Hələ də
atamızı gözləyirik...
Şamil Məmmədovun itkin
düşməsindən 20 il ötməsinə baxmayaraq, hələ
də övladları onun yolunu gözləyir
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayını açıqlayıb. Rəsmi məlumata görə, 1 oktyabr 2012-ci il tarixinə olan əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4030 nəfər təşkil edir. Onlardan 3256 nəfər hərbçi, 773 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki şəxs olduğu isə məlum deyil. Mülki şəxslərdən də 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəxslər (154 nəfər qadın) olub.
Əsir, itkin düşmüş 4030 nəfərdən 877
nəfərin əsir və girov
götürülməsi barədə məlumatlar daxil olub, şahid
ifadələri alınıb. Əsir və girovluqdan
1401 nəfər azad edilib.
Onlardan 342 nəfəri qadın, 1058 nəfəri
kişidir. Eyni zamanda 175 nəfəri uşaq
(64 nəfər azyaşlı qız), 289 nəfəri
yaşlı şəxslərdir (112 nəfər yaşlı
qadın). Dövlət Komissiyasına daxil
olmuş materialların təhlili
zamanı 553 nəfərin əsir və girovluqda
qətlə yetirildiyi, yaxud
müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib.
Onlardan 104 nəfəri qadın, 448 nəfəri
kişilərdir. Bundan başqa, 137 nəfərinin
yalnız adı məlum olsa da 74 nəfər indi də
naməlum şəxslər olaraq
alırlar. 2011-ci il ərzində keçirilmiş
axtarış-araşdırma tədbirləri nəticəsində
Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata
alınmış şəxslərdən 38 nəfərin
taleyinə aydınlıq gətirilib, onların
adları itkinlərin siyahısından
çıxarılıb. Həmin şəxslərdən
5 nəfərinin döyüşlərdən və mühasirələrdən
sağ çıxdığı, 5 nəfərin
döyüşlərdə həlak olduğu,
meyitlərinin tanınaraq dəfn edildiyi,
26 nəfərin siyahılardan təkrar keçdiyi,
2 nəfərin isə münaqişə bölgəsindən
kənarda itkin düşdüyü
müəyyən edilib.
Bu
günə kimi sağ qalıb-qalmadığından xəbər
olmayan insanlardan biri də gizir Şamil Muxtar oğlu Məmmədovdur.
O, Ağdərə rayonu uğrunda gedən döyüşlərdə
yaralanaraq, itkin düşüb. Ş.Məmmədov 1953-cü
il mart ayının 22-də Dəliməmmədli Rayonunun
Qasım İsmayılov kəndində anadan olub. Orta təhsilini
o vaxtkı Xanlar rayonunun 2 nömrəli orta məktəbində
alıb. 1962-ci ildə adıçəkilən məktəbin
birinci sinfinə qədəm qoyan Şamil Məmmədov
1970-ci ildə 8-ci sinfi əla qiymətlərlə bitirib.
1972-ci il noyabr ayının 29-da həqiqi hərbi xidmətə
çağırılıb. 1974-cü ildə xidmətini
başa vuraraq Vətəninə qayıdıb. Bir il sonra
sevib-seçdiyi Suqra xanımla ailə həyatı qurub. Hərbiyə
olan marağı ailə həyatı qurduqdan sonra da onu
özünə cəlb edib. Buna görə də 1978-ci ilin
avqustunda 344 saylı gizirlər məktəbinə daxil olub.
1979-cu ildə hərbi məktəbi bitirərək Gəncə
şəhərində yerləşən o zamankı 777
saylı hərbi-hissəyə təyinat alıb. Burada anbar rəisi
vəzifəsini icra edən Şamil Məmmədov
özünü nizam-intizamlı, işinə məsuliyyətlə
yanaşan bir şəxs kimi tanıdıb.
Hərbi
hissə komandanlığının bütün
tapşırıqlarını vaxtında və qüsursuz
yerinə yetirən Şamil, yoldaşları arasında da
sevilərək, böyük hörmət qazanıb. O, hərbi
hissənin ictimai həyatında hər zaman fəal iştirak
edib. Mənəvi və fiziki baxımdan güclü
olmasına rəğmən, olduqca təvazökar, hadisələrə
dözümlü yanaşacaq qədər sadə həyat tərzi
keçirib. Lakin bir dəfə milliyətcə rus olan zabitin
azərbaycanlılara qarşı açıq-aşkar
hörmətsizliyi, ədalətsiz qərarlar qəbul etməsi
onu özündən çıxarıb və nəticədə
hərbiçilər arasında münaqişə
yaşanıb. Bu münaqişədən sonra yaşanan bir
sıra haqsızlıqlardan bezən Şamil 1981-ci ildə
öz ərizəsi əsasında hərbidən
uzaqlaşıb. Lakin 10 il sonra erməni silahlı qüvvələrinin
torpaqlarımıza təcavüzü onun dinc, firavan həyatını
əlindən alıb. Hərbçi xarakterindən irəli gələrək,
torpaqlarımızın işğalına,
insanlarımızın qaçqın və məcburi
köçkünə çevrilməsinə laqeyid yanaşa
bilməyib. Xocalıda azərbaycanlılara qarşı
törədilən soyqırım hadisəsi isə onu qəti
addım atmağa məcbur edib.
