Səhnədə məni
“yandırıb-söndürürlər”
Fidan
Hacıyeva: “Çox inkişaf etmiş ölkəmizdə
musiqinin geridə qalması ürəkağrıdıcıdır”
...Opera Teatrının səhnəsində
azərbaycanlı bir qız “Karmen”i oynayır.
Maraqlıdır, mən sadəcə onu seyr edirəm və
düşünürəm ki, öz mədəniyyətindən
olmayan bir nümunəni bu xanım necə bu cür mənimsəyə
bilib? Və sonra yadıma salıram ki, əslində mədəniyyətin
böyüklüyü də elə bundadır. Əsl sənətkarlar
bu dilsiz xəzinəni bu cür cilalayıb ürəklərə
nüfuz etdirə bilirlər. Bax, bu xanım da belələrindəndir...
İllər öncə məni bu
düşüncələrə qərq etdirən xanımla
müsahibəm indi. Həm də evində və öz əlləriylə
hazırladığı alma piroquna qonaq olmuşam. O səhnədəki
məhtəşəmliyin yerini sadə bir qızcığaz
alıb. Tez-tez anasına səslənən və nə
danışacağını hələ də kəsdirə
bilməyən tipik bir azərbaycanlı qızı.
Müsahibim Azərbaycanın Əməkdar
artisti, operamızıın “Karmen”i Fidan Hacıyevadır.
- Fidan xanım, sizə ənənəvi
bir sualla müraciət etmək istəyirəm. Hamı tərəfindən
sevilmək necə bir hissdir?
- Mən heç inanmıram ki, hamı tərəfindən
sevilirəm. Ancaq belə bir münasibəti çox istəyərdim
və bununçün da çox çalışıram.
Kiminsə sənətimi çox sevdiyini dediyi gün çox
sevinirəm, əhval-ruhiyyəm yaxşı olur. Bilirsiz, mən
sənətimi çox sevirəm. Bu məhəbbət dinləyicilərimlə
qarşılıqlı olanda da özümü gözəl,
xoşbəxt hiss edirəm. Mənə elə gəlir ki, bu,
sənətimdə nə isə edə bildiyimin göstəricisidir.
- Sizin məşğul olduğunuz musiqi
sahəsi həddindən artıq səviyyəlidir.
Günümüzdə isə əksinə, kifayət qədər
bayağılaşma var. Sizə elə gəlmirmi ki, elə
bu bayağılaşmanın da, mədəniyyətimizə
olan təcavüzün də qarşısını yalnız
ciddi sənətlə məşğul olan adamlar ala bilər
və onlar nə isə etməlidir? Sanki Azərbaycan incəsənəti
sahibsiz bir xəzinədir, hər gələn əlinə gələni
götürüb aparır və öz adına
çıxarır...
- Bu məsələ hər birimizin,
xüsusilə də professional musiqiçilərin
ağrılı yeridir. Axı, necə olur ki, bizim efirlərdə
bayağı musiqilərə belə yersiz imkan verilir? Bilmirəm,
bunlar hardan gəlib çıxırlar, hələ üstəlik,
populyar da olub, müəyyən dinləyici kütləsinə
də sahib olurlar. Hətta onları örnək də
götürürlər. Halbuki, elə bizim Opera
Teatrının gözəl səsə, yüksək mədəniyyətə,
gözəl musiqi təhsilinə malik solistləri var,
çox istedadlıdırlar, amma kənarda qalıblar.
Onların əksinə, bu bayağılar gündəmdədirlər.
Bilirsiz, məni ağrıdan ətrafımdakı
insanların öz televiziyalarımıza baxa bilmirik, demələridir.
Bu fikir niyə səslənməlidir? Təbii, ki, onlara
qadağa qoymaq üçün professional insanlardan,
ziyalılardan ibarət bir qurum yaradılmalıdır. Şou
da olar, amma ifrat dərəcədə deyil. Mən
yoldaşımla İngiltərədə olanda bu kimi məqamları
müşahidə edirəm. Şou-biznes insanlarından bu
cür verilişlər hazırlanmır. Onları heç mətbəxə
də qatmırlar. Adi insanlardan, gözəlliklərdən,
güllərdən, tarixi hadisələrdən, musiqi tarixindən
bəhs edən müxtəlif verilişlər var. Mətbəxdən
danışanda adi insanları dəvət edirlər. Bilirsiz,
hər bir şeyin etikası-estetikası var. Biz bu
kriteriyanı gözləmirik. Baxmayaraq ki, bizim dövlətimiz
bu cür inkişaf edib, yeni binalar, yeni tikililər və s. bu
kimi maddi gözəlliklər var, ancaq bu dəyişiklik
musiqidə yoxdur.
