Niyazi Mehdi ilə çətin söhbət 

 

Tanınmış filosof iddia edir ki, hətta bozbaşa da kosmosun modeli kimi baxmaq olar

 

- Niyazi müəllim, son dövrlərdə Azərbaycanda yazılan romanların əsas qəhrəmanlarına fikir vermisinizsə onlar ölmürlər, sanki müəlliflər qəhrəmanı öldürməkdən qorxurlar. Sizcə, bu nəylə bağlıdır?

- Siz bilirsiniz ki, qəhrəmanın ölümü faciənin prinsipidir. Çox nadir hallarda orijinal gediş bu olur ki, qəhrəman bioloji olaraq sağ qalır, ideyaca ölür. Bu bir situasiyadır. O biri situasiya Hollivudla bağlanılan “Happy end” dir. “Happy end”in fəlsəfəsi odur ki, hər halda incəsənət əyləndirmədir, ona görə də kefə zəhər qatmaq olmaz. İncəsənətlə bağlı əyləncə məsələsinə bir xeyli yazarın yüngül əli ilə axmaq qatışıqlar əlavə olunur. Məsələn, “Mən kloun-zadam, əyləndirim?!”, “Mən bambılı-zadam, əyləndirim?!”. “Mən düşündürməliyəm!”.

Bir çox yazıçılar, sonuncu dediyim variantı, - düşündürməyi seçirlər. Bir söz demirəm. Ancaq mən, məni yüksək peşəkarlıqla əyləndirən və bu əyləncədə sənətdən bütün istədiklərimi mənə verən sənətkarların heyranıyam. Əylənmək nə deməkdi? Bir-iki saat darıxmadan, zamanın gedişini duymadan ruhun və bədənin rəqsində bulunmaq. İndi bilmirəm, Azərbaycan yazıçıları, hamısı da olmasa, çoxu, qəhrəmanlarını öldürməkdən qorxurlar ki, birdən oxucunun əyləncəsini pozarlar, yoxsa qəhrəmanlarına balaları kimi baxırlar, ya dərin kədərin metafizikasına gücləri çatmır?

Mən sizin sualınızın fürsətindən istifadə edib özümə ilginc gələn nələrisə dedim, ancaq düzü, sizin sorunuzun içindən Azərbaycan ədəbiyyatına baxanda bu ədəbiyyata diaqnoz qoymaq üçün heç bir ciddi düşüncəyə çıxmadım. Qüsura baxmayın. Hərçənd ölümlə bağlı o qədər danışmaq olar ki!

- Ədəbi tənqidçilərin bir çoxu romanları təhlil edərkən müxtəlif yozumlarla romanı mənalandırmaq istəyirlər, yaxud da yazıçılar öz əsərlərini mətnin mahiyyəti ilə aça bilməyəndə də yalançı “fəlsəfi qatışıqlar” əlavə edərək mənalandırmağa çalışırlar? Ümumiyyətlə, bu qədər mənalandırmaq istəyi nədən irəli gəlir?

- Fərid, mən min yerdə demişəm və yazmışam ki, bir nəsnənin mənası və ya türkcə desək, anlamı onun anlatdığı, bildirdiyidir. Məşhur soru var, həyatın mənası nədir? Bunun mən verdiyim düsturda açımı budur ki, mənası yaşamaq sənə nəyi bildirirsə və ya sən nə üçün yaşayırsansa odur? Şerlok Holmsun işi-gücü bilinəndən, görünəndən bilinməyənlərə və görünməyənlərə çıxıb cinayəti açmaq idi. Bu mənada yazarlar da türlü ampluada məna düzməklə məşğuldular. Yəni qızın dodaqlarını elə dadlı görükdürürlər ki, oxucunun başında ağzını sulandıran məna yaransın. Təbiəti küsdürürlər ki, adamların qanlarının qaralmasını bildirsinlər. Ona görə türlü formada deyirəm ki, yaxşı yazarların məna yaradıcılığının bir xeyli hissəsi diskursiv getmir. Yəni, bittə-bittə şüurun hesablaması ilə getmir. Hətta yazıçılar var ki, tənqidçi nə qədər onu məharətlə açır-açsın yenə həsrətlə gözləyir ki, bir adam olaydı, onun bildirmək istədiklərini tutaydı. Hərçənd, yaxasından tutub Zen müəllimi kimi silkəliyib qışqıranda ki, “nə demək istəmisən, de”, görürsən ki, demək istədikləri əsəri qədər maraqlı deyil. Öz əsərindən maraqlı danışan rəssam, yazıçı, rejissor çox nadir hadisədir. Azərbaycanda öz tamaşalarını heyranedici səviyyədə açan Vaqif İbrahimoğlu idi.

