Səhranın rəngi

 

(hekayə) 

 

«Qırmızı və Qara Afrika» silsiləsindən

 

İndi ətrafda bozluqdur. Heç bir yaşıllıq, həyat əlaməti görünmür. Əvvəlcə onlar daşlıq, çınqıllıq sahələrlə irəliləyirdilər. Hərdənbir yüngül kollarına, bəzi yerlərdə isə akasiyalara rast gəlirdilər. Avtomobilin qabağına bir lepard qaçırdı. Deyəsən, hürkmüşdü. Heyvan çox qısa anda uzun məsafə qət edirdi. Gillilik pişiyinin bədəni qara xallarla nöqtələnmişdi.

Cim avtomobili sola döndərdi. Hara getdiyini bilmirdi. Yolu azmışdı.

Ketrin yatırdı. Bəzən titrədir, səksənirdi. Yəqin ki, xəstələnmişdi. Ayıldığı zaman öyüyürdü, ancaq qusa bilmirdi, bu da onu incidirdi. Sonra gözləri yenə yumulurdu. Sanki tropik qızdırmaya tutulmuşdu. Bütpərəstlərin daxmasındakı üfunətli büt və hava onu belə vəziyyətə salmışdı.

Cim yavaş-yavaş dərk edirdi ki, yolu doğrudan da itirib. O, ucsuz-bucaqsız düzənliyin tipik Afrika yarımsəhrası olduğunu güman edirdi. Lakin amerikalı yanılmışdı. Cim Böyük Səhraya gəlib çıxmışdı. Yaxşı ki, hələ maşında ehtiyat benzin vardı.

Daşlı yerlər tədricən qumlu sahələrlə əvəz olunurdu. Günəş göydən od ələyirdi. Gözlərini hələ də açmayan Ketrin tövşüyür, hərdən də sayıqlayırdı.

Çilli və qumlu sahələrin duyunları və barxanlar qurtarır, yenidən həmada deyilən daşlı zonalar başlayırdı. Niger çayı uzaqlarda şırıldayırdı. Çatlaq torpaqda yayıla-yayıla axan Nigerdə kiçik timsahlar – kaymanlar qaynaşırdılar. Çayın yaxınlığında balıqçı qəsəbələri və kəndlər gözə dəyirdi. Yalnız külək suyun qoxusunu əlçatmazlıqlara apara bilərdi. Səhradakı quru vadilər təkcə yağış yağanda su üzü görürdü. Səhranın içərilərində qabaran dağların başı Günəşdən qapqara qaralmışdı. Bu dağların zirvəsindən baxan olsa, ətrafda yalnız qumlardan ibarət ümman görərdi. Tarixi çox qədim zamanlara gedib çıxan dövrlərdə – Paleozoyda, Mezozoyda və Kaynazovda Böyük Səhrada həqiqətən dəniz dalğalanmışdı. Odur ki, səhranın bünövrəsi dəniz çöküntüləri ilə doludur.

Lakin nə Cim Nİgerin şırıltısını eşidir, nə də dağların yamaclarına qalxırdı. Cim komalardan yüz millərlər aralıda idi. Cimə elə gəlirdi ki, indicə səhra qurtaracaq, başa çatacaq. Amma amerikalı oğlan coğrafi koordinatları, paralel və enliklərin dərəcəsini, dəqiqəsini qarışıq salırdı. Yeddi milyon kvadrat kilometrlik, göz işlədikcə uzanan, tərpənmək bilməyən, yolçuya quru ümiddən savayı heç nə verməyən səhralıq necə qurtara bilərdi?

Səhra – səhra həyatını öz bildiyi kimi, öz qanunları ilə yaşayırdı. Barxanlar – qum tirələri küləkdən dağılıb tökülür, süpürülüb digər yerlərdə toplaşırdı. Külək çökəkliklərdə vıyıldayırdı. Küləksiz və qızmar havada ilanlar, əqrəblər, çayanlar qumun altında gizlənirdilər. Haradasa ot topası və tikanlı kollar ölməmək naminə köklərini dərinliklərə uzadaraq suya torpağın lap bağrından sümürürdülər. Bu mübarizədə dəvətikanı öz qayğısına hamıdan çox qalırdı.

