“Daha neçə il
ömrüm qalıb, bilmirəm...”
Əlibaba Məmmədov:
«Heç vaxt özümü bəstəkar və ya şair
hesab etməmişəm”
Azərbaycanda Əlibaba Məmmədovun
adını eşitməyən, onun ifasında heç olmasa
bir dəfə muğam dinləməyən kimsə varmı? Əlibabanın
səsi millətimizin qızıl xəzinəsi, mədəni
irsimizin böyük dəyəridir, muğam sənətinin
zirvəsidir.
Müsahibədən
sonra məşhur xanəndəmizi maşınadək
ötürürəm. İki nəfər gənc
yaxınlaşıb ustadla xatirə şəkli çəkdirmək
arzusunu bildirirlər. Ustad tövrünü pozmadan çəkdirir.
İki yaşlı kişi də yaxınlaşıb hal-əhval
tuturlar. Beynəlxalq Muğam Mərkəzindəki
Azərbaycan Milli Konservatoriyasının ildönümü tədbirlərində
gənc xanəndələrin Əlibaba Məmmədovun
başına yığışdıqlarını,
böyük şövqlə konservatoriyanın Fəxri
professoru adına layiq görülməsini təbrik etmələrini
xatırlayıb birdən öz-özümə deyirəm:
elin hörmətini qazanmaq asan deyil, amma o, bunu bacardı.
Əsl xanəndələr
heç də çox olmur
- Ustad, sizi həm öz adımdan,
həm də böyük istedadınızın bütün pərəstişkarlarının
adından bu təltif münasibətilə təbrik edir, sizə
yaradıcılıq və ilhamla dolu uzun ömür
arzulayıram! Uzun illərdir tükənməz
şövqünüz, muğama sevginizlə
hamımızı fərəhləndirirsiniz. Elə sizin xidmətinizdir
ki, bu gün Azərbaycan muğamı dirçəliş,
intibah dövrünü yaşayır, xalqımızın mədəni
həyatında layiqli yer tutur.
-
Çox sağ olun. Xalqa xidmət etməyimin yüksək
qiymət aldığına sevinirəm. Qəlbim yerindən
oynayıb yenə də sevimli “Rast” muğamını oxuyur.
Bu gün Azərbaycan muğamının dirçəlişdə
olduğunu tez-tez deyirlər, amma düz deyil. Muğamın
sönüb yenidən dirçəlməsi boş söhbətdir.
Bizim milli muğamımız bir dəfə yaranıb, indi də
daha çox genişlənmə dövrünü
yaşayır. Humay quşu təkin xilqətin sonsuzluğunda
dəyişir, dəyişir... Hər muğam insan həyatının
yalnız bir şaxəsidir, həyat isə çoxşaxəlidir.
Yalnız bütün şaxələrin cəmində
dövrə tamamlanır, dövrələrin vahid birliyi isə
elə həyatın nəhayətsizliyidir, əbədiliyidir.
Bu gün qəmginsən, “Zabul Segah” oxuyursan, sonra ovqatın dəyişəndə
“Şur” oxuyursan, ardınca da “Bayatı Şiraz” gəlir,
“Rast” gəlir... Ovqatın dəyişdikcə hava da dəyişir,
amma muğam səndə qalır, həyatının
muğamını oxuyursan və bu, sənin tək və yeganə
muğamındır. Sənin muğamın
ömrünün fəlsəfəsidir, amma dünyada insanlar
çoxdur və hərəsinin də xilqət muğamı
başqadır, bu muğam bir böyük vəhdət
içində səslənərək dünyanın tərzini
müəyyənləşdirir. Ona görə də
muğamı düzgün, məharətlə, ürəklə,
ahəngi pozmadan oxumaq vacibdir. Muğamı öyrənmək
lazımdır, özü də ömür boyu. Hər kəs
xanəndə ola bilməz, çünki təkcə səsin
olması bunun üçün kifayət deyil. Bunun
üçün böyük istedad, ilahi vergi olmalıdır.
Odur ki, muğam sənəti uca sənət hesab olunur.
