TƏMAS 

 

ya

 

Tbilisi Festivalı haqqında qeydlər

 

Mədəniyyət və incəsənət aləmində beynəlxalq təmasların ən azından üç mənası, üç əhəmiyyəti və, demək ki, üç faydası var. Uzunçuluqdan vaz keçib də qısaca söyləyim: beynəlxalq təmaslar istənilən milli mədəniyyət və incəsənətdən ötrü informasiya (bilgi), kommunikasiya (rabitə, əlaqə) və adaptasiya (uyğunlaşma, alışma) imkanlarını yaradan güclü vasitədir, aracdır.

Dünya teatr prosesini təmin və təyin edən festival siyasəti çağdaş dünya mədəniyyətinin, bəlkə də, ən mürəkkəb və eyni zamanda ən effektiv mexanizmlərindən biridir. Belə ki, bu gün Avropa, Amerika və Asiyada fəaliyyət göstərən teatr festivalları mərkəzləri dünya «teatr xəritəsi»nin panoramasını təşkil edir. Uzun illər bəlli səbəblərdən dünya teatr festivalı hərəkatından kənarlaşdırılmış Azərbaycan milli teatrı, təbii olaraq, öz inkişafında dünya teatrının nailiyyətlərindən faydalanmaqdan məhrum idi. Düzdür, Sovetlər Birliyinin unitar dövlət mədəniyyətinin tərkib hissəsi olan teatr sənətinin daxilində baş verən proseslər bu və ya digər şəkildə Azərbaycan milli teatr prosesinə də öz təsirini göstərirdi. Amma o vaxtların hakim ideologiyası teatr prosesini bir sıra özəl, bənzərsiz amillərdən düşünüşlü olaraq məhrum edirdi. Bu, tam məsuliyyətlə deyə bilərik, acınacaqlı vəziyyətdən milli teatrımız müstəqillik qazandığımız ilk illərdən qismən çıxa bilmişdir. Ötən əsrin 90-cı illərində Milli Akademik Dram Teatrının ilk dəfə olaraq Türkiyəyə qastrol səfəri teatrımızı gen dünyadan ayıran «dəmir pərdə»ni sökdü və o gündən teatrlarımız dünya teatr festivallarına qovuşmaq imkanını tapdı. Teatrlarımızın çıxış etdiyi Türkiyə, İran, Gürcüstan, Rusiya, Finlandiya, Moldova, Serbiya və başqa ölkələrdə təşkil olunmuş teatr festivallarında sözügedən tədbirlərin məğzini təşkil edən üç tərkib hissəsi – şənlik, yarışma, mübadilə – yetərincə aydınlanmışdır.

 

İndi isə keçək konkretikaya.

 

Xəbər verdiyimiz kimi, ötən həftə, daha dəqiq desək, 25-29 sentyabr tarixlərində Akademik Milli Dram Teatrı IV Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib. Mən də kollektivlə birgə festivalda iştirak etmək üçün Gürcüstanda oldum və festivalın bir qisminin canlı şahidinə çevrilmək imkanını qazandım. İndi bəzi təəssüratlarımı və qənaətlərimi Sizlərlə bölüşmək istəyirəm.

Əvvəla, onu deyim ki, Tbilisi Beynəlxalq Teatr Festivalı 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və böyük tamaşaçı marağına səbəb olur. Statistik məlumatlara görə, bu günə qədər festival 30 minə yaxın tamaşaçı auditoriyası toplaya bilib.

Festivalda dünyanın müxtəlif ölkələrindən teatr kollektivləri iştirak edir. Bu ilki festivalda İsveç, Böyük Britaniya, Polşa, Belarus, Almaniya, Çin, Fransa, Rusiya, Litva, İsrail, Meksika, Moldova kimi ölkələrin nüfuzlu teatr kollektivləri ilə yanaşı, Azərbaycan teatrının da iştirakını şəxsən mən Azərbaycan teatrının beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, milli teatr sənətimizin dünya teatr məkanına inteqrasiyası istiqamətində atılan uğurlu addımların məntiqi davamı kimi dəyərləndirirəm.

Bu gün Gürcüstan teatrı yüksək inkişaf mərhələsindədir. Gürcüstanın bir neçə rejissoru – Robert Strua, Levan Tsuladze kimi rejissorları Avropanın bir çox ölkələrində tamaşalar hazırlayır. Bu mənada, Avropa məkanında kifayət qədər tanınan və qəbul edilən Gürcüstan teatrı ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin, beynəlxalq əlaqələrin qurulması milli teatrımız üçün böyük uğur hesab oluna bilər.

Festival çərçivəsində tamaşalar Ş.Rustavelli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Musiqi və Dram Teatrının, A.Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrının, Azad Teatrın, və digər teatrların səhnəsində nümayiş olundu.

Akademik Milli Dram Teatrı festivalda Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış etdi. Moldovalı rejissor Petru Vutkereunun quruluş verdiyi “Şekspir” tamaşası K.Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının səhnəsində, yerli vaxtla saat 20.00-da nümayiş olundu. Ötən il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində hazırlanan tamaşa, teatral oxucularımıza tanışdır. Ona görə də əsərin süjeti haqqında qısa məlumat verməklə kifayətlənəcəyəm.

 

Deməli belə:

Səhnə əsərində hadisələr ruhi-əsəb klinikasında cərəyan edir. Pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında xoşbəxt yaşayır. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına əl uzatmaqdan belə çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasientləri Şekspirin dühası öz ətrafına birləşdirir.

