Kino tariximizin gizlinləri
Bakıda “Stepan Şaumyan”
filmini çəkməyə icazə vermədilər
Yeni həyatla
ayaqlaşmağa çalışan, “Qız qalası” filmindən
sonra ünvanlarına söylənilən tənqidlərdən
lazımi nəticə çıxaran
kinematoqrafçılarımız üçün sosialist inqilabı
əsas mövzulardan birinə çevrildi. Moskvanın təsiri
ilə 28 aprel işğalına haqq qazandıran və beləliklə
də Azərbaycanda güya sosialist inqilabı ilə nəticələnən
fəhlə-kəndli «mübarizəsini» ehtiva edən ekran əsərləri
meydana çıxdı.
Hələ 1925-ci ildə 26 Bakı
komissarı haqqında «qəhrəmanlıq» kinodastanı
yaratmaq ideyası ortaya atıldı. Artıq 1926-cı ildə
yazıçı P.Blyaxin “26 Bakı kommunarının qətli”
adlı kinossenari yazdı. Ssenari AK(b)P Bakı Komitəsində
müzakirə olunub bəyənildikdən sonra onun
istehsalı “Azərdövlətkino” və “MejrabpomRus”
studiyalarına tapşırıldı. Filmə quruluş vermək
rejissor S.Eyzenşteynə həvalə olundu. Hətta həmin
il “26-ların həlakının 5-ci ildönümü”
adlı 96 metrlik bir xronikal – sənədli film də çəkildi.
Lakin Almaniyaya uzun müddətli səfər etdiyinə görə
S.Eyzenşteyn 26-lar haqqında bədii filmə quruluş verməkdən
imtina etdi.
Mərkəzi Dövlət Foto-Kino
müəssisəsi – “Qoskino” “Azərdövlətkino”ya 31 mart
1926-cı il tarixində bir məktub göndərir. Məktubda
deyilirdi ki, Moskva “26 kommunar” filminin birgə çəkilişinə
razıdır. Amma Bakı ilə razılaşdırmaq şərtilə
bütün məsələləri Moskva diktə edəcək.
Bu dəfə rejissorluq Abram Rooma
tapşırıldı. Hətta hazır filmin təhvil verilməsi
tarixi də dəqiqləşdirildi: 15 sentyabr 1927-ci il. Amma bir
qədərdən sonra, yəni 1927-ci il iyulun 12-də Moskvadan
Bakıya yeni məktub göndərildi. Məktubda deyilirdi:
“Filmi çəkmək üçün rejissor yoxdur. Room
imtina edir. İş çox mürəkkəbdir, həm də
quruluş çox bahadır. Ona görə də bu filmin
istehsalından imtina edirik.”
Bundan sonra studiyanın rəhbərliyi
26-ların çəkilişi ilə bağlı rejissorlardan
A.Beknazarov və Vs.Meyerxoldla danışıqlar
aparmış, ssenarinin yazılması üçün əvvəlcə
ssenarist N.Ağacanova-Şutkoya, sonra A.Rjeşevskiyə
sifariş vermişdi. Hər dəfə də çəkiliş
qrupu təşkil olunmuş, filmin istehsala buraxılma vaxtı
təyin edilmişdi. Lakin müəyyən təşkilati
işlərlə bağlı bu məsələ hər dəfə
təxirə salınırdı.
