Bir aldanmış ürəyim var... 

 

Çöldə möhkəm külək əsir, yağış yağırdı. Yazı yazırdım. Birdən gözüm kiçik qızım Gültənin yorğanının üstündəki bir balaca kəpənəyə sataşdı. Sanki o da üşüyürdü, qızınmağa bir isti yer axtarırdı. Yaxınlaşdım. Ovcuma aldım o balaca kəpənəyi. Can verirdi. Nəfəsimlə isitmək istədim. Ancaq gec idi. Deyəsən, kəpənək ölmüşdü. Bironda bildim ki, bir qanadı qırılıbmış. Bir vərəq götürüb ölmüş kəpənəyi onun üstünə qoydum. Ürəyim kövrəldi. İsti göz yaşları axdı ürəyimə. Bir kəpənək ömrünə bayatı dedi ürəyim:

 

Bir körpəcə kəpənək

can verdi əllərimdə.

Deyilməmiş bayatım

inildədi dilimdə.

 

Bir kəpənək can verdi

anası xəbərsizdi.

Bilmirəm, bəlkə çöldə

öz balasın gəzirdi?

 

***

 

Bir kəpənək can verdi

son mənzili ovcummuş.

Bəlkə payız küləyi

onu çöldən qovurmuş.

 

Bu yağışlı havada

yəqin ki, üşüyürmüş.

Sonuncu nəfəsiylə

dünyanı isirdmiş.

 

...Öləndən sonra bildim

sınıbmış bir qanadı.

Bir kəpənək ömrünə

kövrək şeirim ağladı....

 

...Təxminən yarım saat keçdi. Başım yazılarıma qarışmışdı. Birdən ölmüş kəpənək yadıma düşdü. Onu qoyduğum vərəqə baxdım. Təəccübdən donub qaldım. Ölmüş hesab etdiyim kəpənək vərəqin üstündə yavaş-yavaş hərəkət edirdi. Sevindim. Bir kəpənək ömrü bir az da uzanmışdı. Pərt oldum. Bapbalaca bir kəpənək mənim ürəyimi aldada bilərmiş!

 

 

Sevil Gültən

 

27 noyabr, 2006

 

Kaspi.- 2012.- 13-15 oktyabr.- S.19.