- Bəs siz bu sənətə
necə başladınız? İlk addımları necə
atdınız?
-
Lap erkən yaşımdan anamın oxuduğunu eşidirdim.
Çox gözəl səsi vardı. Özünün musiqi təhsili
almasına o vaxtkı adətlər əl vermirdi, amma musiqi
sevgisini mənim içimə saldı. Həmçinin əmim
Güləhməd Məmmədov da xanəndə kimi
Bakıda məşhur
olub, evlərinə Cabbar Qaryağdıoğlu, Zülfü
Adıgözəlov, Mütəllim Mütəllimov gələrdilər.
Mən də onların söhbətlərinə saatlarla qulaq
asardım, mənə söz deyən olmazdı. Yeddi
yaşımda nağara çalmağı öyrənmişdim,
halbuki mənə bunu heç kim öyrətməmişdi.
Sonra da tar, klarnet, piano – hamısını özüm öyrənmişəm.
Arabir oxuyurdum, amma bu, muğam oxumaqdan daha çox başqalarının
təqlidi idi. Yəni o vaxt əmimə oxşamağa
çox çalışırdım. Böyüyüb
neftçi olmaq üçün təhsil almağa
başladım, o vaxt hörmətli, nüfuzlu peşə idi,
həm də neftçilər yaxşı məvacib
alırdılar. Sabunçudakı neft texnikumunda iki il oxuduqdan
sonra Türkmənistana təyinat aldım, o vaxtlar orada neft
yataqlarını işlətməyə
başlamışdılar. Altı ay keçmiş yeddinci dərəcəli
qazmaçı oldum, özümə yuxarıların diqqətini
çəkdim. Yaxşı yadımdadır,
Seçavoy soyadlı bir rəis vardı, əvvəlcə məni
növbə ustası təyin etdi, sonra hətta mühəndis
olmaq üçün təhsilimi davam etdirməyi məsləhət
gördü. Yaxşı maaş alırdım və
razılıq verdim, hətta müvafiq sənəd də
imzaladım. Di gəl 1948-ci il Aşqabad zəlzələsi
baş verdi, nə gizlədim, o saat doğma yerlər
üçün darıxmağa başladım. Xoşbəxtlikdən
bizim rəis bakılı idi, imzaladığım ərizəyə
baxmayaraq mənə icazə verdi.
- Bakıya neftçi işləməyə
qayıtdınız, yoxsa başqa fikriniz vardı?
- Sadəcə
evə dönmüşdüm, elə bir planlarım yoxdu. O
vaxt Aşqabad zəlzələsindən sonrakı ab-havanı
siz indi çətin ki, təsəvvürə gətirəsiniz.
Hər halda görünür, tanrı
özü məni sonrakı hadisələrə
hazırlaşdırırmış. 19 yaşım vardı.
Bir gün 26 Bakı komissarı adına mədəniyyət
sarayının yanından keçirdim ki, Gənc İstedadlar
müsabiqəsinin elanı gözümə dəydi.
Müsabiqədə münsiflərin sədri də
Zülfü Adıgözəlovdur. Bir “Rast” muğamı
oxuyub müsabiqənin mükafatçısı oldum. Üstəlik
də məni Azərbaycan Dövlət Filarmoniyasına təsərrüfat
hesabı əsasında dəvət etdilər, yəni səhnəyə
hər çıxışım üçün pul verirdilər.
Tezliklə xəstələnmiş xanəndəni əvəz
etməli oldum. Cəmi doqquz dəqiqə səhnədə
qalsam da, Şövkət Ələkbərovanın xoş
sözlərinə layiq oldum. Bundan sonra
Filarmoniyanın ştatına salındım, burada Xan
Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova,
Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva, Rübabə
Muradova, Əbülfət Əliyev kimi şöhrətli xanəndələrlə
bir yerdə çıxış etmək asan deyildi, amma
böyük ustalıq məktəbi idi. Seyid
Şuşinski də indiyədək mənim üçün
bənzərsiz inşad (dini mahnıların
ifaçısı) olaraq qalır, onun ifasındakı
muğam bütün zamanların sənət incisidir. Əsl
xanəndələr heç də çox olmur.
