Anadolunun atəşi
Şəkini də qarsdı
“Anadolu atəşi”nin
İrəvanlı rəqqası...
(sentyabr
ayının 23-ü Türkiyənin məşhur rəqs qrupu “Anadolu atəşi”nin
Şəki şəhərinin 2700 illik yubileyi münasibətilə Şəkidə konsert verdi)
Rəqslər bir xalqın folklor mədəniyyətinin
əsasını təşkil edir. Hələ qədim zamanlardan insanlar rəqsin dili ilə
istədiklərini ifadə edə bilirlər. Türk
xalqlarının rəqs mədəniyyəti öz
əsalətini qoruyub-saxlamaqla dünyaya meydan oxumaqda davam edir. Elə təkcə bu
məqamı kifayət etmək yerinə düşər ki, rəqslərin millətlər
arasındakı fərqi necə təzahür etdiyinin
şahidi olaq: digər
xalqların rəqs mədəniyyətindən fərqli olaraq Türk rəqs mədəniyyətində
bədənin heç bir
əzası qarşı cinsdə həvəs yaratmır. Təkcə
bu məqam əslində Türk
millətinin öz dəyərlərinə
necə sadiq olduğunun
göstəricisidir.
Bu missiyanı layiqincə
daşıyan, dünyaca məşhur bir qrupdan reportaj
hazırlamaq şansına onların dəfələrlə
Bakıda keçirilən konsertlərində deyil,
Şəkidə nail oldum.
“Anadolu atəşi” Şəkinin, mən
onların qonağıyam. Tam yetmiş iki nəfərlik
bir heyətlə Şəkiyə gələn
qrup altmış nəfərlik heyətlə
altmış dəqiqəlik konsertə hazırlaşır. Heç bir media nümayəndəsinin
buraxılmadığı kulisi eninə-uzununa
dolaşıram. Qrupun sorumlusu
Aniş Aslan baş rəqqasla yaxınlaşır. İlk sualım və artıq müsahibəm
başlayır:
- Bizə özünüzü
tanıdarsınızmı?
- Ərcan Çoban. Rəqs müəllimiyəm. “Anadolu atəşi” qrupunun
qurulduğu tarixdən, yəni 1999-cu ildən
bəri qrupda fəaliyyət göstərirəm.
İki il əvvələ
qədər rəqqas idim, artıq rəqs
müəllimi olaraq çalışıram.
- Nədən “Anadolu atəşi”?
- Nədən “Anadolu atəşi”, indi deyim sizə. Qrupa gəlməmişdən
əvvəl bir rəqqas olaraq
Anadolunun rəqs mədəniyyətini bütün dünyaya
tanıtmaq istəyirdim. Mustafa bəy Ərdoğanın
bu missiyanı daşıyan bir qrup
yaratdığını eşitdim. Və
mən də bu qrupun
heyətində yer almaq
istədim. Bu səbəblə Anadolu atəşini seçdim.
- Ərcan bəy,
Türk Tanrının adını
daşıyan bir millətdir. Türk demək-əsalət demək,
ağayanalıq demək, dünyaya
hökmdarlıq etmək üçün
xəlq edilmiş bir
millət deməkdir. Türkün kim olduğunu hər kəs
bilir. Bəs Türk
millətinin bu əsalətini ifa etdiyiniz rəqslərdə
önə çıxarmağı necə bacarırsız?
Axı bəzən könüldən istədiyin bir işi əməlində
göstərə bilmirsən. Bu, sizdə
çox gözəl alınır...
- Bunun təməlində yorğun
əmək dayanır. Bir məqamı xüsusi deyim, Mustafa Ərdoğanın çox
əziyyəti var bu
işdə. Xarakter olaraq
da çox
çalışqan bir adamdır. Anadolunun içərisində minlərcə xalq rəqsləri addımları var. Mustafa bəy bu addımlardan seçib bir sintez yaratdı və
bizə göstərdi. Bir ilə yaxın
bir müddət ərzində, gündə
10-12 saat çalışmaqla “Anadolu atəşi” layihəsini ortaya çıxardıq.
- İnsanın
simasında onun ruhundakı
duyğuların hamısı əks olunur.
Bu qədər gözəl bir sənətlə məşğul olmaqla bahəm eyni zamanda sıradan bir həyatı
necə yaşayırsız? Axı, daş
yerində ağırdır...
-Biz
bunu çox çətin
yaşayırıq. Amma bir
maraqlı məqam var ki,
mən də bütün
yoldaşlarım ki, çox
təbii bir insanam. Bəli,
daş yerində ağırdır. Amma səhnədə başqa
biri olmağımıza rəğmən adi həyatımız var.
- Sevdiyiniz bir işlə məşğul
olmaq sizin xarakterinizdə
nə kimi dəyişikliklər
yaradır, yoxsa bu, sizin xarakterinizdə varıydımı deyə
işinizdə özünü bu cür göstərir?
