Milli Televiziya və Radio
Şurası: 10 il
Şura öz fəaliyyətində
Azərbaycan dövlətinin, xalqının və cəmiyyətinin
maraqlarını daim ön planda tutur
Cari ilin
oktyabrında Milli Televiziya və Radio Şurasının
(MTRŞ) yaranmasının 10 ili tamam olur. Bu dövr ərzində ölkəmizdə milli
teleradio sisteminin inkişafı baxımından hansı
işlər görülüb, hansı problemlər aradan
qaldırılıb və bu sferada hazırda mövcud vəziyyət
nəcədir? Bu yazıda sözügedən
suallara cavab verməyə çalışacağıq.
İlk növbədə ondan başlayaq ki, məlum olduğu
kimi, müstəqillik qazandıqdan sonra ictimai-iqtisadi formasiya dəyişikliyinə
uyğun olaraq dövlət yayımçısı ilə
yanaşı, ölkəmizin milli teleradio məkanında tədricən
özəl yayımçılar da meydana çıxmağa
başladı və müəyyən zaman müddətindən
sonra həm onların sayı (hazırda 9 ümumölkə
yayımçısı telekanal, 14 radio, 14 regional telekanal və
13 kabel televiziyası fəaliyyət göstərir), həm
insanların məişətinə, cəmiyyət həyatına
təsiri durmadan artmağa başladı. Məhz
belə bir məqamda bütün sahələrdə olduğu
kimi, televiziya və radio sahəsində də müəyyən
tənzimləmələrə tələbat meydana
çıxdı. Bunun nəticəsi kimi
dünya təcrübəsindən çıxış edərək
ölkəmizdə məşvərətçi orqan olan
MTRŞ yaradıldı. İlk vaxtlarda fəaliyyəti
obyektiv səbəblərdən ciddi şəkildə hiss
olunmasa da, həmin dövrdə Şura özünün
struktur, maddi-texniki və kadr bazasının
formalaşdırılması istiqamətində ciddi işlər
görə bildi. Həmçinin Şura teleradio sisteminə
aid bir sıra mühüm məsələlərlə
bağlı normativ hüquqi sənədlərin də
yaradılmasına nail oldu. Sonrakı dövrlərdə
isə Şura öz fəaliyyətində bir sıra ciddi
nailiyyətlər qazandı. Şura 2005-ci
ildə televiziya və radio yayımı haqqında
qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən
sonra səlahiyyətlərinin artırılması ilə məsul
olduğu sferada qısa müddət ərzində xeyli dəyişikliklərə
imza atdı. Belə ki, həmin ildən
Şura ölkədə teleradio yayımını
lisenziyalaşdırmaq, texniki standartları müəyyən
etmək, teleradio yayımçılarının efirinə nəzarəti
həyata keçirmək istiqamətində nəzərəçarpacaq
fəaliyyət nümayiş etdirməyə başladı.
2005-2006-cı illərdə ölkədə fəaliyyət
göstərən yerli televiziya və radio kanallarının
lisenziyalaşdırılması işi həyata
keçirildi. Bundan başqa, məlum
olduğu kimi, bir müddət öncəyədək bir
sıra xarici yayımçılar Azərbaycanın milli
tezliklərində adi qaydada yayımlanırdı. Azərbaycan Respublikasının televiziya və radio
yayımı üzrə qüvvədə olan qanunvericiliyi isə
xarici televiziya və radio yayımçılarının Azərbaycan
Respublikasına məxsus milli tezliklərdə
yayımını istisna edir. Elə bu səbəbdən
də 2007-ci il yanvarın 3-dən etibarən
«Kanal D»nin, 2007-ci il iyulun 10-dan etibarən «STV» və «ORT»nin, 30
noyabr 2007-ci tarixdən etibarən «Radio Frans»ın, 1 yanvar
2008-ci il tarixdən etibarən «RTR Planeta»nın və «Radio
Rossiya»nın Azərbaycan Respublikası ərazisində
yayımı dayandırıldı. Növbəti
mərhələdə bir sıra digər xarici
yayımçılarla bağlı da eyni tədbirlər həyata
keçirildi.
