1. AMAN XƏZƏR!
Əsrarəngiz
gecələrdə, Bakıda
Bədrlənmiş
ay salamlar Xəzəri.
Ona bənzər gözlərinin
rəngi də...
İşıq
saçar ləpələrin üzəri.
Göy mavisi – Türküyümün
nişanı,
Qırmızısı
- şəhidimin al qanı.
Yaşıl
rəngi təmsil edər İslamı.
Uzaq olsun bədxahların nəzəri.
Aman Xəzər,
yaslı Xəzər, can Xəzər!
Sahilində
dalğa-dalğa qəm gəzər...
Hüzünlüsən,
bayrağından qan sızar!
Qalmayıbdı
duaların kəsəri.
Qarabağda
üfüqlərin qaralı...
Şair sinəm
Xocalıdan yaralı!
Mustafa da düşüb sizdən aralı...
Zəfər yoxsa, od alacaq məzarı!
2. ƏLİNƏ DÜŞDÜ
Bir gözəl sevəndən, elimdən uzaq,
Sevdam aşıqların dilinə düşdü.
Aldı ürəyimi məndən Qarabağ,
Gözüm bir nazənin
gəlinə düşdü.
Gözümdən uzaqdı, könlümə yaxın!
Bitməz ki, həsrəti...
Qəm axın-axın!
Mənə tuş eylədi məhəbbət
oxun,
Ahım kəmənd oldu, belinə düşdü.
Çağlama, ey Xəzər,
dərdim oyanar!
Kükrəyib çoşaram - rüzgar dayanar.
Xarı bülbül desəm, ürəyim yanar
Vətənim yağılar əlinə düşdü.
Çıxıb Ağrı dağa dumana batsam,
O Cıdır düzündə,
çöllərdə yatsam!
Tutarmı əlimi, yara uzatsam?
Günəşin səfəqi telinə düşdü.
Əriyib getsə də dağların qarı
Silmədi könlümdən qəmi, əfkarı…
Bu qanın, davanın iti rüzgarı
Qoca Şəhriyarın elinə düşdü!
Tutqun xəyallarım üfüqdə buzlar...
Qəlbim bu həsrətdən
sızlar ha, sızlar!
Nədən kədərlidir elimdə qızlar?
Bəxtləri ayrılıq selinə düşdü?!
3. MƏNIM BULUDLARIM HÜZÜNLƏ
DOLMUŞ
Mənim buludlarım hüzünlə dolmuş,
Göz yaşı axıdar qəm olan yerə.
Yığışıb sellənib ümmana dönmüş...
Nolardı, “sevirəm” desə bir kərə?!
Mənim buludlarım yoldaşdır yelə,
Bülbültək aşiqdir bir qızılgülə.
Sevən ürək üçün atəşdir
çilə -
Yaxar bu dünyada,
qoymaz məhşərə.
Mənim buludlarım susar, çağlamaz,
Sevdaya düşməyən,
ürək dağlamaz.
Bozarar, qaralar, amma ağlamaz,
Baş əyməz zülümə, nə də qədərə.
Mənim buludlarım dağlara həmdəm,
Enməz düşsə belə qəm üstünə qəm.
Bu sevgim mirasdır sizlərə məndən,
Vəfasız kim
olsa, düşsün
kədərə.
MUSTAFA BERÇİN
Türkiyə. Çanaqqala.
Çevirən: Afaq Şıxlı
Kaspi.- 2012.- 13-15 oktyabr.- S.17.