Əslində, mən günahı onlarda
yox, özümüzdə görürəm, çünki biz
aktiv deyilik. Mən öz dostlarıma efirlərə çox
çıxmadıqları üçün irad tuturam. Amma
onları da qınamalı deyil, çünki efirlərdə
Opera sənətçilərinin canlı ifası
üçün imkanlar yoxdur, fonoqramla oxunmalıdır.
Fonoqram yazdırmaq isə böyük bir məbləğ tələb
edir. Bizim solistlərin başları öz sənətlərinə
qarışıb, çünki biz bir operanı altı-yeddi
aya öyrənirik və cəmi bir gecədə onu
nümayiş etdiririk.
- Azərbaycan musiqi mədəniyyətini
o bəsitliklərə vasitə eləməyə
haqqımız yoxdur. Bununla mübarizə aparacaq bir qurumun
yaranması da inandırıcı deyil. Konkret olaraq hər
hansı bir kanal sahibinə telefon açıb demək mümkün
deyilmi ki, bu qədər yetər artıq?
- Əslinə qalsa, efirlərdə bu
istiqamətdə irəliləyişlər gözə
çarpır. Kanallarımızda yeni verilişlər
hazırlanır. Bu istiqamətdə “Mədəniyyət”
kanalını xüsusi qeyd etmək yerinə düşər.
İpəkyolu festivalı, Qəbələ festivalı,
Üzeyir bəyin festivalı, Rastrapoviçin festivalı -
bunlar hamısı musiqi bayramıdır. Amma unutduğumuz bir
şey var, hər festivala eyni tamaşaçılar gəlir.
Yenə də ümidsiz deyiləm. Mənə
elə gəlir ki, bayağı proqramlar öz-özünə
yox olub gedəcək. Çox istərdim ki, professional
musiqiçilərin iştirak edə biləcəyi
verilişlər hazırlansın. Opera musiqisi olmasın, xalq
mahnıları olsun. Opera solistləri muğam da oxuyur. Opera səsi
elə səsdir ki, biz hər bir janra müraciət edə bilərik.
Çox inkişaf etmiş belə bir ölkəmizdə
musiqinin geridə qalması ürəkağrıdıcıdır.
Televiziyanın rolu çox böyükdür. Bunu özləri
düşünməlidilər. Tutaq ki, kanalın rəhbəri
vokalistləri yığsın başına, studiya
hazırlatsın, royal, kamera orkestri, hamısı da klassik
formada geyinsin, frakda, axşam vaxtı olsun, hər dəfə
də bir xarici qonaq dəvət edilsin. O qonağın da mədəniyyətindən
ifalar olunsun. Mən çox istəyərəm belə bir
veriliş olsun.
Əgər xatırlayırsızsa, mənim
“Mədəniyyət” kanalında “Klassika” adlı bir
verilişim vardı, təəssüf ki, vaxt məhdudluğum
ucbatından dayandı. İki il İtaliyaya gedib-gəlməli
oldum. Mənə çətin oldu onun
aparıcılığını eləmək. Verilişin təşkilatçılığı
çox vaxt aparır. Dostlarım mənə deyirlər ki, sən
o verilişi bağlayandan sonra biz efirə
çıxmırıq, bizi də tanımağa
başlamışdılar...
- Azərbaycan musiqisini dünyaya
çıxaran sənətçilərimizdən birisiz. Bu
missiyanı yerinə yetirmək sizin üçün çətindirmi,
yoxsa ailənizin xariclə bağlılığı sizin
işi asanlaşdırır?
- Əvvəllər çətin olurdu,
indi vərdiş eləmişəm. Mən iki il
İtaliyanın məşhur səhnələrində
çıxış elədim. İlk dəfə Azərbaycanın
mədəniyyət günləri çərçivəsində
İtaliyada – Turində, Venesiyada, Milanda Cüzeppe Verdinin
konservatoriyasında, Milan yaxınlığındakı Berqamo
şəhərindəki teatrda
çıxış etdim və mükafat da aldım.