Musiqimizin şah əsəri
- Uzun illərdir dərs
deyir, gənc xanəndələrlə çalışıb
onların səsini, ustalığını təkmilləşdirirsiniz.
Bu işdən xoşunuz gəlirmi?
- Mən
özüm 1963-cü ildə Asəf Zeynallı adına məktəbin
ilk məzunlarından olmuşam. Oradakı müəllimlərim
Seyid Şuşinski, Əhməd Bakıxanov, Adil Gəray
olmasa, müasir muğam məktəbi də olmazdı. Onlara
çox şey borcluyuq. Bu gün Azərbaycan xalqı yenidən
muğam öyrənir, biz muğamı yenidən kəşf
edirik. Uzun illər unudulan, sənətdən qıraqda qalan
muğam bu gün dirçəlir, bütün dünya Azərbaycan
muğamı ilə tanış olur. Muğam Azərbaycan
musiqisinin şah əsəridir, onunla heç bir şey
müqayisəyə gəlmir. Bu gün YUNESCO da
muğamı bizim köklü sənətimiz olaraq
tanıdığı bir vaxtda ifa səviyyəsini
aşağı salmağa mənəvi haqqımız yoxdur.
50 ildən çoxdur dərs deyirəm - əvvəlcə Asəf
Zeynallı adına Bakı Musiqi Məktəbində və
eyni zamanda təqribən 22 il ərzində Bülbül
adına Bakı Musiqi Məktəbində, indi də ahıl
yaşıma baxmayaraq Azərbaycan Milli Konservatoriyasında gənc
nəsilə muğam sənətini öyrətməyə
davam edirəm. Müəllimlik şərəfli və eyni
zamanda məsuliyyətli peşədir. Müəllim öyrədir
və eyni zamanda öyrənir. Mən öz xalqımdan
çox şey öyrənmişəm, öz biliklərimi də
xalqıma vermək istəyirəm.
- İndiki gənc xanəndələrdən
kimlərin adını çəkərdiniz?
-
İstedadlı gənclərimiz var. Onların püxtələşməsindən
Azərbaycan muğam sənətinin gələcəyi
asılıdır. Bunlar Təyyar Bayramov, Bəyimxanım Mirzəyeva,
Vəfa Orucova, Nişanə Baxışova, İlkin Əhmədov,
Ehtiram Hüseynov, Güllü Muradova, Babək Niftəliyevdir.
Ustadlarımız Ağaxan Abdullayev, Arif Babayev,
Alim Qasımov, Mənsum İbrahimov, Səkinə
İsmayılova, mən bəndəniz onların
inkişafı üçün çalışır,
ustalığın sirlərini onlara öyrədir, təcrübəmizi,
vərdişlərimizi, muğam təsəvvürlərimizi
aşılayırıq. Azərbaycan Milli
Konservatoriyasında gənclərə təlim keçərək
nəsillərin ardıcıllığını qoruyub
saxlayırıq.
İnsan ruhunun mənəvi
halı
- Bütün
ömrünüzü muğam sənətinə həsr
etdiniz. Bütün dünyada muğamsevərlər sizə
böyük hörmət və ehtiram bəsləyirlər.
Xatirələrinizdən ən yaddaqalanını bizimlə
bölüşərsinizmi?
- Xatirələrimi
dinləməyə vaxtınız varmı? (gülümsəyir)
Əvvəlcə əsas məsələ barədə.
Muğam bizə Allah tərəfindən bəxş edilib və
mən ona xidmət etməkdən əsla usanmaram. 82
yaşım var. Bütün ömrüm muğamla
bağlıdır. Bu xalq sənətinin dirçəlişinə
sevinməyə bilmirəm. Muğamı bizə Allah bəxş
edib. Dağkeçisi üçün təşti-duz nədirsə,
mənim üçün də muğam odur. Muğamı qəlbimizdən
çıxarmaq olmaz, o, bizim qanımızdadır. O, bizim
içimizdə olub, var və olacaq. Muğamımız elə
“Qurani Kərimi”, ayələri avazla oxumaqdan əmələ gəlib.
