Ədəbiyyatımızın boyçiçəyi 

 

İlyas Əfəndiyev və Şuşa

 

XX əsr Azərbaycan ədəbiyyatının böyük bir mərhələsi unudulmaz yazıçımız İlyas Əfəndiyevin adı ilə bağlıdır. 1914-cü il mayın 28-də Qaryagin (indiki Füzuli) şəhərində anadan olan İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda dünyasını dəyişdi. Əbədi ayrılığın bu 16 ildəki ağır qüssəsi və sınaqlı məqamları bir daha sübut etdi ki, İlyas Əfəndiyev həmişə bizimlədir. Böyük nasir və dramaturqun övladı Elçinin bir fikrini xatırlamaq yerinə düşür: «1996-cı il. 3 oktyabr… Bu tarixdən sonra İlyas Əfəndiyevin ikinci ömrü başlayır…»

 

İlyas Əfəndiyev sözün həqiqi mənasında ədəbiyyatımızın klassikidir. O, bir tərəfdən gözəl romanlar, povestlər, hekayələr yazırdısa, digər tərəfdən də Azərbaycan teatrına bir-birindən maraqlı səhnə əsərləri bəxş etdi. Bununla yanaşı, ədibin yaradıcılığı ilə maraqlandıqca heyrətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, ədəbi görüşləri ilə seçilən çox obyektiv bir tənqidçi idi. Əmək fəaliyyətinə müəllimliklə (Füzulidə) başlasa da, Bakıda ilk iş yeri qəzet redaksiyası olub. Bu mənada ədibin publisistikası da öz mükəmməlliyi ilə seçilir və bu gün də aktualdır. Orta məktəbdən üzübəri İlyas Əfəndiyevi müntəzəm oxuyuram. Elə əsəri var ki, dəfələrlə mütaliyə etmişəm, həmişə də yeni bir ştrixlə, pünhan bir mətləblə rastlaşmışam.

İlyas Əfəndiyev quruluşların təpkisini, zillətini görən, həyatın ziddiyyətləri içərisində yazıçı mənini qoruya bilən, kişi qətiyyətini gözləyən, əyilməyən, sözünü dəyişməyən, gündə bir əqidə libası geyinməyən, həm həyat, həm də öz həqiqətinə sadiqliyi və qəlb böyüklüyü ilə seçilən bir şəxsiyyət olub. Təsəvvür edin ki, keçmiş SSRİ dövlətinin yazıçıya verə biləcəyi yüksək mükafatların, fəxri adların, orden və medalların əksəriyyətini istedadına görə alan İlyas Əfəndiyev nəinki Azərbaycanda, bəlkə də ittifaqda yeganə ədiblərdən idi ki, Kommunist Partiyasının üzvü deyildi.

Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatova məxsus fikirdir: «İnsanın vətəni uşaqlığıdı». Həqiqətən də insan uşaqlığı keçən, beşiyi yellənən yerləri heç vaxt unuda bilmir. İlyas Əfəndiyevin uşaqlığı isə… Ömrünün sonuna kimi bu illərin acı və şirin xatirələri onun içində idi. Hekayələrə, dramlara, povest və romanlara köçürülürdü, amma bitib-tükənmirdi. İlyas Əfəndiyevin əsərlərində biz də vaxtilə onun gəzib-dolaşdığı Ağdam bağlarının, İsa bulağının, Xankəndinin, Ağa körpüsünün çiçəklərinin ətrini duyuruq.

Tənqidçi Yaşar Qarayev yazırdı: «Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi «Qarabağnamə» var. Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci «Qarabağnamə» hesab edirəm». Yaşar Qarayev çox haqlıdır. İlyas Əfəndiyevin əsərlərini diqqətlə oxuduqda onu həm yazıçı, həm də bir tarixçi, coğrafiyaçı, salnaməçi kimi də dəyərləndirmək olur. Mənim düşüncəmə görə isə, Qarabağ canlı bir varlıqdır. Onun düşünən beyni Füzuli, vuran əli Ağdam, döyünən ürəyi Şuşadır. Bu mənada Qarabağ İlyas Əfəndiyev yaradıcılığında baş mövzudur. Qarabağın ötən günlərini vərəqləmək üçün bu müəllifi diqqətlə oxumaq kifayət edər ki, sən bir çox mətləblərdən hali olasan. Bütün müqəddəs hissləri, könül titrədən xatirələri, həyəcanları Qarabağla bağlı idi. Şuşa isə ürəyinin sarı simiydi.

