Rəqabət bundan sonra başlayacaq
Kinorejissor Rövşən İsax:
“Özüm serial
çəkənə kimi heç
vaxt seriallara
baxmamışdım”
Ölkə başçısının milli serialların çəkilməsi ilə bağlı məlum sərəncamından sonra telekanalların efirinə çıxan seriallardan birincisi “Pərvanələrin rəqsi” oldu. ATV kanalında yayımlanan serial təbii ki, birmənalı qarşılanmadı. Filmi baxımlı hesab edənlərlə yanaşı, uğursuz adlandıranlar da oldu. Filmin rejissoru Rövşən İsax yaradıcılıq işinin həmişə mübahisəli olduğunu istisna etməyərək ekran əsərini uğurlu hesab edir.
Serial çəkmək asan deyil
- Azərbaycanın serial bazarına necə qatılmısınız?
-
İlk dəfə serial çəkmə təklifini Xəzər
televiziyasından almışam. Onda
hələ milli serialların çəkilişi
ilə bağlı ölkə başçısının sərəncamı
yox idi. Mən
ümumiyyətlə, seriala baxan insan deyiləm, bu sahədə elə təcrübəm də
yox idi. Bu təklifdən sonra serial çəkilişləri ilə
maraqlandım və 6 ay sərasər Vüqar Əmirovla birlikdə serial
çəkilişinə hazırlaşmağa
başladım. Hətta bu müddətdə
Azərbaycan tamaşaçılarının daha
çox sevdiyi türk seriallarına baxdım. Onu xatırladım ki, heç vaxt türk seriallarına baxmamışam. Ancaq serial çəkməyə
başlayanda “Kuzey Güney” serialının 8 seriyasına və
“Ay tutulması”nın bir
neçə bölümünə baxdım. Searialları seyr etməyimin əsas məqsədi isə həmin
serialın senarisi, musiqi
işi ilə tanış olmaq
idi. Xəzər televiziyasının təklifindən
sonra ”Pərvanələr rəqsi”
serialının süjetini çəkməyə
qərar verdim. Bunun üçün peşəkar ssenarist
axtarmağa başladım. Bir neçə ssenaristlə görüşdük
və nəhayət, Arzu Soltanla
razılaşdıq. Yaxşı ssenaristlərimiz çoxdur, amma kimisinin qələmi, kimisinin
yaşı, kimisinin də iş
qrafiki buna imkan vermirdi. Sonda seçimimizi Arzu xanımla bağladıq. Bu
ərəfələrdə ATV telekanalından mənə serial çəkmək üçün
təklif gəldi. Düzdür, bu fikri mənim beynimə
Xəzər televiziyası salmışdı, amma
onların təklif etdikləri şərtlər məni qane etmədi. ATV-də isə bunun
tam əksi oldu:
yaradıcılıq sərbəstliyi. Bunun
üçün də yaradılan imkanlar məni qane etdi. “Əgər biz sizi serial çəkməyə
dəvət ediriksə, deməli, sizə güvənib və
qabiliyyətinizə etibar edib
dəvət edirik” - deyə mənə
söylədilər. Ona görə də
biz ATV-ni seçdik və bu şəkildə
Azərbaycanın serial bazarına daxil olduq.
-
Telekanalların özünün serial çəkməsinə
necə baxırsınız?
-
Dünya praktikasında, yəni serialların mənbəyi
olan Rusiyada, Türkiyədə belə bir şey yoxdur. Televiziyanın
özü serial
çəkmir. Bütün müəllif
verlişləri, bədii sənədli verlişlər, bədii-televiziya
filmləri və s. - hamısını prodakşnlar istehsal edərək
televiziyaya təhvil verir.
Biz isə Azərbaycanda bunun
tam əksini görmüşük.
Mənə elə gəlir ki, bu, televiziya üçün çox
çətindir. Çünki
telekanalın özünün film çəkməyi konkret
bir işçi qrup, yaradıcı qrup tələb
edən işdir. Filmin bəstəkarı, operatoru, montajçısı, aktyoru
gərək hər gün münasibətdə
olsunlar ki,
yaxşı bir iş
ərsəyə gəlsin. Ümumiyyətlə, serial çəkərkən
çalışmaq lazımdır ki, birinci seriya, ikinci seriyadan sözün yaxşı mənasında fərqlənsin
ki, serial inkişafa doğru gedə
bilsin. Bundan ötrü də az
öncə qeyd etdiyim,
yaradıcı münasibət lazımdır. Televiziya
deyəcək ki, bizim
səs rejissorumuz budur,
bəstəkarımız filankəsdir, rejissor
da deyəcək ki, mən
filankəslə işləmək işləyirəm. Onda deyəcəklər ki,
o bizim televizyada
işləmir axı. Belə olan halda, mənə elə gəlir ki, prodüser mərkəzləri
çəksə, yaxşı olar.
