“Təndir”
hənrinə sığınan şairə ...
( Şairə
Fərqanə Mehdinin “Təndir" şeirindən təsirlənərək...)
Bəribaşdan
deyim ki, bu yazımla araşdırma aparıb, hörmətli
şairəmiz Fərqanə Mehdinin
yaradıcılığını təhlil etmək fikrindən
çox-çox uzağam. Çünki mətbuatda Fərqanə
xanımın yaradıcılığı haqqında,
görkəmli yazarlarımız kifayət qədər
samballı fikirlər söyləyib, təriflər deyiblər.
Bircə, onu deyə bilərəm ki, bu yazılanların
hamısı, insafən ürəkdəngələn və
yaradıcı bir insanın zəhmətinə verilən əsl
qiymətdir.
Bəs,
görəsən, məni Fərqanə Mehdinin
yaradıcılığına istiqamətləndirən
hansı hisslərdir? Təkcə, bunu demək istəyirəm
ki, sadəcə olaraq, şairənin “Təndir” şeiri
uşaqlıq illərimi, doğma anamı mənə
xatırlatdığı üçün özümdən
aslı olmayaraq, hiss və həyəcanımı boğa bilməyib
əlimə qələm aldım və ürək sözlərimi
yazmaq məcburiyyətində qaldım. ... Və elə zənn
edirəm ki, dəyərli oxucular məni anlayarlar...
Təndir
adı gələndə bir anlıq böyüyüb
boya-başa çatdığım və
uşaqlığımın acılı-şirinli xatirələriylə
dolu olan kənd həyatı yadıma düşdü... Ən
çox da içimi sızladan,
qardaş-bacılarımızla, qonşu uşaqlarıyla
boy-boya durub, anamın təndirdən
çıxartdığı im-isti, ətri hər yana
yayılan kömbə çörəklərin yolunu gözləməyimiz
oldu. Yadıma düşdü yox e, məni elə
uçundurdu ki...
Müəllif çox haqlı olaraq qeyd
edir:
Bu uzun-uzadı ömür yolunda
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə
kibrit əvəzi
Anamın içindən
alışıb təndir...
Şair,
ananın qəlbinin oduyla təndir hənirini, odunu eyniləşdirməklə,
bu iki müqəddəs varlığı bir az da
ucalığa qaldırır..
Bu şeir
bütün duyğu və hisslərimi oyatdı mənim...
Anamın həmişə təndir üstə,
ağlaya-ağlaya pıçıltıyla dua etdiyinin
şahidi olmuşam... Onun niyə belə etdiyinin fərqinə
varmasam da, mən onda elə bilərdim ki, təndirin od-alovu
anamın qollarını yandırdığından o
ağlayır...
Ailəmiz böyük idi, on bir nəfər. Ona görə də, hər
gün anam çörək bişirmək məcburiyyətində
qalardı. Nadinclik edib, anamın evin bir küncünə
düzərək, üstünə atdığı süfrənin
altındakı kündələri o qədər əzmişik
ki... Ayağımın altda qalan kündənin
yumuşaqlığı indinin özündə də, sanki
“ürəyimin şirəsini” çəkir... Belə vaxt
anam əllərini dizlərinə çırpıb: - “Ay
uşaq, o bərəkət gözünüzü tutar,
axı...” – deyərək, fəryad qoparardı. O səsdən
gələn qorxu bir andaca bizi vardan yox edər, kiritdirərdi...
Sonra, yazıq arvad əlimizdən dad çəkə-çəkə
yenidən, təkrar-təkrar əzilmiş kündələri
yoğurardı:
Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb
kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr...
Təndirin
bağrının necə yandığını görmək
üçün, heç olmasa bircə dəfə də
olsa, onun necə qalanmasına, odlanmasına tamaşa
etmisinizmi?!
Ağzına
qədər çır-çırpıyla doldurulan təndir
“külfə”sindən odlanardı. Əvvəlcə, təndirin
ağzından bürüm-bürüm qara tüstü
çıxar, sonra həmin qara tüstü boz bulanıq rəng
alardı. Bir az keçdikdən sonra isə
qıp-qırmızı alov dilləri təndirin
ağzından qalxardı.. Onda, anam təndirə
ovuc-ovuc su çiləyərdi ki, od-alovu bir az
səngisin. Buna təndirin “ağarması” deyirlər,
kənd yerlərində. Təndir
yaxşı ağarmayanda çörəklər də
yaxşı bişməzdi, kündələr küt gedərdi.