İlyas Əfəndiyevin ulu babası Xoca Əhməd Əfəndi XVIII əsrin sonlarında Ərzurumun Kars mahalından Qarabağa, indiki Füzuliyə (o zaman Qarabulaq, sonralar isə orada öldürülmüş çar polkovniki Karyaginin şərəfinə «Qaryagin» adlandırılıb) gələrək yurd salıb, orada evlənib. Görkəmli din xadimi, ilahiyyatçı alim kimi məşhurlaşıb. Bu nəsil nəinki Qarabağda, ətraf bölgələrdə, ümumən Azərbaycanda və qonşu ölkələrdə «Əfəndi uşağı» kimi hörmət və nüfuz qazanıb. XIX əsrin sonlarında bu nəslin bir nümayəndəsi tamam başqa bir sahədə parlayıb. Ailə ənənəsindən uzaqlaşaraq məşhur tacir olan Məhəmməd bəy bacarığı, işgüzarlığı, ziyalılığı, geniş dünyagörüşü ilə fərqlənərək bir çox məziyyətlərinə görə Qarabağ elatının çox hörmətli şəxsiyyətindən olub. O, şuşalı Bayram bəyin qızı Bilqeyis xanımla ailə qurmuşdu (Şuşadakı rus gimnaziyasını bitirmiş Bayram bəy yalnız Şuşada, Füzulidə deyil, bütün Qarabağın ehtiramla yanaşdığı, sayılıb-seçilən adamlarından idi. Elə bu nüfuzuna görə də Demokratik Cümhuriyyət yarandıqda onu Ağdam qəzasının rəisi təyin ediblər). Bu izdivacdan onların yeddi övladı olub: İlyas, Məhbub, Mustafa, Tofiq, Məhluqə, Arif, Nəzihə. Tacir Məhəmmədin Füzulidə müxtəlif mallar satılan doqquz dükanı, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Ağcabədidə qumaş dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda, Tehran, Təbrizdə şərikləri vardı. Təəssüf ki, XI ordu Azərbaycanı işğal edəndə Məhəmmədin mağazalarını, bütün varidatını, daşdan tikilmiş ikimərtəbəli mülkünü də əlindən aldılar.

Bolşeviklərin gəlişindən sonra bu ailənin düçar olduğu məşəqqətlər, zillətlər barəsində İlyas Əfəndiyevin bir çox əsərlərində, müsahibələrində söz açılıb. Məlum olur ki, babası Bayram bəyi zəhərləyib, atası Məhəmmədi 46 yaşında çərlədib öldürən bolşeviklər onlara çox zülm ediblər. Hakimiyyət tərəfindən vətəndaş hüquqlarından məhrum edilmiş ailənin bütün ağırlığı bəy qızı Bilqeyis xanımın çiyinlərinə düşdü. O, aristokrat bir xanım idi. Üç əlifbada – ərəb, fars və kirildə yazıb-oxumağı bacarırdı. O, geniş dünyagörüşüna malik idi. İlyas Əfəndiyevin dayısı Cəlil bəy Bağdadbəyov ötən əsrin 30-cu illərində tanınmış mədəniyyət xadimi və bir sıra pyeslərin müəllifi idi. Bu şuşalı balası Azərbaycanın ilk sənətşünası və etnoqrafı olub. Həm maddi, həm də mənəvi cəhətdən zəngin olan bu məşhur nəsillər – İlyas Əfəndiyevin ata, ana tərəfi, yaxın qohumları sovet hakimiyyətinin hər cür acılıqlarını yaşadılar.