Muğamda mənanın qırx faizi musiqinin, altmış
faizi isə sözlərin payına düşür. Muğam
sənəti müxtəlif formalarda hər yerdə var, amma
bizim Azərbaycan muğamı qədər safı,
güclüsü, qüdrətlisi heç yerdə yoxdur.
Muğamda not yoxdur. Hətta ən qüdrətli bəstəkarımız
olan Üzeyir bəy Hacıbəyli də muğamın bircə
bəndini də yaza bilməmişdi. Muğamat mətnə əsaslanan
sırf improvizədir. Burada dinləyiciyə nə demək
istəməyin mühümdür. Yeddi əsas muğam olan
“Humayun”, “Rast”, “Şur”, “Çahargah”, “Segah Zəbul”,
“Şüştər”, “Bayatı Şiraz” və muğam
şöbələri xalqımızın misilsiz sərvətidir,
zəngin irsidir. Muğamla biz ən dərin
duyğularımızı, məhrəm hisslərimizi,
ovqatımızın ən incə məqamlarını, fəlsəfi
fikirlərimizi ifadə edə bilirik. Nizami, Füzuli, Vaqif,
Seyid Əzim Şirvani, Əliağa Vahid kimi nəhənglərin
əsərləri, qəzəlləri bizə ilham verir.
Muğamı söz doğurub! Amma qəzəlləri dillərə
əzbər olan böyük şairlər dünyaya az-az gəlir,
yüz ildən bir gəlir, bir belə şair on sıravi
şairdən üstündür. Vaxtilə toya yaxşı səsə
malik, mikrofonsuz oxuyan müğənni dəvət etmək
hünər sayılırdı. O vaxtlar toya təkcə rəqs
etmək üçün yox, həm də muğam dinləmək
üçün gələrdilər. Bizim oxuduğumuz məclislərdə
isə iynə atsan yerə düşməzdi, qonaqlar bizi
saatlarla dinlərdilər. Mənim
yaratdığım “Humayun” ansamblı 30 ildən çox fəaliyyət
göstərdi. Çingiz Sadıqovun toyunda məni görən
böyük ifaçımız Bülbül “bu uşaqdan
yaxşı muğam oxuyan görməmişəm, sözləri
yemir” - deyə söyləmişdi. Bir dəfə Moskva
qastrolunda bizim üçlük P.Çaykovski adına konsert
salonunun qarderobuna gəlmişik, əynimizdə smokinq,
boynumuzda kəpənək qalstuk. Bizi görən bəstəkarımız
Tofiq Quliyev şən halda “gör nə mədəni, sivil
muğamatçılarımız varmış” dedi.
Yanında əyləşən Rəşid Behbudov da güclə
sezilən qüssə ilə “bilirsiniz, muğamı nə qədər
dinləyirəmsə, doya bilmirəm” dedi. “Humayun”la biz az qala
bütün müttəfiq respublikaları gəzib
dolaşmış və hər yerdə də mehribanlıqla
qəbul olunmuşduq.
- Muğam
ifaçılığında bir tondan başqasına
keçmək, ahəng məsələsi, həmçinin
müxtəlif incə üsullar, o cümlədən, zəngulə
da çox mühümdür. Başlıca məqsəd
bunları bilməkdir, yoxsa başqa nəsə
olmalıdır?
-
Muğam oxumağı öyrətmək mümkün deyil. Bununla doğulmalısan, yəni Allah
vergisidir. Bəli, Azərbaycanda
gözəl səsli müğənnilər çoxdur, amma
muğamın böyüklüyünü, qüdrətini dərk
edənlər tək-tükdürlər. Son illər mən
yüz xanəndə hazırlamışam, bunlar içərisində
əsl xanəndələr beş nəfərdən
çox deyil. Muğam olduqca mürəkkəb sənətdir!