- Qrupa gəlməmişdən əvvəl
müxtəlif işlərdə çalışan
yoldaşlarımız varıydı. Təbii ki,
bu qrupa daxil olduqdan sonra əsl xarakterlərimiz ortaya
çıxdı. Hamımız rəqsi çox
sevirik, hələ Türk
xalq rəqslərini lap
çox sevirik. Bu qrupun içərisində
olmaq həqiqətən çox
möhtəşəm bir duyğudur.
- Azərbaycanı
tanıyırsızmı?
- Bəli, Azərbaycana
on dəfədən artıq gəldik, amma qrup olaraq
həmişə Bakıda olduq. İlk dəfədir ki,
Şəkidəyik.
- Azərbaycanı
bir maddi olaraq tanımaq var, bir də könüldən tanımaq var...
- Könüldən
tanıyırıq, çünki qardaş ölkədir. Azərbaycanı qardaş olaraq görürük. Türkiyənin əsil kökünün burda olduğunu düşünürəm. Qardaş ölkəyik, bundan
ötəsi varmı?
- Hər iki ölkəyə can qurban! Azərbaycana diləkləriniz...
- Azərbaycanı
çox sevirik. “Anadolu atəşi”nin bundan
sonrakı layihələri ilə təkrar Azərbaycan
xalqına tamaşalar göstərmək
istəyirik. Mustafa
Ərdoğanın
da salamlarını və xoş
diləklərini Azərbaycan xalqına
çatdırırıq.
“Anadolu atəşi”nin
kulisində gəzintim
davam edir. Məşq arasında kofe saatıdır. Məni görən qrup üzvləri özlərinə məxsus
şəkildə “ay balam”
deyə səslənirlər.
Sanki Azərbaycan dilindən
bildikləri bircə kəlmə elə budur. Şəkillər çəkdiririk. Bu sadə
geyimli, arıq, sısqa gənclərin əslində bir neçə saat sonra bu möhtəşəm
səhnəni yerlə
yeksan edəcəklərini
bilsəm də bu adi hallarında
gözümə qəribə
görünürlər. Növbəti
müsahibim yenə də qrupun baş rəqqaslarından
biridir...
- Bizə özünüzü tanıdın,
zəhmət olmasa...
- Adım Can, soyadım Ocak. “Anadolu atəşi” rəqs qrupunda baş rəqqasam. Yarandığı gündən
bu günə kimi, on üç ildir burda çalışıram.
Həm də rəqs müəllimiyəm.
- Rəqqas olmağa necə qərar verdiniz? Ümumiyyətlə insan necə olur ki, rəqqas olmağa qərar verir?
- Bu alın yazısıdır, qəzavü-qədərdir.
Hər kəs rəqqas ola bilməz. Rəqs etmək çox böyük özünəinam
və məsuliyyət
tələb edir. Səhər oyanandan gecə yatdığınız
ana qədər hər saniyənizdə çox düzənli, çox dissipinli davranmaq lazımdır. Daha uzun illər
rəqs edə bilmək üçün
vücuduna yaxşı
baxmaq məcburiyyətindəsən.
Lazımsız yerə
qaçmaq belə təhlükəlidir, çünki
yıxılıb bir yerini zədələrsən
bir daha səhnəyə çıxa
bilməzsən.
- Avropa rəqs
mədəniyyətində, farslarda ümumiyyətlə
götürəndə Türkləri
sevməyən xalqların
rəqs mədəniyyəti
fərqlidir. Onların
kişi rəqslərində
bir incəlik, bir qadın ədası var. Amma sizin rəqslərdə Türkün əsaləti
ön plana çıxarılır. Bunu
necə bacarırsınız?
- O zatən xarakterdə var. Bilirsinizmi,
mən əslində folklor kökənli bir rəqqas deyiləm. Balet təhsili almışam. Baletin zərafəti xalq rəqslərimizin sərtliyilə birləşincə
modern bir rəqs növü ortaya çıxır. Yəni,
baletin addımlarıyla
xalq rəqslərinin addımlarını biləşdirincə
ortaya “Anadolu atəşi” kimi bir qrup çıxır.
- Qrupun tərkibi
nə qədərdir?
- Hal-hazırda yüz-yüz əlli nəfər hazır rəqsçimiz və beş yüz, altı yüzdən çox da təhsil
alanlarımız var.
- Kiçik uşaqlardan ibarət bir heyətiniz də var, deyəsən...
-“Qığılcım”dır
onların adı. Bu qrupda da beş
yaşından on iki yaşına qədər rəqqaslarımız var. Geridə
qoyduğumuz aylarda ilk
tamaşalarını nümayiş
etdirdilər və artıq dünya turnirinə çıxırlar.
O balacalar bizdən daha çox bəyənilirlər desəm,
yanılmaram.
-Qrup dünyada
necə qarşılanır?
