Bakı Uşaq Teatrı acınacaqlı şəraitdə
fəaliyyət göstərir
“Tamaşaçılarımızı
şəraitsizlik üzündən itirmək istəmirik”
Bu
yaxınlarda qəzetimizdə Bakı Uşaq Teatrının
direktoru İntiqam Soltanla “Diktatura rejissorluq əlamətidir”
adlı müsahibə dərc olundu. Müsahibə prosesində
teatrın yerləşdiyi binanın şəraitsizliyindən
şikayətlənən direktorun dediklərinə əminlik
üçün yenidən teatra baş çəkdik.
Gördüyüm
mənzərə məndə böyük təəccüb
hissi oyatdı. 10 ildir ki, fasiləsiz olaraq fəaliyyət
göstərən və festivallarda Azərbaycanı yüksək
səviyyədə təmsil edən Bakı Uşaq
Teatrının səhnə arxası - qarderob, qrim,
aktyorların otağı və s. təsəvvürümdə
yaratdığım o mənzərəni alt-üst etdi.
Bakı Uşaq Teatrı uzun müddətdir ki, bu cür
dağınıq şəraitdə fəaliyyət göstərir.
Qeyd edək ki, kollektiv Hüseynqulu Sarabski adına Mədəniyyət
evində yerləşib. Tamaşalarını da burada məşq
edir və kiçik seyrçilərinə nümayiş
etdirirlər. Təsəvvür edin, uşaqlar xarab
kürsülərdə oturub, köhnə avadanlıqlar və
o qədər də effekti olmayan işıqlandırma sistemi
ilə təchiz edilmiş tamaşaya baxanda, təbii ki, istədikləri
zövqü ala bilməyəcəklər. Səhnə və
foyesi kifayət qədər göz oxşamasa da, pərdələr
çəkildikdən sonra uşaqların
düşündükləri bu sehirli aləm az öncə
gördükləri bütün bu görüntüləri
ani olaraq yaddaşlarından silib aparır.
60-dan
çox işçisi olan Bakı Uşaq Teatrı belə
bir acınacaqlı şəraitdə bir neçə ildir fəaliyyət
göstərir. Milli Parkda yerləşən binaları
söküldükdən sonra bu binaya sığınıblar.
Amma...
Bina davası edə bilmərəm
Bakı
Uşaq Teatrının direktoru İntiqam Soltan bizimlə
söhbətində bildirdi ki, teatra bina verilməsi yuxarı təşkilatlardan
asılıdır. Belə ki, problem bir günə də, 10
ilə də həll oluna bilər: “Mən öz işimi
görürəm. Müraciət etsəm belə, çox sadə
bir cavab ala bilərəm ki, teatr mənimdir mən özüm
bilərəm ki, harada yerləşdirirəm. Dövlət
başçımızın apardığı mədəni
siyasətin davamı olaraq, yalnız güman edə bilərəm
ki, Uşaq Teatrının da öz yeni binası olsun. Ümid
edirəm ki, Uşaq Teatrının da nə vaxtsa şəxsi
binası olacaq. Amma mən indi bina davası edə bilmərəm.
Yalnız daxilində baş verən proseslərə,
tamaşalara rəhbərlik edə bilərəm. Hamı
teatrın hansı vəziyyətdə
çalışdığını görür və
bilir”.
Teatrın
aktyorları da problemin böyüklüyünü dilə gətirdilər.
Aktyor Cavanşir Məhərrəmov şəraitsizliyə
görə tamaşaçıları itirmək istəmədiyini
deyir: “Tamaşalarımız nə qədər yaxşı
olsa da, səhnədə hiss edirik ki, onların yeri
narahatdır, məsələn, qışda istilik sistemi
olmadıqda onların üşüdüyünün
şahidi oluruq. Bu, aktyorlarımıza da xasdır ki, havalar
soyuduqda səhnə də soyuq olur, qısa köynəkdə
oynaması lazım olan aktyor xəstələnib bir müddət
işə gəlmir. Biz tamaşaçılarımızı
şəraitsizliyə görə itirmək istəmirik”.
Aktyor şikayətlənir ki, yağış yağdıqda
qrim otağına su damcılayır, nəticədə həmin
gün tamaşanı ya dayandırmalı olurlar, ya da kollektivdəki
uşaqlar xəstələnir: “Son vaxtlar söyləyirlər
ki, Sarabski adına mədəniyyət evini sökəcəklər.
Əgər bina söküləcəksə, biz bilmirik harada fəaliyyət
göstərəcəyik. Heç olmasa, Mədəniyyət
evi cüzi təmir olunsaydı, biz fəaliyyətimizi yenə
də davam etdirərdik”.
“Mədəniyyət
evinin təmiri plana daxil deyil”
Bakı
şəhər Mədəniyyət
və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Samid Rzayevin sözlərinə
görə, 2011-2012-ci illər
üzrə Dövlət
Proqramına uyğun olaraq 19 müəssisənin
tikintisi həyata keçirilir. Daha sonra 3 müəssisə
- Qızıldiş mədəniyyət
mərkəzi, Şəvan
mədəniyyət mərkəzi
və Maştağa qəsəbəsində yerləşən
mədəniyyət mərkəzinin
əsaslı təmiri
planlaşdırılır. S.Rzayev H.Sarabski adına Mədəniyyət
evinin təmirinin plana daxil olmadığını
bildirib: “Onu da qeyd edim
ki, bu mədəniyyət
evi rəhbərliyin nəzərindədir. Ola bilər ki, gələcəkdə Bakı
Uşaq Teatrına ayrıca bina hazırlansın. Gələn ilki
Dövlət Proqramında
bu məsələ yəqin ki, öz əksini tapacaq. Amma yenə də
söyləyim ki, bu barədə dəqiq bir söz deyə bilmərəm”.
Bakı Uşaq Teatrının kollektivi isə böyük ümidlərlə
onlara yeni binanın verilməsini, ya da sığındıqları
binanın təmir olunacağı günü
gözləyirlər. Hələlik
isə vədlərdən
başqa heç nə yoxdur...
Xəyalə Rəis
Kaspi.- 2012.- 4 oktyabr.- S.15.