Zamanın
amansız üzü
Görkəmli rus şairi Yevgeni
Yevtuşenkonun 80 yaşı tamam oldu. Bu münasibətlə
Rusiya televiziyası şairin ABŞ-ın kiçik şəhərindəki
evindən reportaj göstərdi. Şairin özünü
tanımaq çətindi: üz-gözü
qırış-qırış, boğazı
sallanmış, başı dazlaşıb, gözləri
sönük, səsi boğuq. Halbuki vaxtilə Yevtuşenkonun
harayı ilə camaat stadionları doldurar, Moskvadakı
Mayakovski meydanında gurultulu səsilə saatlarla söylədiyi
nitqləri dinləmək üçün minlərlə pərəstişkarı
toplaşardı. Ucaboylu, düz qamətli, üzünün mənalı
ifadəsi ilə Yevtuşenko öz şerlərini hafizəsilə
və böyük ustalıqla, bənzərsiz tərzdə
oxumaq qabiliyyətilə təkcə müasirləri
arasında yox, bəlkə də bütün zamanların ən
çox sevilən rus şairi olmuşdu.
Bəlkə də sırf bədii cəhətdən
Yevtuşenko Andrey Voznesenski, yaxud İosif Brodski kimi sənətkarlardan
geri qalıb, elə özü də yazdığı
şerlərin yetmiş faizini zəif hesab etmişdi. Buna
baxmayaraq, daim diqqət mərkəzində qalmaq
bacarığı sayəsində o vaxtların bütün ədəbiyyat
və incəsənət xadimlərindən, o cümlədən
müğənnilərdən və aktyorlardan daha çox rəğbət
görürdü. Onu hər kəsdən çox sevirdilər,
xalqın sevgisini qazanmaq isə həmişə ən
ağır günah sayılıb. Yevtuşenko
qısqanclıqdan uzaq olsa da, onun özünü
çoxları, o cümlədən şair dostları da
qısqanıblar. Elə Brodski də hətta Nobel
mükafatını alandan sonra belə onun şöhrətini
həzm edə bilmir və təkəbbürlə
”Yevtuşenko kolxozlara qarşı çıxsa, mən
onları müdafiə edərəm” deyirdi.
Bir gün Mərkəzi
Yazıçı Evində müharibə nəslindən olan
iki rus şairin söhbətinə təsadüfən
şahid oldum. Onlardan biri iddia edirdi ki, Yevtuşenko şöhrətini
təkcə öz istedadına yox, həm də “KQB”yə
borclu imiş.
- Amma yenə də istedadlıdır, elə
deyilmi? – deyə o birisi israr edirdi.
- Elə mən də onu deyirəm,
istedadla “KQB” vəhdəti böyük gücdür.
Mənim dostum və Ali Ssenarist Kursundan tələbə
yoldaşım İvan Draç 70 yaş yubileyimdə xatirələrini
bölüşürdü: “Zaman yaman dönüb. Vaxtilə
Yevtuşenko bizi yüz min adam toplaşdığı
stadiondakı gecəsinə çağırardı, ora
heç diplomatlar girə bilmirdilər. Bizimlə restorana gələndə
qapıçıya yüz manat verərdi, halbuki o vaxt
aylıq təqaüdümüz 120 manat olub. Təsəvvürünüzə
gətirin ki, biz buna necə baxırdıq. Bir dəfə
Lübomir Levçev bizi Sofiyaya dəvət edib bolqar, yaxud
rus, Ukrayna şerindən söhbət etmək əvəzinə
ancaq Yevtuşenko haqqında danışırdı.
Özü də üç saat. Amma mən bir-iki il əvvəl
Sofiyadakı Yevtuşenkonun gecəsinə getdim, oraya haradasa
iyirmi nəfər gəlmişdi. Budur ötən illərin gətirdiyi
dəyişiklik, əzizim Anar...”
Moskvada tələbəlik illərimdə
hələ Yazıçılar İttifaqı üzvü olmasam da, MYE iclasına yol tapa bilmişdim. Yaxşı yadımdadır, o iclasda Yevtuşenkoya və
Voznesenskiyə divan tuturdular.
