SİZ HƏMİŞƏ BİZİMLƏSİZ 

 

 Bu danılmaz faktdır ki, ədəbiyyatımızda elə yaradıcı şəxsiyyətlər var ki, ədəbiyyata gəlişləri ilə dönüş yaradılar. Ötən əsrin altmışıncı illərində özünəməxsus yazı tərzi ilə ədəbiyyatımızda tanınan, həm dramaturq taleyində, həm də teatr sənətində lirik-psixoloji janrın əsasını qoymaqla kəskin dönüş edən İlyas Əfəndiyev ədəbi mühitdə çox tez sevildi.

Filologiya elmləri doktoru Məhərrəm Qasımlının təbirincə desək; “İlyas Əfəndiyev dramaturgiyamızda, bütövlükdə ədəbiyyatda lirik-psixoloji üslubun yaradıcısı idi”.

Bu gün uzun illərdir, yüzlərlə insanın qəlbində, yaddaşında xalq yazıçısı, görkəmli nasir, dramaturq, əməkdar incəsənət xadimi, xeyirxah insan İlyas Əfəndiyevin xatirəsi yaşayır. Çünki, İ.Əfəndiyevin sözündə bir ümid, bir işıq, insanı yaşadan, ona rahatlıq verən bir ecazkarlıq var idi. Bəlkə də elə buna görə görkəmli alim, Qəzənfər Kazımov İlyas Əfəndiyevin əsərlərini “həyat dərsliyi, onun özünü isə həyat müəllimi adlandırırdı”.

...1996-cı ilin 3 oktyabrı. Bu böyüksevimli sənətkarın haqq dünyasına qovuşduğu gün. 16 ildir ədəbiyyatımızda, səhnəmizdə İlyas müəllimin yeri görünür. Lakin bu gün bizlərə təsəlli onun miras qoyub getdiyi zəngin irsi, xeyirxah əməlləri, xoş xatirələridir. İ.Əfəndiyev yaradıcılığa istər ədəbiyyatın, istər dövrün çətin, mürəkkəb, ziddiyyətli bir anında gəlib. Gərgin tarixi mərhələdə İ.Əfəndiyev beş hekayədən ibarət “Kənddən məktublar” adlı birinci kitabını çap etdirib. Kitab haqda Yaqub İsmayılov “İlyas Əfəndiyevin yaradıcılıq yolu” adlı əsərində yazır: “...Kənddən məktublar” müəllifin yaradıcılığında sanki bir dayaq nöqtəsi və təməl daşı rolunu oynadı, ədəbi mühitdə sağlam bünövrə qoyudu. Elə bünövrə ki, sonra yaranan bir sıra digər əsərlər də məhz bu əsas üzərində ucalmış, onun bir çox kəsişən, ayrılan və birləşən xətləri, bəzən bir-birinə keçib qovuşan, bəzən də müstəqil ədəbi janrlar üzrə yanaşı, öz mayasını bu ilk nümunədən götürmüşdür”.

Ədəbiyyatımızda, nəsrimizdə dövrün “özünəməxsusliğu”nu cəsarətlə öz acıq fikirliliyiyeniliyi ilə “pozan”, yarım əsrdən çox yazıb-yaradan İ.Əfəndiyevin ilk addımı onun parlaq istedad sahibi olduğundan xəbər verirdi. Bunu onun tədqiqatçıları dönə-dönə qeyd edirdilər. Əslində İ.Əfəndiyev yaradıcılığında dövrün sosialsiyasi problemlərini senzuranın diqqətindən yayındırmaq üçün çox zaman məhəbbət mövzusu fonunda verirdi. Məsələn, onunBüllur sarayda”, “Sən həmişə mənimləsən” əsərlərində sovet cəmiyyətində baş verən sosial-mənəvi haqsızlıqları ifşa edən maraqlı faktlar var. Bu faktlar sovet cəmiyyətinin çirkinliklərini üzə çıxaran faktlar idi. Lakin ədib bunları məhəbbətin fonunda elə ustalıqla verirdi ki, senzuranın diqqətini cəlb etməsin. Əslində İ.Əfəndiyevin əsərlərində rastlaşdığımız hadisələr, faktlar o zaman hər an, hər birimizin rastlaşdığı faktlardır. OnunBüllur sarayda” əsərində sovet dövrünə xas olan əksər müəlliflərin əsərlərindəki kimi hər şey ideal, gözəl təsvir edilmir. Müəllif bu “ideal”lığın, “gözəlliyin arxasındakı cirkabları faş edərək quruluşun simasızlığını, riyakarlığını, rüşvətxorluğunu tənqid edirdi.