Şekspir haqqında o dildə-bu dildə minlərlə araşdırmalar çıxıb. Bizdəki dahi sənətkar ideyası, bunu belə açır ki, gör bu dramaturq 50-60 səhifəlik pyesinə nə qədər mənalar qoyub ki, minlərlə araşdırıcılar bu pyesin bildirdiklərini yığıb-yığışdıra bilmirlər. Mən isə məsələyə başqa cür baxıram. Böyük sənətkar musiqi alətini ixtira eləyən ustaya oxşayır. O, simləri düzür, pərdələri düzür, bir sözlə, taxta-tuxtadan, simdən, səslənmədən və havadan bir sistem qurur. Və quranda öz ilkin mahnılarını da onda çalır.

Beləcə tarı, gitaranı qurublar. Görün o alətlərdə nə qədər musiqilər çalınıb. Bəyəm o musiqilərin hamısını ixtiraçı əvvəlcədən alətin içinə qoymuşdu? Yaxşı tənqidçilər və yaxşı oxucular da, sənətkarın ixtira etdiyi musiqi alətində ya məşhur musiqiləri öz ifalarında, ya da, öz musiqilərini öz ifalarında çalanlardır.

Ancaq elə musiqi var ki, onun şeypurlar təntənəli edir. Piano bu tənətəni öldürür. Onun üçün də həmin musiqi pianoya uyğun sayılmır. Tənqidçilər “musiqini” “pianoda” belə öldürəndə camaat deyir: “yaxşı də, gop eləmə”.

Tənqidçi elə olmamalıdır, yəni əsərdən səsləndirdiyi anlamlar qondarma, girdirmə görünməməlidir. Ancaq onu da sizə deyim ki, bəzi böyük pionistlər hamının şeypurda çaldığı havanı, pianoda elə çalır ki, adamlar əriyib gedir. Belə tənqidçilər də var, yəni girdirmə mənaları mətndə elə səsləndirir ki, hamı əhsən deyir. Eşq olsun belələrinə!!!

İndi keçək yazarlara. Mənim xoşum gəlmir “Nizaminin fəlsəfəsi”, “Füzulinin fəlsəfəsi” deyimlərindən. Ulusun tarixində fəlsəfi qıtlıq olanda bozbaşın da fəlsəfəsindən nəsə yazmaq olar. Bunu onunçün belə qaba demirəm ki, bozbaşın fəlsəfəsinə kinayə edirəm. Haydeqerin bir məqaləsi var, adı “Nəsnə”dir, “qab” ideyası, nəsnəsi üstündə əlləşir ki, varlığın fəlsəfi prinsipinə çıxsın. Bozbaş da hər halda Klod Levi-Strossun təbiri ilə desək, bişmiş və çiyin ilişgiləndirilməsindən doğubsa, bundan təbiətlə mədəniyyətin münasibətlərinə çıxmaq olar. Çiylik, təbiəti, bişmişlik mədəniyyəti simvolizə edir. Ancaq məsələ məni çəkdi uzaqlara apardı, deyəsən, bozbaşda bişmişlə çiyin münasibəti yoxdur. Bozbaşda yalnız bişmiş var. Hərçənd, bozbaşın “nəzəriyyəsində” çiyin, yəni noxudun, kartofun, soğanın və ətin hansı qaydada və necə bişməsi var. Deməli, bozbaş fəlsəfi düşüncəyə elə də yad deyil. Bozbaşa kosmosun modeli kimi baxmaq olar. Bax, Fərid, mənim bozbaşla ilgili qarışıq, absurd teatrın danışığında görünən bu diskursumun qrammatikası, Kamal Abdullanın “Dəvə yağışı”ndan və eləcə də adı yadımda düz qalıbsa, “Yalanın qrammatikası” məqaləsindən gəlir. Matritsa bilirsən nədir? Ünlü “5-ci elememt” filmində də dünyanın matritsasından danışılır. Matritsa, məsələn, naxışlar qəlibidir ki, ora qurğuşunu da, gümüşü də tökəndə həmin naxşları alırlar. Dilçilər deyimi belə açırlar: qadın cinsində olan nəsə kişi cinsində olan nəsə məxluqa nəsə edir və sonra başlayıb onun daha kiçik balası ilə nəsə edir. Bu fraza göstərir ki, cümlənin morfoloji quruluşu da adama xeyli şeylər deyə bilər. Bax, bu quruluş matritsadır. Həmin matritsaya dildə olmayan səs birləşmələri qoyulub. Ancaq bu mənasızlıqda yenə matritsa hansı mənaları isə sezdirir.