Yadıma bir əhvalat gəlir. Bir dəfə
Moskva qastrolu zamanı qrim otağımıza bir nəfər
yaşlı, haradasa mənim indiki yaşımda kişi gəldi. Zahirən mədəni,
ziyalı təəssüratı yaradan həmin adam bizim hörmətli xanəndələrin
birinə belə sual verdi: “Yaxşı, siz oxuyanda
boğazınızda nə olur?” Biz əvvəlcə
sualı başa düşmədik. Sən demə, bu kişi məşhur Böyük Teatrın həkimi
imiş. Ən mahir müğənnilərin
boğazını saf-çürük edir və adi insan
boğazının bu cür səsi necə
çıxardığını başa düşə
bilmirdi. Beləliklə, hətta ən
peşəkar həkim və təbiblər üçün
adi səslə muğam ifa etmək məsələsi bir
müəmmadır. Halbuki muğam əvvəla
insan ruhunun mənəvi halı, “məqam”ıdır. Ta
gözünü açdığı andan muğamın
ovsunlayıcı təsirinə düşən körpə
böyük mənəvi dünyaya qədəm basır. Muğamda hisslər, duyğular, xülyalar, gözəlliklər,
sevgilər aləmini kəşf edir. Qəlbinin
genişlənməsi elə muğamın gözəlliyidir.
Muğamın sirri elə onun intəhasız
saflığında, həqiqiliyində, azadlığa
çıxmaq həzzindədir. Muğam
oxuyanda mən hər şeyi unuduram, bu dünya mənim
üçün artıq yoxdur, tamamilə başqa zamana və
məkana keçirəm, sanki nəhayətsizliyə qərq
oluram. Yəni xanəndə öz üzərində,
daxili təbəddülatı üzərində, mənəvi
zənginliyi üzərində mütləq
çalışmalıdır. İnsanın
ruhu, daxili aləmi elə onun muğamıdır. Süniliyi isə elə ilk notlardan sezirəm və
qulağım cırmanır. Bizim “Qurani Kərim”
qədər muğamımız da saf, təmiz
olmalıdır. Süniliyi,
saxtakarlığı götürmür muğam.
Görün
necə səslər, yazılar yox olub...
- Siz həm
məşhur xanəndə, həm də bəstəkarsınız,
bir çox sevilən mahnıların musiqi, yaxud da söz
müəllifisiniz. Sizdə bəstəkarlıq əsasdır,
yoxsa xanəndəlik?
- Otuz ildən artıq toylarda oxumuşam. Həmin toylara gəlmək üçün
iki-üç ay əvvəldən yazılırdılar.
Xanəndə üçün toy həm
yaxşı həyat məktəbi, həm də güclü
yaradıcılıq təkanıdır. O vaxtlar daha
asanlıqla mahnı yazırdım, mahnılarımın bir
çoxu həmin dövrdəndir. Bir müəllif
kimi mahnılarımın hələ də dinləndiyinə,
oxunduğuna sevinirəm, onların hələ uzun illər
yaşayacağına ümid edirəm. Amma
mən heç vaxt özümü bəstəkar və ya
şair hesab etməmişəm. Peşəkar
bəstəkarlar mahnıların notunu və ya sözlərini
yazdırmaq üçün mənə müraciət edirdilər.
Bəstəkar Nəriman Məmmədov müəyyən
iş görüb və buna görə ona minnətdaram! Bir vaxtlar Dövlət Teleradio Komitəsinin sədri
mərhum Elşad Quliyev studiyada yazdırıb nota
köçürmək üçün hər mahnıya görə
mənə pul ödəməyi təklif edirdi. Bu işin bir hissəsi görüldü, sonra isə
necə oldu, haraya getdi bilmirəm. Bizim
fonddakılardan xeyli hissəsi itib, yaxud xarab olub gedib. Bu haqda danışmaq çox çətindir,
çünki görün necə səslər, yazılar həmişəlik
yox olub. Axı bütün bunlar milli mədəni
mirasımızdır...