Yarandığı gündən Şuranın diqqət
mərkəzində saxladığı ən vacib məsələlərdən
biri də Azərbaycanın milli efir məkanında dövlət
dilinin-Azərbaycan dilinin istifadəsi ilə bağlı
olmuşdur. MTRŞ televiziya və radio yayımında dövlət
dilindən istifadəni təmin etmək məqsədilə 25
iyun 2003-cü ildə «Azərbaycan Respublikası ərazisində
teleradio yayımı sahəsində Dövlət dilindən
istifadənin təmin edilməsi ilə bağlı Xüsusi
Qaydalar» qəbul etmişdir. Beləliklə
də, «Televiziya və radio yayımı haqqında» Azərbaycan
Respublikası Qanunun 32.0.6-cı maddəsinin və «Azərbaycan
Respublikası dövlət dili haqqında» Qanunun 6-cı tələblərinə
uyğun olaraq mülkiyyət formasından asılı
olmayaraq Azərbaycan Respublikası ərazisində təsis
edilən və fəaliyyət göstərən bütün
televiziya və radio kanalları qarşısında dövlət
dilindən keyfiyyətli istifadə vəzifəsi
qoyulmuşdur.
Məlumdur ki, müstəqillik qazandıqdan sonrakı
dövrdə də Azərbaycanın milli efir məkanında
rus dili öz mövqeyini qoruyub saxlayırdı.
Telekanalların efirində rus dilində müxtəlif
verilişlər, filmlər yayımlanırdı. Bu isə Azərbaycan
dilinin dövlət dili statusuna xələl gətirməklə
bərabər, bir sıra digər sosial-mədəni problemlərə
də yol açırdı. Şura tərəfindən
bu istiqamətdə ilk dövrlər loyal siyasət aparılsa
da, müəyyən dövrdən sonra televiziya və radio
efirlərində rus və digər xarici dillərin milli efir məkanında
tərcüməsiz istifadəsinə yasaq qoyuldu. Lakin bu addım da dövlət dili ilə
bağlı problemin həllinə ciddi şəkildə
kömək edə bilmədi. Belə ki,
telekanallar xarici dillərdə olan efir materiallarını
dövlət dilinə tərcümə etmək, şəxsi
istehsala, yerli prodakşınların istehsalına müraciət
etməkdənsə, efiri azərbaycan dilinə yaxın olan
türk dilində olan efir materialları-əsasən də
teleseriallarla doldurmağa meyilləndilər. Bu tendensiyanın da əndazəni aşması
situasiyaya yenidən dövlətin - MTRŞ-nin müdaxiləsini
zəruri etdi. Belə ki, 2009-cu ildən
türk seriallarının (dublyajsız) da yayımı
dayandırıldı. Şuranın bu qərarı
isə xüsusilə müzakirələrə səbəb
oldu. Lakin qurum mövqeyini ciddi surətdə
əsaslandırmaqla həyata keçirdiyi islahatlara davam etdi.
MTRŞ mühum qərarlarından birini də 2011-ci ilin
sonunda qəbul etdi. Belə ki, ötən ilin sentyabrında
Prezident tərəfindən MTRŞ-yə ölkədə fəaliyyət
göstərən ümumölkə yayımçısı
olan telekanallar tərəfindən milli teleserial və sənədli
filmlərin çəkilməsini maliyyələşdirmək
məqsədi ilə 5 milyon manat pul ayrıldı. Bunu nəzərə
alaraq, MTRŞ 2011-ci ilin dekabrında xarici teleserialların
yayımının 2012-ci ilin may ayının 1-dən etibarət
dayandırılması haqqında qərar qəbul etdi.
Qeyd etmək lazımdır ki, MTRŞ-nin bu qərarının
əsas mahiyyəti yerli istehsalı qorumaq və
stimullaşdırmaq olmuşdur.
Göründüyü
kimi, Şura keçid prosesinin asan olmadığını nəzərə
alaraq kanallara milli teleserialların çəkilişləri və
yayımı üçün xeyli müddət vaxt verdi. Lakin Şuranın bu qərarı
da, bir sıra qərarları kimi, müzakirələrsiz
ötüşmədi. Bəziləri
xarici teleserialların dayandırılmasının doğru
olmadığını əsaslandırmağa cəhd
göstərirdilər. Lakin Şura yenə
də həmişə olduğu kimi, ictimai və dövlət
maraqlarından çıxış edərək atmış
olduğu addımının qətiliyini bəyan etdi və
müəyyən edilmiş tarixdə xarici teleserialların
milli efirimizdə yayımının dayandırılmasına
nail oldu.