Nəhayət
1931-ci ildə gürcü rejissoru N.Şengelaya filmin
quruluşunu öz üzərinə götürür. “26
komissar” tarixi-inqilabi filmi Bakı komissarlarının həyat
və inqilabi fəaliyyətlərindən, onların kommuna
uğrunda apardıqları mübarizədən və
kommunanın süqutundan bəhs edir. O vaxtlar
sovet kino sənətinin əhəmiyyətli əsəri hesab
olunan bu film ekranlara çıxandan sonra istər kino tənqidi,
istərsə də kinematoqrafçılar tərəfindən
birmənalı qarşılanmadı. Onlar rejissoru
komissarların obrazlarını inandırıcı, filmi
bütövlükdə kompozisiya cəhətdən dəqiq
olmamasına, fraqmentar xarakter daşıdığına
görə tənqid edirdilər. Hətta N.Lebedov “SSRİ kino
tarixi oçerki” kitabında (Moskva, 1965) yazmışdır: “Qeyri-müəyyən, aydın olmayan, “emosional”
ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin
birbaşa təsiri altında çəkilmiş, baş
rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə
görə fərqlənməyən obrazlar-xarakterlər
yaratdıqları film mücərrədliyə və
sxematikliyə məruz qalmışdır. Buna görə
də onu haqlı olaraq tənqid edirdilər. Lakin süjetin
faciəli olması, kütləvi səhnələrin
uğurlu rejissor həlli (şuranın iclası,
komissarların güllələnmə səhnəsi), təsviri
mədəniyyətin yüksək səviyyəsi (operator
Y.Şneyder, rəssam V.Aden ) filmin
nöqsanlarını müəyyən qədər kompensasiya
etmişdir.”
Guya
“işıqlı gələcək” naminə canlarını
qurban vermiş 26-lar haqqında əfsanə uzun illər azərbaycanlıların
beyninə yeridilmiş, onlara filmlərdən başqa poemalar,
romanlar həsr olunmuş, abidələr qoyulmuşdur.
Çox-çox
sonralar 26-ların əksəriyyətinin, başda erməni
millətcisi Şaumyan olmaqla cinayətkar daşnak
yığnağı olması faktı üzə
çıxarılmasına baxmayaraq, Bakı kommunası
mövzusuna Azərbaycan kinematoqrafçıları ikinci dəfə
1966-cı ildə müraciət etmiş və rejissor Ə.İbrahimov
“İyirmialtılar” bədii filminə (“Azərbaycanfilm” –
“Mosfilm”) quruluş vermişdir.
Hər
iki film haqqında onu demək olar ki, bu filmlər yalnız
kinematoqrafik məziyyətlərinə görə sənət
baxımından diqqəti cəlb edir. Komissarların “cəngavər”,
xalqımızın “xilaskarları” olmaları haqqında
söz-söhbətlər isə cəfəngiyyatdan başqa
bir şey deyildir.
Melodram
janrında çəkilmiş “Sevil” bədii filmində (1929)
ilk öncə məhəbbət üçbucağı ilə
qarşılaşırıq: bankın müdiri təyin
olunmuş Balaş, kölə qadın səviyyəsinə
enmiş, sonradan öz azadlığı uğrunda mübarizəyə
qalxan gözəl və gənc Sevil və gününü
bahalı restoranlarda eyş-işrətdə
keçirən Edel.
Filmdə
məhəbbət üçbucağı ilə
yanaşı tamaşaçı inqilab dalğasının
Bakını da bürüdüyünü, azad yaşamaq
uğrunda mübarizə aparan sevilləri öz qoynuna
aldığını görür. Filmin ikinci hissəsinin
hadisələri sovet dövründə cərəyan edir.
Sevili artıq tanımaq olmur, o, yeni həyat qurucusuna
çevrilmişdir.
1970-ci
ildə çəkilmiş “Sevil” kinooperasından fərqli
olaraq, C.Cabbarlının sağlığında və onun
iştirakı ilə lentə alınmış “Sevil” filmi
tarixi-inqilabi janrda yaradılmamışdır. Buna baxmayaraq
film qəhrəmanın inqilabdan əvvəl və sonrakı
həyat yolunu ekranda əks etdirir, ikinci planda da olsa Sevil bu
inqilabi hadisələrin burulğanına düşür və
sonra həmin hadisələrin önündə gedir.
Müharibəyə
qədər Azərbaycan kino işçiləri tarixi-inqilabi
mövzuda daha iki bədii film çəkib
tamaşaçıların mühakiməsinə vermişlər.
“Bakılılar” adlı birinci film 1938-ci
ildə yaradılmışdır. Filmin rejissoru
V.Turin, baş operatoru L.Kosmatov, operatorları Əlisəttar
Atakişiyev və Mirzə Mustafayevdir.
