Yazıçı siyasətin
ayağına getməməlidir
Azad Qaradərəli:
«Mən məmur kimi ədəbiyyatla məşğul
olanları, ədəbiyyatın şöhrətindən
yararlanmaq istəyənlərə xor baxıram»
Azad Qaradərəli
1955-ci ildə Zəngilan rayonunun Qaradərə kəndində
doğulub. Pedaqoji Universitetin filologiya fakültəsini bitirib.
Bir müddət müəllim işləyib. 1993-cü ildə
Zəngilanın ermənilər tərəfindən
işğalından sonra ailəsilə birgə Bakıda
yaşayır. Uzun müddət Azərbaycan dövlət
radiosunda çalışıb. İlk nəsr kitabı
1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə
başlayan “Yazı” ədəbiyyat dərgisinin baş
redaktorudur. Azad müəllimin çox maraqlı hekayələri
var, “Ulartı” adlı hekayəsi isə mənim fikrimcə,
Qarabağ haqqında bu günə qədər
yazılmış ən gözəl əsərlərdən
biridir. Azad müəllimlə həmsöhbət olmaq xoş
idi bizə.
- “Yazı”
jurnalının ərsəyə gəlməsi hansı zərurətdən
doğdu?
- Jurnalı
zamanımız və mühitimiz özü tələb elədi.
Mən deməzdim ki, jurnalı təkcə mənim əməyimin
nümunəsidir, yox. Bildiyiniz kimi, jurnal kollektiv əməyin
bəhrəsidir. Bu jurnal ətrafında Eyvaz Zeynalov, Rəhim Əliyev,
Aslan Quliyev, Əlabbas, Aydın Tağıyev, Şöhrət
Qaraoğlu kimi ciddi imzalar toplaşıb. Mən onlara güvənib
bu jurnalı çap etdirirəm, özü də bu jurnal
heç bir maddi dəstəksiz çap olunur. Və biz
artıq bir ilə yaxın müddətdə adamlara göstərməyə
çalışdıq ki, sponsursuz da jurnal buraxmaq olar.
Bir dəfə Rəhim
Əliyevin bağında oturub yeyib-içirdik, Rəhim dedi
ki, Dostoyevski qardaşı ilə birgə jurnal çap
etdirib. Mənə çox maraqlı gəldi, Dostoyevski kimi
adam oturub başqalarının yazılarını
oxuyurmuş. Yəni istedadlı adamlar həm də zəhmətsevər
olur.
Mənim
yazılarımı ilk dəfə Sabir Əhmədli çap
edib, o kişi mənim xeyrixahım olub, Əkrəm Əylisli
yazılarımı çap etməsə də, mənə məktublar
yazıb ürək-dirək verib. Sonralar çətin
çap olundum. Bu gün “Ədəbiyyat” qəzetində
çap olunmaq mənimçün maraqsızdır,
çünki o qəzetin səviyyəsi məni qane etmir.
“Ulduz” jurnalı daha çox gənclərin jurnalıdır,
istəsələr də çap olunmaram ta. “Azərbaycan”
jurnalında da az-çox yazılarım çap olunub, amma
gec çap olunub. “Yazı” jurnal isə daha çox 70-ci illərin
sonu 80-ci illərin əvvəli ədəbiyyata gələnlər
yazarların jurnalıdır. Amma biz bütün bunlarla
yanaşı, gənclərə də hər nömrədə
yer ayırırıq, məsələn sənin, Şəhriyar
Hacızadənin, Bəxtiya Hidayətin, Cavidanın və s. gənclərin
şeirlərini çap etmişik. Bəxtiyar Hidayətin
şeirlərini çox sevirəm, amma onun şeirlərində
bir siyasi motiv var ki, o Bəxtiyarın potensiyalının tam
açılmasına mane olur. Yazıçı siyasətin
ayağına getməməlidir, yazıçı elə etməlidir
ki, siyasət onun ayağıana gəlsin.
Yazıçının siyasəti, siyasi düşüncəsi
yazılarında açıq və birmənalı
olmamalıdır. Gərək yazıçı siyasətdən
yazanda elə yazsın ki, siyasət onu uduzdurmasın.
