«“Ə” dilimizdə ən çox işlənən fonemdir, dilimizə incəlik verir»   

 

 Nadir Abdullayev: “Televiziya işçilərinin qüsura yol verməməsi üçün orfoepiya lüğətinə ehtiyacımız var”

 

Müsahibimiz dilçi-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Nadir Abdullayevdir. Onunla dilçilik sahəsində olan problemlər, onların həlli yolları barədə söhbətləşdik.

- Nadir müəllim, söz ehtiyatı baxımdan dilimizin zəngin olmadığını deyənlər də var. Xüsusilə tərcüməçilər başqa dillərdən Azərbaycan dilinə tərcümə zamanı söz bazamız az olduğu üçün çətinlik çəkdiklərini deyirlər.

- Mən o adamlarla razılaşmıram. Zəngin söz ehtiyatına, gözəl ahəngə, səslənməyə, sabit qrammatik quruluşa malik dilimiz var. Sonuncu orfoqrafiya lüğətində söz ehtiyatımız 100 minə yaxınlaşıb.

- Amma ingilis dilində söz ehtiyatı 500 mini keçib.

- Biz kiçik xalqıq, ingilis dili dünya, diplomatiya dilidir, özüoraya çoxlu dillərdən sözlər keçdiyindən elə böyük rəqəm alınıb. Amma bizdə əksəriyyəti öz sözlərimizdir. Lüğətimizdəki sözlər bütün sahələrdə fikrimizi ifadə etmək üçün kifayət edir. Dilimiz omonimlər, antonimlər, frazeoloji ifadələr, atalar sözü ilə zəngindir. Alınma sözlərin böyük bir qismi dilimizə rusrus dili vasitəsilə Avropa dillərindən, bir qismifars və ərəb dillərindən keçib. Dilimiz həm bədii ədəbiyyat üçün, həm elmi əsərlərin yazılması, həm də rəsmi üslub üçün yararlıdır.

- Alınma sözlərin lüğətimizə daxil olmasına, sizcə, nə qədər açığıq? Dili zənginləşdirmək üçün onu mühafizə etmək lazımdır, yoxsa lüğət açıq qapı kimi olmalıdır, gələn sözləri qəbul etməliyik?

- Dili yad ünsürlərdən qorumaq, mühafizə etmək alzımdır. Dil əsasən öz hesabına və alınma sözlərin sayəsində zənginləşir. Bizim dilimiz əsasən öz imkanları hesabına zənginləşən dillərdəndir.Sözü o vaxt almaq lazımdır ki, dilimizdə qarşılığı olmasın. Müəyyən fikri ifadə etmək üçün dilin sözə ehtiyacı olur. Rus tənqidçisi və filosofu Vissarion Qriqoryeviç Belinski yazırdı ki, dildə eyni hüquqa malik 2 sözdən əcnəbi sözə üstünlük vermək sağlam iradəsi olmaq demək deyil. Bizim dilimizə də son zamanlarda Türkiyə türcəsindən xeyli sözlər daxil olur və KİV-də istifadə olunur, hətta ziyalılarımız da bu sözləri işlədirlər. Məsələn, “yapmaqsözünün kifayət qədər qarşılığı olduğu halda bu sözə üstünlük verənlər az deyil. Düzdür, Türkiyə türkcəsindən bizə keçən bəzi sözlər var ki, alqışlanasıdır. Məsələn, önəm, özəl, anlam. Amma öz dilimizdə qarşılığı olan sözləri qoyub alınma sözlərdən istifadə etməyimizi bəyənmirəm.

Dilimizin inkişafı üçün etimoloji, orfoqrafik, orfoepik lüğətlərə ehtiyacımız var. Ən əsası isə orfoepiya lüğəti hazırlanmalıdır. Alimlər belə hər hansı sözün tələffüzündə ümumi rəyə gələ bilmirlər.

- Orfoepiya lüğətinin olmadığını deyirsiniz. Ancaq dilçilərimiz televiziyaradio işçilərini sözləri düzgün tələffüz etməməkdə ittiham edirlər.

- Dilin qorunmasından söhbət düşəndə, adətən, KİV-in dilinin önə çəkilməsini təbii saymaq olar. Çünki bu vasitələr ədəbi dilimizin təbliğatçıları, yayıcıları, tənzimediciləri, qoruyucularıdır. Bu informasiya vasitələrinin ümdə vəzifələrindən biri eşidənlərə, oxuyanlara etalon səviyyəli nitq nümunəsi verməkdir ki, dinləyənlər, oxuyanlar onun məziyyətlərini əxz edib mənimsəyə, nitqlərini həmin ifadə tərzinə uyğun qura bilsinlər. Lakin istər ekran-efir, istərsə də digər informasiya vasitələrinin dili tələb olunan səviyyədə deyil. Diktorların, aparıcıların, verilişlərə dəvət olunanların nitqində qüsurlar müşahidə olunur. Bu qüsurların müəyyən bir qismi ədəbi tələffüz qaydalarına əməl olunmaması nəticəsində baş verir. Yazılışı ədəbi tələffüzündən fərqli olan sözqrammatik formalar bəzən kitab dilində, yazıldığı kimi deyilirya oxunur. Məs.: yarpaxlar əvəzinə yarpaqlar, baxmıyarax əvəzinə baxmayaraq deyilir. Bunun da həm subyektiv, həm də obyektiv səbəbləri vardır. Subyektiv səbəb odur ki, həm danışanlar, həm də verilişlər üçün məsul olanlar sözlərin tələffüzünə o qədər də fikir vermirlər, onlar diqqəti daha çox fikrin düzgün ifadə olunmasına yönəldirlər. Nəzərə alınmır ki, əgər nitqdə tələffüz qüsurları vardırsa, şərh olunan məzmun, mətləb istənilən səviyyədə dinləyiciyə çata bilməz. Tələffüzdəki qüsurların baş verməsinin digər səbəbi diktor, aparıcı, həm də verilişlərə dəvət olunanların əlində sözlərin, terminlərin, coğrafi yer, şəhər, ölkə, məşhur şəxsiyyətlərin və s. adlarının düzgün deyilişini göstərən müəyyən bir mənbə, ən başlıcası, orfoepik lüğət, sözlük və digər sorğu vəsaitinin olmamasıdır. Belə bir vəsaitin yoxluğu səbəbindən danışanlar, mətn üzrə oxuyanlar xüsusən alınma sözlərin deyilişində hansı tələfüfz formasının düzgün olduğunu müəyyənləşdirməkdə çətinliklə qarşılaşır, tələffüz qüsuruna yol verirlər. Böyük ehtiyacın olmasına baxmayaraq, hələ bu günə kimi ədəbi dilimizin təkmil bir orfoepiya lüğəti tərtib olunmamışdır.