Məlumdur ki, uzun müddət ərzində milli efir məkanımızda
xarici ölkələrin serialları əsas yeri tutmuşdur. Xalqımız
öz mentalitetinə, məişətinə uyğun olmayan
proseslərin cərəyan etdiyi xarici teleserialları izləmək
məcburiyyətində qalmışdır.
Bu mənada Şura tərəfindən çəkiləcək
yeni yerli teleserialların azərbaycanlı təfəkkürünə,
məişətinə, ailə münasibətlərinə
uyğunluğu, Azərbaycan cəmiyyətinin, ailəsinin
aktual problemlərinə həsr olunmasına, milli dəyərlərin
təbliğ edilməsinə xidmət etməsi tövsiyəsi
verilməkdədir.
Artıq bir neçə aydır ki, milli efirimizdə
yalnız yerli istehsal olan teleseriallar yayımlanır.
Çəkilən
teleserialların keyfiyyəti, baxımlı olub-olmaması və
s. ilə bağlı isə son sözü tənqidçilər,
izləyicilər deyə bilər. Əslində
isə keyfiyyətli teleserialların çəkilməsində,
nümayişində hamıdan çox yayımçılar
özləri maraqlı olmalıdır. Hansı
telekanal reytinqinin aşağı düşməsini,
tamaşaçı itkisini özünə rəva bilməyəcəksə
efirinə də keyfiyyətsiz materialların yol tapmasına
imkan verməyəcəkdir. Lakin Şura da
öz növbəsində telekanallara efirlərində daha
keyfiyyətli, baxımlı teleseriallar
yayımlamalarını tövsiyə edir.
Müşahidələr isə onu göstərir ki, bu
sahədə hazırda müəyyən bir rəqabət
mühiti yaranmaqdadır.
Göründüyü
kimi, fəaliyyət göstərdiyi 10 il ərzində
MTRŞ mərhələli şəkildə bu yazıda
toxunulan və toxunulmayan xeyli sayda ciddi problemlərin öhdəsindən
gələ bilmiş və ölkədə milli teleradio
sisteminin inkişafına təkan verə biləcək əhəmiyyətli
addımlar atmışdır. Bu isə öz
növbəsində milli efirimizin timsalında özünü
göstərir. Belə ki, ötən 10
illik dövrə nəzər salarkən Azərbaycanın
milli efir məkanında xeyli dəyişikliklər
müşahidə etmək olar. Həyata
keçirilmiş tədbirlərdən sonra gözəçarpan
ən vacib cəhət efirimizin yad ünsürlərdən təmizlənərək
əsl milli televiziya və radio şəbəkəsinin
qurulmasına nail olunmasıdır. Belə ki, əvvəldə
qeyd edildiyi kimi, bir müddət öncəyədək Azərbaycanın
televiziya və radio məkanında əsasən xarici istehsal
olan efir məhsulları, xarici dillər dominantlıq təşkil
edirdi. Hətta elə
yayımçılar (məsələn, «Avropa+» radiosu) var idi
ki, bir saat da olsun belə dövlət dilində veriliş
yayımlamırdılar. Bu gün isə
tamam başqa mənzərənin şahidi olmaqdayıq.
Digər tərəfdən ölkəmizdə dünyada
çox az-az rast gəlinən bir situasiya
yaranmışdı. Yuxarıda toxunduğumuz kimi, bir sıra
xarici ölkə yayımçıları (həm televiziya, həm
radio) yerli yayımçılarla bərabər Azərbaycanın
milli tezliklərində açıq şəkildə
yayım həyata keçirirdilər. Bu isə
dövlətin milli təhlükəsizlik maraqlarından
başqa, yerli yayımçıların hüquqlarını
da pozurdu. Belə ki, yerli kanalların
yayımı ölkə qanunvericiliyi ilə tənzimləndiyinə
görə bir sıra hüquqi məhdudiyyətlərlə
qarşılaşırdılar. Xarici
yayımçılar isə öz ölkələrinin
qanunvericiliklərinə uyğun yayım həyata
keçirdiyindən Azərbaycan qanunlarının tələblərini
nəzərə almırdılar.