Səhrada tikanlı kolluqlar və xırda yarpaqlı bitkilər buxarlanmanı azaltmaq üçün yarpaqlarını balacalaşdırır, bəzən isə yarpaq əvəzinə tikan bitirirlər – rütubət onsuz da azdır, nəmişliyə qənaət etmək lazımdır. Axı, Böyük Səhrada havanın temperaturu müsbət qırx dərəcə, hətta bəzən artıq olur. Səhranın bir sıra rayonlarında bitkilər yalnız yağışdan sonra cücərir, sürətlə boy atır, çiçəkləyir, meyvə verir, sonra da quruyurlar.

Qabaqda yenə qum tirələri görünür. İndi nə də həmadarlar (daşlıq sahələr), nə serirlər (çaqıllı sahələr), nə də reqlər (çınqıllı torpaq) yoxdur. Təkcə erqlər – qapalı çuxurlarda hündür qum tirələri göz önündə dikəlirdi. Səmum küləkləri bu tirələri sovurub düzəldirdilər. Bəzi yerlərdə qum axırdı.

Cim qədim karvan yolu olan Fes yolunu axtarırdı. Eşitmişdi ki, Fes yolu onları Atlas dağlarından aşıracaq, Afrika səyahətləri də bununla sona yetəcək. Afrikanı başa vurarkən Cimlə Ketrin mütləq Böyük Səhradan keçməli, səhra həyatının təsvirini verməli idilər. Sonra Ketrin toplanmış materialları və fotoplyonkaları evə – Nyu-Yorka aparacaq, Cim isə Nepala gedəcək. Nepalda o, kərgədan qurbanlıq mərasiminə tamaşa etməli və Katmandudan da Nyu-Yorka uçmalı idi.

Cim sevindi: hansısa maşın təkərlərinin izini görürdü. Bu izlə də maşını sürdü. Ümid edirdi ki, iz onu harasa aparıb çıxaracaq.

Maşın irəlilədikcə təkərlərin altından axan qum təkər izini yenidən örtürdü. Sonra heç bir iz görünmədi. Maşın qummu eşirdi: təkərlər yenidən fırlanır, mühərrik güc verirdi. Xoşbəxtlikdən avtomobil qumun çox da dərinliyinə girməmişdi, batdığı yerdən özü də çıxdı. Cim birdən fikir verdi ki, buralar sanki ona tanışdı. Maşını saxlayıb aşağı düşdü, ətrafı diqqətlə nəzərdə keçirdi. Qəzəbindən az qaldı ki, ağlasın: demə, bayaqdan bəri avtomobilə eyni izlərlə, eyni tirələrin arxasına dolanırmış, «Cip»in izindən başqa heç bir maşın izi yoxmuş… O, azmışdı, hətta istiqaməti də itirmişdi, nə Şimalı tanıya bilirdi, nə Şərqi, nə Cənub məlumdur, nə də Qərb. Hər yan bozluq, qumluq, qızmar günəş, toz bulududur. Cim anladı ki, gəldiyi yolla geri dönə bilməyəcək. Oğlan hiyləgər səhranın tələsinə düşmüşdü.

İstidən nəfəsi təngiyirdi, tər üz-gözündən su kimi axırdı. Cim halsızlaşdı. Qumun üstü ilə bir əqrəb yeriyirdi. Həşərat buğumlu ayaqlarını tərpədə-tərpədə Cimə doğru gəlirdi. Əqrəbin rəngi qonur-sarı idi, belində tünd xalları və uzununa zolaqları var idi. Buğumlu və sanki hissə-hissə olan quyruğunu qaldırıb ucunu da əymişdi. Ucluqda neştər görünürdü. Fikri-zikri bozluqda olan, qızmar günəşin şüasından qorunmaq üçün əlini alnına qoyaraq diqqətlə ətrafa baxan Cim qəfildən ayaqqabısının üstünə çıxan əqrəbi gördü və qorxaraq onu kənara tulladı. Əqrəb yarım metr aralıda arxası üstü düşdü, ayaqlarını havada yellədə-yellədə çabalamağa başladı. Cim əqrəbi ayağı ilə qumun içinə soxdu.