“Bakılılar” filmi kinoepopeyadır.
Filmdə 1905-ci ildə Bakıda baş verən
inqilabi hadisələrdən, Bakı proletariatının
mütləqiyyəti devirmək uğrunda apardığı
mübarizədən bəhs olunur. Burada
sadə insanlarda inqilabi şüurun necə oyanması,
inqilabi prosesdə inqilabçı obrazının
açılması fəhlə Cəfərin simasında
öz əksini tapmışdır. Filmin əvvəlində
savadsız neftçi-fəhlə Cəfər Məmmədov
Mixaylov, Lidiya Giorgiyevna və Zaxarıçla tanış
olandan sonra o, məhz rus inqilabçılarının təsiri
altında bolşevikə çevrilir.
Filmdə gənc neftçi-fəhlə Cəfər
rolunda teatr aktyoru Rza Əfqanlı çəkilmiş və
kinoda debütünü yaratmışdır.
O dövrdə çəkilən filmlərdə olduğu
kimi, burada da qəhrəman inqilabi işə qoşularkən
tərəddüd etmir, onun qarşısında dilemma durmur. Çünki dövrün özü bunu tələb
edirdi. Yəni müəlliflər məsələni
bu cür həll etməyə məcbur idilər.
Azərbaycanda qanlı repressiyanın ən
qızğın dövründə “Bakılılar” filminin
çəkilişi ilə bağlı mətbuatda dərc
edilmiş məqalələrin birində deyilir: “Azərfilm”
studiyası bu filmin çəkilişini 1936-cı il iyunun 1-də başlamışdı. Lakin vaxtilə “Azərfilm” studiyasına soxulmuş
trotskici-buxarinci, burjua-nasionalist köpəklər
çalışırdılar ki, bu film nəticəsiz
qalsın, bu revolyusion ideyalı film yararsız olsun. Bu məqsədlə də o quduzlaşmış
köpəklər, filmin rejissor ssenarisi təsdiq edilmədən
ikinci dərəcəli epizodları çəkməyə
başlamışdılar. Beləliklə
də, filmin çəkilişi
yubandırılmışdır.
“Azərfilm” kinostudiyasının ən
bacarıqlı kadrları və talantlı sənətkarları
filmin çəkilişinə bolşevikcəsinə
girişdilər və tez bir zamanda filmə bir sıra zərbələr
çalmağa səy etmiş əclafların pozucu işlərini
aradan qaldırdılar.”
Göründüyü kimi, Azərbaycan
K(b)P MK-nın respublika kinematoqrafçıları
qarşısında qoyduğu vəzifə-azərbaycanlı
fəhlənin bolşeviklərə qoşulması, 1905-ci ildə
Zaqafqaziyada inqilabi hadisələrdə kommunistlərin rolu
“Bakılılar” filmində öz ideoloji həllini bu şəkildə
tapdı. O vaxt mətbuatda yazıldığı kimi, “filmin
yaradıcıları öhdələrinə düşən
vəzifəni namusla yerinə yetirdilər.”
Lakin Azərbaycan müstəqillik əldə
edəndən sonra bu qəbildən olan filmlərə bu
günün prizmasından baxmaq, tarixi həqiqətləri olduğu
kimi tamaşaçılara çatdırmaq vacibdir.
Bununla belə “Bakılılar” filmi bəzi
nöqsanlarına baxmayaraq, sənət nöqteyi-nəzərindən
o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli
hadisəyə çevrildi.
Digər tarixi-inqilabi film – “Kəndlilər”i
1939-cu ildə Azərbaycanın ilk professional kinorejissoru Səməd
Mərdanov çəkmişdir. Əvvəlki filmlərdə olduğu kimi, burada da
mülkədar kəndlinin başına oyun açır.
