elə filmin məzmunu və ruhu ilə tam səsləşən musiqi
yazıb.
Filmdə rejissorun gözündən
“qaçan” qüsurlar
çoxdur. Vazalardakı GMO
edilən və ya butafor meyvələr,
Bestujov Marlinskiyə təqdim olunan İsmayıl bəy Qutqaşınlının “yeni”
çapdan çıxan,
amma vərəqləri
sapsarı “Rəşid
bəy və Səadət xanım” kitabı, “Axundov” soyadının bir epizodda “Axundzadə” kimi işlənməsi və s.
Reabilitasiya filmi?
Film barədə tamaşaçılardan
birinin fikri belə oldu ki, bu, reabilitasiya filmidir. Yəni ən yaxşı halda ekran əsəri müəllif filmi ola bilərdi.
O mənada ki, həyat yolu hamıya bəlli olan bir şəxsiyyət
haqqında yenidən eyni və dəyişməyəcək
həyatı yazmağa
nə ehtiyac? Yəni böyük mütəfəkkirin
həyatı haqqında
ayrıca bir ssenari yazmağa və onun müəllifi
kimi təqdim olunmağa ehtiyac yox idi. O mənada ki, Axundzadənin həyat və yaradıcılığı
haqqında bilgilər
xüsusən, sovet dövründə oxuyan insanlar üçün əlifbanı bilməyə
bərabərdir. Digər
tərəfdən “Uzun
ömrün akkordları”
və “Qəm pəncərəsi”nin şinelindən çıxan
“Sübhün səfiri
də məhz bu qəlibdə, eyni süjet xəttində təqdim oluna bilərdi. Həm də daha çox
televiziya tamaşalarının
peşəkar rejissoru
kimi tanınan Ramiz Həsənoğlunun
“Cavid ömrü” filmində olduğu kimi qüsurlar burda da yox
deyil. Bu, bir daha televiziya
rejissorluğunun ayrı
format olmasını təsdiqləyir.
Deyildi ki, film
TURKSOY-un xətti ilə
Türkiyədə də
göstəriləcək və
M.F.Axundzadə ilinə
bu ekran əsəri ilə yekun vurulacaq. Filmin uzaqgedən
əlaqələrlə başqa
festivallara da gedə biləcəyini təxmin etmək olar. Əsas budur ki, nəticə olsun.
Heç şübhəsiz, son söz
tamaşaçınındır. Əlbəttə, əgər tamaşaçı
filmi görə bilsə. Yəni ki, bu film də digər çəkilən filmlər
kimi bircə təqdimatdan sonra yığışdırılıb rəflərə qoyulmasa.
Təranə Məhərrəmova
Kaspi.-2012.-30 noyabr.-S.6.