1970-80-ci illərin sözüdür. Rayonumuzda (Qəbələdə) polis (o zaman milis adlandırırdılar) rəisinin oğlu maşınla bir uşağı vurub öldürmüş və hadisə yerindən qcmışdır. Sonra bu polis rəyisi cinayəti çox kasıb bir oğlanın üzərinə ataraq həbs etdirmişdir. Əslində bu yalnız bizim rayonda baş verən qeyri-adi hadisə deyildi. Belə haqsızlıqlar sovet dönəmində yüzlərlə, minlərlə idi. Bəlkə də elə sovet hökumətini bu haqsızlıqların naləsi yıxdı. Yoxsa sayı-hesabı bilinməyən silahı-sursatı olan ölkə niyə dağıldı?! Demək Tanrı qəzəbi ən dəhşətli silahdan da güclüdür...

İ.Əfəndiyevin bir yazar kimi böyüklüyüonda idi ki, bu haqsızlıqları, bu cinayətləri çox ustalıqla, ifşa edərək onları xalqın, ictimaiyyətin qınaq mənbəyinə çevrir və onları vicdanının, Tanrısının mühakiməsinə verirdi. (Əslində insana ən böyük cəzanı Tanrı verir. Onun cəzasından isə heç kim, heç vaxt, heç yerə qacıb qurtara bilmir. Bir az vicdanı olan, bunu dərk edən insan Tanrı xatirinə bu haqsızlıqlardan uzaq olar).

Elə bütün bunlara görə istər sağlığında, istər ölümündən sonra İlyas Əfəndiyevin yaradıcılığı hər an ədəbi mühitin diqqətində olub. Bir-birindən maraqlı, orijinal, dəyərli fikirlər söylənilib. Doğrudur kimlərə isə xoş gəlmək üçün ədibi tənqid edənlərdə olub, ona haqq qazandıranlarda. Bir dəfə onun 60 illik yubileyində Məmməd Arif demişdi: “Elə yazıçılar var ki, onların yaradıcılıq siması, bədii üslubu, sənətkarlıq fərdiyyəti birdən-birə yox, zaman keçdikcə müəyyənləşib sabitləşir. Bunun əksinə olaraq, elə yazıçılar da var ki, onlar elə ilk əsərlərindən öz yaradıcılıq mənliklərini, xüsusiyyətlərini aşkara çıxarırlar, ilk əsərlərindən başlayaraq biz onların təkrarolunmaz fərdi simaları ilə tanış oluruq. Söz yox ki, bu yazıçılar da illər keçdikcə inkişaf edir, yetkinləşirlər, istedadlar getdikcə parlayır, sənətkarlıq cilalanır. Bununla belə, bu yazıçılarda ilk istedad rüşeymi o qədər qüvvətli olur ki, zaman onu nə qədər cilalayıb parlatsa da, ilk təbiətini, özünə-məxsus yaradıcılıq mayasını, onun mahiyyətini dəyişdirmir”.