-Sizə bir hadisə deyim, bir dəfə
Avropa ölkələrindən
birində konsert zamanı bizi əllərilə deyil, ayaqlarıyla alqışlamağa
başladılar. Bizə
elə gəldi ki, zəlzələ olur. Sən demə, buranın adətinə görə ifanı çox bəyənirlərsə ayaqlarını
yerə vurmaqla öz minnətdarlıqlarını
bildirirlərmiş. Belə
hallarla tez-tez rastlaşırıq. Ümumiyyətlə
harda oluruqsa olaq biz bu sevgini
görürük. Bu günə
qədər səksən
yeddi ölkə gəzdik, hamısında qrupumza çox böyük maraq vardı. Hər tamaşanın sonunda insanlar bizi ayaqüstə
alqışlayırdılar.
-Dünya ölkələrilə Azərbaycanda
verdiyiniz konsertlər arasında bir fərq varmı?
-Təbii ki, var. Ən böyük fərq hal-hazırda eyni dildə danışmağımızın
olmasıdır. Çölə
çıxanda özümüzü
yad hiss eləmirik. Mədəniyyətlərimiz çox
yaxındır, hardasa
eynidir. Bu səbəblə
də çox rahatıq və daha ürəklə rəqs edirik.
-İrəlidə nə kimi yeniliklər
var?
-“Doğunun kapıları” adlı bir oyun işləyirik.
Bu işə ütün
Şərq ölkələrinin
rəqslərindən ibarət
olan, Azərbaycandan da keçən bir İpək yolu hekayəsi də deyilə bilər. Türk xalq rəslərilə bərabər dünya rəqslərini də istifadə edəcəyik.
Eyni zamanda Azərbaycan xalq rəqslərindən də
nümunələr var.
-Azərbaycana diləkləriniz...
-Azərbaycan xalqını çox sevirik, burda, bu ölkədə olmaqdan çox məmnunuq. Təkrar-təkrar
gəlmək istəyirik.
Vəəəəəəə.... “Anadolu atəşi”nin kulisində elədiyim reportajın ən maraqlı müsahibini təqdim edirlər. Bu, İrəvan əsilli həmyerlimiz Sərhatdır.
Yəni, paytaxtdakıların
təbirincə desək
“Anadolu atəşi”nin
“yeraz” nümayəndəsi...
- Adım Sərhatdır, Türkiyə
azərbaycanlılarındanam. On ildir “Anadolu atəşi”ndə rəqs
edirəm. Ata-babalarım
Sovet hakimiyyəti zamanında İrəvan xanlığından köçüblər.
Orada doğulmuşam,
amma ata torpaqlarımı da gəlib görmək mənim üçün çox qürurvericidir. Öz mədəniyyətimi,
kültürümü, adət-ənənələrimi
yaşadığım torpaqlarda
hələ də davam etdirən bir adam olduğumdan
burda olmağıma çox sevinirəm. Bakıya beş-altı dəfə gəldim, Şəkiyə isə
ilk dəfədir gəlirəm.
- Bildiyimizə görə Bakıda qohumlarınız var...
- Hə, Bakıda əmim uşaqları, bibilərim,
xalalarım var. Hər
dəfə gələndə
onları mütləq
ziyarət edirəm.
- Azərbaycanlı olmaq sizə qrupda bir fərqlilik
qazandırırmı?
- Təbii. Çünki “Anadolu atəşi”ndə Türkiyədəki
bütün kültürlərdən
nümunələr var. Bizim
oyunları da mən oynadığım
üçün bu, mənə bir fərqlilik qatır. Qarslıyam mən. Əvvəldən də yaşadığım Iğdırda
öz rəqslərimizi
ifa edirdim. Qrupda davulla çalınan rəqslərimiz
var, lirik oyunlar, savaş oyunlarımız var, Azərbaycana aid.
- “Anadolu atəşi” sizin axtardığınızı tapdığınız
yerdirmi?
-Təbii ki. Orda bütün
dünya rəqslərindən
parçalar var. İstər
zeybək olsun, istər Qafqaz rəqsləri, zatən Qafqaz rəqslərini oynaya bilən rəqqas hər cür rəqs növünü ifa edə bilər. Məhz bu baxımdan
Anadolu atəşi əvəzolunmaz, bütün
yörələrə hakim bir yerdir.
- Sevdiyiniz Azərbaycan yeməyi...
- Sevdiyim yemək piti və samovar çayı.
Çox istərdim ki, öz kültürümdən
biri ilə evlənim, qismət olmadı. Nəsib bu imiş.
- Azərbaycana diləkləriniz...
- Burda olmağıma
çox sevinirəm, çünki ata torpağımdır. Tək
bir diləyim var-Qarabağı geri almaq. Ordan qaçqın
düşənlərin öz
yurd-yuvalarına geri dönməsini istəyirəm...
Nigar İsfəndiyarqızı
Kaspi.- 2012.- 3 oktyabr.-
S.7.