PEYĞƏMBƏRİ
TƏHQİR EDƏNLƏR...
IV yazı
Uca Allah buyurur: "Əlbəttə,
siz malınız və canınızla imtahan ediləcəksiniz.
Sizdən əvvəl kitab verilmiş kimsələrdən və
Allaha şərik qoşanlardan bir çox əziyyətli
sözlər eşidəcəksiniz. Əgər səbr edib
Allahdan qorxsanız, bilin ki, əlbəttə, bu, məqsədə
müvafiq işlərdəndir" ("Ali-İmran" surəsi,
3/186).
Allah bizdən
gələn xəbəri yoxlamağımızı istəyir
Allah "Hucurat" surəsində belə
buyurur: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə
bir xəbər gətirsə, dərhal onun doğruluğunu
yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər,
sonra da etdiyinizə peşman olarsınız!"
("Hucurat" surəsi, 49/6).
Ayədə birinci növbədə
fasiqdən gələn xəbərin mənbəyi ilə
bağlı şübhələriniz var-sa, eyni mənbədən
gələn xəbərin etibarlılığı
şübhə altına almağımız tələb
edilir. İkinci olaraq məsələnin doğruluq
payının olub-olmadığını araşdırmaq və
son olaraq da bunları etmədən, yəni bilmədən, dərhal
reaksiya göstərməmək əmr edilir. Əks təqdirdə
isə bilmədən başqalarına pislik etmiş
olarıq. Bu ayə əslində xəbər
alış-verişinin də əsas onurğasını təşkil
edir.
"Mömin bir deşikdən iki dəfə
soxulmaz" (Buxari, Ədəb, 83; Muslim, Zuhd, 63) sözü Rəsulullahın
"Möminin fərasətindən çəkinin,
çünki o Allahın nuru ilə baxar" (Tirmizi, "Təfsirul
Quran", 16) sözü ilə birgə nəzərə
alınanda həqiqətən də xəbəri necə
analiz etməli olduğumuz müəyyənləşir.
Haqqı tələb
etməyin də bir hüququ var
İslam bizə haqqımızı
axtarmağın da bir haqqı olduğunu öyrədib. Muhəmməd
peyğəmbərin hüququnu müdafiə etmək
üçün etiraz aksiyalarında iştirak edənlərin
hansı davranışlarını, əməllərini, hərəkətlərini
bəyənərdi" Heç bir müsəlman bu edilənlərə
haqq qazandıra bilməz. Çünki Rəsulullahın həyatından
verdiyimiz nümunələrdə Allahın Elçisinin
verdiyi reaksiyalar məlumdur.
Bütün bu provakasiyaları puç
etməyin yolu hikmət və ədalətlə, əxlaq və
hüquqla etirazlarımızı ifadə etməkdən
keçir. Müsəlmanların göstərdiyi etirazlar
mütləq onun bizə nümunə olduğu həyatına
və öyrətdiyi Qurana uyğun olmalıdır. Məsələn,
bu hadisələrə İngiltərədəki müsəlmanlar
çox gözəl etiraz ediblər. Belə ki, onlar şəhərin
müxtəlif marketlərində müştərilərə
hədiyyə olaraq Muhəmməd peyğəmbərin həyatından
bəhs edən kitablar hədiyyə paylayıblar.
Amma biz müsəlmanlar mənfi
etirazlarla İslamın da ümumbəşəriliyini
şübhə altına alırıq. Yaddan
çıxarmamalıyıq ki, İslamın Rəbbi
bütün aləmlərin Rəbbidir. İslamın Peyğəmbəri
bütün aləmlərə rəhmətdir. Biz müsəlmanların
bu cür İslam anlayışı, İslam
yaşayışı İslamın universallığına
yaraşırmı? Yaraşmır. Əksinə, bizim
İslam anlayışımız İslamı dar çərçivəyə
salır, bizim İslam adına göstərdiyimiz
davranış İslamı gözdən salır,
İslamı bu cür "müdafiəmiz" İslamı
tayfa, xalq dini halına salaraq universallığına zərər
gətirir. Belə olduğu üçün də
bütün bunların öhdəsindən gəlməkdə
çətinliklər yaşayırıq.
