“VOLOŞIN SENTYABRI” 

  

10-cu beynəlxalq şeir simpozimundan düşüncələr

 

“Artıq şeir ölüb!”, “ Ədəbiyyat məhv olmaq üzrədir!”, “Poeziya daha kimə lazımdır?” ...Yaşadığımız bu çətin və qarmaqarışıq dövrdə bunlara bənzər cümlələri tez-tez eşidirik. Və hətta, bəzən bu kəlmələrin doğruluğuna inanmaq belə istəyirik.

Amma bu fikirlәr әdәbiyyat tarixinin dolanbac yollarında birinci dəfə deyil ki, ağıla gəlir. 1821-ci ildə Vyazemskiyə mәktubunda görün gәnc Puşkin nә yazırdı: “Nə deyirsiniz deyin, әsrimiz şairlәr әsri deyil. Tәәssüflәnmәyә dәymәz, amma yenә dә çox tәәsssüf! Əsil şairlәrin çevrәsi getdikcә daralır, oxucu yoxluğundan çox keçmәz ki, şeirlәrimizi bir-birimizin qulağına pıçıldayarıq. Buna da şükür!” Başqa bir önәmli Rus şairi Tyutçev baltanı kökündən vurmuşdu: “V naş vek stixi jivut dva-tri mgnovenya. Rodilis utrom, k veçeru umrut...” Bu örnəkləri, yaşadığımız zamana yaxın yazıldıqlarından önə çəkdim. Bütün bunlardan daha öncə Füzuli dədəmiz deməmişdimi: "Bir dövrdəyəm - nəzm olub xar."

Sonrakı әdәbi gedişatlar biz başqa hәqiqәtlәri diktə etdi: Neçə ki, dünya var və neçə ki, insanları düşünməyə vadar edən misralar vә bu misraları yazan şairlər dünyaya gəlirlər – nə şeir, nə də ədəbiyyat məhv olmayacaq. Şer dә yaralı cəngavər kimi, özündə güc tapıb yenə ayağa qalxacaq, yenә dә insanları heyrətə gətirəcәk. Çünki Baxsanın dediyi kimi, “Kitab öz dәyәrbiçilmәz yükünü hәssaslıqla daşıyan, zaman dalğalarında sәyahәtә çıxmış fikir gәmisidir”. Onun, qabarma vә çəkilmәlәrdәn, gözlәnilmәz qasırğalardan çəkinəcəyi yoxdur. Vә әlindә dәyәrli bir kitab olan adam heç zaman tənha olmaz.

Bu günlərdə iştirak etdiyim “Voloşin sentyabri “ 10-cu beynəlxalq şeir simpoziumu bu həqiqətin birbaşa təsdiqi idi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş, məsafələrə, yollara baxmadan yalnız Poesiya adlı bir ocağın işığına toplaşmış yüzdən artıq şairlə bir arada olmaq, həvəslə etdiklәri çıxışları eşitmәk vә onları böyük bir ilgi ilә dinlәyәn sәnәtsevәrlәri görmәk, insana həyatın hər bir məhrumiyyətini və acısını unutduracaq bir güc verirdi.

Sentyabrın 10-16 tarixlərində davam edən simpoziuma Türkiyədən, İsraildən, Polşadan, Amerika Birləşmiş Ştatlarından, Almaniyadan, Belçikadan, Estoniyadan, İrlandiyadan, eləcə də, Rusiyanın və Ukraynanın ən müxtəlif şəhərlərindən şairlər, yazıçılar, incəsənət xadimləri Koktebel şәhәrinә şeir işığına toplaşmışdılar. Tam 6 gün davam edən poeziya gecələrinin hər biri tədbirlərlə, yarışmalarla, toplantılar və çıxışlarala zəngin idi.

Bu simpoziumda doğma vətənimiz Azərbaycanı, Türkiyənin Çanaqqala şəhərində yaşayan sevimli şairimiz Məmməd İsmayıl və mən (Afaq Şıxlı) təmsil edirdik. Hər ikimiz Vətəndən uzaqda yaşamağımıza baxmayaraq ürəyi öz doğma torpağına bağlı olan türk övladı kimi, bu günlərdə çiynimizə düşən məsuliyyətin böyüklüyünün fərqindəydik.

Ayın 11-də M. Voloşinin ev muzeyinin həyətində, günəşli havada әdәbiyyat bayramının açılışı oldu. Gül-çiçək və yaşıllıqlar içәrisindәki bu hәyәtin aurası da bir başqaydı. Gərək Voloşinin sağlığında, gәrәksә dә ölümündәn sonra bu hәyәtә kimlәr gəlib getmәmişdi ki?!

