RUZİ
(hekayə)
“PENİTENSİAR LÖVHƏLƏR”
SİLSİLƏSİNDƏN
Cərimə
təcridxanasına axşam nəzarətini yerinə yetirib
otağına təzəcə addımlamışdı
qapısı döyüldü:
-Vilayət məllim,
olar sizdən bir söz soruşum?
Müxalifətçi
deyilən Elşən idi gələn. Dələduzluq maddəsi
ilə ittiham edilməsinə baxmayaraq günahının
müxalifətdə olması ilə izah edən bu məhkum
ona təsadüfi hallarda müraciət edərdi. “Bəlkə,
nəsə bir hadisə olub,” – Vilayət narahatlıqla
düşündü:
-Gəl
içəri, istəyirsən ikisini soruş. Nə
olub, nə baş verib?
-Heç nə
baş verməyib. Eşitdim əvf veriblər, yüzədək
adam əfv olunub. Doğrudur?
-Bilmirəm,
xəbərim yoxdur. Bayrama nə qalıb ki.
Ola da bilər. Dünən “spesçast”
deyirdi əvf bugün – sabah
olmalıdır. Kimdən eşitdin?
-“Zampalit”in
“dnevalni”sindən..
-Bəs
klubdakı televizorda axşam xəbərlərinə
baxmadınız?
-Necə
baxaq? Bir dəstə serial başdanxarabının əlindən
xəbərlərə baxmaq olur ki?.. Dəstə rəisindən soruşdum, o, da təsdiqlədi.
-Ramildən?
Hə, o da bizimlə növbədədir...
-Amma,
qanımı qaraltdı.
-Niyə?
-Növbətçi
otağından evinə zəng edib maraqlanıb ki, siyahıda
tanınmışlardan kim var? Deyir bu əvfdə
müxalifətdən heç kim yoxdur.
-Ramilin evində
siyahını hardan əldə ediblər?
-İnternetdən. Oğlu oxuyub deyib.
-Ə,
sən nə vaxdan müxalifət oldun? Tutulandan sonra?
Məhkum onun
istehzasına əhəmiyyət vermədi:
-Vilayət məllim,
zəhmət olmasa, siz öyrənib bir də, dəqiqləşdirəydiniz
görüm mənim adım var, yoxsa yox?
-Elşən,
indi saat ona az qalıb. Bir
azdan “adboy” olacaq. Sən get yat. Siyahını bizə, yəqin
sabah erkən verərlər. Bu vaxtı onu hardan bilə bilərəm?
-Siz də zəng
edin evə, ya bir dost-tanışa internetə baxıb desinlər.
Vilayət məllim, xahiş edirəm, əgər
mənim adım siyahıda çıxsa sizin şirinliyiniz
xüsusi olacaq. And olsun Allaha, yalan demirəm...
-Yaxşı,
görüm öyrənə bilsəm ki, sən əfv
olunmusan, gəlib yatağından durğuzub şirinliyimi istəyəcəyəm.
Hələ ki, get yat, heçkimə heç nə demə...
Məhkum
otağından çıxandan sonra, onun dediklərini bir daha
düşündü. Əfv siyahısı səhər hamıya elan olunanədək
qabaqcadan bir-neçə nəfərin adını bilməsinin
nəyi pis idi? Səhərədək
hamıdan tez şirinliyini alardı. Əfv
elə bir xoş hadisə idi ki, bu zaman məhkumu
sıxmağa ehtiyac qalmırdı. Bəlkə
də, bu bir ruzi payı idi. Bəxti ona
yetirmişdii ki, əfv imzalanan axşam məsul növbətçilər
sırasında olsun, fürsəti qaçırmasın.
Çox yox, heç olmasa evinə getməyə
benzin pulunu çıxarsaydı, o da bəs edərdi. Gün ərzində bütün zonun hər tərəfini
gəzsə də heç bir nanəcib ona
yaxınlaşıb allahın bir qutu siqaretini də hörmət
etməmişdi. Görüşə gələn
də azalmışdı. Gələnlərin
də əksəri ağlaşırdı. Nə qınasın camaatı? Biri
özü, neçə illərin zabiti dolana bilirmi? Kimə
desəydi, inanmazdı, gülərdi ki, bu qədər
maaş alır, ” türmədə”
işləyir, çiynində bir ovuc ulduz daşıyır,
yenə ağlayır. (Elə bilirdilər
“türmə”də hamı pul qırır. Bəziləri kimi qısma-boğma ilə pul
qazanmağı qəti sevmirdi. Sınamışdı,
onun üçün belə qazancın bərəkəti
olmurdu.) Həmin o maaş ki Baş
idarədən bəri öz rəisinədək həmişə
iddia edilirdi ki, guya “kifayət qədər yüksəkdir”. Kimə
necə başa salsın ki, uzun illərdir ev
ala bilmədiyindən maaşının üçdə
birini kirayəyə verir, hər üçü tələbə
olan bir oğul, iki qız saxlayır. Bunlarla yanaşı qiymətlərin
daim artan vəziyyətində ailənin xərclərini
ödəmək, xeyirə-şərə getmək var... Pulu çatmadığından çox vaxt toylara
“işdən buraxmırlar” bəhanəsi ilə getmirdi.