Bundan başqa, hər
nömrəmizdə “Güneydən səslər”
rublikasında Güney Azərbaycan şairlərindən
seçmələr veririk. Eləcə də, müxtəlif
tərcümələr veririk. Dünyanın
yönünü tutmağa çalışırıq, əgər
biz dünyaya arxamızı demirəm, bir balaca
böyrümüzü çevirsək, böyük faciələrlə
üzləşə bilərik. Gərək elə edəsən
ki, dünyadan geri qalmayasan.
Jurnalda “Semiotika
labarotoriyası” adlı xüsusi bölüm var ki, burda
elmi-intellektual yazıların çapına yer
ayırırıq. Maraqlı nəsr əsərləri də
dərc edirik. Mənə elə gəlir ki, bu gün Azərbaycan
nəsri ən təmiz və ən güclü
dövrünü yaşayır. Çünki Sovet
dövründə yaxşı əsərlərlə
yanaşı axmaq əsərlər də çox çap
olunub. Ona görə də gərək biz bu gün elə
çalışaq ki, əlimizdə olan imkanlardan faydalı
yararlanaq. Yalnız belə halda uğur əldə etmək
olar. Əgər bir jurnalda üç nəsr əsərindən
biri yaxşıdırsa, deməli, o jurnalı oxumağa dəyər.
- Bugünkü ədəbi
orqanlara və təmayüllərə qarşı münasibətiniz
necədir?
- Bu gün Azərbaycanda
üç cür qruplaşmalar var. Birincisi AYB-çilər,
ikincisi AYO-çular və bir də müstəqil
yazıçılar. AYB-də təəssüflər olsun
ki, yaxşı mənzərə görmürəm. Mən də
istəyərəm ki, o orqan yaxşı bir ədəbi orqan
olsun, mən də oranın üzvü, təmsilçisi
olum. Heç bir ədəbi qrumun üzvü deyiləm. Məni
AYB-ə üzv olmağa dəvət ediblər son dövrlərdə,
amma getməmişəm. Gənc vaxtı mən sənədlərimi
vermişdim, amma sənədlərimi it-bata saldılar. Sonra da
maraqdan düşdüm. Bu gün AYB-də bir buxov var, onlar həmin
buxovdan azad ola bilmirlər. AYO-da isə az da olsa yaxşı
yazarlar var. Məsələn, Aqşin çox gözəl
şairdi. Amma onun nəsr əsərini qəbul eləmirəm.
Nasirin şeir yazmasını, şairin nasirlik etməsi mənə
doğru görünmür. Hüqo da şeir yazırdı,
amma heç kəs ona şair demədi. Mən çox istəyərəm
ki, Azərbaycanda elə bir təşkilat olsun ki, ya
bütün yazıçıları bir yerə toplaya bilsin,
ya da heç bir təşkilat olmasın
Üçüncü
qrup isə mənim kimi heç bir qurumun üzvü olmayan
yazıçılardan ibarətdir. Hər üçündə
istedadlı adamlar var. Mən bircə məmur kimi ədəbiyyatla
məşğul olanları, ədəbiyyatın şöhrətindən
yararlanmaq istəyənlərə xor baxıram. Şərəf
Rəşidov Özbəkistan Kommunist partiyasının birinci
katibi idi, romanlar yazırdı, amma yadda qalmadı. Amma eyni
sözü Mirzə İbrahimaova demək olmaz. O vəzifə
tutmamışdan əvvəl də, vəzifədə olanda
da, lap sonralar da yazıçılıqla məşğul
oldu. Eyni sözlər Anar və Elçinə də aiddir,
onlar peşəkar yazıçıdırlar. Amma ədəbiyyatda
qalmaq istəyən məmurlar da var. Onlar yazmaqdansa ədəbiyyata
sponsorluq eləsələr daha yaxşı olar. Onlar jurnal-qəzet
buraxdıra, gənc, evi olmayan yazıçılara ev alıb
bağışlasalar daha böyük iş görmüş
olarlar. Bu faktdır ki, gün ədəbiyyatla dolanmaq
mümkün deyil.