Bundan
başqa teleradio kanallarının efir yayımının norma və tələblər çərçivəsinə
salınması sahəsində də xeyli irəliyişlər
olmuşdur. Əgər əvvəllər, yəni
2005-2006-ci illərə qədər teleradio
yayımçıları tərəfindən müvafiq
qanunvericiliyin bu və ya digər tələbləri gün ərzində
10 dəfələrlə pozulurdusa, artıq bu gün demək
olar ki, milli efirimizdə bu cür hallar xeyli dərəcədə
azalmışdır və milli efir məkanında müəyyən
bir nizam-intizam hökm sürür.
Milli efir məkanında nöqsanların aradan
qaldırılması işində Şura tərəfindən
həyata keçirilmiş inzibati tədbirlərlə
yanaşı, aparılmış düzgün maarifləndirmə
işi, həmçinin yayımçılarla Şura
arasında yaranmış sağlam işgüzar münasibətlər
də öz rolunu oynamaqdadır.
Bununla belə, iddia etmək doğru olmazdı ki,
artıq milli efirimizdə bütün problemlər tam şəkildə
aradan qaldırılmışdır. Bu gün də
çatışmazlıqlar var və onların aradan
qaldırılması istiqamətində işlər davamlı
şəkildə aparılmaqdadır. Şuranın
müvafiq şöbəsi tərəfindən milli efir məkanının
daimi izlənilməsi – monitorinqi həyata keçirilir. Müşahidə edilən nöqsanlar haqqında dərhal
məsələ qaldırılır və Şura tərəfindən
lazımi ölçü götürülür.
Xarici təcrübədən çıxış edərək
monitorinq prosesinə ictiaimaiyyəti cəlb etmək məqsədilə
şöbədə Şura rəhbərliyinin
tapşırığı əsasında «qaynar xətt»
(498-18-82) də yaradılmış və tamaşaçı
zənglərinin qəbulu və araşdırılması həyata
keçirilir.
Digər tərəfdən onu da qeyd etmək lazımdır
ki, artıq teleradio yayımçıları da fəaliyyətlərini
qanunvericiliyin tələblərinə uyğun qurmağa meyil
göstərirlər. Bunun da nəticəsidir ki, son dövrlər
Şura tərəfindən yayımçılara
qarşı ciddi inzibati tədbirlər həyata keçirilməmişdir.
Sonda, təvazökarlıqdan uzaq olsa da, qeyd edilməlidir
ki, Şura fəaliyyəti dövründə teleradio
yayımının tənzimlənməsi istiqamətində
kifayət qədər mühüm işlər
görmüşdür. Zaman-zaman Şura tərəfindən verilən
bəzi qərarlar ictimaiyyətin bir sıra nümayəndələri
tərəfindən etirazla qarşılansa da, müəyyən
dövrdən sonra bu qərarların doğruluğunu və əhəmiyyətini
hər kəs etiraf etməli olmuşdur. Mübaliğəsiz
demək olar ki, Şuranın bu vaxtadək istənilən məsələ
ilə bağlı qəbul etdiyi qərarlar, bu, istər
dövlət dili ilə bağlı, istər xarici teleradio
kanallarının milli tezliklərdə açıq şəkildə
yayımının dayandırılması, istər xarici
serialların yayımının dayandırılması ilə
bağlı olsun, sırf Azərbaycan dövlətinin,
xalqının, cəmiyyətinin maraqlarına xidmət etməkdədir.
Təbiidir ki, qəbul edilmiş qərarların,
görülən işlərin əksəriyyəti əslində,
bu günlə yanaşı, ölkəmizin,
xalqımızın gələcəyi üçün də
mühüm əhəmiyyətə malikdir.
Təvəkkül Dadaşov,
MTRŞ-nin Ekspertiza,
proqramlaşdırma və analitik
şöbəsinin müdiri
Kaspi.- 2012.- 4
oktyabr.- S.7.