Xəlil Rza Ulutürkün 80 illik yubileyi qeyd olunub 

 

Oktyabrın 9-da XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Milli müstəqilliyimizin mübariz şairi" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov Xəlil Rza Ulutürkün həyat və yaradıcılığına nəzər salıb.

Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov X.R.Ulutürkün yaşadığı dövr ərzində bütün istedadını millətə bəxş etdiyini vurğulayıb: “O, öz səhhətini, sağlamlığını qurban vermiş bir insandır. Onun bütün yaradıcılığı çap olunsa, böyük bir külliyyat olar. Ana dili uğrunda mübarizədən heç zaman usanmadı”.

Dəyirmi masada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Qurban Bayramov “Xəlil Rza poeziyasında milli azadlıq hərəkatının bədii təcəssümü”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli “Xəlil Rza Ulutürk milli və bəşəri sənətkar kimi” mövzularında məruzələr ediblər. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri filologiya doktoru, Xəlil Rzanın həyat yoldaşı Firəngiz Ulutürkün “Xatirələrdə yaşayan Xəlil Rzamövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. F. Ulutürk Xəlil Rzanın adına təşkil olunan tədbirdə əziyyəti keçən hər kəsə təşəkkür edib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

 

Kaspi.- 2012.- 13-15 oktyabr.- S.13.