Üzeyir bəyin “Arşın mal alan” operettasından
Gülçöhrənin ariyasını ifa elədim. Ondan
öncə də bizim İtaliyadakı səfirimiz Vaqif
Sadıqov bizim ulu öndərimizin anım gününə həsr
olunmuş konsert təşkil eləmişdi. Və mənim
ilk solo konsertim orada keçdi. Mənim üçün
böyük bir nailiyyət idi ki, məşhur Santa-Ciciliyada
konsertim oldu. Ondan sonra məni dəvət elədilər,
Katolika şəhərində italyan bəstəkarı
Puçinyonun “Ancelika” operasında bir obraz aldım. Demək
istəyirəm ki, bunlar mənim deyil, Azərbaycan musiqisinin
nailiyyətləridir. Və mən hamısını öz Vətənim
üçün edirəm. Mənim üçün
tamaşaçı tamaşaçıdır. Musiqinin dili
yoxdur.
- Zövqlə dinlədiyiniz Azərbaycan
musiqiçisi...
- Müslüm Maqomayev, Fidan və Xuraman
Qasımovalar. Müslüm Maqomayev mənim kumirimdir. Onun səsi,
aktyor oyunu məni heyran edir. Bilirsiz, o, həm gözəl rəssam
olub, həm də kitab yazıb, italyan tenoru Mario Lans
haqqında. Allah ona hər bir istedadı vermişdi. Öz
obrazlarını özü qrim edirdi. Gözəl rəssam,
gözəl şair, pianoçu idi. Çox gözəl əlləri
var idi. Mən heyrət edirdim, bu qədər də ideal adam
ola bilərdi? Araz Ağalarov onun sağlığında
Moskvada gözəl bir gecəsini təşkil eləmişdi,
xanımıyla bir yerdə gəldi. Alla Puqaçova qonaq idi,
Azərbaycandan da Sevda Ələkbərzadə ilə məni
dəvət eləmişdilər. İlk dəfə orda
tanış olduq. Daha sonra Moskvada görüşdüm, mənə
dedi ki, sənin çox gözəl səsin var. Heç
unutmuram, mən, Murad Adıgözəlzadə və
başqaları hətta şəkil də çəkdirdik.
Belə bir insanla görüş mənim üçün
inanılmaz idi. Müslüm Maqomayev mənim idealımdır
və çox xoşbəxtəm ki, onunla
görüşüb danışa bilmişəm.
- Sizdə yüksək aktrisalıq qabiliyyəti
də var. Təhsiliniz necə, varmı?
- Təbii ki, var. Mən bununçün
öz müəlliməm Şəfiqə Mahmudovaya minnətdaram.
Konservatoriyada oxuyanda aktyor sənəti dərsi keçirdik.
Qruplara bölünəndə onun qrupuna
düşdüyüm üçün çox sevinmişdim.
Şəfiqə xanım bizimlə işləməyə
başladı. Etüdlər verirdi, səhnəciklər
hazırlanırdı. Mənə çox da dərs keçmədi,
amma biz onunla hələ də dostluq edirik. O xanımın
çox müsbət enerjisi var, mən onda hardasa
özümü görürəm. Çox sevirəm o
aktrisanı.
- Həm çox professional bir sənətiniz
var, həm də çox sadəsiniz....
- Hə, onu mənə çox deyirlər.
Siz vurğuladınız, mən həm də aktrisayam. Amma onu
deyim ki, mən sənətdə başqa cür oluram.
Obrazlarımda, “Karmen”, “Aida” və s. elə bilin ki, səhnəyə
düşən kimi mən artıq Fidan olmuram, sanki məni
“yandırıb-söndürürlər”. Söndürürlər
Fidan oluram, yandırırlar obrazda oluram. Bu artıq bir vərdiş
halınımı alıb. Opera doğrudan da çox çətin
janrdır. Musiqi təhsili, intellekt, aktyor ustalığı, səs
- hər şeyi tənzimləmək lazımdır. Hiss etməkdən
başqa intellektual cəhətdən zəngin olmağın
da lazımdır. O zənginliyi də sən sadəcə
obrazda istifadə etməlisən. Hər bir sənətkara
arzu edərdim ki, həyatda necədirsə, səhnədə
də elə olsun. Əgər obrazdasansa bunu özün kimi
oynaya bilməzsən. Bu, çətin bir peşədir.
- Sizə elə gəlmirmi ki, “Karmen” sizin
həyatınızın roludur?
- (Gülür). Həyat yoldaşım
deyir ki, sən artıq “Karmen” obrazıyla bu sənətdə
möhür vurmusan, artıq bəsdir. Deyirəm yox, “Karmen”lə
mən özümü səhnədə, həyatda
tapmışam. Axı, onu oynamasaydım səni necə
tapacaqdım? (gülür). Onunla Bakıda, BP-nin təşkil
elədiyi bir milad bayramı konsertində tanış
olmuşam. “Karmen” operasında bir Tabanera parçası var, mən
onu ifa eləyəndən sonra mənə yaxınlaşıb.