Nifrət qanunu
çıxarılmalıdır
Əlbəttə, heç bir halda təhqiramiz
film, şəkil və sairlərə heç kim haqq
qazandıra bilməz. Heç kəs bunu söz
azadlığı ilə də əlaqələndirə bilməz
və bu cür davranışları heç bir halda söz
azadlığı ilə əlaqələndirə bilməz.
Nifrət aşılayan, qarşıdurma və
iğtişaşlar yaradan bu hərəkətlər söz
azadlığı ritorikası arxasında gizlədilməməlidir.
Danimarkadakı mənfur karikatura hadisəsindən sonra
İslam Əməkdaşlıq Təşkilatı bu cür
halları, daha doğrusu, küfrü qadağan edən beynəlxalq
qanunun çıxarılmasını tələb edib.
Çünki bu cür provokativ davranışlar bütün
hüquq sistemləri tərəfindən cinayət olaraq
tanınmalıdır. Bu gün bütün dünyada
irqçilik və ayrı-seçkilik cinayət
sayıldığı kimi, nifrət cinayəti adı
altında cinayət növü olduğu kimi bu cür
xalqların, millətlərin müqəddəs dəyərlərini
alçaltmaq, təhqir etmək də bütün hüquq
sistemləri tərəfindən nifrət cinayətlərinə
aid edilməlidir. Çünki bu cür qlobal təxribatlar təkcə
müsəlman kütlələrinin səbrini, təkcə
müsəlmanların günahsızlığını
sınaqdan keçirməklə əlaqəli deyil, həmçinin
Qərb dünyanın ürəklərinə həkk etməyə
çalışılan İslamafobiyaya təhrikdir.
Hazırda müsəlmanlar da bu filmi
çəkənləri yaşadıqları ərazilərdə
məhkəmələrə verərək heç olmasa
onların haqqında qiyabi də olsa cinayət işinin
açılmasına rəvac verməlidirlər.
Avropada mövcud olan "nifrət cinayətləri"
ABŞ-da mövcud deyil. Lakin Avropadakı nifrət cinayəti
də vəziyyətə görə dəyişir. Robert
Fiskin İngiltərənin "Independent" qəzetindəki
yazısına görə (13 sentyabr 2012) Yeni Zellandiyalı bir
qəzetin redaktoru etdikləri bir hadisəni ona fəxrlə
danışıb. Redaktor bir neçə il əvvəl
Danimarkada dərc olunan Peyğəmbərimizi
sarığının içində bomba gəzdirən bir
adam kimi çəkən karikaturanı öz qəzetlərində
nəşr etdiklərindən fərəhlə bəhs edib.
Robert Fiskin "Eyni karikatura bir İsrail din adamı
üçün çəkilsəydi, yenə çap edərdinizmi"
sualına redaktorun cavabı konkret olub: "Xeyr, bu antisemitizm
olardı".
Allah bizdən
necə reaksiya göstərməyimizi istəyir?
"Allah din yolunda sizinlə
vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə
yaxşılıq etməyi və onlarla ədalətlə rəftar
etməyi sizə qadağan etməz. Allah ədalətli
olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda
vuruşan, sizi yurdunuzdan çıxardan və
çıxartmağa kömək edən kimsələrlə
dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər
əsl zalımlardır!" ("Mumtəhinə" surəsi,
60/8-9).
Ayələrdə müsəlman
olmayanlar üçün üç qırmızı xətt
müəyyənləşdirib: 1. Dinimizə görə
bizimlə döyüşmələri, 2. Bizi el-obamızdan
çıxarmaları və 3. Bizi
yaşadığımız yerdən çıxaranlara dəstək
vermələri.
Bəs bizimlə döyüşənlərə
qarşı necə rəftar etməliyik? Allah bunu da Quranda
açıq-aşkar bildirir: "Sizinlə vuruşanlara
qarşı Allah yolunda siz də vuruşun və həddi
aşmayın! Həqiqətən, Allah həddi
aşanları sevmir" ("Bəqərə" surəsi,
2/190).
Bəs vuruşmadığı halda əziyyətli
sözlərlə, təhqir edənlə münasibətimiz
necə olmalıdır? Uca Allah bununla bağlı belə
buyurur: "Əlbəttə, siz malınız və
canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl
kitab verilmiş kimsələrdən və Allaha şərik
qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz.
Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, əlbəttə,
bu, məqsədə müvafiq işlərdəndir"
("Ali-İmran" surəsi, 3/186).
