“Ən yeni ədəbiyyat” seriyası - ədalətin
zəfəri
XXI əsrin
başlanğıcında ölkənin ictimai həyatının
bütün sahələrində baş verən yüksəliş
maddiyyatın inkişafı ilə yanaşı mənəviyyatımıza
da öz təsirini göstərdi. Mədəniyyət və
incəsənətdə, o cümlədən ədəbiyyatımızda
on ildən çox davam edən durğunluğa son qoyuldu. Ədəbi
orqanlarda, mətbuat səhifələrində fərqli imzalar,
fərqli əsərlər meydana çıxmağa
başladı.
Yenilər köhnə qaydalarla fəaliyyət
göstərmək istəmədilər. Köhnələr isə
yeniləri qəbul etmədilər. Belə olanda yeni imza sahibləri
- cavanlar bir-neçə yaşlı yazar ilə birlikdə
Yazıçılar Birliyinə alternativ qurum yaratmağı
qərara aldılar. Nəticədə
2001-ci ildə Azad Yazarlar
Ocağı yaradıldı.
Doğrudur bu qurum yaradıldığı vaxtdan
xeyli illər keçsə də dəfələrlə
edilən müraciətlərə əhəmiyyət verilməyərək
Ədliyyə Nazirliyi tərəfindən
qeydə alınmayıb. Son dövrlərdə
AYO-nun fəaliyyəti zəiflədiyindən
az qala yox
kimidir. Amma sayı
40-50 nəfər olan bu
qurumun tarixi cəhətdən
son on ildə ədəbiyyatın
inkişafındakı oynadığı rol
danılmazdır. Xüsusilə, onların “Alatoran”
adlı yurnal yaratmaları, xeyli kitablar çap etdirməklə cəmiyyətdə
özlərinə mövqe qazanmaq istəmələri
Yazıçılar Birliyində mürgüləyən,
özündən razı yazarlarımızı hərəkətə
keçməyə vadar etdi.
Məhz bundan sonra yaşlıların gənclərə
münasibəti bir qədər
yumşaldı. Onlara ehtiram
bəsləyən cavanları vəzifələrə gətirdilər.
İyirmi – otuz yaş arası üzvlərin olmamasını
aşkarlayıb dalısıyca Gənc Ədiblər Məktəbi
yaradıldı.
Qısaca
desək, qurumların bir – birinə
barışmaz mövqeyindən ədəbiyyatımız
qazandı. Gənc yazarlar üçün
bu dövrdə kitab çap etdirmək heç
də asan deyildi. Belə
ki, kitabın çapından sonra təbliği, yayılması,
satışı ilə bağlı sovet
dönəmindəki işlək sistem ləğv
olunmuşdu. İndi
kitabına görə bütün bu sadalanan işlər ilə
özün məşğul olmalı idin. Bu da
olduqca əziyyətli bir
iş idi.
Nəhayət,
2009-cu ilin sonuna
yaxın Şahbaz Xuduoğlu
adlı naşir bu əzablı
işi boynuna götürdü və “Ən yeni
ədəbiyyat” seriyasından kitablar nəşr
olunmağa başladı. Demək olar ki, bundan
sonra kütləvi informasiya
vasitələrində, insanlar arasında
“Ən yeni ədəbiyyat” məfhumu brend dərəcəsində
tanındı.
Seriya başlayarkən hələlik
on bir müəllifin
kitabının çap ediləcəyi bildirilmişdi. Müəlliflər
sırasında üstünlük
“ayoçu”ların olsa da,
“Alatoran” jurnalında olduğu
qaydada başqalarına qarşı qadağa, məhdudiyyət qoyulmadı. Əsas
şərt təqdim olunan əsərlərin
“yeni meyarlarla”
yazılması idi. “Qanun”
nəşrlər evinə edilən sorğular
zamanı “Ən yeni ədəbiyyat”ın
bədii-estetik tələbləri dəqiq müəyyən olunmasa da, buradakı əsərlərin
başqa yazılarla oxucular
tərəfindən fərqi jarqon ifadələrin,
söyüşlərin, açıq-saçıq, erotik təsvirlərin bolluğu
ilə qavranılırdı. Belə hesab
edilirdi ki, kim bu sayaq
yaza bilirsə, ən yeni
ədəbiyyatçıdır. Yaza
bilmirsə, demək köhnə ədəbiyyatı davam etdirəndir.