İlyas Əfəndiyevin vəfatından sonra çapdan çıxmış «Seçilmiş əsərləri»nin yeddi cildliyini bu günlərdə yenidən vərəqlədim. Hətta bəzi roman və hekayələrini, xatirələrini, təkrar oxumaqdan böyük zövq aldım. Həqiqətən də o, elə əsərlərə imza atıb ki, əbədiyaşardır. Zamanın və quruluşun diktəsinə boyun əyməyib. Xüsusilə də Şuşa ilə bağlı xatirələri məni çox kövrəltdi. Uşaqlıq illərinə, soyuna, kökünə dərindən bağlı olan yazıçının qeyri-adi yaddaşına bir daha heyran oldum. Bu yerdə xalq yazıçısı Mirzə İbrahimovun səlis söylədiyi fikirləri ürəyimdən xəbər verdi: «Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir».

Bu gülüstana ətir və əbədi zümrüd rəngi gətirən də Şuşada bitən boyçiçəyi, Xarı bülbül, Kirs dağı, Topxana meşəsi, Cıdır düzünün kəklikotu, Daşaltının nəğməsi, Üçmıxın gözəlliyi, Molla Nəsrəddin yolunun qeyri-adiliyi və bir də yazıçının ömrü boyu içində yaşatdığı xatirələridir.

İlyas Əfəndiyev ədəbiyyata «Kənddən məktublar» (1939) adlı hekayələr kitabı ilə gəldi. 57 illik yaradıcılığı ərzində 6 roman, 47 hekayə, sayı hələ də dəqiqləşməyən, oçerk, məqalə, rəy və xatirələr yazdı. Yarım əsrdən artıq bir zaman kəsiyində Akademik Milli Dram Teatrının repertuar ağırlığını üzərinə götürdü. Onun bu teatrın səhnəsində 19 pyesi tamaşaya qoyulub. 1944-cü ildə «İntizar»la başlanan debüt 1996-cı ildə «Hökmdar və qızı» pyesi ilə tarixə çevrildi. Lakin sonuncu əsər səhnəyə qoyulanda İlyas Əfəndiyev onun tamaşasında iştirak etmədi. Bütün bu illər ərzində yuxarıda dediyimiz kimi, Qarabağ onun yaradıcılığının nəqəratı idi…

1942-ci ildə «Ədəbiyyat qəzeti»ndə çap edilən «Natəvan» adlı məqaləsində yazırdı: «Çar istilası Azərbaycan xalqının həyatındakı əzab və məşəqqətləri qat-qat artırmış, ölkədə yeni faciələr yaratmışdı. Natəvanın tərənnümündəki iniltilər məhz bu iztirab və əzabların ifadəsi idi». 1978-ci ildə yazdığı «Natəvan» pyesində Xan qızının son sözləri belədir: «…Bu uçurumlu yolların sonunda bizi milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!..» İndiki kimi yadımdadır. Biz bu pyesin tamaşasına baxanda Natəvan rolunun yaradıcısı xalq artisti Amaliya Pənahovanın üzünü salona tutaraq xüsusi pafos və daxili harayla bu monoloqu necə təsirli söyləməsi hər birimizdə vahimə yaratdı. O gecə İlyas Əfəndiyevin həbs ediləcəyini düşündük. Nə yaxşı ki ümummilli lider Heydər Əliyev o zaman salonda idi və İlyas Əfəndiyev yaradıcılığını çox yüksək qiymətləndirərək sevirdi…