Ürəyi
Vətən eşqi ilə döyünən qəhrəmanımız
1992-ci ildə könüllü olaraq, hərbiyə
qayıdıb. Bu dəfə də onu anbar rəisi vəzifəsinə
təyin etmələrinə baxmayaraq, Şamil gənc əsgərlər
üçün Qazax rayonundakı hərbi-hissədə
keçirilən təlimlərə qatılıb. Dəfələrlə
döyüş bölgələrində olan Şamil, sonuncu
dəfə 1992-ci il oktyabr ayının 31-də əsgərləri
Ağdərə rayonundakı hərbi-hissəyə təhvil
verib qayıtmaq tapşırığı alıb. Ancaq, o, əsgərləri
təhvil verdikdən sonra geri qayıtmayıb.
Döyüş bölgəsində vəziyyətin
ağır olduğunu görən gizir öz əsgərlərinin
yanında qalıb düşmənə qarşı
vuruşmaq qərarına gəlib. Məhz onun orada olduğu
vaxt düşmən növbəti dəfə əks
hücuma keçib və şiddətli döyüş
başlayıb. 1992-ci il noyabr ayının 4-də Ağdərə
rayonu uğrunda gedən döyüşlərdə əsgərlərdən
bir neçəsi yaralanıb. Düşmən onların
olduğu ərazini daim atəş altında
saxladığından yaralıları döyüş
meydanından kənarlaşdırmaq mümkün olmayıb.
Belə olan halda, gizir Şamil Məmmədov öz həyatını
təhlükəyə atıb, yaralı əsgərləri
xilas etmək üçün irəliləyib. Amma, az
keçməmiş onun özü də düşmən
gülləsinə tuş gəlib, yaralanaraq həmin ərazidə
qalıb. Vəziyyət getdikcə daha da
ağırlaşdığından hərbçilərimiz
döyüş mövqelərini itirərək, geri çəkilmək
məcburiyyətində qalıblar. Bu səbəbdən gizir
Şamil Məmmədovla yanaşı, bir neçə
yaralı əsgəri də ərazidən uzaqlaşdırmaq
mümkün olmayıb. Həmin vaxtdan bu günə kimi də
ailə üzvləri ondan hər hansı məlumat ala bilməyib.
Hazırda
şəhid statusu verilən Şamil Məmmədovun
qızı Aynurə Məmmədova deyir ki, atasının
torpaqlarımızın müdafiəsinə qalxmasına
başlıca səbəb, onun Vətənə olan sonsuz
sevgisi olub: “Atam həddindən artıq vətənpərvər,
millətçi bir insan idi. Harada olmasından asılı
olmayaraq, öz milləti, torpağını heç nəyə
dəyişməzdi. Eyni zamandan çox ürəyiyumşaq,
mehriban bir insan idi. Buna görə əsgərləri də
ona hörmətlə yanaşırdı. Əsgərlərinə
öz övladı kimi yanaşırdı. Tez-tez evlərindən
uzaq düşən əsgərlərini bizə qonaq gətirirdi.
Yadıma gəlir, anama deyərdi ki, “əsgərlərimə
baxanda öz oğlanlarım gözümün qabağına
gəlir. Ona görə də səhvləri olsa belə onlara
cəza verməyə əlim gəlmir. Çünki nə
vaxtsa, mənim övladlarım da onlar kimi qərib ola bilərlər”.
Çox təəssüf ki, belə bir ürək sahibi indi
aramızda yoxdur”.
Aynurə
Məmmədova deyir ki, aradan uzun illər keçməsinə
baxmayaraq, hələ də ailədə onun yeri
görünür. O, atası ilə bağlı iki məqamın
daim onları narahat etdiyini söylədi: “Bunlardan birincisi,
döyüş yoldaşlarının onu yaralı halda
düşmən əhatəsində qoymasıdır. Sonradan
atamın döyüş yoldaşları deyirdi ki, o,
yaralı əsgəri xilas etmək üçün gedəndə
özü də güllə yarası alıb. Kimisi onun
başından, kimisi isə çiynindən
yaralandığını söylədi. Atamı köməksiz
vəziyyətdə qoyub geri çəkilmələri mənim
ürəyimi göynədir. Axı o, öz həyatını
riskə ataraq, başqasını xilas etməyə gedirdi.