Qoca Təhməz
kasıbçılığın daşını atmaq
üçün çıxış yolunu qızı
Ülfətin mülkədarın oğluna ərə getməsində
görür. Ülfət isə
aşıq Göydəmiri sevir. Bu dəfə
də rus fəhləsi, bolşevik Petro kəndliləri
inandırmağa çalışır ki, Müsavat hakimiyyəti
devrildikdən sonra torpaq bəylərin, xanların əlindən
alınıb kasıblar arasında
bölüşdürüləcək, onlara heç kəs
ağalıq etməyəcəkdir.
Filmdə göstərilir ki, kəndli hərəkatı
genişlənəndən sonra Müsavat hökuməti kəndli
qurultayını çağırır.
Bolşeviklər bu qurultaydan öz məqsədləri
üçün istifadə edirlər. Göydəmirin
bu qurultayda odlu-alovlu çıxışından sonra qurultay
dağılır. Qurultaydan sonra kəndlilər
Bakı proletariatının ətrafında daha sıx birləşirlər.
Müsavatçıların hakimiyyəti
dövründə xalqın “dilənçi vəziyyətinə
düşməsi”, buna görə də Müsavatın
ifşası, kəndlilərin üsyanı, onların partizan
hərəkatına keçmələri filmin əsasını
təşkil edir.
Filmin sonunda göstərilir ki, XI
Qırmızı Ordu zirehli qatarla Azərbaycana gəlir.
Öz “nicatını” və “xoş gələcəyini”
bu ordunun gəlişində görən kəndlilər,
süvari dəstələri ölkəmizin içərilərinə
doğru sürətlə irəliləyən
qırmızı bolşevik qatarını sevinclə
müşayiət edirlər.
G.Mdivaninin ssenarisində mövcud olan bəzi
nöqsanlara baxmayaraq, film yüksək profesional səviyyədə
lentə alınmışdır. Ədəbi ssenarinin həcmcə nəzərdə
tutulduğundan artıq olması, həm də SSRİ Kino
komitəsinin səlahiyyətli əməkdaşları tərəfindən
məcburi şəkildə bəzi epizodların dəyişdirilməsi
və ixtisar olunması rejissor üçün xeyli çətinliklər
yaratdı. Bu da son nəticədə filmin
bədii keyfiyyətinə azca da olsa təsir göstərmiş
oldu.
İş burasındadır ki, S.Mərdanov
ilk müstəqil işi üçün heç də
tarixi-inqilabi mövzu deyil, klassik əsər – “Ölülər”i
seçmişdi. Lakin kinostudiyanın rəhbərliyi
onu fikrindən daşındırmağa
çalışmış, “Kəndlilər”i zorla onun boynuna
qoymuşdur. Hətta S.Mərdanov iclasların birində
bununla əlaqədar belə demişdi: “Ölülər”i
çəkmək üçün mən mübarizə
aparırdım. Mənə isə dedilər: “Ölülər”i
bir il sonraya qoyun qalsın, Azərbaycan və
ya Rusiya şəraitində XIX əsrin gənc
adamlarının tarixcəsi ilə məşğul
olmayın. 20 illik yubileyə (Sovet Azərbaycanı
nəzərdə tutulur – A.K.) lazım olan film çəkin.
Ona görə də mən “Kəndlilər”i
çəkmək qərarına gəldim.”
Filmin başlanğıcı heç də
bizim indi gördüyümüz şəkildə deyildi.
Bunu sonradan Mərdanova məcbürən dəyişdirtdirib,
bura “1919-cu il. Azərbaycan. Kasıb kəndlilər Müsavat hökumətinin əsarəti
altında inləyir” sözlərini əlavə etmişlər.
Moskvanın kino rəhbərlərinin
ssenari ilə bağlı yazdıqları rəydə belə
bir fikrə rast gəlirik: “Biz bir daha ssenariçilərin diqqətini
ssenarinin elə yerlərinə yönəldirik ki, həmin səhnələrdə
partiya rəhbərləri – Lenin və Stalin haqqında
söhbət getmiş olsun. “Kəndlilər”də
ssenariçilər bu fikri ssenarinin süjet xəttilə
üzvi şəkildə bağlaya bilməmişlər.”
