Həyat
sevgisiz maraqsızdır
Onun
mahnıları kədərli dəqiqələrində və
xoşbəxt olanda, bir də sevərkən yaranır...
Xumar Qədimova: “Sona xanımın
şeirlərindəki sözlər, fəlsəfə, gözəllik
məni valeh etdi”
“Populyar
mahnı hər şey demək deyil. Qulağa xoş, ürəyə yatan və
bir müddət sonra unudulan mahnıları oxusam, rahat ola bilmərəm. Mahnı gərək
insanları öz arxasınca aparsın. Həmişə
bunu istəmişəm və şükür Allaha ki, nail ola bilmişəm. Hətta sənətimdə
fasilələr də olanda, ortaya çıxaracağım
mahnıya güvənmişəm. Bilmişəm
ki, elə bir mahnı oxuyacam ki, o boşluğu dolduracaq”.
Xumar Qədimova müğənniliyi özünə
sənət yolu seçəndən yaradıcılığına
bu cür həssaslıqla yanaşır. Hazırda
müğənni dildən-ağızdan düşməyən
mahnılarının sırasına yeni kompozisiyalar qoşmağı
düşünür.
- Hamı deyir
ki, Xumar Qədimovanın
ifa
tərzi çox
fərqlidir. Bəlkə bu fərqliliyin sirrini
deyəsiniz.
-
Bu sirr ürəklə bağlıdır. Düzdür, indi dəb düşüb, çoxlarına “fərqli” deyirlər. Amma hamıya fərqli demək heyifdir. O fərqlilik ürəyin, için hissidir. O fərqlilik daxili dünyanın işidir. Bu sualın cavabı ancaq budur.
Bunları desəm, bir il məndən danışarlar
- Demisiniz ki, “mən həmişə yalnız
musiqimlə gündəmdə qalmaq, mahnılarımın müzakirə
olunmasını istəyirəm”. Amma indiki
şou- biznesin
tələbləri bir az başqadır.
-
Bu yay o qədər hadisələr yaşadım ki... Yaxşı da oldu, şən də oldu, tam ağrılı deməyim, amma bir az ağrılı da oldu. Elə bunları desəm, bir il bəsdir ki, məndən danışsınlar. Amma mən onu istəmirəm. Bunlar mənim hisslərim, mənim yaşantılarımdır. Kimsə onu biləndə mənə ləzzət etmir. Elə bilirəm, yalnız ona görə məni dinləyəcəklər, ona görə məni tanıyacaqlar. Mən istəyirəm ki, ancaq sənətlə tanınım. Sənətə gələndə də ilk arzum bu olub. Sizin dediyiniz o fərqliliyə güvənmişəm, kənardan özümü tamaşaçı kimi dinləmişəm. Özümü sevənəm, amma o anda sevgimi də kənara qoymuşam. Demişəm, Xumar, bir səmimi ol, özünü dinlə. Dinləmişəm, demişəm yox, bu qız seviləcək. Bu fərqliliyi ilə seviləcək. Və ona güvənmişəm. Sənətə güvənmişəm ki, yaradıcılıq aləmində onun gücünə qalım. Onunla sevilim, onunla nəsə deyə bilim. İnsanların ürəyinə yol tapım, ruhunu alım aparım. Belə istəmişəm. Vallah səmimi deyirəm, onda həzz alıram. Başqa nəsə danışanda, hətta ad günümlə bağlı məni efirə dəvət edəndə xoşuma gəlmir. Hətta bu yaxınlarda radioda mənim ad günüm haqqında danışmışdılar, mən xoşlamamışdım. Dedim ki, həmin gün mənim ad günüm deyil ki, başqa gündür, siz düz deməmisiniz. Yəni heç istəmirəm ki, onu da bilsinlər. İstəyirəm ki, ancaq sənətimlə tanınım, nəğməmin gözəl sözləri ilə mahnım müzakirəyə çevrilsin. İstəyirəm, nəğməmlə nəsə deyə bilim, belə sevilim. Yoxsa “saçını kəsdirdi, saçını rənglətdi, filan yerə gəzməyə getdi...” Yay boyu bacım, mən və oğlum gedib gəzirik, dolaşırıq. Heç bircə dəfə eşitmisinizmi, Xumar filan yerdə səfərdə olub? Eşitməyəcəksiniz. Çalışıram ki, onları gizli həyata keçirim.
- Mahnılarınız
müzakirə olunur.
Özünüz
də bilirsiniz ki, həmişə
birmənalı qarşılanmır. «Kərtənkələ»,
«Süzün badələrə»,
«Döz»...