Ədəbiyyat məmurları S.Mixalkov, A.Korneyçuk, L.Sobolev, A.Sofronov, beynəlxalq icmalçı Y.Jukov bütün
nüfuzlarının gücü ilə gənc
şairlərə qarşı hücuma
keçmişdilər. Səbəbi də Yevtuşenkonun öz tərcümeyi-halını
Fransa jurnalında dərc etdirməsi. Mixalkov lağ edirdi: “Tərcümeyi-halında harada, nə vaxt doğulmusan, atanın, ananın kimliyi göstərilir... Yevtuşenko
da fürsətdən yararlanıb ölkəsini
çirkaba...” Başqa
ədəbiyyat məmurları, üstəgəl dəbə
minən şairləri yamanca qısqanan gənc
şair V.Firsov da elə bu qəbildən
nitqlər söyləyirdilər. Həmin Firsova
bir dəfə gözəl bir həcv yazmışdılar: Firsov deyir, Yevtuşenkonun hətta
iki Dantesi olub, mənim isə birisi
də yoxdur deyə. Bakıda gənc
yaşlarımdan bizim
Yazıçılar İttifaqının Natəvan klubunda bu cür
çirkin iclaslara dəfələrlə
şahid olmuşam, amma Moskvada belə şeyi ilk dəfədir görürdüm və çox
dəhşətli, kədərli təəssüratla
ayrılmışdım. Orada Voznesenski və Yevtuşenko
da çıxış etmişdilər. Voznesenski natiq kimi güclü deyildi, həyəcanlanıb nitqini
dolaşdırır, boğazdan yuxarı
danışmağa başlayırdı. Yevtuşenkonun
isə çıxışı bunun tam təzadı idi. Gözəl səsi, məharətli natiq
fəndləri ilə kürsüdə çox
rahat görünürdü.
Zahirən də uca boyu,
düz qamətli, əynində qəşəng
kostümü ilə bayağı vodevillərin
çirkin rəqiblərinin yanında daha cazibəli görünən müsbət
qəhrəmanlarını xatırladırdı. Sonda Yevtuşenko öz şerini gözəl
ifadə ilə oxudu. Görünür,
izdihamlı şer gecələrində
qopardığı gurultulu
alqışların təəssüratından ayrıla bilməyib
bu şerilə
tamaşaçıları dərhal ələ almağı umurmuş. Amma bu dəfə olmadı, elə
tamaşaçılar da başqa
idilər. Oxuduğu şer sürəkli
alqışla yox, qaşqabaqlı sükutla qarşılandı. Salonda
açıq-aşkar bədxahlıq, ədavət,
qısqanclıq ab-havası hökm sürürdü. Gənc, məşhur,
qadınların sevimlisi, həyat eşqilə
dolu Yevtuşenko nə
qədər cazibəli görünürdüsə, hikkəsi istedadını üstələyən bu insancıqların daha çox nifrətinə tuş
gəlirdi. Ölkəyə, hökumətə, ideologiyaya guya qahmar çıxmaqla bu
cılız və müti məxluqlar
içəridə bəslədikləri gizli
istəklərini büruzə verirdilər. İllər sonra, yenidənqurma vaxtı onlara
bənzər (bəlkə də eyni) adamlar
Yazıçılar İttifaqının həyətindəki
L.Tolstoyun heykəli qarşısında Yevtuşenkonun əvvəlcədən səylə,
kinli səliqəylə
hazırlanmış müqəvvasını
yandırırdılar. Beləcə hikkələrini rahatladaraq Yevtuşenko ilə
apardıqları döyüşü başa vurdular. Hər halda onun özünü
yandırmaq iqtidarında deyildilər.
Mən
Yevgeni Yevtuşenko ilə
1964-cü ildə MYE-nin restoranında Maqsud İbrahimbəyov və gürcü
yazıçısı Tamaz Çiladze ilə naharımızda
tanış oldum. Yadımdadır, bizə
əvvəlcə Vasili Aksenov,
sonra da Yevtuşenko qoşuldu. Həmin
görüşü sonradan
Aksenovun vəfatına həsr etdiyim essedə təsvir etmişəm. Burada isə həmin essedə
toxunmadığım iki məqamı
xatırlamaq istəyirəm. O gün Yevtuşenko hansısa ölkədəki sovet səfirliyində işləyən bir diplomatın arvadının ona
vurulması haqqında danışırdı: “Təsəvvür
edin, bu diplomatların
arvadlarını yeddi qatına qədər
yoxlayırlar, amma bu
yenə də, sonrasını gözəl başa
düşə-düşə məndən ötrü
ərini tullayıb getməyə hazırmış”.
