«Çəkinmədən
deyirəm, dialoq lazımdır»
Şahlar Əsgərov hesab edir ki,
Gülər Əhmədova məsələsinə YAP-ın
düzgün münasibət sərgiləməsi camaat
arasında rəğbətlə qarşılanıb
Yeni Azərbaycan Partiyası (YAP)
Siyasi Şurasının üzvü, sabiq millət vəkili, professor
Şahlar Əsgərov “Kaspi”nin suallarını
cavablandırır.
- Noyabr ayında Yeni Azərbaycan
Partiyasının yaranmasının 20 illiyi qeyd olunacaq. Yubileylə
bağlı hansı tədbirlər həyata keçirilməsi
planlaşdırılır?
- Yubileylə
bağlı bir çox tədbirlərimiz olacaq. İlk əvvəl
onu qeyd edim ki, YAP-ın yubiley tədbirləri ərəfəsində
300-dən artıq siyasi partiyanı öz ətrafında birləşdirən
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP)
növbəti VII Baş Assambleyası Bakı şəhərində
keçiriləcək. Bundan başqa partiyanın icra katibliyi
yubiley tədbirləri üçün böyük bir
siyahı hazırlayıb. Burada YAP-ın 20 illiyi
üçün həyata keçiriləcək tədbirlər
öz əksini tapıb. Ən əsası Azərbaycanın
bütün rayonlarında konfranslar keçiriləcək.
Partiyamızın yaradıcısı, ümummilli lider Heydər
Əliyevin müxtəlif tədbirlərdə etdiyi
çıxışlardan seçmələr kitab halında
dərc ediləcək. Onun Azərbaycan dövlətçilik
tarixində xüsusi əhəmiyyətə malik olan fikirləri
bu kitabda öz əksini tapacaq. Bu kitabın təqdimatı da
yubiley tədbirlər sırasındadır. Adətən
YAP-ın yaranmasının ildönümündə ağacəkmə
kampaniyası da olur. Şəhərin ekoloji
tarazlığının qorunması,
yaşıllaşmanın artırılması məqsədi
ilə bu dəfə də belə bir kampaniyanın
olacağı gözlənilir. Eləcə də bu kimi
çoxsaylı tədbirlər nəzərdə tutulub. Həm
rayonlarda, həm də paytaxt şəhərimizdə.
-
Qarşıdan 2013-cü ilin prezident seçkiləri gəlir.
Ölkənin hakim partiyası bu seçkilərə hansı
əhval-ruhiyyə ilə gedir, seçki ilə bağlı nə
kimi hazırlıqlar görülür?
- Əhval-ruhiyyə
olduqca yüksəkdir. Bu yaxınlarda paytaxtımızda
keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunun
açılışında Prezident İlham Əliyevin
geniş məzmunlu çıxışı oldu. Dövlət
başçısı Azərbaycanın iqtisadi yüksəlişləri
ilə bərabər, insan kapitalı baxımından da dəyərli
fikirlərini tədbir iştirakçılarına
çatdırdı. Mən güman edirəm ki, Azərbaycanda
inkişafın iki komponenti var. Bunun birincisi insan kapitalı,
iqtisadi-inkişaf komponentidir. İkincisi humanitar komponentdir. Əgər
iqtisadi inkişaf olmazsa humanitar da olmaz. Bu isə cəmiyyətin
xoşbəxt yaşamasına gətirib çıxarmaz.
Ancaq, humanitar və iqtisadi toplananlar arasında harmoniya olanda
ölkə normal inkişaf edir. Bu gün Azərbaycanda bu
inkişafı görməmək mümkün deyil. Təkcə
paytaxtımızı gəzməklə son 20 ilin
inkişafını açıq-aydın görmək olar.
- Bir neçə YAP funksioneri mətbuata
açıqlamasında hakim partiyanın yeganə və
alternativsiz namizədinin indiki Prezident İlham Əliyev
olduğunu bəyan ediblər. Sizcə bununla bağlı
iqtidar partiyasının rəsmi qərarı nə zaman
açıqlanacaq?
- Mən
güman edirəm ki, iqtidar partiyasının sözügedən
məsələ ilə bağlı rəsmi qərarı
tezliklə açıqlanacaqdır. Burada tələsməyə
ehtiyac yoxdur. Ola bilsin ki, partiyanın 20 illik yubileyində, yaxud
da bundan sonrakı qısa vaxtda açıqlanacaq. Hər necə
olsa, hakim partiya öz yekdil qərarını verəcək.
Belə qərar qəbul ediləndən sonra isə bu haqda
daha ətraflı danışmaq olar.