“Kəndlilər”dən fərqli olaraq
“Stepan Şaumyan” filminin ssenarisi yazılarkən, burada Moskva
yox, özümüzkünlər elə qondarma fikirlər ortaya
atırdılar ki, hətta Moskva ssenaristləri
çaş-baş qalırdılar. Bizim kino
işçilərimiz Şaumyan haqqında film yaratmaq
ideyasını hələ 20-ci illərin ortalarından həyata
keçirməyə çalışırdılar. Hər müzakirədən sonra ssenari şişib
81 səhifəyə çatdırılmışdı.
1940-cı il martın 27-də kinostudiyada Azərbaycan K(b)P
MK-nın, yazıçılar ittifaqının, S.Şaumyan
adına Tarix İnstitutunun keçirdikləri “Şaumyan”
ssenarisinin müzakirəsi zamanı müxtəlif vəzifəli
şəxslərin söylədikləri fikirlərlə
tamaşaçıları tanış etmək istəyirəm:
– ...Ssenaridə Nərimanovun fiquru səhv
verilmişdir. Kimdir Nərimanov? Burjua millətçisi,
bizim düşmənimiz, xalqın düşməni. Ssenaridə isə biz hər zaman Nərimanovu
Şaumyan və Əzizbəyovla yanaşı, hətta bəzən
bir yerdə görürük. Şaumyan və
Əzizbəyov Nərimanovla razılığa gələ
bilmirlər. Nəticədə sovet hakimiyyəti
süqut edir. Bu düzgün deyildir. Sovet hakimiyyətinin yıxılmasından başqa,
daha ciddi səbəblər vardır. Bunları
ssenaridə göstərmək lazım idi.
– Mübarizəni və qəhrəmanlıq
işlərini təsvir etmək üçün düşməni
də göstərmək lazımdır. Ssenaridə
belə düşmən yoxdur. Şaumyanın
fiqurası ilə yanaşı əsl, burjua millətçisinin
obrazını vermək lazımdır. Yalnız
belə halda Şaumyanın obrazını gücləndirmək
olar. Belə bir düşmən Nərimanovu
etmək lazımdır.
– Biz Bağırov yoldaşla söhbət
edərkən o, bizə Nərimanovu ifşa etməyi
tapşırmışdı. Biz qorxmuruq, Nərimanovu
beləcə də göstərəcəyik.
– Bu obrazı bütün genişliyi ilə
göstərmək lazımdır. Onu axıradək
açmaq və tamaşaçıda ona qarşı elə
nifrət oyatmaq lazımdır ki, Nərimanovun sifətinə
tüpürmək istəsin...
Görkəmli rus kinodramaturqu,
yazıçısı və kinoşünası
V.Şklovski isə bütün bunlardan fərqli olaraq filmin
ssenarisi barədə fikrini belə ifadə etmişdir: “Tarixi
film yazmaq üçün epoxanın, dövrün fəlsəfəsini
dərk etmək lazımdır.”
Ssenarini V.Şklovski və İ.Altman
yazmışlar. M.Bleyman isə ssenariyə əl
gəzdirməli olmuşdu. Erməni
rejissoru A.Beknazarov olmalı idi.
Çox-çox sonralar məlum olur ki,
daşnak-bolşevik Şaumyan haqqında filmin çəkilməməsinin
səbəbkarı 1939-1941-ci illərdə Bakı
kinostudiyasında direktor işləmiş Şəmsəddin
Abbasov idi. Bu faktı rejissor A.Beknazarov
da M.C.Bağırova yazdığı məktubda qeyd
etmişdir.
O dövrdə Azərbaycan kinosunda
tarixi-inqilabi mövzuya aludəçilik çox idi. Belə filmlərin yaranma prosesi bir neçə yoxlama
mərhələsindən keçirdi. Göründüyü
kimi, tarixi-inqilabi filmlər sovet ideologiyası baxımından
köhnəlsələr də, bəziləri sənət əsəri
kimi öz əhəmiyyətini bu gün də itirməmişdir.
Aydın
Kazımzadə,
əməkdar incəsənət xadimi
Kaspi.-
2012.- 13-15 oktyabr.- S.10.