-
Onların hamısında dərd var. Baxın, elə «Süzün badələrə» mahnısının özündə bir hayqırtı var. Çox maraqlı bir mahnıdır. Amma onu olduğu kimi dəyərləndirməmişdilər. Düzdür, başa düşənlər də oldu. Elə «Kərtənkələ»nin özü olsun. Onu ilk dəfə Şərq dünyasının gözəl müğənnisi Ummu Gülsüm oxuyub. Özünü sevgisi ilə kərtənkələyə bənzədib: “Kərtənkələ mənim adım, sürünürəm sadəcə” - yəni sevgidən sürünürəm.
- Necə bilirsiniz,
bu
gün gündəmdə qalmaq çətindirmi? Yəni nəsil dəyişilir, yeni oxuyanlar
gəlir, efiri
zəbt edirlər, reklam
olunurlar.
Əvvəlki görünüşü,
sevgini, alqışı saxlamaq üçün bu
gün müğənnidən
nə tələb olunur?
-
Mənim öz dinləyicilərim var. Mən həmişə deyirəm - mənim ruhumdan olanlar məni daha çox dinləyirlər. Onlar da mənim üçün yetər. Məncə, nə qədər ki onlar var, Xumar olacaq.
-
Çoxdurmu onların sayı?
- Az da olsa, çoxa bərabərdir. Amma
onların sayı az deyil. Gözəl
nəğmələri dinləyən, onu dəyərləndirən
duyğulu adamlardır, ruhsuzlar deyil. Bu da mənə
yetər. Elə müğənnilər
var ki, bəli, onlar üçün gündəmdə qalmaq
problemi var. Çünki o deyir ki, ay Allah, mən nə edim ki,
yadda qalım, sevilim? Ona görə də
bayaq dediyim kimi, mənim heç danışmaq istəmədiyim
şeylərdən istifadə edirlər – filan yerə getdi,
filan hadisə oldu və s. Hətta özləri
düzüb-qoşurlar ki, təki danışılsın,
deyilsin. Mən heç olanları istəmirəm
ki, danışılsın. Amma onlar
olmayanları da deyirlər ki, qoy onlardan danışsınlar.
Sevmək gözəldir
- «Sevgi harayı» oxuyursunuz. Bəs bu nə haraydır belə?
- Bu mahnı
Cəlal Qurbanovun sözlərinə yazılıb. Mən onu nəğməyə çevirdim. Samir
Cəfərov, Rasim Balayevlə bir yerdə... Gözəl
bir kompozisiya alındı. Düzənləmə-quruluş
mənim idi. Sevgi harayı gözəldir də.
Sevmək gözəldir… Sevgi deyəndə təkcə
qadın-kişi sevgisi nəzərdə tutulmur ki. Vətənə, anaya, dosta, övlada sevgi var. Adi
geyimi də qiymətləndirməlisən. Bir də görürsən, deyirlər ki, mən bir
paltarı bir dəfə geyinirəm. Yox, mən
bir paltarı bir neçə dəfə geyinirəm. Mən onu sevirəm axı. Həyat
sevgisiz maraqsızdır.
- Hərdən dinləyicilər sizi
qınayırlar: Xumar elə oxuyur, səsində elə yanğı
var ki, birbaşa ürəyimizə toxunur…
-
Yaxşıdır da. Məncə, o daha gözəldir.
O zaman insanlar təmizlənir. Bu sözləri
deyənlərə, əksinə, yaxşılıq edirəm.
O sözləri deyənlərə sevgini, qayğını,
dostluğu təlqin edirəm. Bir var, bir
mahnını dinləyirsən, sonunda deyirsən ki, hə, nə
olsun, mahnıdır da. Duyğusu olmayan bəlkə
də alqışlayır. Bir də var ki,
bayaq dediyimiz hissləri təlqin edirik. Nəyi
pisdir? Gözəldir...
Şeir olmasa...
- Deyirlər ki, yaxşı mahnı
şimşək, ildırım çaxması kimidir - ani
yaranır. Siz də mahnılarınızın
çoxunu özünüz yazırsınız. Yaradıcılıq prosesi sizdə necə baş
verir?
- Mənim
musiqimin doğulmasının səbəbi şeirdir. İstədim-istəmədim, gözəl şeir o
musiqinin yaranmasına məcbur edir. Şeiri
oxudum, artıq aşiq oldum - mütləq içimdə o
musiqi yaranır. Sənətə gəldiyim
vaxtdan şeirə minnətdaram. O gözəl nəğmələr
yaranır. Şeir olmasa, musiqi yarana bilməz.
Bəzən belə də olur ki, keçirəm
royalın arxasına, musiqini yazıram. Onu
da deyim ki, iki halda - ən çox kədərli dəqiqələrdə,
bir də xoşbəxt olanda mahnı yaranır. Sonra sevərkən yaranır mahnı. Tutaq ki, elə-belə oturmuşam royalın
arxasında, içimdə şeirsiz-filansız bir musiqi
yaranır. Ya da ki, şeiri sevirəm,
aşiq oluram və onu nəğməyə çevirirəm.