Muzeyin həyətində ayrı bir ruh, ayrı bir atmosver vardı. Sanki mərhum şair özü buraya toplaşanlara xeyir-dua verirdi:

(1877-ci ilin may ayında Kiyevdə doğulan Maksimilian Voloşin (Maks) on üç yaşından şeir yazmağa başlamış, sonralar şair, rəssam və tərcüməçi kimi ün qazanmışdır.

Universitetdə təhsilini yarımçıq buraxan gənc Maks bəxtini Parisdə sınamaq qərarına gəlir. Parisdə okkultizmlə, mistik təlimlərlə maraqlanan keçmiş universitet tələbəsi, istedadlı şair və rəssam velosipedlə səyahətə çıxır, bütün Avropa şəhərlərini gəzib dolaşır, hətta yolu Misirə qədər uzanır.

Parisdə rəssam Marqarita Sabaşnikova ilə tanış olur və evlənir. Böyük maq və ekstrasens, əfsanəvi Rudolf Şteyner sevgililərə xeyir-dua versə də, bu kəbinin ömrü qısa olur, çox keçmədən Marqarita ilə Maksın yolları ayrılır.

O, inqilabi çevrilişlərə baxmayaraq Vətənə dönür və “Vətən – anadır, xəstə olarkən oğul öz anasının yanında olmalıdır!” - deyir.

Siyasətə qarışmayan sənətkar həyatı yaşayan Voloşin Qara dəniz sahilində, Koktebeldə anasına məxsus ərazidə öz layihəsi əsasında mülk tikdirir. Burda onun geniş emalatxanası və zəngin kitabxanası yerlәşirdi. Mülkün iki otağı anası Yelena Ottobaldovna üçün ayrılmışdı. Üçmərtəbəli binada otel odalarına bənzər daha on beş otaq mövcuddu. Bu otaqlar şairin sevimli dostları və müsafirləri üçün nəzərdə tutulmuşdu: zəmanənin görkəmli rəssamları, şairləri, yazıçıları, Bryuosov, Erenburq, Balmont, Aleksey Tolstoy, Qumilyov, Svetayeva, N.Rerix və başqaları bu evin qapısını tez-tez döyərdilər... Xəyalpərəst Voloşin öz evini əsl sənət məbədinə çevirmişdi.

1924-cü ildə Xalq komissarlığının icazəsi ilə, o öz evini Ədəbiyyat fondunun yaradıcılıq evinə çevirir. 1927-ci il martın 9-da, onun bütün gələcək çətinliklərini paylaşacaq və yaradıcılıq irsinə sahib çıxa biləcək bir qadınla - Mariya Stepanovna Zabolotskaya ilə evlənir.Dövrünün möhtəşəm şəxsiyyətlərindən biri olan, öz evini Yazıçılar İttifaqına vəsiyyət edən Maksimilian Voloşin 1932-ci il avqustun 11-də ikinci insultdan sonra vəfat edir. Öz vəsiyyətinə əməl edərək onu Koktebel yaxınlığındakı Küçük-Yanıçar dağının təpəsində dəf edirlər. Hər il yüzlərlə əbəbiyyatsevərlər, şairin poeziya qədər sevdiyi Qara dənizin sahilindən bir neçə daş götürüb (bir daha doğma sahillərdə gəzə bilməyəcək şairin vəsiyyətlərindən biri də bu idi) onun qəbrini ziyarət etmək üçün bu dağın başına çıxırlar.)