Buna görə də bu gün bu sahədə böyük çaşqınlıq var, alınma sözlərin tələffüzündə problem var.

- Akademik orfoepiya lüğətimiz olmasa da, artıq yeni orfoqrafiya lüğəti yaxın vaxtlarda çap olunacaq. Qəzetimizə açıqlamanızda bu lüğətin çap olunmasını təqdirəlayiq hesab etsəniz də, bəyənmədiyiniz tərəflərinin də olduğunu demisiz...

- Ənənə belədir ki, orfoqrafiya lüğəti yeni nəşr olunanda ictimaiyyətin müzakirəsinə verilir. Gərək bu kitab da çapa göndərilməmişdən əvvəl müzakirəyə çıxarılaydı, baxaydıq görək nə var, nə yox, hansı sözlər kənarda qalıb, hansı sözlər əlavə edilməlidir və s. Məsələn, “provayder”, “server”, “linksözü mövcud lüğətdə yoxdur. Bir dilçi alim kimi çox istərdim ki, bu sözlər yeni lüğətdə olsun, amma bilmirəm, salınıb, ya yox.

Bizim dilimizdə orfoqrafik normaların şərtində 3 prinsip əsas götürülüb: morfoloji, fonetik və tarixi-ənənəvi prinsip. Morfoloji prinsipin tələbi budur ki, sözlər necə deyilirsə, elə də yazılmalıdır. Bu prinsip bizi tam təmin etmir. Yəni bu prinsip tam tətbiq edilsə, böyük anarxiya yarana bilər. Məsələn, biriev”, o biriöy”, başqa birisi “əv” deyir. Morfoloji prinsipdə də deyilir ki, müxtəlif variantda deyilən sözlərin yazı üçün ancaq bir variantı götürülür və qalanları ədəbi dildə səhv hesab olunur. Tarixi-ənənəvi prinsipə əsasən, alınma sözlərin yazılışında nəzərə alınır ki, söz mənbə dildə necə yazılırsa, bizdə də elə yazılmalıdır. “Kolxoz”, “Moskva”, “komanda”, ”konsert” sözlərini misal çəkə bilərik. Amma sözlərin bir çoxu dilimizin fonetik siteminə uyğunlaşdırılıb yazılır. Rus dilində “vokzal”, bizdə “vağzal” yazılır, rus dilində “vyodrı”, bizdə “vedrə” yazılır.Yenə tarixi-ənənəvi prinsipə əsaslanaraq tarixən dilimizə keçən sözləri olduğu kimi saxlamışıq. Məsələn, “hətta”, “səkkiz”, “iqtidar” və s . Yeni orfoqrafiyada lüğətində istəyirlər ki, bunların bəzilərini düzəltsinlər, sözlər necə deyilirsə, elə də yazaq. Bu yaxşı bir haldır, müəllimlər üçünrahat olar. Amma bu zaman da bəzi nüanslara fikir vermək lazımdır. Məsələn, yeni orfoqrafiya lüğətində “cism” sözünə “i” əlavə edibcisim” ediblər. Belə olan halda eyni fonetik tərkibli “rəsm”, “hökm”, “əmr” sözlərinə də bu qayda tətbiq edilməliydi. Bundan başqa, istərdim ki, orfoqrafiya lüğətinə “xüsusi isilmlər” adı altında dünya mədəniyyəti, incəsənəti, ədəbiyyatı, elminin məşhur adamlarının adları, yer adları da salınaydı ki, bu sözlərdən istifadə edənlər üçün gözəl mənbə olardı. Həmçinin məşhur brendlərin adlarının da yeni orfoqrafik lüğətə salınması yaxşı olardı ki, reklam hazırlayanlar həmin lüğətdən istifadə edə biləydi. Bu, şəhərimizin reklam örtüyünün düzəldilməsində böyük rol oynayardı.

- Mətbuatda “ə” hərfinin dəyişdirilməsi ilə bağlı fikirlər səslənir. Buna münasibətiniz...

- “Ə” dilimizdə ən çox işlənən fonemdir, dilimizə incəlik verir. Buna görə də bu fonemi qoruyub saxlamalıyıq. Düşünürəm ki, hərfləri düzəltmək əvəzinə dilimizin qrammatik quruluşuna nəzər salınaydı. Hazırda dilimizin qrammatik quruluşu yaxşı vəziyyətdə deyil. 1960-cı illərdə yazılan qrammatik qaydalardan istifadə edirik. Tələbələrin öyrənməsi üçün dilimizin ayrıca fonetikası, morfologiyası, sintaksisi yoxdur.

 

 

Lalə Musaqızı

 

Kaspi.- 2012.- 2 oktyabr.- S.15.