Təndirin tüstüsü
çıxanda başdan,
Anam gözlərindən su çiləyərdi.
Küt gedən kündəni ovutmaq
üçün
Ərkyana təndiri şillələyərdi..
Uşaq
vaxtlarımda da, elə indinin özündə də bir
şey daha çox heyrətləndiribdir məni. Pul kimi qızarmış, hərarəti
beş-on metrlikdən adamı yandıran təndirə necə
əyilib çörək bişirmək olar?!
Hər dəfə təndirin od-alov
püskürən içinə əyilib-düzələndən
sonra anamın sir-sifəti elə allanıb dəyişərdi
ki... canki, təndirdən çıxartdığı o
çörəklərin nuru, bərəkəti qonardı
arvadın çöhrəsinə...
Əyninə özgə don geyməyən
anam
Təndir tüstüsündən yüz
don geyinib
Başını bir kəsə əyməyən
anam,
Təndirə çatanda min yol əyilib.
(Fərqanə Mehdi)
Mən, bayaq
Ana ilə Təndirin ikisinin də müqəddəs bir
varlıq olduğunu qeyd etmişdim... Vaxt
ötdükcə, anamın üz-gözündəki
qırışlarla, təndirin od-alovdan qarsımış və
çat-çat olmuş bağrında bir ahənglik, bir
oxşarlıq görürdüm. Sanki Təndir də
anamla birgə qocalırmış...
Anam getməyəndə təndirə
yaxın
Təndirin sinəsi çat-çat
olubdu...
Heç
xatirimdən çıxmaz 10-12 yaşlarım olardı. Evdə saldığım şuluqluğa
görə bir gün atam məni həyətə qovdu, və
evdəkilərə bərk-bərk tapşırdı ki, onu
heç kəs evə gətirməsin, qoy soyuqda qalıb,
ağlı başına gəlsin...
Atam sərt kişi olduğuna
görə, evdəkilərdən heç kəs onun
sözünün qabağına söz deməzdi...
Şər
qarışırdı... Qış ayları olduğundan hava
da bərk soyuq idi.. hara
gedəcəyimi, harda gecələyəcəyim barədə
düşünürdüm... Belə vaxtlarda,
adətən, kənd uşaqları tövlənin
banını ceçirlər. Çünki
orada quru ot-ələf olduğuna görə, birtəhər
gecələmək üçün yer tapmaq olurdu. Amma qəribədir, mən təndirdə gecələməyi
üstün tutdum.
Həmin gün ertədən çörək
bişirildiyinə görə, təndirin od-alovu səngisə
də içərisi isti idi. Vaxt itirmədən təndirin ağzına
qoyulmuş dəmir qapağı qldırıb, ora girdim və
kürəyimi təndirin divarına söykəyib
ayaqlarımı isti külün üstünə uzatdım...
Təndir məni, sanki ana qucağı kimi
qoynuna almışdı... anamın iysi gəlirdi təndirdən.
Şairə Fərqanə Mehdinin “Təndir” şeiri, mən deyərdim ki, ruhumuzu oyadan, bizi mənəvi köklərimizə bağlayan
bir sənət əsəridir. Ana haqqında, halallıq haqqında, xeyir-bərəkət haqqında
yazılan bir elegiyadı... Bu ruhu, bu hallalğı bir anlıq da olsa bizə
yaşatdığı üçün
Fərqanə xanıma
öz minnətdarlığımı
bildirirəm...
Sözümü, gözəl şairəmiz Fərqanə
Mehdinin, üzünü
insanlara tutub hayqırtıyla, çağrışla,
bəlkə də bir yalvarışla dediyi “Təndir” şeirinin sonuncu misralarıyla bitirmək istəyirəm:
Anam yüzə bölər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyən un
kisəsini
Amanın günüdü anamdan qabaq
Həyətdə təndirin bağrı
çatlayar...
Meyxoş Abdullah,
yazıçı
Kaspi.- 2012.-
29 sentyabr -1 oktyabr.-
S.17.