- AYB-dən ən
narazı olan ədəbi nəsil 80-cilər olması və
ordan sanki uzaqlaşdırılan yeganə nəslin də məhz
80-cılar olması təsadüfüdürmü?
- Yox,
bütün bunlar təsadüfü və səbəbsiz
deyil. Çünki biz 60-cılarla dandabana gəlirdik. Bizim ədəbi
nəsildən də özünə yer eləyənlər
oldu. O adamlar ki, yaxşı əsərlər yaza bilərdilər,
amma yazmadılar, əvəzində 60-cıların
yaradıcılığı haqda məqalələr
yazdılar, disertasiyalar müdafiə etdilər. Bu yolla özlərinə
yer elədilər. Bizim dövrün yazıçı və
şairləri Əkrəm Əylislinin, Anar, İsi Məlikzadə,
Bəxtiyar Vahabzadə, Mövlud Süleymanlı, Elçin,
Yusif Səmədoğlunun əsərlərinin havasında ədəbiyyata
gəlmişik. Amma ədəbiyyatda bir gözəl inkar qanunu
da var, əgər sən özündən əvvəlki nəsli
inkar etmirsənsə, onları özünə güzgü
hesab edirsənsə ta sənin yazmağının nə mənası
var ki?! Mən o vaxt özümü güclü bildim ki,
özümdən əvvəlki nəslin
yaradıcılığındakı boşluqları
özüm üçün təyin elədim. Sovet
dövründə mənim maraqlı bir hekayə
yazmışdım, o əsəri çap etmədilər. Deməli,
bir nəfər rəhmətə gedir, bir adət də var,
arvadlar ölənin paltarını araya töküb
ağlayırlar. Bu ölənin heç bir paltarı olmur,
dostu gedib dükançıya deyir: ver bu kostyumu aparım
ölünü ağlasınlar gətirib qaytararam.
Dükandar vermir ki, arvadlar kostyumu əzəcəklər,
göz yaşı tökülüb bulanacaq. Onda ölənin
dostu deyir, əgər sən ölsən sənin bir
paltarın varmı, arvadlar töküb yerə
ağlasınlar? Dükandar deyir ki, “yoxdu, bircə əynimdəkidi”.
Deyir mənim də elə əynimdəkidi. Yenə
üzünü dükançıya tutur: “Onda sən
heç bu paltarı satma, kimin ölüsü ölsə,
paltarı olmasa gəlib burdan aparıb ağlasınlar, sonra
da gətirib qaytarsınlar”. Bu hekayəni o vaxt jurnallara rəhbərlik
edən, indi isə özlərini disident kimi qələmə
vermək istəyən 60-cılar çap eləmədilər.
Biz onların qüsurlarını da, əsərlərindəki
boşluqları yaxşı bilirdik. Buna görə də
onlar bizi heç cür təsdiq eləməzdilər
(Yalnız 90-cı illərdə çap olundu o hekayə).
Tofiq Qəhrəmanov adında maraqlı
bir yazıçı var idi, o xarakiri elədi,
özünü doğrayıb öldürdü. O, bizim nəslin
faciəsini öz ölümü ilə
cavablandırmış adam idi. Öləndən sonra ona “Rəsul
Rza mükafatı” verdilər. Mən indi də başa
düşə bilmirəm ki, övladı da olmayan bu adama
mükafat verməyin mənası nə idi? Amma bütün
bunlarla yanaşı biz əlimizi-qolumuzu yanımıza qoyub oturmamalıyıq,
yazmalıyıq.
- İndi hansı əsər üzərində
işləyirsiz?
- Mənim “Şəhərcik” adlı
romanım var birinci cümləsi belədi: “Ölkəsi
ölkəcik, şəhəri şəhərcik olanlar bu
roamı oxumasın, bu roman kitabsızlar üçün
deyil”. Fransa boyda olan ölkəmizin kiçilə-kiçilə
hansı vəziyyətə düşdüyünü
hamımız yaxşı bilirik. Bir qədər qəzəblə,
kinlə yazılıb. O romanı bəlkə soyuq başla
baxmaq lazımdır, amma hərdən fikirləşirəm
ki, isti başla bizi oxuyan yoxdu, soyuq başla kim oxuyacaq? Amma
bütün bunlar məni bezdirmir, yazıram.