O biri matritsadan başqa bir ünlü dilçi Xomski istifadə edərək yazır: «Yaşıl ideyalar ehtirasla yaşayırlar». Burada Şerbadan fərqli olaraq amerikan alimi normal mətndə bir yerdə olmayan sözləri qrammatik matritsaya qoyub. Kamal Abdullanın «Dəvə yağışı»nda və yaxınlarda çıxmış «Labirint» hekayə toplusundakı bəzi əsərlərində matritsa ilə belənçi oyunlar, rəqslər, «barmaq gəzintiləri» var. Adətən, qəliblər, məsələn, dilin qrammatik matritsaları sonsuz sayda olmur. Ancaq həmin matritsalar sonsuz sayda cümlələr verə bilir. Nəsrdə də hekayə matritsaları sonludur, halbuki sonsuz sayda hekayələr verir. Bax, Kamalda matritsa, sonlu ilə sonsuzun mistikası (sirri) və daha nələr və nələrə açarlardır ki, müxtəlif mənalar musiqisini çalmağa əsas verir. Bəyəm, bu dediklərim onun nəsrinə qondarmadır?! Axı, Kamal gözəl dilçidir və hər iki matritsa onun «Dilçiliyə səyahət» kitabında var. İndi bu dəqiqə məni düşündürən odur ki, həmin açarlardan necə istifadə edim ki, gözəl «mahnılara» çıxım.

Başqa yazarlara da arzulardım ki, əsərlərini müxtəlif «musiqilər» verən sistemə, qurğuya çevirə bilsinlər və ya baxtlarına onların əsərlərində müxtəlif musiqilər səsləndirən düşüncə adamları düşsün.

İndi təzədən qayıdaq yazıçıların fəlsəfi iddialarına. Filosoflar dünyanı anlayışların dilində danışırlar, - bax bu dəqiqə mən elə danışıram. Belə danışa-danışa filosoflar hərədən də anlayışların axınından hansı bir olayasa, nəsnəyəsə ildırım çaxdırıb onları gözlənməz mənalarda işıqlandırırlar. Hegel buna spekulyativlik deyirdi. Bazarda havada gəzən arzular, dedi-qodular sayəsində tavarın (malın) qiyməti artdığı kimi, Hegelə görə, düşüncə gəzintiləri də nəsnələri qiymətə mindirir. Fəlsəfə olayları və nəsnələri düşüncənin sınağına çəkir. Yazarlar və şairlər isə daha çox nəsnələrin dilində danışırlar və bu zaman ölməkdə olan fəlsəfənin başına nəsnələrin dilində oyun gətirə bilərlər.

Bu, fəlsəfə ilə ədəbiyyatın təxmini fərqidir. Ancaq iki insan tipi – zarafatcıl və ciddi ayrılandan sonra daha ikisi ortaya çıxır. Biri özündə zarafatın dozasını çox, ciddiliyin dozasını az, o birisi isə ciddiliyin dozasını çox, zarafatın dozasını az edir. Sonra daha iki nəfər ortaya çıxır. Biri bir dəfə zarafatı çox olan adam kimi olur, o biri bir dəfə ciddiliyi çox olan adam kimi olur. Beləcə, türlü kombinasiyalar yaranır. İndi ədəbiyyatda da o cürdür. Eləsi var ki, beş səhifə anlayışların dilində danışır, sonra keçir duyğuların, nəsnələrin dilinə.

- Niyazi müəllim sizin yazılarınızın daimi oxucularından biri kimi deyim ki, düşüncələrinizin arqumentlərə əsaslandırmağınız, əsaslara söykənərək fikirlərinizi açmağınız çox xoşuma gəlir, amma yazı diliniz məncə, bir qədər qarışıqdır. N.Xomski deyirdi ki, “qarışıq dil qarışıq təfəkkürün ifadəsidir, çünki yazmamışdan qabaq düşünürsən?”. Ümumiyyətlə, yazı dilinin pinti olmasına necə baxırsız?