Bayramın açılışında çeşitli ölkələrdən gələn sənət adamlarına söz verilir və onlar da öz təbriklərini meydana toplaşanlara çatdırdılar. Məmməd müəllimin çıxış edəcəyi əvvəlcədən planlaşrılımışdı, amma bizə məlum olmayan səbəbdən ona məclisin sonuna doğru söz veriləcəkdi. O da hər zamankı kimi bu olumsuzluğu da öz xeyrinə çevirməyi bacaracaqdı. Çıxışına hamının təkrarladığı şablon cümlələrlə başlamaq əvəzinə: “Bizim toy məclislərində aşığın yaxşısını sona saxlayarlar, görünür məclisi aparan xanım əfəndi buna görə mənə sona yaxın söz verdi”, -dediyində məclisə mehriban bir gülüşmə düşdü və şairimizi həlә çıxışının əvvəlində alqışlamağa başladılar. Burada Məmməd İsmayıl nitqinin bütün detallarını sadalamaq fikrindən uzağam, amma bir fikrini yazmadan keçməyəcəyəm, əvvəla o məclisə toplaşanları, “bədnam qonşu”muzun nümayəndəsinin gözünün içinə baxa-baxa, yalnızca Azərbayacan yazarları adından deyil, həm də Türkiyəli yazarlar adından da alqışladı. Çıxışının sonunda dediyi fikirlər həqiqətən də diqqətə şayan idi: “Bir zamanlar Rus orduları Ərzuruma qədər şərqi Anadolunun böyük bir ərazisini işğal etmişdilər, Rus orduları Türk torpaqlarından çoxdan, Azərbaycandan isə iyirmi il öncə çəkilmək zorunda qaldı. Amma Rus ordularının deyil, Rus yazıçı və şairlərinin mənəvi təsiri Türkiyə və Azərbaycan coğrafiyalarında hələ də davam edir və yəqin ki sonuncu oxuyacaq adam qalana qədər də davam edəcəkdir. Bizim Afaq Şıxlı ilə M.Voloşin şeir festivalına gəlişimiz də bunun bir sübutudur! Dostoyevski demişkәn “dünyanı gözәllik xilas edәcәkdir!”

Məmməd müəllim istəyirdi ki, biz bu ədəbiyyat bayramında Azərbaycan poeziyasını ən yüksək səviyyədə dinləyicilərə çatdıra və ruhlarına aşılaya bilək. (...Gedişat göstərdi ki, heç bir çətinliksiz biz buna nail olacaqdıq).

Məmməd İsmayılın, onlarla ölkənin nümayəndələri arasında xüsusi hörmət və ehtiram mənbəyi olması məndə öz xalqımın böyük şairinə pərəstiş hissi oyatmaya bilmirdi. Və mən Azərbaycanımızın adının hər dəfə məhəbbətlə anılmasından, Azərbaycan bayrağının Simpozium afişalarında birinci yerdə həkk olunmasından qürur duyurdum.

Hər gün müxtəlif ölkələrin poeziya gecələri keçirilir və biz də imkan dairəsində bütün bu mərasimlərdə iştirak etməyə çalışır, vacib olan heç nəyi nəzərdən qaçırmırdıq.

Ayın 12-sində olan ən maraqlı tədbirlərdən biri - gözəl şairlər Viktor Hoffmanın və Qennadiy Kalaşnikovun çıxışları idi.

Öz qeyri-adi baxışları, dinləyiciləri hipnoza sala biləcək inamı ilə altmış iki yaşlı, ucaboylu Viktor və onun tam əksi olan, mehriban, sadə, nisbətən gənc Q. Kalaşnikov öz çıxışları ilə maraqlı bir təzad yaradaraq uğur qazandılar. Hər iki şairin M.İsmayılla öncədən dostluğu vardı. "Drujba narodov" jurnalı iyun sayında G.Kalaşnikovun tərcüməsində şairimizin "Danışan çinarlar" lirik poemasını dərc etmişdi.

Həmin günün axşamı təntənəli şam yeməyi zamanı Beynəlxalq Voloşin mükafatı nominantlarının təbrik mərasimi keçirildi.

Sabahısı gün, müxtəlif çıxışlar və yarışmalardan əlavə, dəyirmi stol arxasında “Ədəbi festivalların əhəmiyyəti və labüdlüyü” mövzusunda görüş təşkil olunmuşdu. Söhbətdə A. Korovin (Moskva), N. Miroşniçenko (Koktebel), M. İsmayıl (Azərbaycan-Türkiyə), Liliya Karas, S. Minakov (Xarkov), M. Sinelnikov (Moskva) və başqaları iştirak edirdilər. Görüş çox maraqlı keçdi. Mövzu lazımlı məsələlərlə əlaqələndirilərək genişləndirildi.