Xəstəxanaya Drob-13–ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcək.

 

Bir neçə söz də yaradıcı heyət haqqında.

 

Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Əməkdar Artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), Şəlalə Şahvələdqızı (Ər-arvad), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar) və Anar Heybətov (Drob 13) çıxış etdilər.

Azərbaycan teatr məkanında hadisəyə çevrilən, milli teatrımızın yaradıcılıq potensialını aşkarlayan “Şekspir” tamaşası Gürcüstan tamaşaçıları tərəfindən də maraqla qarşılandı. Gürcüstanın mətbuat orqanlarında tamaşamız haqqında bir neçə resenziya dərc edildi.

Çox təəssüf edirəm ki, festival boyu nümayiş olunan tamaşaların çoxuna baxmaq imkanımız olmadı. Amma 3 gün ərzində öz tamaşamızdan əlavə müxtəlif ölkələrin teatr kollektivlərinin təqdim etdiyi daha üç tamaşaya baxa bildim.

Bunlardan biri – Oleq Tabakov Teatrının A.Ostrovskinin «Müdrik olan bir kəsə kifayətdir sadəlik» əsəri əsasında hazırladığı tamaşa oldu. Bu tamaşa haqqında danışmayacağım. Çünki qəzetimizin ötən saylarında bu tamaşa haqqında bir qədər məlumat vermişəm. Əgər yadınızdadırsa, yazımın sonunda növbəti tamaşaya baxmaq üçün təcili mehmanxanadan ayrılmalı olduğumu qeyd etmişdim. Söz verdiyim kimi, növbəti tamaşaya baxdım və yazımı, az qala, yarımçıq qoyub, bu tamaşaya baxdığım üçün zərrəcə peşman deyiləm.

Meksikadan festivala təşrif buyurmuş Kloun teatrı tamaşası ilə bütün seyrçilərin rəğbətini və gurultulu alqışlarını qazandı.

Bir nəfər ifaçının üzərində qurulmuş «Bəlkə… bəlkə…» («Perhaps, perhaps, guizas») adlı tamaşanın süjeti aşağıdakı kimidir: Səhnə əsərinin qəhrəmanı - Greta özünü yalnız hiss edir, gözləyir və axtardığı insanın gələcəyinə ümid edir. O, heç nəyin fərqində deyil, sadəcə həqiqi sevginin axtarışındadır. Greta yalnız qadındır və o yalnızlığın ağrısı, əzabı ilə sublimasiya edir. İnsan tənhalığının tükürpədici faciəsini anladan tək ifaçının klounadası pantomima üzərində qurulduğundan tamaşanın qəbul olunması üçün dil baryeri də yox idi. Tamaşanın rejissoru və yeganə ifaçısı Qabriela Munoz bir saat boyunca bütün zalın diqqətini OYUNa cəlb etməyə, hətta açıq sistem içində bulunaraq, seyrçiləri zaman-zaman bu oyuna qoşmağa müyəssər oldu.

Tamaşaya baxa-baxa düşünürdüm ki, ey dili qafil, nədir bu aktrisanı bu qədər maraqlı edən? Bu rolu hansısa Azərbaycan aktrisası ifa edə bilərdimi? Həməncə özüm özümə inkar cavabı verdim. Daha bir sual yarandı və beynimi gəmirməyə başladı: Niyə? Məgər bizim aktrisaların peşəkar vərdişləri və yaradıcı potensialı meksikali aktrisanınkından azdır? Yenə də cavabım eyni oldu. Əsla! Şəxsən mən, hər cür üzgörənlikdən uzaq, qətiyyətlə deyə bilərəm ki, Azərbaycan aktyor sənəti həmişə güclü olub, elə bu gün də zəif deyil. Sadəcə, məsələ burasındadır ki, bizim əksər aktrisalar səhnədə gülməli görünməkdən çəkinirlər. Şekspir demişkən, budur məsələ! Hörmətli oxucum, yəqin ki, sən də mənim kimi Azərbaycan teatrlarının səhnəsində dilənçi rolunu kraliça ədaları ilə oynayan aktrisaları az görməmisən. Nə isə… deyəsən, mövzudan yayınıram axı?! Həm də bu sırf milli psixologiya ilə, Azərbaycan teatrının necəliyini təyin edən sosio-psixoloji amillərlə bağlı bir məsələdir və bu barədə söhbəti başqa vaxta saxlasaq, heç fəna olmaz.

Hələliksə, onu deyim ki, Tbilisi ilə Bakı bir çox səciyyələrə görə köklü surətdə fərqlidir, bənzərsizdir. Elə Azərbaycan teatrı ilə Gürcüstan teatrı da. Həm də, elə hesab edirəm ki, Azərbaycan teatrı potensial imkanlar baxımından Gürcüstan teatrından heç də zəif deyil. Biz Gürcüstanlı həmkarlarımıza daha çox başqa məsələlərdə uduzuruq. Məsələn, təşkilati məsələlərdə… sənət təfəkküründə… entuziazmda… Bir də ki, kreativlikdə!

Amma sənətkar hər yerdə sənətkardır, mədəniyyət və incəsənətin isə sərhəddi yoxdur. Odur ki, gürcü şərabı ilə dolu sonuncu badəni qaldırıram sənətin və sənətkarların sağlığına!

 

 

Elçin Cəfərov,

Teatrşünas

 

Kaspi.- 2012.- 6-8 oktyabr.- S.22.