- Təfəkkür qarışıqlığı yerinə mən işlədərdim düşüncənin ornamental hərəkəti və ya gəzintiləri. Bir maraqlı şey də deyim. İndi Azərbaycan söz məkanında elə deyimlər var ki, onların yaradıcıları insafsızcasına unudulmaqdadır. Məsələn, “amma və lakin” - bu birləşməni Vaqif İbrahimoğlu işlədirdi. Kamal Abdullanın “desant cümlələr” deyimini bəziləri işlədirlər, bir dəfə mən də işlətmişdim, sonrasa kimlərsə demişdi ki, guya mənim tapıntımdır. Ancaq “düşüncə gəzintiləri” bəndənizin söz məkanına atdığı deyimdi.

Sovet dövründə bir çox yazarların üzündən bir xeyli oxucular öyrəşmişdilər təxminən belə yazılara: “mən atamı sevirəm, çünki o mənim doğmamdır. Mən babamı da sevirəm, çünki o...” və s. Bu fraqment düzünəqulu təfəkkürün məhsuludur. “Düşüncə gəzintiləri” deyimi isə əyri xətlərin oyunudur. Əyri xətlərin oyununa öyrəşməyən adamlar bu dili qarışıq sayırlar. XXI yüzilin Azərbaycan jurnalistikası bu və ya başqa dərəcədə yazı və düşüncənin əyri xətlər üsulunu mənimsəyib. Onun üçün də indi mənim yazımı anlayanların sayı, on il bundakından xeyli artıb. Görün zaman necə dəyişib: indiki zamanda Aydın Talıbzadənin, Ağalar Məmmədovun, Mir Şahinin üslubunu mənimsəyən orta səviyyəli jurnalistin məqaləsini 70-ci illərin yazı dünyasına salsaydın, Niyazi Mehdi, Kamil Vəli Nərimanoğlu, Aydın Məmmədov kimi adamlar ona böyük istedad sahibi kimi baxardılar.

- Cavabınız maraqlıdı, amma mənim verdiyim sualın cavabı deyil. Mümkünsə dilin pintiliyi məsələsini analiz edəsiniz.

- Bu “dil təfəkkürü ifadə edir” məsələsi rahat formuladır, ancaq o qədər də dərin deyil. Bax, Fərid, o cırıq-mırıq cins şalvarları ki qəşəng qızlar geyinirlər, pintiliyin estetikasından çağdaş modada istifadədir. Bu cırıq-mırıq şalvar pintiliyi bildirmir, yəni o şalvar o qızla bağlı bomj anlayışını, pis iyi bildirsəydi, həmin azəri qızı öldürsəydin də o şalvarı geyməzdi. O şalvar hippiliyi bildirir. Siyasi-kültür protesti bildirir, kavboylardan 60-cı illərin zövqlərinəcən uzanan tronsformasiyaları bildirir. Pop-artda sərgi salonunda piyedestala qoyulmuş unitaz iyli unitazı bildirsəydi, heç bir sərgi salonu onu yaxın buraxmazdı. Molla Nəsrəddinin axmaqlıq maskası axmaqlığı bildirsəydi, Molla müdrik sayılmazdı. Bədii əsərdə dediyin pintiliyi daranmışlığa, qlamurluğa qarşı duran üslub kimi qavramaq lazımdır. Deməli, sən yazıçını oxuyanda tapmalısan, bu onun savadından-zövqündən gələn pintilikdir, yoxsa Molla Nəsrəddinin axmaqlıq maskasıdır, ya da hippilərin cins şalvarıdır.

- Hər adama filosof deməyə dilim gəlmir, olsun ki, bu hansı dərəcədəsə diqqətlilikdən və hansı dərəcədəsə də əsl filosoflara olan hörmətdən irəli gəlir, ona görə də belə deyim bu gün fəlsəfəylə məşğul olanların çoxu niyə sosialoji məsələlərdən və ədəbi əsərlərdən yazmırlar?

- Çox çətin sualdı. Yenə də üç-beş nəfər tapmaq olar ki, fəlsəfi biliyi əsasında dünyadan və mədəniyyətdən danışır. Belə görünür ki, çoxları qapanıblar dərs otaqlarına, fəlsəfəni bir-iki şahmat partiyası kimi öyrəniblər və işləri-gücləri hər dəfə o partiyaları ifa etməkdi. Əslində, Rusiya məkanında da minlərlə filosoflar var ki, konfranslara, ora-bura yazırlar. Ancaq TV-lərdə dünya ilə bağlı onlara söz vermirlər, çünki bildikləri dörd-beş “şahmat partiyası”dır. Rusiya televiziyasında çıxış edən adamların sayına baxın, təxminən eyni fiqurlardır, bu kanaldan o kanala, o kanaldan bu kanala keçirlər. Səviyyələri yüksək olsa da, baş gicəlləndirici deyil. Deməli, dünyadan maraqlı danışmağı bacaran intelektuallar azdı, biz də isə lap azdı.