Axşamüstü isə Qaradağa səyahət etmək üçün dəniz gəzintisi təşkil olunmuşdu. Sönmüş vulkanlardan biri sayılan Qaradağ müxtəlif fiqurları andıran yönləri ilə təbiətin möhtəşəmliyini bir daha sübut edirdi. Biz Qızıl darvaza (Şeytan-kapu), Qarağac təpəsi, Xoba-təpə (mağaralı təpə), Xırsız-liman, Mayak-təpə və s... fotoşəkillərini çəkir, bu yerlərdən ayrılmaq istəmirdik. Öz qəribəlikləri ilə insanı heyrətə gətirən bu möcüzəyə əl çatacaq qədər yaxınlaşmaq həqiqətən də unudulmaz bir xatirəyə çevrildi. Və mən hər qarış torpağından, yer-yurd adlarından türklük yağan bu yerlərdə olmağımdan qurur duyurdum. Sahilboyu düzənlənən sərgilərdə, alış-veriş yerlərində, bazar və dükanlarda tez-tez Krım tatarları ilə qarşılaşır, rus və ukraynalı şair dostlarımzın yanında tatar qardaş-bacılarımızla onların öz dilində danışırdıq. "Krım tatarları dönür Krıma" misraları da yolumuza yoldaşlıq edirdi.

Ayın 14-də Simperopol şəhərində Rusiya Elm və Mədəniyyət mərkəzi tərəfindən M. Voloşinin 135 illiyinə həsr olunmuş “Müasir poeziyanın səsləri” gecəsi təşkil olunmuşdu. Burada simpozium iştirakçıları arasından sayseçmə şairlər çıxışlar edəcək, öz ürək sözlərini deyəcək və bir neçə şeir ifa edəcəkdilər. Hər şey düşünüldüyündən daha maraqlı oldu. Gecəni şair Evqeniy Çiqrin açdı. Yerli şairlərin çıxışından sonra, o, Azərbaycan adına çıxış edəcək şairimizi, xüsusi bir ehtiramla səhnəyə dəvət etdi. Məmməd İsmayıl çıxışına: “Mən inanıram ki, bu salonda heç zaman mənim mübarək Azərbaycan-türk dilimdə şeir səslənməyib, bəlkə heç bundan sonra da səslənməyəcək, ona görə də ilk şerimi öz dilmdə oxuyacağam!” – kəlmələrilə başladı. Onun iki dildə oxuduğu şeirlər, söylədiyi gözəl nitq salonda gurultulu alqışlarla qarşılandı. Gələnlər arasında Ukrayna və Rusiya jurnalistləri də vardı, onlar Məmməd bəylə tanış olduqları və ondan reportaj ala bildikləri üçün xoşbəxt olduqlarını bildirdilər.

Beləcə bir gün daha keçdi...

Bu günlərdə bizi heyrətə gətirən nüanslardan biri də - axşam toplantılarından birindən sonra, Polşadan gələn şair və publisist Tomaş Lyubenskinin qəflətən yıxılıb huşunu itirməsi oldu. Ürəyində problem olan şair Feodosiya şəhər xəstəxanasına çatdırıldı. İki günə yaxın ciddi rejimdə müalicə olunan Lyubenski, ayın 15-də olan Polşa Poeziyası tədbirində iştirak etmək üçün, səhhətini təhlükədə qoyaraq xəstəxananı tərk etmişdi. Sənətə və şeirə bu qədər məhəbbət və dəyər verməsi hər kəsin qəlbində polşalı şairə dərin rəğbət hissi doğurdu.

Bəli, əbədiyyat məncə elə bir qüvvədir ki, onu sevənləri hətta ölümün pəncəsindən belə qoparmağa qadirdir!

Bir şeyi yazmağı unutmayım. Azərbaycan poeziyası saatından əvvəl, sabah erkən M. Voloşinin qəbri ziyarət olunacaqdı. Öz tədbirimizə gecikə bilmək qorxusu olsa da, biz hər ikimiz, bunu çox vacib hesab edərək, dəstəyə qoşulduq. Bu şəhərə gəlib şeir gecələrinin iştirakçısı olmaq, amma o böyük ürəkli şairin qəbrini ziyarət etməmək ən azından nankorluq olardı.

Hər birimiz dəniz sahilindən iki daş götürüb ucu-bucağı görünməyən yola üz tutduq. “Bənövşənin xətrinə kol dibinə iz düşdü” deyən şair nə qədər də haqlı imiş. Düz səksən ildir ki, şerə, sənətə sevgi insanları dəniz sahilindən dağların zirvəsindəki tək mazara doğru çəkir.Və insanların şairə və şerə olan sevgisi dağ yamacını cadar-cadar yola çevirib. Budur insanlığın bitib tükənməyən sənət sevgisi!

Ömrünü sadə yaşayan və hər zaman xeyirxahlıq rəmzi olan mərhum şairin qəbri də dəbdəbədən uzaq idi. Müsəlman olmasa da, bütün dinlərə ehtiram bəsləmiş insanın qəbrinin üstündə dua oxumaya bilməzdik. Ürəyimizdə bir ümid işığı, onun müqəddəs ədəbiyyatçı ruhundan gələcək işlərimizdə bizə kömək olmasını dilədik.