İlyas Əfəndiyev Şuşanın bütün toponimlərini, görməli yerlərini, küçə və məhəllələrinin adlarını əzbər bilirdi. Məşhur adamlarını, dağını, dərəsini, adicə cığırını belə yaxşı tanıyırdı. Həmişə də qəribə həsrət və nisgillə Şuşanın obrazını əsərlərinə gətirirdi. Onun xiffətinin ahəngində Şuşanın bəxtəvər günlərinin həsrəti dil açırdı. «Şuşa yollarında» adlı yol qeydləri belə başlayır: «Qarabağda Qaryagin, Ağdam və Şuşa şəhərlərinin arası böyük bir üçbucaq təşkil edir. Qaryagindən Şuşaya iki yol gedir. Bunlardan biri Ağdamdan keçən qədim yoldur ki uzaq keçmişlərdə Qarabağın iqtisadi həyatında çox mühüm rol oynamışdı. Bu yolun üstündəki «Yelli gədik»də çox karvanlar çovğuna düşmüş, isti «Pirağbulaq» dərəsində çox karvanların qabağı kəsilmişdi… Qaryagindən Şuşaya gedən ikinci yol – bəzən sıldırım dağların döşündən keçən, bəzən suların şırıltısı ilə dolu meşələr arasında gözdən itən, gözəl və qorxulu mənzərələri, vahiməli əfsanələri ilə bütün Qarabağda məşhur olan Molla Nəsrəddin yoludur».

Dramaturqun 1971-ci ildə yazdığı «Mahnı dağlarda qaldı» pyesinin əsas surəti Böyük bəy şuşalı Bayram bəyin protipidir. Pyesin birinci pərdəsi belə başlayır: «Cıdır düzü, Xəzinə qayası. Daha o yandan isə şərqə doğru karvan çəkən buludlar altında Topxana meşəsi görünür. Bu mənzərənin fonunda sanki uzaq əsrlərdən gələn bir mahnı eşidilir:

 

Deyirlər, Qarabağ bir cənnət imiş,

Bəslərmiş qoynunda mələklərini.

Məndə qüdrət hanı qələm çalmağa,

Tərif etməyə ancaq birini…»

 

Müəllifin «Hacı Axund Molla Şükürün cənnət bağı necə oldu?» adlı xatirə-hekayəsini sakit ürəklə oxumaq mümkün deyil. Yazıçı əvvəlcə 9-10 yaşlarında gördüyü Şuşanı, anasının xalası Bəyaz xanımgildə, Hacı Axund Molla Şükürün malikanəsində keçirdiyi günləri, uşaqlıq dostlarını, xüsusilə də Səriyyə adlı bir qızın məsumluğunu yada salır. Təsvir etdiyi bağın gözəlliyindən adamın ruhu vəcdə gəlir: «Bu bağda dünyanın ən gözəl qızılgülləri, sənubərləri, Xan qızı Natəvanın tərənnüm etdiyi qərənfillər, hündür alma, armud, gilas ağacları bitmişdi… Yer üzərindəki bu cənnət bağını Şuşa qalasındakı Təzəpir məscidinin baş ruhanisi Hacı Axund Molla Şükür öz əli ilə əkib-becərmişdi».

İllər keçir. Ailə repressiyaya tuş gəldiyindən uzun müddət Qarabağa dönə bilməyən İlyas Əfəndiyev xatirənin bir yerində öz duyğularını belə qələmə alır: «Biz uşaqlar aclığa, yoxsulluğa baxmayaraq böyüdük… Şuşada Hacı Axund Molla Şükürün o cənnət bağını isə heç unuda bilmədim. Həmişə dost-aşna ilə Şuşa haqqında söhbət edəndə… mən o bağı görürdüm. Hər biri tabaq boyda açılmış qızılgüllərin budaqlarına qonaraq sevinclə oxuyan bülbüllərin səsini eşidirdim. Həqiqətən eşidirdim. Sən demə, gözəl səslərin də insan xəyalında… insan yaddaşında səssiz əks-sədası var imiş. Mən o zaman Xanın Cıdır düzündə oxuduğu «Segah»ı indi Səriyyəni xatırlayanda eşidirəm. Səssiz eşidirəm…»

İllər gəlib keçəndən sonra yazıçı 1950-ci ildə Şuşaya yenidən gedə bilib. O zaman Azərbaycan Yazıçılar İttifaqının Şuşada Cıdır düzünün yaxınlığında qədim böyük binaların birində Yazıçılar Evi var idi. Ədiblər yayda buraya istirahətə gələrdilər. İlyas Əfəndiyevin ilk axtaracağı yer uşaqlığı ilə bağlı olan Hacı Axund Molla Şükürün bağı olub, amma xarabazarlıq görüb: «O cənnət bağının, o halal zəhmətin gözəlliyi yox idi, göyə çəkilmişdi».

