PAPAQSATAN KİŞİ

 

(hekayə) 

 

Rüstəm kişi ixtisasca ali təhsilli tikinti mühəndisi olsa da, bərbərlərin, zootexniklərin, mal həkimlərinin, sürücülərin bina tikdiyi bugünkü zəmanə çoxları kimi onu da naəlaclıqdan heç sevmədiyi alverə möhtac qoymuşdu. Rüstəm papaq satışı biznesinə girişsə də, bilirdi ki, miyanə işdir. Maya qoyub metronun şinnikli yerində köşk almışdı. Erkən gedər, evə gec qayıdardı. Çox zəif ticarət idi papaqçılıq. Özü demiş, adı vardı ki, «Fərrux ət satır!».

Rüstəm kişi çeşid-çeşid papaqları tilliyib qabağına, hərdən var-gəl edər, bəzəkli lələklə tozunu alar, səsi xırıldayana qədər: «Yaraşıqlı, ucuz papaqlar var, papaq!» - deyib, müştəri ümidi ilə ətrafa boylanardı. Satılan bu papaqların pul-paralı adamlara layiq bahalı olanı da vardı, kasıb-kusub üçün də. Bu alverdə hər kəsin öz yeri, münasib yanaşması, davranışı, danışıq tərzi vardı. Bir sözlə, hər müştərinin öz yeri bəlliydi. Hava nəmişləyəndə papaq daha çox yada düşür, papaq satanlar fəallıq göstərir, xüsusi canfəşanlıqla haraylayırdılar. Kaş, papaqlar satılsın. Təəssüf ki, əsil papaq alanlar tək-tük olurdu.

O, sadəcə dolanışıq üçün papaq satırdı. Amma, həmişə qəlbindən qara qanlar axırdı. Doğrusu, papaq satmaq bir yandan ona ar gəlir, bir tərəfdən də xəcalət çəkirdi. Düşünürdü ki, bu papaqları satdığı necə adamlardı? Papaq qoyulan o başların içərisində nələr var? O şəxs müdrik, düşüncə sahibidirmi, yoxsa papağını havayı yelə verir? Qəlbini didib-parçalayan min-bir suallar onu bəzən qürurlandırır, bəzən xoflandırır, bəzən qəzəbləndirir və müxtəlif fikirlərə yozdururdu.

Saçları çallanmış, aramla yaxınlaşan, təmkinlə danışan bir müştəri gəldi. O, qara-gül dəridən buxara papaq sifariş vermişdi. Rüstəm kişi onu hörmətlə qarşıladı. Dünya maraqlarından söhbət açan həmin şəxsin vaxtilə mötəbər vəzifələrdə çalışdığı, ziyalı bir şəxsiyyət olduğu bəlli idi. Milli-mənəvi dəyərlərimizin aşağılanması, gənclərin tərbiyəsi, insanlıq, səmimiyyət, doğruçuluq, mərdlik və mərifət, abır-həya, təmiz insan olmaq məsələlərindən yana-yana danışır, «hara gedirik?» - deyirdi. Rüstəm kişi mənəvi rahatlıq tapırdı ki, deməli zəmanəni düşünənlər var. Amma nə yazıqlar ki, reallıq başqadır…

Bu müştərisə zabitdir. Qayaqlı, zər-zibalı mundirli və çiynindəki böyük ulduzlar onun yüksək hərbi vəzifə daşıdığına dəlalət edirdi. O da qara-gül dəridən papaq istəyirdi. Rüstəm kişinin qürbətdə, düşmən tapdağında qalan güllü-çiçəkli dağlar, çəmənlər olan doğma yurdu, min zəhmətlə tikib-qurduğu ev-eşiyi, bağ-bağatlı, minevli doğma kəndi, erməni dığalarının söküb-dağıtdığı əzizlərinin uyuduğu müqəddəs qəbristanlıqlar yadına düşdü, qəhərlənib, qəzəbləndi: «Özünəməxsus şanlı qəhrəmanlıq tarixi olan xalqımızın əsgər oğulları bəs haradadır?! İyirmi ildir Dağlıq Qarabağ işğaldan azad olunmayıb, onun yurdu hələ də bazarlıq meydanıdır. Satmayacağam belələrinə qara-gül buxara papağı!

Nutra dərisindən papaq çifariş vermiş, həmişə televiziya verilişlərində fitil-fitil, dil-dil ötən, gülərüz bu insanın sinəsində deputat nişanı var idi. Rüstəm bilirdi ki, onun da camaata mərci dənəsi boyda köməyi hələ dəyməyib. Kifayət qədər var-dövlət sahibi, ticarət, şadlıq sarayları, sexləri olan belə birisi də bahalı xəz-dəridən papaq sifariş vermişdi. Rüstəm kişi qərara gəldi ki, «ac qalaram, amma bunlara o papaqları satıb şərəfləndirmərəm!»

Bu kişi isə fəhlə babadır, ona heç belə bahalı papaq da lazım deyil. Başına keçirməyə isti bir şey axtarır.

İndiki xanımlar da qəribə xarakierli məxluqlardı. Bahalı, həm də kişi papaqları almağa can atırlar. Rüstəm kişi ənlik-kirşanlı, pul kisəsi dolu olan belə xanımlara kişi papaqları satmaq istəmirdi, onlara həqarətlə baxırdı:

«-Axı bala, nə üçün siz öz yolunuzla getmirsiniz?» - deyirdi. Onsuz da papaq alan az kişi olurdu.

Belə dərd-sərlər yazıq papaqsatan Rüstəm kişini üzürdü. Bir qulaq yoldaşı da tapmırdı ki, ürəiyni boşaltsın. Həqiqətən, Rüstəm kişinin qəlbinin ağrısı səbəbsiz də deyildi.

Bu aşılanmalarda təkcə papağımızı itirmişikmi? Təəssüf ki, çox dəyərlərimizi

 

 

Oqtay ƏLİYEV

 

Kaspi.- 2012.- 29 sentyabr - 1 oktyabr.- S.18.