- Belə
ehtimal var ki, Azərbaycan serialları artdıqca,
tamaşaçılar xarici teleseriallardan imtina edəcəklər.
Sizcə, bu ehtimal doğrudurmu?
- Mənə elə gəlir ki, bu ehtimal doğrudur.
Mənim sevmədiyim bir cümlə var ki, indi
hamının dilinə
düşüb: ”Bizim aktyorlarımız oynaya bilmirlər, yaxud da Azərbaycanda
yaxşı aktyor yoxdur”. Bu fikirlə
heç razı deyiləm. Bu günə qədər bizdə seriallar demək olar ki, çəkilmirdi.
İndi
serial çəkən insanların
hamısını alqışlayıram.
Bu günə qədər
kim serial çəkibsə, onların
işlərinə heç
bir söz deyə bilmərəm. Bu özü böyük
bir təşəbbüskarlıqdır.
İnsanlar zəhmətə qatlaşıblar. Təsəvvürünüzə gətirə bilərsinizmi,
serial çəkmək necə
çətin bir işdir. Hər baxımdan bu göründüyü kimi
asan iş deyil. Getdikcə şəhərimiz gözəlləşəcək, 3-4 ilə Bakı Parisdən də gözəl şəhər
olacaq. Bu gözəllik təkcə
şəhərimizlə deyil,
serillarımızla da
özünü göstərə
biləcək.
Zəhmət, gərgin iş
və istedad
- İlqar Fəhminin
povesti əsasənda
“Aktrisa” filminə quruluş vermisiniz. Bu filmdə həm aktyorluq etmsiniz, həm də rejissorluq. İki vəzifəni daşımaq
sizə çətin
olmadımı?
- “Aktrisa” filmi oktyabr ayında “Nizami” kino mərkəzində
geniş tamaşaçı
qarşısında nümayiş
olunacaq. Bu əsəri
oxuduqdan sonra çox bəyəndim və həmin əsərə müraciət
etməyi qərara aldım. Film povestdən çox fərqlidir, əsəri oxuyanlar bunu daha aydın görə bilərlər.
Bu ideyanı Mədəniyyət
və Turizm Nazirliyinə təqdim edəndə İlqar Fəhmi ilə görüşdüm və
ona bəzi epizodları dəyişmək
şərti ilə “Aktrisa” əsərini nazirliyə təqdim etmək istəyimi bildirdim. İlqar Fəhmi təklifimi
çox gözəl qarşıladı. Hətta
“Əsərin külli-ixtiyarını
sənə verirəm”
dedi. Sonradan ssenarini birlikdə
işləməyi təklif
etdi və mən də böyük məmnuniyyətlə
qəbul etdim. Qeyd edim ki, ilk gündən
bir-birimizi başa düşdük. Bu filmdə bütün zehnimi, bacarığımı
nümayiş etdirmişəm,
indi nə dərəcədə yaxşı
və ya pis alındığını
tamaşaçılar söyləyə
bilər. Bircə onu
deyə bilərəm
ki, “Aktrisa” boz və simasız
film deyil.
- Hazırda serial bazarında
rəqabət böyükdürmü?
- Seariallar arasında rəqabət hələ bundan sonra başlayacaq.
O, sözü demək
tezdir hələ. Prezidentin sərəncamından sonra
sözün ciddi anlamında serial çəkilməyə
başladı. Bunun nəticəsi
olaraq ekrana seriallar çıxır.
Nə xoş ki, həmin
sərəncamdan sonra
ilk serial yayımlayan biz olduq.
“Pərvanələrin rəqsi” ilə efirdə göründük.
Sonra “Sirr” serialı efirdə göründü.
Hazırda televiziya kanallarında
serialların sayı artmaqdadır. Serialla məşğul
olduğum üçün
televiziyaya baxmağa imkanım yoxdur. Təsəvvür edin ki, biz sutka ərzində 18 saat çəklişdə
oluruq.
- Serial çəkmək asandır,
yoxsa tammetrajlı
film?
- Əslində serial çəkmək
çətin görünsə
də, bu belə deyil. Düzdür, hərəsinin öz çətinlikləri var,
ancaq film çəkmək
serial çəkməkdən qat-qat çətindir.
Ümumiyyətlə, kino sənəti
çətin sahədir.
Bu sahədə işləyənlərdən
zəhmət, gərgin
iş və istedad tələb edir.
Xəyalə Rəis
Kaspi.- 2012.- 6-8 oktyabr.- S.12.