-
Artıq zaman dəyişib. Azərbaycan muğamı beynəlxalq
miqyasda tanınıb, milli muğam məktəbimizin də
inkişafı üçün xeyli işlər
görülür. Ömrünün xeyli hissəsini bu sənətə
həsr etmiş, xalq mahnılarının ifaçısı
kimi də şöhrət qazanmış, Xalq artisti adına və Azərbaycan muğam sənətinin
inkişafındakı xidmətlərinizə görə
“İstiqlal” ordeninə də layiq görülmüş
nüfuzlu xanəndəmiz kimi sizi narahat edən nədir? Ürəyinizdə hansı arzular var?
- Daha neçə il
ömrüm qalıb bilmirəm... bunu heç kəs bilmir. Amma bu gün ürəyim sevinir, bəlkə də
hamıdan çox. Bir vaxtlar atam məni
ilk müsabiqəmə buraxmırdı, bir ata kimi gələcəyimdən
nigarandı. Onu başa düşdüm və
özüm yolumu seçdim. Uzun illər sonra
ümummilli liderimiz Heydər Əliyev bir gün soruşdu: “Bəs
sizin “Humayun” ansamblı necə oldu? Çoxdandır
səsini eşitmirəm”. Bu sözlərdən
heyrətə gəldim. Yəni o boyda kişi,
bu qədər iş-güç içində artıq
mövcud olmayan ansamblı unutmayıbmış. Ölkə prezidentinin dilindən bu sualı
eşidir və öz-özünə inanmırsan.
Gör hər şeyi necə də yadda saxlayır! Onun fərmanı ilə indi dərs dediyim Azərbaycan
Milli Konservatoriyası təsis edilmişdi. Bizim o vaxtlarda bütün bunları təsəvvürə
gətirə bilərdimmi? Bizim respublikada
opera da, musiqili komediya teatrı da, dram teatrlar da, filarmoniya da,
Yaşıl Teatr da – hər şey vardı, bircə muğam
üçün səhnədən başqa. İndi isə Muğam Mərkəzi var. Burada bizim
“Muğam dünyası” festivalları, muğam sənətilə
bağlı müxtəlif təntənəli tədbirlər
keçirilir. Mehriban xanım Əliyeva
muğamımızı dünyada tanıtmaq, YUNESCO tərəfindən
Azərbaycan muğamını dünya şifahi və
qeyri-maddi mədəni sərvətlər siyahısına
saldırmaq üçün çox çalışır.
Mehriban xanım muğamın təsir dairəsini
genişləndirmək, dünya ictimaiyyətinin diqqətini
Azərbaycan muğamını gözəlliyinə cəlb
etmək üçün böyük işlər
görür.
Nəfis tərtibatda çap olunan
“Qarabağ xanəndələri” albomu, müntəzəm
işıq üzü görən “Muğam” dərgisi,
Muğam Ensiklopediyası, səkkiz diskdən ibarət “Azərbaycan
muğamı” toplusu, habelə keçirilən müxtəlif
tədbirlər, müsabiqələr, “Muğam dünyası”
festivalları, beynəlxalq simpozium və seminarlar, elmi
konfranslar böyük əhəmiyyət kəsb edir. Milli muğam ifaçılığı dövlətin
ciddi və hərtərəfli dəstəyinə
arxalanır. Bunlara çox sevinirəm, Mehriban xanım Əliyevaya
milli muğam sənətinin həm xalqımız, həm də
bütün dünya üçün təhqiqinə,
tanıdılmasına, zənginləşdirilməsinə hərtərəfli
qayğısına və diqqətinə görə sonsuz minnətdaram!
Budur, Milli Konservatoriyanın binası
tikilir, burada tədris binası, milli musiqi sənəti muzeyi,
bizim emalatxanalar olacaq. Kaş konservatoriya
tezliklə tikilib qurtaraydı! Bu, mənim ən
böyük arzumdur. Heç olmasa bir-iki il,
Allah kərimdir, həmin binada əyləşib gənc xanəndələrə
dərs demək istərdim! Elə bircə bu imkanı mənə
yaradardılar, buna görə hamıdan çox sevinərəm,
məndən artıq heç kəs sevinə bilməyəcək...
Nelli Atəşgah
Kaspi.-
2012.- 13-15 oktyabr.- S.9; 12.