- Prezident seçkiləri ərəfəsində
bəzi iqtidar və müxalifət partiya təmsilçiləri
tərəfindən qarşılıqlı müzakirələrlə,
dialoqla bağlı çağırışlar edilir. Sizcə
indiki şəraitdə belə bir dialoqun reallaşması
mümkündürmü?
- Bir
neçə il əvvəl bu dialoqa mən də
barmaqarası baxırdım. Lakin son zamanlar mənim
oxuduğum kitablar, əldə etdiyim əlavə biliklər,
dünya görüşümdə baş verən dəyişikliklər
məndə qəti əminlik yaradıb ki, dialoq vacibdir. Karl
Popper adlı bir filosof var idi. O, açıq cəmiyyət
haqqında konsepsiyanın həmmüəllifidir. Karl Popperin
açıq cəmiyyət konsepsiyasına görə,
dövlətin idarə olunmasında hər bir vətəndaş
öz töhfəsini verməlidir. Əgər hər bir vətəndaş
dövlətin idarə olunmasına öz töhfəsini
verirsə, bu cəmiyyət açıq cəmiyyət
adlanır. Bu konsepsiyaya görə həm iqtidar, həm də
müxalifət cəmiyyətlərinin inkişafı naminə
hər zaman dialoqda olmalıdırlar. Açıq cəmiyyət
inkişaf etmiş kapitalizm cəmiyyətinin tərəqqisinin
bir növ son mərhələsidir. Açıq cəmiyyətə
aid olanlar, mənim anlamımda Avstraliya, Yeni Zenlandiya kimi
dövlətlərdir. Belə cəmiyyətlərdə
müxalifət ilə iqtidar hökmən dialoqdadır. Bu isə
olduqca vacib amildir və insan potensialının inkişafı,
düşüncə tərzinin dəyişməsi ilə əlaqədardır.
Fikrimcə, bu, hökmən baş verməli,
düşüncə dəyişməlidir. 30-40 il bundan qabaq
Amerikada ağ və qara dərili insanların nəinki bir yerdə
yaşaması, bir masa arxasında oturması, heç bir
avtobusda getməsi belə, mümkün deyildi. Amma, ABŞ cəmiyyətində
inkişaf və düşüncə sürətlə
inkişaf etdiyindən, indi qara dərili bir insan bu ölkənin
prezidenti də seçilə bilir. Hazırda ağ dərili
Amerika vətəndaşları Barak Obama ilə şəkil
çəkdirməyi, onunla ünsiyyətdə olmağı
özlərinə şərəf sayırlar. Sual olunur ki,
30-40 il ərzində ABŞ-da nə dəyişdi?
Doğurdanmı, əski şəhər sökülüb
yerində yenisi ucaldıldı? Yoxsa, köhnə təfəkkürlü
insanları okeana töküb, yenilərini meydana gətirdilər?
Əsla, yox! Sadəcə bütün cəmiyyətlərdə
olduğu kimi ABŞ-da da tədricən inkişaf getdi. Sonda da
qərar belə oldu ki, cəmiyyətdə dialoq mütləq
olmalıdır. Çünki, stabilliyin əsas göstəricilərindən
biri də dialoqdur. Bundan başqa tanınmış filosof Karl
Popper öz nəzəriyyəsində sübut edib ki,
inqilablardan heç bir cəmiyyət xeyir əldə etmir.
İnqilablardan hər zaman hansısa siyasi qruplar xeyir
görürlər. Cəmiyyətlərin, əhalinin tam
rifahı üçün hakimiyyət danışıqlar,
razılaşmalar yolu ilə bütün məsələləri
həll etməlidir. Belə olduqda, ölkənin
inkişafı da sürətlənər. Bu, mənim son fəlsəfi
düşüncələrim olduğuna görə, çəkinmədən
deyirəm ki, dialoq, danışıqlar lazımdır.
Kataklizmalar, inqilablar, küçədə insanların
bir-birinə zor tətbiq etməsi kimi hallar keçmişdə
qalmalıdır. Amerikada 40 il bundan qabaq, özlərini Kuk
Leklans adlandıran insanlar qara dərililəri öldürmək
təbliğatını aparırdılar. Amma indi bu kimi
hallara qəti rast gəlinmir ABŞ-da. Bu baxımdan, bizdə
də hadisələrə yanaşma tərzi,
düşüncə tərzi dəyişməlidir. Azərbaycanda
da həm iqtidarın, həm də müxalifətin təmsilçisi
ümumxalq, ümumdövlət amalına xidmət etməlidir.