Bəlkə də buna görə İlyas Əfəndiyev Sara Qədimova haqqında qələmə aldığı bir məqalədə iç dünyasının nisgillərini dilə gətirərək deyirdi: «Sara Qədimova oxuyanda özümü qırmızı laləli dağ yollarında hiss edirəm. Sanki Şuşaya və Kirs, Ziyarət, Salvartı dağlarına qalxıram. Qarabağ təbiətinin bütün gözəlliyi ruhuma dolur, Şuşanın, İsa bulağının, Şəkili bulağın nəfəsini hiss edirəm. Sara oxuyanda onun səsi məni İsa bulağına, Qırxqız yaylağına çağırır…»

Məşhur tarzən Qurban Pirimov haqqında yazdığı bir məqalədə də yenə Qarabağın gözəlliyindən söz açır: «Şuşanın şimal-qərbindəki meşəli dərədə, çayın cənub sahillərində tağ kimi irəli əyilmiş qayanın altından bir bulaq qaynayıb çıxır. Buna «Şəkili bulaq» deyirlər… Altından bulaq çıxan qayanın üstündə qoca palıd, ulas, yemişan ağacları bitmişdir». Bu yazının başqa bir yerində isə onun üçün müqəddəs sayılan bir ünvanı nişan verir: «Şuşada kilsənin (indiki teatr binasının) dal tərəfində Üzeyirgilin balaca evi var». Sonra da Qurban Pirimov tarının möcüzəsini, qəlbə təsiretmə səbəbini İsa bulağının, Turşsuyun, Daşaltının, Məlik Şahnəzərin kahasının, Xəzinə qayasının ətrafındakı kəklikotunun bihuşedici ətrinə bağlayırdı.

İlyas Əfəndiyev ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq Fikrət Əmirovla birlikdə yay aylarını həmişə Şuşada – yazıçıların Yaradıcılıq Evində keçirərmiş. O. məqalələrinin birində yazırdı: «Həqiqi gözəllik üçün vicdan rahatlığı, vicdan saflığı lazımdır. Gözəllik həyatın ahəngidir, o, saxtakarlıqla uyuşa bilməz».

Qəribə bir rəng çəkirdi Şuşa dağlarından İlyas Əfəndiyev. Sonra da onu əsərlərində özünəməxsus sözlərlə naxışlayırdı. Unutqanlığa nifrət edirdi. Böyük vətəndaş idi. Əsl sevgisi də, məramı da, məqsədi də vətənin ağ günlərini görmək idi… 1964-cü ildə yazdığı «Sən həmişə mənimləsən» pyesinin müzakirəsi zamanı belə bir nitq söyləmişdir: «Qarabağ dağlarında qəribə ətri olan bir çiçək görmüşdüm. Onu qoxlayanda adama elə gəlirdi ki, üfüqlər nəhayətsiz dərəcədə genişlənir. Mavi səma, ucu-bucağı olmayan əsrarəngiz bir ümmana çevrilir… O günün ətrində zərif bir sərtlik də var idi. Mən çiçəyin adını soruşdum. Öyrəndim ki, buna bəzi yerlərdə «boyçiçəyi», bəzi yerlərdə də «boxçagülü» deyirlər. Boyçiçəyini gəlinlər dərib toy paltarlarının arasına qoyurlar. İllər keçir, çiçək qupquru quruyur, amma yenə də öz ətrini itirmir. Elə bil indicə dərmisən». Nə qəribədir… Bu sözləri sanki böyük yazıçı öz yaradıcılığı üçün deyib. Həqiqətən də İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatının boyçiçəyidir. Həmişə ətirli, həmişə solmaz və bihüşedici…

İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini – «Şöhrət»ini alan ilk yazıçıdır. Sovet dövründə mükafatları çox olmuşdu. Amma onun ən çox dəyərləndirdiyi, sevə-sevə qarşıladığı, əzizlədiyi mükafat məhz «Şöhrət» oldu. İllər boyu qəlbini əzən, duyğularını pərən-pərən edən, yaradıcılığında əks olunan həsrətinə son qoyuldu. Varlığı qədər sevdiyi məmləkəti hürriyyətinə qovuşdu. Verdiyi son müsahibələrində bir fikri özünəməxsus müdrikliklə dilə gətirmişdi: «Bütün ömrüm boyu yazılarımda ədəbi həqiqətin deyilməsinə çalışdım. Elə əsər yazmağın bir mənası da həqiqət axtarmaq deməkdir. Bir növ avtobioqrafik xarakter daşıyan «Geriyə baxma, qoca» əsərində mənim məqsədim o olmayıb uşaqlığımı təsvir eləyəm, çalışmışam ki, Azərbaycan xalqının taleyi, keçmişi, mərdliyi, alicənablığı, yüksək mədəniyyəti haqqında söz deyim. Mənim üçün həmişə ağır idi ki, işğalçı çar mayoru Lisaneviçin Şuşadan bir qədər aşağıda, Ağa körpüsünün yanında dincələn İbrahim xanı uşaqdan tutmuş qadına kimi bütün ailə üzvləri ilə heç bir səbəb olmadan rus əsgərlərinə doğratdılar. Biz isə onları tərənnüm etməliydik. Mən bunu bacarmadım». 1989-cu ildə Qarabağa Xalq Yardım Komitəsinin orqanı kimi nəşrə başlayan «Azərbaycan» qəzetinin yenidən işıq üzü görməsi ilə əlaqədər İlyas Əfəndiyev öz qürurunu, istəklərini belə dilə gətirirdi: «Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə tarixi barədə düşünərkən Qarabağ igidlərinin, Gəncə qəhrəmanlarının, Təbriz fədailərinin, Naxçıvan mübarizlərinin xəyalları sanki uzaq, romantik bir aləmdə gözlərimin qarşısından gəlib keçir və mən Xəzinə qayasının sıldırımları üzərində Şuşa qalasının yaradılmasına hökm verən Pənah xanı görürəm, baltagirməz qalın meşələr arasından Şuşa qalasına şirin su çəkdirən dərdli şair Xurşudbanu Natəvanın nəcib xəyalını görürəm və fikirləşirəm ki, indi Qarabağa yiyə çıxmaq sərsəmliyinə tutulmuş erməni ekstremistləri – qarıyıb əldən düşmüş daşnaklar o zaman harada idilər?»

 

Çox təəssüf ki, doğulduğu Füzuli şəhəri də, bütün varlığı ilə bağlı olduğu Şuşa, Ağdam bu gün erməni tapdağı altında inildəməkdədir. Bu dərdlərin onun sinəsində necə yara açdığını, tez-tez şuşalı Ağabəyim Ağadan dilə gətirdiyi bayatıda da duymaq olurdu:

 

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

 

Və bir də İlyas Əfəndiyev deyirdi: «Həyatımda o çatmır ki, niyə Azərbaycan bütöv deyil?» Elə bu nisgillə də dünyasını dəyişdi. O qalibiyyət gününün var olacağına inanırıq. İnanırıq ki, İlyas Əfəndiyevin doğma Füzulisində də, Şuşasında da onun ev-muzeyi, adını yaşadacaq ünvanlar yaradılacaq. Bir vaxt yazılarında dönə-dönə deyərdi ki, yay vaxtı Qarabağın Füzuli, Ağdam, Ağcabəçdi, Beyləqan, Cəbrayıl, Bərdə, Tərtər, Yevlax kimi aran yerlərində yaşayan ailələr Şuşa qalasına yaylağa gedərdilər. O karvanın yenə də yola düzüləcəyi gün mütləq olacaq!.. 

 

 

 Flora XƏLİLZADƏ

 

Kaspi.- 2012.- 3 oktyabr.- S.11-12