“Qılınc,
yoxsa qələm?!”
və ya “Azərbaycana sevgi ilə”
yazılmış kitabların təqdimatı keçirildi
Sentyabrın 28-də Beynəlxalq
Mətbuat Mərkəzində Əməkdar jurnalist
Xalid Niyazovun
“Qılınc, yoxsa qələm?!” və
“Azərbaycana sevgi ilə”
kitablarının təqdimatı keçirilib.
Təqdimat mərasimini Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) İnsan
Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun
direktoru, millət vəkili Aytən Mustafayeva açaraq, yeni kitablar və onun müəllifi haqqında
danışıb.
O, institutun doktorantı Xalid Niyazovu 2 ildən
artıqdır ki, tanıdığını söyləyib. Bildirib
ki, yüksək mədəniyyətə, biliyə malik əsl
Azərbaycan ziyalısıdır:
“Vətənpərvərlik hissi onda daha
güclüdür. Hazırda təqdimatına
toplaşdığımız bu iki kitabın
yazılmasına da əsas səbəb onun daxilindən gələn
vətənpərvərlik hissidir. “Qılınc yoxsa qələm?!”
kitabında müəllif müxtəlif illərdə qələmə
aldığı məqalələri toplayıb. Doqquz fəsildə
təsnifləndirilmiş yazılar ən müxtəlif
mövzulara həsr olunub. Burada cəmiyyətin mənəvi
ülgüləri, etik-əxlaqi dəyərlər, mətbuatın
“ekologiyası”, cəmiyyət-insan-şəxsiyyət
üçbucağı ətrafında düşüncələrə
həsr olunmuş sanballı yazılar yer tapıb. Məqalələr
janr əlvanlığı ilə seçilsə də,
hamısını birləşdirən vahid ideya-qayəvi xətt
var. Bu, səmimilik, düzlük, prinsipiallıq, peşəkarlıq
və bir də yüksək ictimai-mənəvi məsuliyyətdir.
Məhz həmin məziyyətlər fərqli ovqat və
zamanlarda ərsəyə gəlmiş yazıların
müasirliyini, aktuallığını şərtləndirir”.
A.Mustafayeva müəllifin ikinci kitabı barədə də geniş məlumat verib. Qeyd edib ki,
Xalid Niyazovun “Azərbaycana
sevgi ilə” adlanan ikinci kitabında Azərbaycana, onun
dövlətinə, dövlətçiliyinə, Azərbaycan
xalqına məhəbbət mövzusu üstünlük təşkil edir: “Ulu
öndər Heydər Əliyevin dirçəliş və tərəqqi
fəlsəfəsinə inam, dövlətin
daxili və xarici siyasəti,
demokratik dəyərlər, müstəqillik
idealları, ölkənin uğurlu neft siyasəti, Prezident İlham Əliyevin apardığı uğurlu rifah və inkişaf xəttinin təbliği, çeşidli ictimai-siyasi
problemlərə münasibətdə əqidə bütövlüyü, prinsip
yenilməzliyi və ədalətli mövqe
də ikinci kitabın əsas
mövzularındandır. Müxtəlif illərdə,
müxtəlif ictimai-siyasi hadisələrə
çevik vətəndaş-yazar
reaksiyasının məhsulu kimi ərsəyə
gəlmiş məqalələrin janrını səlis jurnalist təhkiyəsi, sərrast siyasətşünas
müşahidəsi və obyektiv hüquqşünas mövqeyi
müəyyənləşdirir”.
Millət
vəkili Nizami Cəfərov müəllifi
təbrik edərək, yaxından tanıdığı Əməkdar
jurnalistin bəzi xüsusiyyətləri
barədə danışıb. Bildirib ki, təkcə, Xalid Niyazovu oxumaqla son dövrlər Azərbaycanda yaşanan
ictimai-siyasi, tarixi
hadisələri aydın təsəvvür etmək olar: “Bu kitablar məni ən çox
sevindirən kitablardır. Ən əvvəl ona
görə ki, bu
kitabların müəllifi gənc dostum,
tələbə yoldaşım Xalid Niyazovdur. İkincisi,
kitabların həqiqətən də gözəl tərtibatı
var. Ən nəhayət, bu
kitablar oxunmalı kitablardır. Jurnalistin xoşbəxtliyi ondadır ki, onun yazdığı
yazı hər zaman oxunur.
O, həm yazıçı, həm publisist,
həm də politoloqdur. Ən əsası
Xalid Niyazovun
özünəməxsus üslubunun
olmasıdır. O, hər hansı hadisəyə özünəməxsus
ifadələrlə yanaşır. Bu cür yazı ərsəyə gətirmək
üçün gərək yazarın həm
intellektual potensialı yüksək olsun, həm də hissiyatı. Bu
cəhətlərin hər biri Xalid Niyazovda cəmləşib”.
Təqdimat
mərasimində professorlar Ramiz Əkbər, Qafar Cəbiyev,
İsaxan Vəliyev, Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli və
başqaları da çıxış edərək
kitabın əhəmiyyətindən danışıblar.
Sonda Əməkdar jurnalist Xalid Niyazov onun ünvanına
söylənilən xoş sözlərə
və müəllifi olduğu kitablara verilən qiymətə görə hər
kəsə minnətdarlığını ifadə edib.
Qeyd edək ki,
“Qılınc, yoxsa qələm?!”
kitabının redaktoru professorlar
Asif Hacıyev və Ramiz
Əkbər, “Azərbaycana sevgi ilə”
kitabının redaktoru isə AMEA-nın müxbir üzvü, millət
vəkili Nizami Cəfərov, rəyçilər
professorlar Qafar Cəbiyev
və İsaxan Vəliyevdir. Kitab
“Oskar” nəşriyyat-poliqrafiya müəssisəsi
tərəfindən 1000 nüsxədə nəşr olunub.
Rufik
İSMAYILOV
Kaspi.-2012.-
29 sentyabr -1 oktyabr.- S.6.