Oxucu İ.Əfəndiyevi və onun əsərlərini ona görə sevdi ki, o, hadisələrin içində həyatın nəbzini tuta bilmişonun inkişafı ilə ayaqlaşmağı bacaran yaradıcı şəxsiyyət olmuşdur. Şübhəsiz ki, həyatla, onun inkişaf prosesilə ayaqlaşmadan, yüksək və parlaq ideyalarla yaşamadan böyük sənətkar olmaq qeyri-mümkündür. İ.Əfəndiyev bu yüksək keyfiyyətləri özündə yaşadan bir sənətkar olduğu üçün sənətin zirvəsinə yüksələ bilmişdir.

Bildiyimiz kimi, İlyas Əfəndiyev yaradıcılığa hekayə janrı ilə başlamışdır. Sonralar isə yazıçı povest, roman, dram əsərlərinin müəllifi kimi oxucularının qəlbinə yol tapmaqla yanaşı onların ən sevimli yazarına çevrilirdi. Elə ona görə də onu əsərləri hələ sağlığında həmişəyaşar statusu almışdır. Bu günonun zəngin və maraqlı irsi geniş oxucu kütləsi ilə bərabər tədqiqatçıların dönə-dönə müraciət etdikləri ədəbi sərvətdir. Bu sərvət ədibin ilk əsərlərindən sonuncu əsərinə kimi insan qəlbini, mənəviyyatını zənginləşdirən, saflaşdıran, yüksəldən ülvi hisslər vətənə, xalqa, torpağa, insana, ailəyə, yurda olan məhəbbət ədəbi mövzusuna çevrilmişdir. Müəllif bədii sözün gücü ilə qəhrəmanının pak məhəbbətini yalnız xoş günlərdə deyil, ağlar, çətin günlərdə də sınaqdan keçirirdi. Belə əsərlərindən biri də “Sarıköynəklə Valehin nağılı”dır. Burada əsasən gəncliyin qayğılı həyatı, əxlaqi gözəlliyin qüdrəti, cəmiyyətdəki neqativ hallara qarşı mübarizə ön plana çəkilib. Söyüdlü arx”, “Körpü salanlar”, “Dağlar arxasında üç dost” romanında olduğu kimi, burada da müasir həyatımızın vacib problemlərinə toxunmuşdur. İ.Əfəndiyev “Sarıköynəklə Valehin nağılı” əsərində bədii təhkiyənin nağıl formasına, yəni folklor poetikası ilə şərtlənən ifadə tərzinə müraciət etmişdir. Bu isə təsadüfi deyil. Bu, İ.Əfəndiyev yaradıcılığında folklor poetikasının, folklor ənənə və motivlərinin mühüm rol oynamasından irəli gəlir.

Ümumiyyətlə İ.Əfəndiyevin yaradıcılığında milli mənlik hissi, milli qürur hissi onun formalaşması prosesi güclüdür. Xalqına, onun adət-ənənəsinə bütün varlığı ilə bağlı olan müəllif bunu dönə-dönə əsərlərində təbliğ etmiş və “Nağıl üslublu əsərlərində xalqın gen yaddaşına, tarixinə daha çox müraciət edərək onu dünənini, keçmişini unutmamağa səsləyirdi. Bu haqda ədəbiyyatşünas alim, professor Kamal Talıbzadə ədibin “nağıl üslubuna müraciətində qanunauyğunluq görərək yazırdı: “İlyas realizminin lirik-romantik üslubu düşünülmüş mövzunu nağıl strukturunda işləməyə imkan verir, müəllif romanın ideyası ilə strukturu, üslubu arasında vəhdətin yaranmasına nail ola bilmişdir”.