Mən də cavan bir qız, özü də orda elə
ürəklə oynamışdım ki, anam mənim
üçün təzə paltar almışdı, elə
bilirdim ki, bu konsertin şahzadəsi mənəm.
Sarışın bir oğlan mənə yaxınlaşdı,
dedi, siz nə gözəl “Karmen” ifa elədiz. Bilirsiz, Filipp
çox sevir klassik musiqini. Tanış olandan sonra da Türkiyənin
müxtəlif bölgələrində - Mersin, İzmir,
Samsun, Kıbrıs, İstanbul, Ankara Opera və Balet
teatrlarında üç il çalışdım. Bu
müddət ərzində sadəcə, “Karmen”lə məşhur
oldum. Məni Fidan deyil “Karmen” deyə
çağırırdılar. Çox obrazlar ifa etmişəm,
amma bu obrazı özəlləşdirmişəm. Azərbaycan
operettalarından “Arşın mal alan”da Asyanı
oynamışam. Baş rejissorumuz Hafiz müəllim həmişə
deyir ki, “Fidan sən onu necə oynamısan, elə bil əsl
Asya elə sən özünsən”. Ailə qurmamışdan
əvvəl mən tamam başqa cür idim, ərköyün
böyüyürdüm. Amma indi ailə, işlər məni
dəyişib. Baxmayaraq ki, yenə də anam tərəfindən,
yoldaşım tərəfindən o münasibəti
görürəm, amma bu, əvvəlki deyil.
- Ana olmaq və bu cür çətin bir
sənətlə məşğul olmaq. İkisi bir arada sizi
yormur ki? Əslində, ailəsində başa
düşülən və sevilən bir qadın
üçün bu, elə də çətin
olmamalıdır...
- Hələ ailə qurmamışdan mənim
atam mənim tamaşalarıma gəlmirdi, deyirdi ki, birdən həyəcanlanarsan.
Tamaşadan evə gəlib həvəslə
danışardım: “Ata, heç bilirsən, necə gözəl
oxudum?” O da gülümsəyib öz dəmlədiyi
çaydan süzərdi və biz ata-bala bunu bölüşərdik.
Bu, mənim üçün o qədər xoş idi ki, həmişə
istəyirdim, ailə quracağım adam mənim atama bənzəsin.
Əslində, bu, bütün qızların arzusu olur. Elə
də oldu. Filippin mənim sənətimdə rolu çox
böyükdür. Azərbaycanı çox sevir. Az deyil,
artıq on beş ildir ki, bizim ölkədədir. Əlamətdar
günlərimizi, faciələrimizin ildönümlərini
mütləq qeyd edir. 20 Yanvarda hər səhər Şəhidlər
Xiyabanını ziyarət edir və deyir ki, mən gedib onlara
baş əyməliyəm ki, onlar bu torpaq üçün
öz qanlarını töküblər. Balaca bir zibili belə
yerə atmaz, əlində gətirib evdə zibil yeşiyinə
atar ki, mən bu ölkəni niyə zibilləyim? Və mən
ona bu alicənablığı üçün təşəkkür
edirəm. Bizim adətlərimizə çox
bağlıdır. Bilirsiniz, ata, ailə, həyat
yoldaşı yaradıcı insan üçün çox
önəmlidir. Mən çox istərdim ki,
qızlarımız ailə quranda tələsməsinlər,
çünki ailə həyatı bir dəfə qurulur.
- Sizin deyəsən hərbi rütbəniz
də var...
- Hə. Artıq on ilə yaxındır
ki, mən Həzi Aslanov adına Zabitlər evinin solistiyəm.
Əsgərlər qarşısında müxtəlif konsertlərimiz
olur. Mənim çoxlu vətənpərvərlik
mahnılarım var. Belə bir işdə işlədiyim
üçün sevinirəm. Bir də ona görə sevinirəm
ki, əsgərəm, əsgərlərimizin
qarşısında çıxış eləyə bilirəm.
- Bizim oxuculara sözünüz...
- Söhbətimiz o qədər səmimi
oldu ki, elə bil, yüz ildir tanışıq. Qəzetiniz hər
zaman bu cür səmimi söhbətlərlə zəngin
olsun. Pafosdan uzaq, səmimiyyətlə zəngin.
Söhbətləşdi:
Nigar İsfəndiyarqızı
Kaspi.- 2012.- 5
oktyabr.- S.11.