Şükür ki, vaxtında bir köhnə
“Jiquli” almışdı. Bazar günlərində
“taksavat”lıqla məşğul olurdu...
Ruzini
qaçırmaq olmazdı. Əfv olubsa necə var
siyahını tapmaq lazım idi. İndi
siyahıya dair ən dəqiq xəbər “spesçast”da – qeydiyyatçıda
olardı, ondan da söz soruşmağına dəyməzdi.
Yaxşısı Ramil kimi evə zəng vurub
internetdən öyrənməkdir. Ancaq, nəsə
düşünüb fikrini dəyişdi, istəmədi niyyətini
uşaqlar duysun. Köhnə dostlarından birinə zəng
vurub hal-əhvallaşdı:
-Qardaşım,
bilrsən sənə niyə əziyyət verirəm, deyirlər
əfv çıxıb. Zəhmət olmasa, kompyuterini
açıb internetdə siyahını oxuyardın,
görüm bizimkilərdən kim var?
Qadanı alaram sənin... Deyəsən, internetdən
sən də mənim qədər bilirsən. Əfv yerini aç, görəcəksən,
tapdın? Neçə nəfərdi?
Səksən? Hə, de görüm... Yox, belə olmayacaq, sən oxuyub gedirsən,
yadımda qalmır. Sən bir-bir oxu, mən tanış gələnlərini yazım. Yaxşımı?
Bu vaxt nəzarətçilərdən
biri otağa daxil oldu:
-Cənab
kapitan, növbətçi köməkçi deyir “keespe”yə
getmək növbəsi çatıb...
-Əhməd,
səni mənə Allah yetirdi, gəl kömək eylə. “Keespe” qaçmır ki,
yarım saat gec gedərəm. Sən trubkanı al,
eşitdiyin adları de, mən yazacağam, belə tez olar...
-Vilayət məllim,
nədi bu?
-Deyəcəyəm
sənə, axırda başa salacağam. Sən
mən deyəni elə.
Nəzarətçi
Əhməd telefonda qulağına dəyən ad və
familyaları söylədikcə, o, tez-tez yazmağa
başladı.
İyirmi doqquzuncu adama çatanda duruxub əlini saxladı,
trubkanı Əhməddən aldı:
-Ə,
qardaş, bu Abdullayev it oğlunu neçə dəfə əfv
edərlər? Bunu keçən dəfə buraxmadıqmı?
Sən bir yoxla, bu siyahı nəvaxtındı?..
Necə? Keçən ilindi?
Ay səni evin tikilsin. Bayaqdan nə qədər
qələm-kağızı korladıq boş yerə, heyif.
Sən bilrsənmi burda kağızı az
qala sayla verirlər. Rəhmətliyin oğlu,
ayaqyoluna getmirlər ki tez acıyarlar. İmkanları
olsa maaşı da kəsərlər. Dərdimi təzələmə,
ə, bir bax da, nə oxuyursan, bu günkünü tap deynə...
...Elşənin
adı yox idi. Yeni siyahının
yarısından üç nəfər
tanıdığı məhkum tapılmışdı.
Daha yazmağa, dördüncüsünü axtarmağa həvəsi
qalmamışdı:
-Əhməd,
bəsdi. Sən qulaq
as, yataqxanaya gedib bu üç nəfəri sakitcə
yatağından durğuzursan, heç kim
bilməsin, əfvə düşdüklərini deyib
şirinlik alırsan. Özün də
tapşırırsan ki, sevinclərindən səs-küy
salıb, kimisə yuxudan oyadıb narahat etməsinlər.
Mən də gedib “keespeye” baxıb
qayıdıram. Nəticəsin mənə
məruzə edərsən.
O, “keespe”dən
– müəssisəni hər tərəfdən dövrələyən
nəzarət iz zolağından otağına qayıdan kimi Əhməd
də yataqxanaya dəyib gəldi.
-Hə, nə
oldu?
-Vilayət məllim,
ağlaşmadı. Deyirlər
üstümüzdə heç nə yoxdu. Sabah valideynlərimiz gələr, onlardan alıb
şirinliyinizi verərik. Biri iki qutu siqaret verdi, - o, siqaretləri stolun üstünə
qoydu, - ikisinə dedim üçüncüsü qalsın səhər
tezdənə. İndi oyada bilməyəcəyəm...
-Eybi yox, səhər
deyərsən. Siqaretləri götür
özünə, çəkərsən. İstəmirəm.
Valideyinindən harda alıb verəcək?