2009-cu
ilin noyabr ayından ,
növbəti ilin noyabrınadək – bir il ərzində 7
müəllifin kitabı oxuculara
çatdırıldı. Oxucuların marağı əvvəlcə
seriyanın birinci çapdan
çıxan Aqşin Yeniseyin
“Cənnətdə teror aksiyası”
kitabına idisə, sonradan üstünlük Sevinc Pərvanənin
“Şəhər”inə keçdi. “Şəhər”də qaldırılan bir çox müasir qayğılar, problemlər gənclərin
zövqünü oxşamasına baxmayaraq, əxlaq hissinə məhvedici təsirinə
və janr
çatışmamazlıqlarına görə geniş oxucu rəğbətini
qazana bilmədi.
“Qanun” nəşrlər evindən
aldığım məlumata görə ən çox
satılan Pərviz Cəbrayılın “Yad
dildə” kitabıdır. Yeganə kitabdır ki,
birinci nəşri satıldığı
üçün ikinci
dəfə də çap olunub.
Lakin, “Ən yeni ədəbiyyat”ın
bir çox
kitabları sırasından bu kitab da adi
oxucular üçün
yazılmayıbdır. Təkrar nəşrdə yazılan ön sözdə də deyilir:
“Roman ədəbi hazırlığı olan oxucular üçün
nəzərdə tutulub.”
Seriyanın
ikinci ilində kitabı çıxmayan gənc
yazarların əsərlərindən ibarət “Ən yeni ədəbiyyat” almanaxını buraxmaq fikri ortalığa
çıxdı. Sonra almanax
ideyası daha bir
seriyanın – “1-ci kitablar”
seriyasının çıxması ilə əvəz olundu. (Bu seriya
ilə son iki ildə
9 kitab çap olunub.)
Təbii
ki, bir çox
hallarda olduğu kimi “Ən yeni ədəbiyyat”
layihəsində də yazarların eyforiya
hissləri uzun sürmədi. İkinci ilin
yarısında AYO-nun
yaradıcılarından biri olan Rasim Qaraca
“Ən yeni ədəbiyyat”
seiyasının iflasa
uğradığını bəyan etdi. Qənaətini
“orada azad
yazıçı düşüncəsindən kənar, ikinci dərəcəli yazarları çap etməyə başlayıblar” fikri ilə əsaslandırdı. Əlavə
olaraq müəlliflər adından layihənin
əvvəlində olan şəffaflığın
tədricən yox olduğunu
qeyd etdi. Şahbaz Xuduoğlu deyilən
sözlərin əsassız olduğunu
cavablayıb şəffaflığın itməsinin
günahını “vergi xofu
ilə yaşayan” dükanların üstünə
atdı.
Hələ
bu bəyanatlardan yarım il
qabaq adları çəkilən şəxslər
arasında ciddi narazılıq
yaranmışdı. Şahbaz bəy
Qaracanın yeni fəaliyyətə başlayan “Ən yeni ədəbiyyat”
saytına Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının dəstək
verməsinə
etiraz edərək səbəbini bu adın rəhbərlik etdiyi
“Qanun” nəşrlər evinə mənsub
olması ilə izah etmişdi.
Qaraca da öz növbəsində “Ən yeni ədəbiyyat” ideyasının
ortaqlığını bildirmişdi: “Mən
bu sayta Şahbazla birgə
başladığımız layihənin davamı kimi baxıram”. (Bu ilin iyul ayından saytda yeni materialların
yerləşdirilməsi dayanıb.)