Ketrin yuxuda tövşəyirdi. Oğlan fikrə daldı: səhrada gecələmək heç də xoşagələn iş deyil. Kim nə bilir ki, nələr baş verəcək? İndi onlar nə etsinlər? Afrikanın cənubunda qızmış kərgədandan güclə canlarını qurtarmışdılar, indi burada ilan-çayana yem olacaqlar. Amerikalı oğlan təsəvvüründə bir illüziya, fantasmaqoriya yaratdı: budur, qum altında gizlənən ilanlar fısıltıyla maşına doluşurlar, Ketrinin sinəsində, çılpaq qollarında qıvrılırlar, qızın başından, kürən saçlarından sürüşüb boynuna dolanırlar, qorxudan Ketrinin ürəyi partlayır, Cim isə heç nə edə bilmir. Bu titrək və təşvişli xəyallar oğlanı üşəndirdi. Ancaq belə getsə, qorxulu xəyallar həqiqətən də gerçək ola bilərdi. Çünki ərzaq ehtiyatı azalıb, su tükənir, yanacaq da gec-tez qurtaracaqdı.

Passatlar quru və qızmar hava kütlələrini Böyük Səhraya qovurdu. Şimal-Şərq istiqamətindən harmattan küləyinin – qum fıotınasının nəfəsi yavaş-yavaş hiss edilməkdəydi. Ətrafda toz çoxdu, nəfəs almaq çətindir.

Külək qəfildən başladı. Səhra bir-birinə qarışdı. Külək qummu maşının ətrafına toplayırdı. Nə irəli getmək mümkün idi, nə də geri. Cim istədi ki, qum tirələrinin üstünə dırmaşıb ins-cins haraylasın. Amma nə qədər çalışdısa, çıxa bilmədi – ayağı dizədək qumma batırdı.

Səhra fırtınası qumları süpürüb altını üstünə çevirirdi. Harmattan gücləndikcə toz burulğanları fırın-fırın fırlanır, boğucu temperatur daha da artırdı. Cim boğulurdu. Ketrin ayılmırdı. Cim özünü birtəhər maşına saldı. İçəri hava keçmədiyinə görə ikisi də təngənəfəs olmuşdu.

15 dəqiqədən sonra harmattan kəsdi. Cim halsız vəziyyətdə oturacağa söykəndi. Maşın bütün qumla dolmuşdu. Cim maşından enmək istəyirdi ki, yerində quruyub qaldı. Təqribən 70-80 sm uzunluğunda bozumtul rəngli bir qum efası – zəhərli gürzə ona baxırdı. İlanın soyuq və zəhmli nəzərləri adamın canına titrəmə salırdı. İlanın başında uçan quşu xatırladan açıq rəngli naxış vardı. Cim bərk qorxdu. İlan fısıldadı. Soyuq və don baxışlarını oğlana zilləmiş heyvan gəldiyi kimi də qumların arasında yox oldu.

Cim həyəcanlı idi. O, başını qaldıranda… Səhra bu dəfə ona başqa bir sürpriz göstərdi: - uzaqda dəvə görünürdü. Oğlan inanmadı. Gözlərini ovuşdurub bir də baxdı. Bəli, dəvədir. Yanında da ağpaltarlı, başıçalmalı adam gəlirdi. Amma dəvə də, adam da nədənsə havadan asılı qalmışdılar və tərsinə baş-ayaq durmuşdular. Cim nəhayət anladı ki, bu, miraj-ilğımdır. İlğım yox oldu.

Cim düşüncələr içində itib-batmışdı. Üfüqü seyr edəndə həmin ilğımı təkrar gördü. Yəni paltarlı, çalmalı və plaşaoxşar çiyinlik geyinmiş bir kişi dəvənin ovsarından tutaraq uzaqdan keçirdi. Hiyləgər səhra deyəsən, Cimin başını hələ çox aldadacaq. Dəvənin yedəyini alan kişi Cimə doğru gəlirdi və heç də istidən titrəşən havada mayallaq durmamışdı. Kişi Cimə çatmamış dönüb getdi. Nitqi tutulmuş Cim özünü itirmişdi: «Bu, nədir, axı? Yoxsa fantasmaqoriya? Yeriyən xəyal?.. Lənətə, gələsən səni!..»

