Romandan köşəyə…
Yazarlar niyə romandan
köşə yazılarına keçdilər?
Ötən il xeyli sayda romanlar
yazıldı. Həmin romanlar haqqında ədəbiyyat aləmində
maraqlı fikirlər yürüdüldü, müzakirələr
olundu. Amma nədənsə birdən-birə roman
yazılışı səngidi. Roman yazan müəlliflər
isə köşə yazmağa başladılar. İndi
yazarların çoxu köşə
yaradıcılığı ilə məşğul olurlar.
Bu dəyişikliyin səbəbini öyrənmək
üçün aşağıdakı sualla onlara müraciət
etdik:
Nəyə
görə roman yazılışı səngidi, indi
yazarların çoxu köşə yazmaqla məşğuldurlar?
İradə
Musayeva : Əvvəla roman adına çap olunan
əsərlərin hamısı roman çıxmadı. Hətta
irihəcmli hekayələrə de roman dedilər... İkinci,
roman kompaniyasında geriçəkilmələr ona görə
çox oldu ki, həmin müəlliflər
romançılar, roman ustaları deyildilər. Roman
ağır janrdır. Tolstoy kimi yazıçının
anasını ağladırdı, bir cümləni yüz dəfə
vurub-çıxırdı, yox, bu roman cümləsi deyil...
Bizdə romanı nəinki roman tefəkkürlü
yazıçılar yox, publisistlər yazdı.
Ölçüsüz-biçisiz bütün sözləri
qurtarandan sonra döndülər köşələrinə.
Səlim
Babaullağolu: Roman yazanların daha çox köşə
yazarı kimi görünməsinə mən normal baxıram.
Həmişə roman yazmaq olmaz. Xüsusən o ölkədə
ki, kitab satışının vəziyyəti ürəkaçan
deyil. Köşə yazarlığı onların gündəlik
işidir. Bu iş onları maddi nöqteyi-nəzərdən
saxlayır. Başqa tərəfdən həm də formada
saxlayır. Qələmdən ayrı düşmürlər.
Həm də yaşadıqları çağın problemlərinin
içində qalmağa müvəffəq olurlar. Markes də
köşə yazırdı. Umberto Eko indiyə qədər
yazır. Dmitriy Bıkov da yazır. Bu şeylər məncə
normaldır...Yazmamaq da normaldır. Amma gərək yazmamaq
üçün yaşayış minimumların ola...
Aysel Əlizadə:
Bir romanlıq fikri bir köşədə demək
mümkündürsə, niyə də olmasın?
Düşünürəm ki, uzunçuluq dövrü bitdi.
İndi ən lokal söz deyə bilən yazarların
dövrüdür. Köşə öz özünün
ortaya atmayıb, zaman yetişdirib bu janrı. Getdikcə
sözlər azalır, adamlar nə qədər az
danışsa bir o qədər yaxşıdır. Bir gün gələcək
ki, adamlar sadəcə baxışacaqlar, romanlar da yazılacaq
amma lokal və qlobal. Bir vaxtlar Dostoyevskinin də vaxtı bol
idi, oxucuların da. Amma idi elə deyil. Onu da deyim ki, qısa
bir roman yazmışam, bu roman köşədən bir az uzun
söhbətə hazır olanlar üçündür.
Rəbiqə
Nazimqızı: Yəqin, formada qalmaq üçün
köşə yazıları yazırlar. Hər gün roman
yazmaq olmur, amma hər gün nəsə yazmaq lazımdı.
Digər tərəfdən, adamlar çörəkpulu
qazanmalıdırlar - bu çox vacib amildi, yazar romanından
qazana bilmir, məcbur olur, saytlara, qzəetlərə
köşə yazır ki, evinə pul aparsın. Bir də, bu
gündəmdə qalmağa, diqqət mərkəzində
qalmağa hesablana bilər. Hesab edirəm ki, ümumilikdə
yazar üçün publisistika lazımdır, amma hər
gün köşə yazmaq - romanın bir cümləsinin,
bir abzasının, bir səhifəsinin enerjisini və
vaxtını alır. Bir də ki, qabiliyyət məsələsi
də var. Məlum oldu ki, şair kimi özlərini təsdiqləmiş
adamların əksəriyyəti romana keçəndə
köşə yazarlığından o yana gedə bilmirlər.
Bəlkə də, özləri də bunu anladılar. Yəni
səbəblər çoxdu...
Kəramət
Böyükçöl: Yazıçı
heç nə yaza bilməyəndə köşə
yazır. Köşə yazmaq üçün məgər
adama istedad lazımdır? Məncə, yox. Yazarların
çoxu dolana bilmirlər və məcbur olurlar ki, saytlara nəsə
yazıb pul alsınlar. Bunu anlamaq elə çətin deyil. Bu
daimi bir işə çevrilib, vərdiş ediblər. Neyləsinlər
axı? İnanmıram ki, kimsə kefindən köşə
yazsın. Fərdi hisslərini, düşüncələrini,
başlarına gələn əhvalatı yazırlar. Ona
görə yazıların çoxunda ideya yoxdu. Hansın
dindirirsən deyir, o yazını pul üçün
yazmışam. Guya kişinin oğlu öz böyük
ideyalarını belə yazılarda yazmır, romanı
üçün saxlayır. Bu adamların çoxunun
vaxtı ilə roman yazmağı zarafat idi və
gördülər ki, onlar uzaq başı bir dəfə
zarafat eləyə bilərlər. Lap olsun iki dəfə.
Heç üç dəfə zarafat eləmək də hələ
yazıçı olmaq deyil. Bu artıq şit-şit
zarafatlaşmaqdı.
Fərid
Hüseyn
Kaspi.-
2012.- 13-15 oktyabr.- S.24.