Rəsul
Rzanın oğlu olduğumu
eşidib atamla
aramızda nəsillər ixtilafının
olub-olmadığını soruşdu.
- Qətiyyən.
– cavab verdim, - biz bütün məsələlərdə
həmfikirik.
Bir neçə gün sonra atamla görüşəndə dedi: “Siz oğlunuzla
tam həmrəysiniz, belə şey bu zəmanədə
az-az rast gəlinir”.
Sonradan bir-iki
dəfə Yazıçılar İttifaqı plenumlarında
görüşmüşdük. Tiflisdə
İlya Çavçavadzenin
yubileyində məni Azərbaycan Yazıçılar İttifaqının
sədri seçilməyim münasibətilə təbrik edib “rəhbərlik yükü
ağırdırmı?” deyə sual vermişdi.
Qarabağ hadisələr
başlayarkən Xuraman Abbasovanın qədim
adətə görə başıalovlu kütlənin
ayaqları altına yaylıq atdığını Moskva mətbuatında oxuduqdan
sonra azərbaycanlı qadının bu müdrik və mərdanə
hərəkətinə şer həsr etmişdi.
Zəmanənin
bütün mühüm
hadisələrinə təəssübkeşliyilə Yevtuşenko xalis
“altmışıncılar”dandı. Öz
“altmışıncılığı” ilə fəxr edər
və edir, bu
şanlı nəslə nifrət edənlərə nifrət
etdiyini deyirdi.
Böyük Vətən müharibəsi
iştirakçılarından Bulat
Okucavanı da
“altmışıncılar”a aid edirlər.
Moskvada nəşr olunan
“Oqonyok” jurnalının suallarına cavab verən şair belə
demişdi: “Gənc “səksənincilər”
“altmışıncı”lara yaman
yanıqlıdırlar, amma ata-oğul məsələsinin əbədi olduğunu unudurlar. Təbii
ki, “altmışıncılar” da o zamanın
övladlarıdır. İnqilabçı olmayıblar, sadəcə
dürüst insan olaraq o şərtlərə
dözə bilmirdilər. Rejimi dəyişmək
fikrinə düşməmişdilər, sadəcə daha çox təmiz hava olsun deyə onu bir az
yumşaltmaq istəyirdilər, vəssəlam.
İndi də “səksənincilər”ə
üzümü tuturam.
Biz bacardığımızı etdik, indi növbə sizindir. Davam edin”.
Doğrudan da, kim nə deyirsə desin, sovet ölkəsindəki mənəvi
ab-havanı yeniləşdirməkdə, toplumun
ovqatını dəyişdirməkdə, şüurunu
təmizləyib sərbəst təfəkkür tərzinə
sövq etməkdə, yəni Zamanı qabaqlamaqda “altmışıncılar”ın
xidmətləri danılmazdır. Əlbəttə ki, bu hadisələrə ən
böyük təsiri Yevgeni
Yevtuşenkonun
yaradıcılığı göstərib.
Bulat Okucava,
Vladimir Solovyov, Andrey Voznesenski, Bella Ahmadullina, Rimma Kazakova, Robert Rojdestvenski, Yuri Kazakov, Vasili
Aksenov, Vladimir
Vısotski, İosif Brodski
ötən əsrin altmışıncı illər dövrünü şöhrətləndirdilər.
Amansız zaman onların
hamısını bir-bir aramızdan
apardı, yalnız Yevtuşenko o şanlı təbəqənin son təmsilçisi olaraq
durur. O, həm də
“altmışıncılar”ın sonrakı nəsillərin
ayrı-ayrı nümayəndələri tərəfindən
nankor hücumlara məruz
qaldıqlarının son şahidlərindəndir.
İndikilərin çoxu heç
onun adını da bilmir, halbuki otuz il, qırx, əlli il bundan əvvəl bu ad sovet
ölkəsində, Avropada dillər
əzbəri olub. Ömrünün
sonunu Yevgeni Yevtuşenkoya həm yad bir ölkədə, həm də yad zəmanədə yaşamaq
qismət oldu…
Anar,
xalq
yazıçısı,
Azərbaycan
Yazıçılar Birliyinin sədri
P.S. Yazının orijinalı ilə «Kaspi»nin rus dilində
əlavəsinin bugünkü sayında tanış ola bilərsiniz.
Kaspi.-
2012.- 13-15 oktyabr.- S.20.