- Çağır, onu, çağır! – Ketrin dedi.

Ketrin indii Cimin yadına düşdü. Təəccüblə geri döndü:

- Sən də görürsən?

- Hə.

- Mirajdır – Cim dedi.

- Odur, biri də gəlir.

- Doğrudan da kişinin ardınca ikinci dəvə göründü. Həmin dəvənin belində 15-16 yaşlı uşaq oturmuşdu. Dəvə qumma bata-bata gedirdi.

- Köçərilərdi – Ketrin sevindi. Görürsən?

- Eheyyy!!! – Cim var gücü ilə bağırdı. Əlini uşağa sarı yellədi. Səsi eşidən uşaq əvvəlcə ora-bura döyükdü, sonra heç kimi görməyib yoluna davam etdi.

- Eheyyyy!!! – e – e- yyy!!! - Cim və Ketrin eyni vaxtda çağırdılar. Uşaq yenə səsə qulaq verdi.

Qum tirələri maşının qabağını kəsdiyi üçün köçərilər heç nə görmürdülər. Ər-arvad hey çağırırdılar. Cim irəli qaçdı və yıxıldı. Ayağa durub bir də qaçdı. O, fitlə səslədi. Xeyli uzaqlaşmış kişi çevrilib geri baxdı. Uşaq əlləri ilə haranısa göstərirdi. Çalmalı kişi dəvənin ovsarını buraxmadan, heyrətlənmədən, gündən yanıb qaralmış saqqallı sifətini gizlətmədən çalmasının ucunu qaldırıb ağzına yaşmaq tutdu. Bu, ondan ötrü idi ki, nəmli dodaqları ilə rahat nəfəs alsın. O, tuareqə də oxşayırdı, bədəviyə də.

Səhra adamları yaxınlaşdılar. Cim və Ketrin sevinib, uzaqdan köçərilərə ingilis dilində nəsə deyirdilər, əlləri ilə haranısa nişan verirdilər. Əlbəttə Cim maşınla, qumu göstərirdi. Köçərilər sözləri anlamayan yadellilərin azdıqlarını hərəkətlərindən başa düşdülər və heç nə demədən işarə ilə arxalarınca gəlmələrini bildirdilər. Kişi çox sərt və qaradinməz səhra adamı təsiri bağışlayırdı. Amma çox parlaq gözləri var idi.

Cim maşını işə saldı. Köçərilər səhraya yaxşı bələd olduqları üçün avtomobilin dəhşət, köçərilər üçün isə adi həyat tərzi idi. Yolçular bir qədər getdikdən sonra vahə gördülər. Vahə qumlu səhranın kənarında, qurumuş bir çayın yatağında idi. Vahədə qurumuş xurma palmaları bitmişdi. Ətrafda çoxlu alaçıqlar qurulmuşdu. Bəzi yerlərdə damına xurma yarpağı döşənmiş komalar nəzərə çarpırdı. Alaçıqların üstü və yanları qaba yun parça, həmçinin qoyun-keçi dərisi ilə örtülmüşdü. Xurma palmalarının kölgəsində kiçik əkinlər gözə dəyirdi. Xurma palması yerlilərin və köçərilərin ən qiymətli və insanı aclıqdan qurtaran bitkisi sayılırdı. Odur ki, vahənin sakinləri palmanı hər vəchlə qoruyurdular. Burada palma kəsilməz, yalnız xüsusi hallarda – şərait tələb etdikdə, kəskin ehtiyac zamanı ona əl qaldırardılar. Köçərilər palmanı «kəs» demirlər, «palmanı öldür» deyirlər. Hündür xurma palmalarının kölgəsində meyvə ağacları əkilir və dənli bitkilər becərilirdi.

Xurma (xurnik) ebena fəsiləsindən tropik və subtropik bitkidir. Həmişəyaşıl və ya yarpağını tökən ağac və kollardır.