İkincisi isə bu günə kimi ondan hər hansı xəbər-ətərin,
ən acınacaqlısı isə atamın quru məzarının
belə, olmamasıdır. Anam da bu dərd əlindən
dünyasını erkən dəyişdi, ailəmiz pərən-pərən
düşdü. Heç olmasa doğrudan da
öldüyünü bilsəydik, məzarı olsa idi
bacılarıma və mənə azacıq təsəlli
olardı, bu”.
Xocalı
soyqırımı baş verən günün səhəri
atasının yenidən ərizə ilə əvvəl
işlədiyi hərbi-hissəyə müraciət etdiyini
söyləyən Zülfiyyə Məmmədova isə
bildirdi ki, əslində beş övlad sahibi olduğu
üçün onu cəbhəyə yollamaq istəməyiblər.
Lakin Şamil Məmmədovun israrları qarşısında
hərbi-hissə rəhbərliyi onun arzusunu yerinə yetirmək
məcburiyyətində qalıb: “O zaman qanun yol vermirdi ki, 3-dən
artıq uşaq atası olan şəxsi döyüş
bölgəsinə aparsınlar. Amma atam israrla dediyinin
üstündə durdu. Onu heç biz də qərarından
daşındıra bilmədik. Bu onun daxilindən gələn
bir hiss idi. Yaxşı yadımdadır, 20 Yanvar hadisələri
və Xocalı soyqırımı baş verəndə atam
düz 40 gün qapımızın üstündən qara
bayraq asmışdı. 20 Yanvardan sonra rus hərbiçiləri
atama nə qədər təzyiq göstərsələr də
o, həmin bayrağı endirmədi. Xalqının
başına gətirilən faciəni öz ailəsinin
başına gətirilən faciə kimi qəbul etdi.
Silahdaşları deyir ki, döyüş zamanı da
çoxlarından mərdliyi ilə seçilib. Bəziləri
silahı qoyub qaçsa da, o sona qədər əsgərlərinin
yanında olub. Elə itkin düşməsinə səbəb
də yaralı əsgərinin köməyinə yetməsi
olub. Əslində atamın belə bir adam olması ilə hər
zaman fəxarət hissi keçirmişəm. O, mənə,
ailə üzvlərimə, həmçinin də bu ocaqda
böyüyən uşaqlara bir örnəkdir, vətənpərvərlik
nümunəsidir. Lakin bütün bunlara baxmayaraq, bizim
narahatçılığımıza səbəb olan hallar
da yox deyil. Elə götürək, atamın adının əbədiləşdirilməsi
məsələsini. Atamın adına nə bir abidə, nə
bir küçə, nə də bir məktəb yoxdur.
Yalnız çox get-gəldən sonra Gəncə Şəhər
İcra Hakimiyyəti Gəncədəki evimizin hasarına
kiçik bir lövhə vurub. Atamın qəhrəmanlığı
və şücaəti qarşısında bu, olduqca
azdır”.
Şamil
Məmmədovun kiçik qızı, hazırda “Xalq cəbhəsi”
qəzetində çalışan Ülviyyə Məmmədova
(Şamilqızı) da atası ilə
öyündüyünü qeyd etdi. O, jurnalistika peşəsini
seçməsinə də atasının səbəb
olduğunu dedi: “Bu peşəni seçməklə həm
atamın adını yaşadıram, həm də
özümə təsəlli verirəm. Onun itkin düşməsindən
20 il keçməsinə baxmayaraq, bu acının yarası mənim
üçün hələ də səngiməyib. Üz
tutmadığımız ünvan,
soraqlamadığımız insan qalmayıb. Ancaq, heç kim
ondan doğru-düzgün bir xəbər deməyib. Ona
görə də hər il, hər gün, hər saniyə
ondan bir xəbər eşitmək həsrəti ilə
yaşayıram. Hər dəfə onun adı çəkiləndə,
onunla bağlı xatirələrdən danışanda
gözlərim dolur. Nə vaxtsa qayıdıb, son beşik
övladının başını tumarlayacağına, yenə
də qayğımızı çəkəcəyinə hələ
də ümid edirəm”.
Rufik İSMAYILOV
Kaspi.-2012.-17 oktyabr.-S.6.