1980-ci illərdə teatrlarımızın səhnələrində dəfələrlə tamaşaya qoyulan, televiziya ekranlarından əks etdirilən bu əsər gənclərin daha çox sevdiyi bir əsər oldu. Əsərdə Valeh, Sarıköynək, Sərvər, Muradzadə, Ceyranb. surətlər ancaq müsbət, Məcidov, Rövşən, Cavanşir, Balaşov, Salmanovb. surətlər isə ancaq mənfi planda verilmişdir. Tədqiqatçıların fikrincə müasirlik keyfiyyətlərinə görə əsər ədəbiyyatımızda, öz yeri olan bir əsərdir və diqqətə layiq hadisədir. Müəllif çox ustalıqla əsərdə qəhrəmanların daxili aləmini, əxlaqını, həyata baxışlarını, dünya görüşlərini, arzu və istəklərini əks etdirə bilmişdir. Əsərin baş qəhrəmanları Sarıköynəklə Valehi bir-birinə bağlayan yalnız ömür yollarındakı oxşarlıq deyil, onların dünya görüşü, həyata baxışları, xasiyyətlərindəki oxşarlıq, saf, ülvi məhəbbətləri, arzularındakı uyğunluqdur.

Hər birimizə bəllidir ki, uşaqların cəmiyyətdə düzgün və təmiz mövqe tutmasında, ailə tərbiyəsinin böyük rolu var. Amma o da sirr deyil ki, bəzən çox tərbiyəli ailədə, ailənin adına-sanına layiq olmayan övlad böyüyür. Deməli ailədən başqa ətraf mühitində bu prosesdə mühüm yeri var. Sarıköynək və Valeh valideynlərini erkən itirmiş, uşaq evində böyümüşlər. Lakin xoşbəxtlikdən onların ətrafında olan insanlar, baş verən hadisələr onları düz yola istiqamətləndirə bilmiş. Deməli, hər iki gəncin tərbiyəsində, ərsəyə çatmasında ətraflarındakı mühitinrolu böyükdür.

Soy-kökünə, keçmişinə bağlı olan müəllif “Geriyə baxma, qoca” romanında uzaq-yaxın keçmişə sadəcə olaraq müraciət etmir. Gənc nəsili dünəni ilə bağlamağa, yaxşıdan bəhrələnməyə, pisdən uzaq olmağa çalışır. Keçmişimizdən, tarixi-milli mənliyindən odu-alovu axtarır, keçmişimizlə bu günümüz arasında mənəvi körpü yaradır. Əsərdə ağsaqqal, ağbirçək sözünə müəyyən yer verilsə də, kiçik yaşlarından insan mənliyini alçaldan hər şeydən inciyir. Bununla yanaşı, əsərdə biz yalnız Muradın özünəməxsus psixikası, aləmi, mənəvi varlığı ilə deyil, həm də mühit haqqında bədii təsəvvür əldə edirik. Ədib balaca qəhrəmanı elə bir mühitdə, elə bir insanlar əhatəsində göstərir ki, nəticədə tərəkəmə obalarının məişəti, güzəranı ilə tanış oluruq. Əsərlə tanış olduqda bizə bəlli olur ki, ədib o dövrün kənd həyatını, məişətini, milli adət-ənənələrini yaxşı bilirdibu yaxşıları yaşatmağı, qoruyub saxlamağı tövsiyə edirdi.

Bu günlərdə İ.Əfəndiyev yaradıcılığı ilə bağlı bir neçə əsərləri gözdən keçirərkən “Sən həmişə bizimləsən” (tərtibçilər: Abid Tahirlişair Dilsuz) adlı xatirələr toplusu diqqətimi cəlb etdi. “Gənclik” nəşriyyatı tərəfindən 2000-ci ildə nəfis tərtibatda çap olunan bu toplu İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən ən sanballı əsərlərdən biridir desək məncə yanılmarıq. Doğrudan da nə qədər ki, qədir bilən, sənətə və sənətkara qiymət verən Azərbaycan xalqı var, Siz həmişə bizimləsiz. Ruhunuz şad, qəbriniz nurla dolu olsun, İlyas müəllim!

 

 

Qərənfil Dünyamin qızı,

BDU-nun Mətbuat tarixi kafedrasının

müəllimi, fəlsəfə doktoru 

 

Kaspi.- 2012.- 4 oktyabr.- S.11.