Şəxsi mənafelər kənara atılmalı, xalq və
dövlət marağı qabarıb önə
çıxmalıdır. Bunun üçün isə dialoq
lazımdır.
- Seçki ərəfəsində
YAP-da fikir ayrılıqlarının meydana gəlməsi ilə
bağlı mətbuata məlumatlar yer alır. Sizcə, bu məlumatlar
nə dərəcədə doğrudur?
-
Ümumiyyətlə, cəmiyyətdə fikir
ayrılığı, fikirlərin toqquşması, müxtəlif
ideyaların irəli sürülməsi çox əhəmiyyətlidir.
Əks halda insanlar müqəvvaya çevrilərlər. Amma
bu müxtəlif ideyalar, fikirlər dəqiq
araşdırılanda, yaranan suallara da obyektiv cavab
tapılacaq.
- Son vaxtlar gündəmdə olan məsələlərdən
biri də YAP üzvü, sabiq millət vəkili Gülər Əhmədova
ilə fəaliyyəti dayandırılmış Beynəlxalq
Universitetin sabiq rektoru Elşad Abdullayevin qalmaqala səbəb
olan videosunun yayılmasıdır. YAP funksioneri kimi sizin bununla
bağlı mövqeyiniz bilmək maraqlı olardı?
- Bu
mövzuya YAP rəhbərliyini təmsil edən əksər
insanlar öz mövqeyini bildiriblər. Onların söylədikləri
fikirləri mən də bölüşürəm. Millət
vəkilləri Əli Əhmədov, Mübariz Qurbanlı,
Siyavuş Novruzov bu məsələyə ətraflı
münasibət bildiriblər. Heç bir cəmiyyət bu kimi
hadisələrdən sığortalanmayıb. İddia etmək
olmaz ki, yüzminlərlə üzvü olan partiyada hər kəs
etalondur. Vahid ideya ətrafında cəmləşən YAP
üzvləri arasında müxtəlif xarakterə malik
olanları var. YAP tərkibində belə bir hadisənin
baş verməsi cəmiyyət üçün kataklizma
yaratmır. Əgər belə demək mümkünsə, bu,
bir növ cəmiyyətin təmizlənməsinə xidmət
edir. Yəni, belə hadisələr üzə
çıxır, günahı olan cəzasını
alır, yaxud da tənbeh olunur. Bu, digərləri
üçün də bir nümunəyə çevrilir. Cəmiyyət
isə inkişaf edərək, qabağa gedir. Çünki cəmiyyətin
bu cür çalxalanmasında bir təmizlik də var. Ona
görə də son hadisələrə normal
yanaşıram.
- Bəziləri bu hadisənin
YAP-ın nüfuzuna xələl gətirəcəyini söyləyirlər.
Siz bu kimi fikirləri bölüşürsünüzmü?
- Bu hadisə
o zaman YAP-ın nüfuzuna xələl gətirərdi ki,
iqtidar partiyası qüsuru olan adamı müdafiə etmiş
olardı. Əgər hakim partiya qüsuru olan adamı
müdafiə etmirsə, qanunvericiliyə uyğun olaraq
hüquq-mühafizə orqanları təqsirkar barədə
cinayət işi açırsa, hansı xələldən
söhbət gedə bilər? Əksinə,
düşünürəm ki, son hadisəyə YAP-ın
düzgün münasibət sərgiləməsi camaat
arasında da rəğbətlə
qarşılanmalıdır.
- Deputat mandatı ləğv olunandan
sonra Gülər Əhmədova sosial şəbəkələrdə
bəzi YAP funksionerləri haqqında xoşagəlməz ifadələr
səsləndirir. Siz bu kimi halları necə qiymətləndirirsiniz?
Onun bu cür mövqe sərgiləməyə haqqı
çatırmı?
- İstərdim
ki, sabiq deputat Gülər Əhmədovaya bir insan kimi də baxaq.
Yəni, son hadisələrdən stress keçirmiş bir adam
kimi onun əməllərinə qiymət verək. Stressə
düşmüş bir adamın fəaliyyətində bu kimi
halların baş verməsi mümkündür. Ancaq, qəti
olaraq bildirirəm ki, bu hərəkətlər onun işinin
xeyrinə deyil. Onun etdikləri işinə heç bir
müsbət çalar gətirməyəcək. Məncə,
o, bu kimi hallara yol verməsə, dözümlülük
nümayiş etdirsə idi daha yaxşı olardı.
Rufik İSMAYILOV
Kaspi.-2012.-16 oktyabr.-S.5.