Günəşin qaynar şüaları altında bizə bu yolu qət edib, geriyə yorulmadan qayıda bilməkdə və sonra da müvəffəqiyyətlə çıxış etməkdə Voloşin möcüzəsinin olmamasına məni kimsə inandıra bilməz. Allah bütün məhhum şairlərə və ürəyi ədəbiyyat sevgisiylə dolu yazarların ruhlarına rəhmət eləsin!

...Məhz həmin günə – sentyabrın 15-ə təyin olunmuş Azərbaycan Poeziyası gecəsi başladı. İlk öncə gecəni moskvalı şair, Məmməd İsmayıl şeirlərinin böyük pərəstişkarı və eləcə də rus dilinə tərcümə edənlərdən biri – Mixail Sinelnokov açdı. O şairimizi bütün layıq olduğu gözəl sözlərlə dinləyicilərə bir daha təqdim edərək sözü ona verdi. Məmməd bəy mikrofonu əlinə aldığında meydana sükut çökdü. Hər kəs diqqət kəsilərək onu dinləməyə müntəzir dayandı. Və ardınca əzbərdən dediyi şeirlər... A. Kuşnerin, M. Sinelnikovun tərcüməsində dә Məmməd İsmayıl şeiri cazibədardı... Rus dilli oxucular bizim poeziyanı öz dilində mənimsəyir və sevməyə bilmirdi. Bu şeirlər elə bir qələmdən süzülmüşdülər ki, sevilməyə məhkum idilər.

Daha sonra M. Sinelnikov və Q.Kalaşnikov azərbaycanlı dostlarının – Məmməd İsmayılın şeirlərindən örnək tərcümələr oxudular.

Sonra söz mənə verildi. Mən “İki tarix” və “Nədən mənim deyilsən” adlı şeirlərimi ifa etdim. Tərcümələr M. Sinelnikova və S. Karatova məxsus idi. Necə qarşılandığını özüm deyə bilməyəcəm, amma şair dostlarımın sevgi dolu baxışları heç də fəna olmadığını söyləyirdi.

Azərbaycan poeziyası gecəsindən sonra M. Sinelnikovun öz şeirləri səsləndi. Ardınca Polşa şeirləri axşamı, və daha sonra da, E. Çiqrinin və B. Kendjiyevin yeni kitablarının təqdimat mərasimi oldu.

Bir-birinin ardınca keçən bu maraqlı tədbirlər axşamüstü ayrılıq gecəsinə çevrildi. Qapanış gecəsi Qara dənizin sahilindəki meydanda təşkil olunmuşdu: Simpozium iştirakçılarının diplom təltifləri, son sözlər və vidalaşmalar… Qapanış mərasimində mənə gözəl şeirlərə və səlist ifaya görə Simpoziumun “Təşəkkür bəlgəsi”, sevimli şairimizə isə ən gözəl şeirlərə görə “Voloşin sentyabrı” diplomu təqdim olundu. Hətta muzeydə əbədi saxlanacaq, üzərində M.Voloşinin şəkli olan mis lövhələrdən birində Məmməd müəllimin öz dəst-xətti ilə gözəl şeirlərindən bir parça da həkk olundu:

 

"Beləcə bir ömrün dastanı bitər,

Çay daşar, sel gedər,sahillər qalar.

Adilər illərə qoşulub itər,

Zamandan zamana dahilər qalar!

 

Belə dahilərdən biri olan M.Voloşin əbədi yaşamaq səlahiyyətini hәlә sağlığında qazanmış sənətkardır, ruhu şad olsun!”

Təltif olunanlar adından çıxış etmək şərəfi də şairimizə nəsib oldu: "Biz bu gün məkanı və ruhu Allaha yaxın olan böyük M.Valoşinin sadədən sadə məzarını ziyarət etdik. Bilirsinizmi o məzar və ruh bizə nələr pıçıldadı: Allah və Allahın insanlara bəxş etdiyi həzzin qaynağı olan poeziya Allahın özü kimi əbədidir!"

Doğru sözə nə əlavə edə bilərik...?!

 

 

Afaq ŞIXLI.

Avrasiya Yazarlar birliyinin üzvü,

Rusiya Poeziya Akademiyasının müxbir üzvü

Moskva.

22.09.12.

 

Kaspi.- 2012.- 29 sentyabr – 1 oktyabr.- S.20-21.