Payızı görməyə getmişdim 

 

...Mən rəssam olsaydım

payız şəkli çəkərdim...

Yaşıl yarpaqlarını,

çiçək-çiçək arzularını itirmiş

təbiətin bir parçasını-

payızı kətana köçürərdim...

 

***

 

...Kəndimizə getmişdim-payızı görməyə. Darıxmışdım payızdan ötrü. Şəhər məndən inciməsin. Mən burda payızı görə bilmirdim. Hara baxırdımsa yaşıl zeytun ağacları, həmişəyaşıl şam, küknar ağacları görürdüm. Parklardakı yamyaşıl gül kolları mənə baharı xatırladırdı, payızı yox. Hərdən asfaltın üstünə səpələnən sarı yarpaqları görəndə payızın çoxdan girdiyini xatırlayırdım. Amma payızı görə bilmirdim, payızın nəfəsini duya bilmirdim şəhərdə. Arabir vıy-vıy vıyıldayan Bakı küləyi nəsə pıçıldamaq istəyirdi mənə payız haqda. Amma küləyin öz vıyıltısı qoymurdu onun mənə dediklərini eşidəm.

Payızın sonlarında payızı görməyə getmişdim. Payız- sevdiyim fəsil! Niyə bu qədər çox sevirəm payızı? Deyə bilmərəm. Bəlkə də ona görə ki, şeirlərimin çoxunu bu fəsildə yazmışam. Şeirlərimin doğum tarixidir payız! Küləyin, yağışın dumanın, sarı, qızılı yarpaqların, ayaq altda qalıb əzilmiş otların mənə şeir pıçıldadıqları fəsildir payız! Şeirlərimdən payızın iyi, payızın nəfəsi gəlir.

Niyə sevirəm payızı? Bəlkə də ona görə ki, əl dəyməmiş yerə tökülən payız yarpağı kimi kövrəyəm özüm də. Bəlkə də ona görə ki, özümü payızda hiss edirəm həmişə. Nə bilim...Sevirəm payızı...Sevdiyimi görməyə getmişdim.

 

...Mən rəssam olsaydım,

çılpaq ağacların ümidinə qalmış,

ağlamaqdan gözləri qızarmış,

yaza gedən yolu üstə qış dayanmış

təbiətin sarı saçlı bir qızını-

payızı çəkərdim!

 

Payızı görməyə getmişdim. Çılpaq qalıb üşüyən budaqlara ürəyimi açmağa getmişdim. Payız yağışlarından gözləri nəmli, küskün payız güllərini bağrıma basmağa getmişdim.

 

...Siz ki dünyaya təzəcə göz açmısınız-

təzəcə açılmısınız.

Bəs nədən belə pərişansınız?

nədən gözüyaşlısınız,

payız gülləri?

 

***

 

Payız yağışımı isladıb sizi?

Küləklərmi töküb ləçəklərinizi?

Bülbüllərmi aldadıb sizi?-

Bəs nədən belə pərişansınız,

gözüyaşlısınız,

payız gülləri?

 

***

 

Getmişdim payız güllərinin göz yaşını silməyə, onların dərdinə şərik olmağa getmişdim. Onlarla söhbət etməyə getmişdim.

 

...Ağlamayın, həyatdan küskün olmayın,

Qəmli duruşunuzla ürəyimə od salmayın,

payız gülləri!

Məhəbbətimlə sizi də isidərəm,

Dərdinizi mənə deyin, eşidərəm,

payız gülləri,

payız gülləri!

 

***

 

Hələ yolda olarkən gördüm payızı. Yol qırağındakı yarpaqlarını tökmüş ağaclar mənə payızdan xəbər verirdi. Amma builki payızı mən öz ata yurdumuzda daha yaxşı gördüm. Hələ tam saralmamış yarpaqların arasından saralan heyvalar mənə payızdan xəbər verirdi. Həyətimizdəki o yekə şahtut ağacının altına tökülmüş, artıq

xəzələ dönmüş yarpaqlar payız ömürlərini yaşayırdılar. Yarpaqlarını tökmüş, üstündəki günəş rəngli meyvələri işıq saçan xurma ağacları qəmgin-qəmgin mənə payız haqda danışırdılar.