Yazıçı bütün ekstermal vəziyyətlərdə
yazmalıdır. Sənin bir xüsusiyyətin də xoşuma
gəldi ki, sən həbsxanadan əli boş gəlmədin,
oxuculara nəsə gətirdin. Mən həmişə
yazmışam, indi də “Kma-manıc çökəkliyi”
adında roman üzərində işləyirəm, ilk hissəsi
də “Yazı” jurnalında çap olunub.
- Sizcə, yazıçı qəhrəmanlarını
idarə etməlidirmi?
- Yazıçı əgər deyirsə
ki, mən əsəri idarə edəcəm, qəhrəmana
yol göstərəcəm, onda o yazı qurama alınacaq.
Puşkin deyir ki, “Mən qəhrəmanımı saxlaya bilmirəm
o, dekabiristlərin yanına gedir”. Məsələn, gənclərdən
Seymur Baycan bədii əsərində məqalələrindən
azad ola bilmir. Sanki o qarşısına məqsəd qoyur ki, mən
tamam fərqli olacam. Yazıçı məqsədini
qarşısına mane etməməlidir. Amma onun üç
gözəl hekayəsi var. Çox gözəl hekayələrdir.
Aslan Quliyevin düşüncəsi və əsərləri mənə
çox maraqlıdır. O bügünə qədər ədəbiyyatımızda
olmayan şeylərdən yazır. “Qızılquş və mən”
adlı romanının qəhrəmanı qızlquşdur,
onun əsərində hər şey danışır, dil
tapır. Yazıçı gərək ya ədəbiyyatda
olmayan şeyləri, ya da həmişə yanımızda
olub, amma ədəbiyyatda olmayan şeyləri gətirsin ədəbiyyata.
- Ədəbiyyatda hansısa problemləri
bəhanə gətirib özünə, yazmamağına haqq
qazandırmağa necə baxırsız?
- Normal qəbul eləmirəm. Məsəslən,
mən deyə bilərdim ki, qaçqın həyatı yaşamışam,
evim olmayıb, yazmaq üçün çox az vaxtım olub
və s. Amma belə deyil yazmaq üçün həmişə
fürsət var. Ola bilər ki, az yazasan, potensialın tam
açılmaya, amma uzaqlaşmağı qəbul eləmirəm.
Məsələn, bizim ədəbi nəsildən Fəxri
Uğurlu, Nəriman Əbdülrəhmanlı, Əliabbas,
Eyvaz Zeynalov, Aslan Quliyev, Aydın Tağıyev, Şöhrət
Qaraoğlu çox istedadlı adamlardılar, onların
çox problemləri olub, amma həmişə gözəl əsərlər
yazmaqdan qalmayıblar. Yazıçı heç bir bəhanəyə
yol verməyən adamdır.
- Sizin əsərlərinizin dili şəhdi-şirəlidir,
özü də kənd ifadələri ilə doludur. Bu
gün Sovet ədəbi tənqidinin dili ilə desək “kənd
nəsri” itməkdədir. Sizcə, bu günkənd nəsrinin
olmaması nəylə bağlıdır?
- Ədəbiyyat hər şeydən qabaq
dil hadisələridir. Mən yazarkən o şəhdi-şirəli
sözlər qoşun kimi tökülüb gəlir.
Yazıçının içində oturan bir mən var, əsl
yazıçı odur, sən onun diktəsi ilə
yazmalısan. Mənim əsərlərimin şirin dili anamdan
və bu gün itkin olan kəndimizdən gəlir. Bu gün
dünya ədəbiyyatının təsiri gənclərin əsərlərində
aydın hiss olunur. Bu yaxşıdır, amma üzünü hərdən
bəri də çevirmək lazımdır ki,
yadlaşmayasan.
Söhbətləşdi:
Fərid Hüseyn
Kaspi.- 2012.- 6-8
oktyabr.- S.15.