Su tükənəndə vahə də yox olur. O zaman köçərilər yeni vahə axtarmaq üçün əşyalarını, alaçıqlarını qablaşdırıb, sürülərini də qabaqlarına qatıb yol düşürlər. Dəvələr qızmar səhrada üç-dörd gün susuz yol gedə bilir. Köçərilər ailələrini və ev şeylərini dəvəyə yükləyirlər. Səhra adamları yeni vahələrdə məskən salarkən qoyun-keçi ilə bərabər, dəvənin də ətini yeyirlər. Dəvənin dərisindən geyim və ayaqqabı, südündən pendir hazırlayır, yunundan isə parça toxuyurlar.

Dəvə əsl səhra və quru-bozqır (çöl) zonalarının heyvanlarıdır. Başqa heyvanların pis yediyi və ya əsla yemədiyi səhra bitkiləri ilə qidalanır, hətta şor su da içirlər. Dəvələr hərarəti 70 dərəcə Selsiyə çatan qızmar qumların üzərinə uzanırlar – döşdə, dirsəkdə və dizdə olan döyənəklər heyvanın bədəninin yanmasının qarşısını alır. Dəvə enli və yumşaq pəncəsinə söykəndiyinə görə qumda asan gəzir, dörd yüz, beş yüz kiloqram yüklə gündə doxsan-yüz kilometr yol gedir. Qalın, uzun yunu dəvəni həm gündüzün istisindən, həm də gecənin soyuğundan qoruyur. Axı Böyük Səhra elə bir yerdir ki, gündüzlər qızmar havada nəfəs almaq çətindir, yəni bərk istilər olur, gecələr isə adam və heyvan soyuqdan titrəyir. Köçəri maldarlar səhralarda və yarımsəhralarda daim hərəkət edirlər – çünki otlaq sahələr tapılmalıdır. Köçərilər otlaqdan otlağa, suvatdan suvata köçürlər. Dəvələr əsasən ikihürküclü və birhürküclü olurlar. Yetkin kök dəvələr hürküclərinə yüz-yüz əlli kiloqramadək piy toplayırlar, odur ki, günlərlə ac və susuz uzun müddət məsafələr qət edirlər.

Yolçuların gəldiyi vahədə çoxlu qoyun-keçi mələşir, dəvələr hörüldəyidi.

Köçərilər qonaqlara baxırdılar. Bayaqkı dəvəli kişi uşağa nəsə göstəriş verdi, oda harasa çıxıb getdi.

Köçəri maldar işarə ilə müsafirləri alaçıqların birinə dəvət etdi. Alaçıqda köçərilik qoxusu duyulurdu. Yerə küləşdən toxunmuş həsir salınmışdı.

Süfrəyə dəvə südü, pendir, xurma qoyuldu. Səhranın kimsəsizliyindən, boşluğundan, tənhalıq həyəcanından qurtulsalar da, Ketrin burada yenə özünü narahat hiss edirdi, bədəviləri arasında sıxılırdı. Qonaqlardan heç nə soruşmurdular. Bu, köçərilərdə ədəbsizlik sayılırdı. Yad adamlar istədikləri qədər burada qalıb dincələ bilərdilər. Yalnız qonaq özü gedəcəyini bildirdikdə onu hörmətlə yola salırdılar.

Ketrin tədricən mühitə alışdı, hətta vahəni və alaçığı xoşladı. Qonaqların istirahətinə mane olmamaq üçün qonşu köçəriləri alaçığa buraxmadılar. Hərdənbir qapı əvəzinə yarıqdan balaca tumançaq uşaqlar boylanır, böyük maraqla sarıbəniz müsafirlərə baxırdılar. Maşın isə vahədəki uşaqlar arasında cəzbedici maraq doğururdu.

Qonaqlar yeməklərini iştahla yedilər. Hər halda, qara Afrikanın iyrənc kərgədan xörəyindən təmiz qoyun pendiri və xurma daha yaxşı idi.

Qonaqlara yatmaq üçün yer hazırladılar. Yeməkdən sonra ər-arvad ikisi də uzandı, tez bir zamanda şirin yuxuya daldılar.