- Ən çox kimin şeirlərini
oxuyursunuz?
- Mən
poeziya vurğunuyam. Səməd Vurğunu, Məmməd
Arazı, Rəsul Rzanı oxuyuram. Bunu həmişə
deyirəm: mən şairə yox, şeirə vuruluram. Mənim üçün vacib olan şeirdir, şair
deyil, imza deyil.
- Tanınmış şairə Sona Vəliyevanın
şeirlərinə də mahnı bəstələmisiniz. Bu şeirlərdə sizi cəlb edən nə oldu?
- Sona
xanımın sərbəst vəzndə yazdığı
«Şükür Allaha, ölməmişəm» və «Əllərim»
şeirlərinə kompozisiyalar yazmışam. Sərbəst
vəzndə şeir yazmaq da, o şeirləri nəğməyə
çevirmək də çətindir. Mən
bunun öhdəsindən gəlmişəm və əminliklə
deyirəm ki, dinləyicilər bu mahnıları sevəcəklər.
Əslində Sona xanımın aşiq
olduğum bir neçə şeirləri var. Amma hal-hazırda
dediyim şeirlərə mahnı yazmışam. O
şeirlərdəki sözlər, fəlsəfə, gözəllik
məni valeh etdi. Məncə, bu nəğmə
sözünü deyəcək.
- Kompozisiyanı nə vaxt eşidəcəyik?
-
İnşallah, yaxın vaxtlarda. Eşitməyinizə çox az qalıb.
- Mahnıya klip də çəkiləcək?
- Klipi hələ
fikirləşirik, amma kompozisiya eşidiləcək.
Hansı mahnı olsa da, mütləq orda
Xumarın özü var
- Türk müğənnilərinin də
repertuarından, məsələn, Ahmet Kayadan oxuyursunuz. Sizcə, bu musiqilər auditoriyaya daha yaxındır?
- Türk
musiqilərini sevirəm. Ahmet Kayanın «Nələr
çəkdiymi nərdən biləcəksiz»
mahnısını oxumuşam. O mahnını sevmişəm,
oxumuşam. Elə türk mahnıları var ki,
onları uşaqlıqdan dinləmişəm, həmişə
ürəyimdə saxlamışam, demişəm ki, nə
vaxtsa oxuyacam. Növbə ilə oxuyuram.
Bəli, bu mahnılarla auditoriya toplamaq olur.
Amma hansı mahnı olsa da, mütləq orda
Xumarın özü var.
- Türkiyə səhnəsinə
çıxmaq üçün ortaq proyektlər haqda düşünürsünüzmü?
-
İnşallah, olacaq... Amma bu barədə
danışmaq istəmirəm. Bir də
görürsən ki, bir şey deyirsən, ortaya başqa bir
şey çıxır. Həyat davam
edir. Məncə, gözəl bir nəğmə
ilə söz deyə bilirsənsə, heç gündə
bir şey ortaya çıxarmağa ehtiyac da yoxdur. Məncə,
bu kompozisiya bir il yetər. Demirəm,
bundan sonra oturub gözləyəcəyəm. Gözəl nəğmələr olacaq. Görürsünüz, «Sevgi harayı» heç
reklam da olunmadı. Amma sevildi, ürəklərə
yol tapdı. Çünki çoxdan belə
kompozisiya yox idi. İndiki mahnımız –
«Şükür Allaha, ölməmişəm» də elə
olacaq. Musiqi ilə şeirin harmoniyası
baxımından Azərbaycan sənət aləmində hələ
belə şey olmayıb. Orada obraz var, yaşantı var,
gözəl musiqi var, canlı ifaçılar var. Artıq bir
il olar ki, mən bu nəğmə ilə
işləyirəm. O mahnı mütləq müzakirəyə
səbəb olacaq. «Şükür ki, ölməmişəm,
elə-belə bu dünyadan getmişəm» - hər kəs deyəcək:
görən bu nə deməkdir. Sonra başa
düşən başa düşəcək ki, bunlar nə
ediblər. Elələri də olacaq ki, “elə-belə
bu dünyadan getmişəm” görən nə deməkdir, deyə
düşünəcəklər. Qoy elə
də başa düşsünlər. Ləzzət
edən də elə o müzakirədir. Mən
elə istəyirəm. Yəni, sıradan
olmasın, mahnım müzakirə olunsun. İnsanlar
qulaq asacaq, deyəcəklər, bu mənim halımdır.
Və bununla da ürəklərə yol tapacaq.
Təranə Məhərrəmova
Kaspi.- 2012.- 29 sentyabr -1 oktyabr.- S.12.