Meyvələri yığılmış, uzunsov yarpaqları saralmış, kövrəkləşmiş nar ağacından kövrək yarpaqlar yağış kimi başıma yağanda bütün ruhumla, canımla hiss etdim payızı. Saçımdakı, paltarımın üstündəki sarı nar yarpaqları mənə payızı hiss etdirirdi. Yarpaqsız əzgil ağacının üstündəki əzgillər mənə payızın sona çatmaq üzrə olduğunu söyləyirdi.

İri yarpaqlı fındıq ağacımızın çılpaq budaqları, üstü xəzələ bənzər yarpaqlarla dolu qoz ağacımız mənə əyanı şəkildə payızı göstərirdi. Yel əsəndə yerə tökülmüş, heç kəsin gözünə görünməyən, yalnız mənim qismətimə düşən üstü qara qabıqlı qozları ağac altından götürdükcə builki payızı gec gördüyümə heyfslənirdim.

Çəpərimizi altına almış böyürtkən kollarının üstündəki kal, qırmızı böyürtkənlər isti yayın arxada qaldığını deyirdi mənə. Budaqları hər yana qol atmış qarağac ağacının altında üşüyəndə qışın yaxında olduğunu başa düşdüm.

Səhər yuxudan oyanıb hər tərəfi dumana bürünmüş görəndə, az sonra günəşi görəndən sonra şehə, suya dönüb məni aldadan duman da payızın bir mənzərəsini göstərirdi mənə.

Kürün sahilində sıralanmış əbrişim ağaclarının çılpaq budaqları, ayaqlarımın altında xışıldayan qurumuş yarpaqlar bir payız ömrünün sona çatdığını deyirdi. Arxların qırağında təmtəkcə qalıb ora-bura boylanan, hər yana yayılan yarpız payızla söhbət edirdi sanki. Elə bil təkcə qalıb üşüdüyünü söyləyirdi ona.

Payızı gördüm kəndimizdə. Ciyərlərimi payız havası ilə doldurdum. Hər yanda payızın ətrini duydum. Ruhumu payızla doldurdum.

Anamın qırışlarının sayı artmış sifətində, bir az da nazikləşmiş saçlarında, bir az da qəmgin görünən görkəmində duydum payızı. Atamı görmək üçün kənd qəbristanlığına gedəndə uzanan şoran yollar, soyuqdan üşüyən yovşanlar, qəmli-qəmli yırğalanan yulğunlar mənə payızı göstərirdi.

Atamın bir az da qocalmış başdaşı, qəbristanlıqdakı kimsəsizlikdən çürümüş, ovulmuş taxta başağacları bir payızın da arxada qaldığını, qışın yaxınlaşdığını deyirdi mənə.

Payızı gördüm. Payızın nəfəsini duydum. Ürəyimə yığdım neçə -neçə sarı yarpaqların qəmli nağıllarını. Payız yağışından gözləri nəmli payız güllərinin nəğməsini gətirdim şəhərə. Payızı gördüm. Şəhərə gəldim. Kəndin payızını gətirdim şəhərə.

 

...Mən rəssam olsaydım,

sevdiyi tərəfindən atılmış,

sonuncu ümidi də saralmış,

qız ikən qarımış

gözüyaşlı payız şəkli çəkərdim...

 

...Çəkdiyim şəklin üstünə,

saralmış yarpaqların üzərinə,

payızın ümidlərinə,

tumurcuq-tumurcuq yarpaqlar səpərdim-

Payız şəkli çəkərdim-

Rəssam olsaydım!

 

2003-cü il, payızın sonları,

Zərdab

 

 

Mahirə Abdulla

 

Kaspi.- 2012.- 29 sentyabr – 1 oktyabr.- S.21.