"Mumtəhinə" surəsində
qeyd edilən 3 qırmızı xətt burada keçilmədiyinə
görə belələrinə qarşı Allahın
Elçisinin etdiyi kimi səbir, iradə və qətiyyət
nümayiş etdirməkdən başqa yol göstərilməmişdir.
Allahın Elçisi Muhəmməd peyğəmbərə
edilən təhqirlərə və əziyyətlərə,
Rəsulullahın bu təhqirlərə qarşı
davranışlarını əvvəlki
yazılarımızda toxunmuşduq.
Son olaraq...
Əgər bir müsəlman İsa
peyğəmbər və ya onun anası Məryəm
haqqında, yaxud Musa peyğəmbər, hətta yəhudilərin
peyğəmbər kimi qəbul etmədikləri Davud və
Süleyman haqqında nəlayiq söz işlətmələri
onları dindən çıxardığı halda müsəlmanların
da başqalarından da heç olmasa təhqir
olunmamalarını istəməmələri beynəlxalq
hüquq, demokratik haqlar baxımından çox şeydir...
Müsəlman
qarşısındakının söz və fikir
haqqını əlindən almadığı kimi
qarşı tərəf də bu haqqı haqsızlıq
üçün deyil haqq üçün istifadə etməlidir.
İnsan fikrini azad şəkildə deyə bilər. Hətta
filmdə işlədilən ifadələri də soruşa
bilər. Bunda heç bir problem yoxdur. Problem bunu bu cür bilərək
çəkib insanları təxribata çəkmək, daha
doğrusu isə fitnə-fəsad törətməkdir.
Allah Quranda hətta kafirlərin ən
haqsız tənqidlərini, hətta təhqirlərini də
qeyd edir: "Onlar: "Bu, keçmişdəkilərin
nağıllarıdır. O bunları (başqasına)
yazdırmışdır. Bunlar səhər-axşam onun
özünə oxunur"" dedilər" ("Furqan"
surəsi, 25/5), "Biz onların: "(Quranı) ona bir insan
öyrədir!"" dediklərini bilirik. Onların isnad
etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə
açıq-aydın ərəb dilidir" ("Nəhl"
surəsi, 16/103). Allah onların inandıqlarını və
fikirlərini qadağan etməkdən bəhs etmir. Əksinə
onları debata çağırır: "De: "Əgər
doğru deyirsinizsə, dəlilinizi gətirin..." ("Nəml"
surəsi, 27/64).
Nə etməli?
İslamla bağlı təşkilatlar,
müsəlman elm adamları, mütəfəkkirlər belə
təxribat xarakterli hallarının növbəti
raundlarının olacağını nəzərə alaraq
müsəlmanların bu cür hallarda birgə etiraz etməyin
üsulunu, metodunu müəyyənləşdirməli və
bunu formalaşdırmalıdırlar. Bu cür neqativ hallarda
kütlə psixologiyasının düzgün istiqamətləndirilməsi
ilə bağlı işlər aparılmalıdır. Beynəlxalq
konfranslar, simpoziumlar təşkil edərək bunların əsasları
qərarlaşdırıla bilər. Sonra da müsəlman aləmindəki
məscidlərdən istifadə edərək xütbələrdə,
vəzlərdə bu mövzular çatdırıla bilər.
Biz müsəlman olaraq ilk işimizi
Peyğəmbərin Məkkənin ilk 13 ilində etdiyi kimi
bütləri dağıtmaqla deyil, əksinə insanların
beyinlərindəki bütləri sındırmağa
çalışmalıyıq. Bu isə maarifləndirmə
ilə olur. Unutmayaq ki, insan bilmədiyinin düşmənidir.
Təhqir, böhtan insanın
insanlığına təcavüzdür. Təhqir söz
azadlığı olmadığı kimi heç kimə
verilmiş bir haqq da deyil, əksinə haqsızlıqdır.
Bu haqsızlığı haqq kimi görüb söz
azadlığından bəhs etmək isə bəşərə
təhqirdir.
Biz haqqı haqqıyla təmsil etsək,
haqla ucalar və haqqı ucaldarıq. Haqla ucalsaq,
haqsızların sabun köpüyü olduğu ortaya
çıxar. Köpüklə vaxt itirmək isə əhəmiyyətsiz
vaxt israfıdır...
Elşad
MİRİ
Kaspi.- 2012.- 4 oktyabr.-
12.