Çöldə? Xeyr, mənim
vaxtım olan deyil çölü də diqqətimdə
saxlayam. Gəl belə edək. Sən özün məşğul ol bu işlə,
nə alırsan özün bilərsən, mənə təkcə
işdən qayıtmağa benzin pulu olsa kifayətdi. Həmişəki
kimi bir az kasıbçılıqdı, tərs
kimi maşında yanacaq ehtiyatı da saxlamamışam. Razılaşdıq? Bax ha, boş buraxma...
***
Səhər
tezdən, məhkumları oyanmağa haraylayan zəngdən
sonra Əhməd hövlənak bi rməhkumla onun
otağına daxil oldu:
-Vilayət
müəllim, üçüncünü gətirdim.
O, zonun
qazanxanasında köməkçi işləyən
yaşlı məhkumu görüb ürəyində Əhmədi
qınadı: “Ə, bu yazığın yanına aylarla gələn
olmur. Nəyi var ki, nə də versin. Qəsdən
belə edir ki, sonra ondan nəsə ummayım.” Məhkum
yazıq-yazıq soruşdu:
-Cənab
kapitan, mənim nə günahım var ki, bu nadzor səhər
tezdən başımın üstünü alıb sizin
yanınıza gətirib...
-Günahın?
Günahın var. - Məhkum ona
matdım-matdım baxaraq günahının nə olduğunu
gözləyirdi. – Günahın odu ki, əfvə
düşmüsən, gərək şirinlik verəsən.
Qulaqlarına
inanmayan məhkum qımıldanmadı, key-key baxdı. Onun susqunluğuna dözməyən Əhməd
bərkdən dilləndi:
-Ay kişi azad olmusan ey, azad. Səni
əfv ediblər. Özünü tülkülüyə
vurma, dillənsənə...
Heyrətdən
özünə gələ bilməyən məhkum gözlənilmədən
səndirləyib döşəməyə sərildi. Əhməd tez əyilib onun
yıxılarkən sifətinin əzilib-əzilməməsini,
nəbzini yoxladı:
-Vilayət
müəllim, sağdı, sevincindən ürəyi gedib...
-Onun sevinməkdən
ürəyi getdi, mənimsə qorxudan... Gərək
deyil şirinliyi. Sən Allahın qaldır onu apar
barakına özünə gəlsin, ölər sonra duran yerdə
zibilə düşərik, - o,məhkumu Əhmədə
tapşırıb səhər yeməyinə nəzarət
üçün yeməkxanaya yollandı.
***
Növbədən
çıxan əməkdaşları hər dəfə bir bəhanə
ilə günortaya qədər ləngitməkdən sanki, həzz
alan rəis bu səhər də əfv fərmanının
icrasının sonunadək hamının iş yerində
qalmasına göstəriş vermişdi.
Baş İdarədən gələn nümayəndənin əfvlə
bağlı təntənəli tədbirindən sonra, ona evə
getməyə icazə veriləndə, Əhməd yadına
düşdü. Tez yanına çağırtdı:
-Əhməd,
imkan tapıb çölə çıxa bildinmi?
-Vilayət
məllim, çıxmağına çıxdım. Gəl
ki, bilmirəm mənə inanacaqsız, yoxsa inanmayacaqsız,
vallahi, xeyri olmadı...
-Niyə?
-Siz deyənlərdən birinin
kimsəsi gəlməmişdi, o birisinin də valideynin
başına jurnalistlər yığılmışdı.
Qapının ağzında o qədər kamera ilə dayanan
vardı, mən kiməsə necə yanaşa bilərdim ki, mənə
şirinlik ver. Elə ordaca şəklimi
çəksinlər lentə, adımı da qoysunlar
“korrupsioner”... Vilayət məllim, qınama məni, işi
itirsəm verdiyim xərcin batması bir yana, təzə
işi necə tapacağam?..
-Nə isə,
neyləmək olar, canın sağ olsun. Bəndəyə
etibar yoxdur, ruzini gərək Allah versin...
Üzə
vurmasa da, ürəyində gözlədiyinin
alınmamasından pərt olmuşdu. Müəssisənin
qapısından çıxdıqdan sonra, çöldəki
otaqların birində kapitan formasını əynindən
çıxarıb mülkü paltarını geyindi. Köhnə “Jiquli”sinə əyləşib
maşını işə saldı. Maşınına
əyləşən müştəriləri mülkü
geyimdə olanda daha çox hörmət edirdilər.
Bir az sürmüşdü qarşıdakı
dayanacaqda taksi gözləyən iki nəfərin ona tərəf
əl elədiyini görüncə bayaqkı pərtliyini
unudub sevindi: ruzisi heç də, onu tam tərk etməmişdi...
Nə yaxşı ki, Allahın insanlar sayaq Dubayda, Havay
adalarında villalar almağına ehtiyacı yox idi...
Rövşən Yerfi
Kaspi.- 2012.- 13-15 oktyabr.- S.16.