- Sizcə fəlsəfəylə məşğul olanlar hansı səbəblərdən sosial məsələlərdən uzaq qaçırlar?

- Repressivlik böyük olan cəmiyyətlərdə qorxu ilə bağlamaq olar. Ancaq başqa səbəblər də var, məsələn, mənim ən zəhləm gedən söhbət Azərbaycanda korrupsiya məsələsidır. Bütün vicdanlı adamlar Azərbaycanda korrupsiyadan danışırlar. Ancaq bu, təxminən oxşayır qızın gözəlliyi haqda olan şeirlərə, hər dəfə deyirlər, “dişlərin mirvaridir, dodaqların yaqut”. Belə də şeir olar?! Korrupsiya yeni aspektlərdə, yeni təhlükələrdə və nəyə görə xeyli insana cazibədar olmasında açılmalıdır. Bizdə isə çevir tatı, vur tatı. Bu mənada sosial-siyasi məsələlərdən ağıllı, yaradıcı danışmaq çox çətindir.

- Bu gün yazılan əsərlərin mənzərəsində sanki dövrün ümumi ab-havasını görmək olmur. İstərdim ki, niyəsini siz deyəsiz.

- Sovetlər dönəmində bəyəm dövrün ümumi ədəbiyyatı vardı? Şəhər və ya kənd nəsri bəyəm dövrün ədəbiyyatının tam mənzərəsi idi? İkisi də eyni vaxtda vardı. Nəsr üçün işlənməmiş xam torpaq şəhər olanda, şəhər nəsri inkişaf elədi, kənd mövzusu aktual olanda kənd nəsri inkişaf elədi. Bizim indiki dövrdə isə keçmiş də, indi də, gələcək də var. Şəhər də var, kənd də var. Kimsə təsirli şeir, nəsr yazırsa o həm də dövrün sənədi olur. Əgər belə əsərlər az olursa, onda sənin narazılığın kimi narazılıq ortaya çıxır, sanki cəmiyyətdən yazmırlar. Dövrün ab-havası ona görə tam bilinmir ki, sanki “aybına kor ol” atalar sözünün prinsipinə sadiq qalmaq yarışı gedir.

- Siz də az-az əsərlər haqqında fikir bildirirsiniz.

- Mən Azərbaycan ədəbiyyatı haqqında 90-cı illərdən sonra o qədər də yaxşı fikirdə deyildim. Nə yaxşı ki, Kamal Abdullanın daha sonra Salamın, Etimad Başkeçidin, Aqşinin, Seymur Baycanın yazılarını oxudum. Kamal Abdullanın roman və hekayələri isə mənə pianoda öz fantaziyalarımı çalmağa imkan verdi. Ancaq onu da deyim ki, Milli Kitab Mükafatında münsiflər heyyətinin üzvü kimi əsərləri oxuyanda gördüm ki, bizdə xeyli normal səviyyədə yazan yazıçı varmış, Pərviz Cəbrayıl, Məqsəd Nur, Etimad Başkeçidin yazıları isə normaldan xeyli yüksək səviyyədə idi. Mən çalışıram ki, yüksək keyfiyyətli əsərləri oxuyum, bunlar isə çox deyil. Bir də ilkin təhsilim filologiya olsa da, dindən, əxlaqdan, psixologiyadan, yazmaq da mənim üçün maraqlıdır. Hamısına isə söz çatdırmaq olmur.

- Nədənsə mən söhbəti ha ədəbiyyata çəkdimsə də, siz fəlsəfəylə və ya düşüncəylə bağladınız, ədəbiyyatdan danışa bilmədik. Sizcə niyə belə alındı?

- Mən çağdaş Azərbaycan ədəbi prosesini yaxşı bilmirəm. Bir də ədəbiyyatdan ağıllı danışmaq məndə asan alınmır. Görünür, mənə anlayışlar dünyasında kiyi tutub şarları vurmaq daha asandır, nəinki ədəbiyyat dünyasında.

 

 

Fərid Hüseyn

 

Kaspi.- 2012.- 13-15 oktyabr.- S.15-17.