Səhranın qurtaracağı – yox, səhra qurtaran deyildi, qurtarmayacaqdı, səhra Afrikanın az qala tən yarısını udmuşdu, bəlkə də hansısa sərhədləri ərəb kəndlərinə yaxın idi. Köçərilər oturaq həyat keçirə bilmirdilər, buna alışmamışdılar. Ancaq oturaq ərəb kəndləri ilə daim onların əlaqələri vardı.

Kəndlərin bəzisi təpələrdə salınmışdı. Yağışlar yağanda kəndlər su altında qalmasın deyə hündür yerlərdə tikilirdi. Oturaq ərəb tayfalarının yaşadıqları kəndlərdə adətən evlər çiy kərpicdən hörülür, belə evlərin pəncərəsi olmur, işıq təkcə qapı yerindən içəriyə düşür. Ərəb gecələrində qapıya həsir tutulur.

Sübh açılanda bayırda səs-küy eşidilirdi. Cimlə Ketrin də oyandılar, bayıra çıxdılar. Vahəyə çoxlu köçəri toplaşmışdı. Demə, bu gün bazar günü imiş. Dəvə dərisindən paltar və ayaqqabı geyinmiş köçərilər yığışmışdılar ki, bazar açsınlar. Burada ətraf kəndlərdən gələnlər də çox idi. Xurma, dəvə, keçi, qoyun alveri başlamışdı. Dəvələr nərildəyir, xırıldayır, qoyun-quzu mələşirdi. Naməlum dildə olan səslər heyvan səslərinə qarışmışdı.

Qonaqlar səhər yeməyini ötəri yeyib, isti süd və qəhvə içdilər. Ayağa durub getmək istədiklərini bildirdilər və təşəkkür etdilər. Alaçıq sahibi onların dilini anlamasa da, minnətdar olduqlarını duydu və o da işarə ilə razılığını çatdırdı. Müsafirlər ağızlarını açıb deməsələr də, qaradinməz köçəri anlayırdı ki, qonaqlarını əsas yola qədər ötürməlidir. Qonaqlardan «Fes» sözünü eşitdikdə köçəri başa düşdü ki, onlar qədim karvan yoluna çıxmaq istəyirlər. Çalmalı köçəri yenə işarə ilə anlatdı ki, Fes çox uzaqdadır, Atlas dağlarının ətəklərində. Onlar maşınla ora gedib çıxa bilməzlər. Böyük Səhra hələ indi başlanır. Odur ki, müsafirlər qərara aldılar ki, avtomobilə Afrika səyahətinin sonuncu dayanacağı Nuakşot şəhərinə getsinlər və burada təyyarəyə minsinlər. Nuakşot Mavritiyanın paytaxtıdır, bərbər dilində «daimi küləklər məskəni» deməkdir.

 

**

 

- Qabaqda iki dəvə, ardınca bir maşın səhranın dərinliyinə doğru gedirdi. Yəqin ki, «dərinlik» şərti sözdür, çünki maşın səhranın içərilərinə gedə bilməz. Yalnız hər tərəf qumla örtülü olduğu üçün Cimlə Ketrin özlərini səhranın dərinlərində hiss edirdilər. Palmalar daha görünmürdü. Köçərilərin vahəsi arxada qalmışdı. Vahədə alver yəqin ki, hələ də davam edir. Müsafirlərin vahəyə gəlib çıxması rezonansa səbəb olmadı. Görünür, Böyük Səhrada azanlar təkcə onlar deyil.

 

**

 

Afrika aeroportlarının birindən havaya iki təyyarə müxtəlif istiqamətlərə –Nyu-Yorka və Nepala doğru uçdu. Ketrin hazır materialları şirkətə apardı. Nepala gedən isə Cim idi. Cim Katmandudan Çitovan vadisinə – kərgədanlar yaşayan dərəyə getməliydi. O, buradakı kərgədanların qurbanlıq ritualından və hakimiyyət rəmzindən – taxtaçıxma mərasimindən yazı yazacaqdı.

 

 

Rövşən QƏRİBLİ

 

Kaspi.- 2012.- 29 sentyabr – 1 oktyabr.- S.16-17.