Onun seriyanın iflasa uğraması barədə
çıxışı elə bir vaxta təsadüf etmişdi
ki, artıq müəlliflərlə naşir arasında maliyyə şəffaflığının
olmamasına dair söz-söhbətlər
mətbuatda da görünməyə
başlamışdı. Birinci il hər ayın sonunda “Qanun” nəşrlər evinin elan
etdiyi ən çox
satılan kitablar siyahısında bu müəlliflərin adları ön sıralarda gedirdisə, həmin söhbətlərdən
sonra onlar ya siyahının sonunda
göründülər, ya da ümumiyyətlə siyahılara düşmədilər.
(İndiyədək “Ən yeni ədəbiyyat”
seriyasından 19 müəllifin 20
kitabı çap olunub.)
Yuxarıda
adlarını çəkdiyim o üç kitabdan
savayı, (seriyada 4-cü müəllif olan Rasim Qaracanın “Əyri
evin qadını” kitabından başlayaraq) qalanlarını ictimaiyyət, oxucu kütləsi necə qarşıladı,
neçə faizi satıldı və ya satılmadı, ətraflı
açıqlanmadığından aqibətləriini kimsə
bilmədi.
(Yalnız bir neçə kitab
Azadlıq radiosunun “Oxu
zalı”nda tənqiçilər tərəfindən
müzakirə edildi.) Baş
verən qeyri-müəyyənlik kitabının zəif olduğunu duyan bəzi
müəlliflərə də utanmamaq üçün sərf etdi.
Qaracanın iddia etdiyi
sayaq seriyaya digər dərəcəli
müəlliflərin qoşulması, əslində iflas deyil, “ədəbiyyat
selinin” yatağının genişlənməsini,
onun durulmasını tezləşdirdi. Beləliklə də “Ən yeni
ədəbiyyat” seriyası ilə ədəbi mühitdə sanki, müstəqilliyimizdən
başlanmış çalxalanma bitdi: yağı, ayranı ayrıldı. “Qanun” nəşrlər evi
müasir, yeni ədəbiyyatın
inkişafı naminə Yazıçılar Birliyinin
bacara bilmədiyi böyük
bir missiyanı yerinə yetirərək ədalətin
zəfərini təmin etdi..!
On il əvvəl
hisslərinin təsiri ilə coşan,
yaşlı nəsli, onların yazdıqlarını bəyənməyən
gənclər, bu gün
güvəndikləri gələcəklərinin on ilini itirib
yaşlaşmış və xeyli
müdrikləşmişlər. Ötən illər ərzində,
artıq oxucular da onların yeni, modern hesab
elədikləri potensialını görmüş,
özləri də nəyə malik
olduqlarını anlamışlar. Xalq sevgisini qazanmağın elə də asan olmamasını dərk etmişlər. Çox vaxt saymaq istəmədikləri “kütlə” necə,
bu gün onların
adlarını saya bilirmi..?
Dəfələrlə
kitabsatanlardan eşitdiyim
həqiqəti sentyabr ayının əvvəlində
“Oxu zalı”ndakı aparılan sorğu bir daha təsdiqlədi: adi oxucular ən çox (seriyada iştirakçı olmayan)
Çingiz Abdullayevin,
Elxan Elatlının, Varisin,
Qaraqanın kitablarını alırlar... Şübhəsiz, bu müəlliflərin kitabları ən yeni dövrün ədəbiyyatında
aparıcı mövqelərdədir.
Sözümün sonunda
isə yaxın aylarda “Ən yeni ədəbiyyat” kitab
seriyasının üç
yaşını qeyd edəcək “Qanun” nəşrlər evinə
başladığı mütərəqqi işi
uğurla davam etdirməsi
üçün müvəffəqiyyətlər
arzulayıram.
Rövşən Yerfi
Kaspi.-
2012.- 29 sentyabr – 1 oktyabr.- S.24.