“Dövlət müstəqilliyimizin əldə edilməsi böyük tarixi hadisədir” 

 

 Hacıbaba Əzimov: «Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir»

 

İstiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov 18 oktyabr 1991-ci ildə Ali Sovetin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməsi, o dövrdəki hadisələr və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını cavablandırır.

- Hacıbaba müəllim, Konstitusiya Aktının qəbul olunması ərəfəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət necə idi?

- Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi böyük tarixi hadisədir. Bu nailiyyət Azərbaycan xalqının sovet totalitar rejiminə qarşı uzun illər ərzində apardığı ağır, lakin şərəfli mübarizə sayəsində mümkün olub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda geniş vüsət almış milli azadlıq xalq hərəkatının təsiri və təzyiqi nəticəsində o zamankı Ali Sovetin 350 deputatı arasından cəmi 43-ü 1991-ci il martın 7-də SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumun əleyhinə səs verdilər. Bu hadisə Azərbaycanda müstəqilliyin əldə edilməsi prosesini daha da sürətləndirdi. Avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul olundu. Lakin o zaman biz, yəni istiqlalçı deputatlar bu bəyannamənin çox zəif olduğunu, orada müstəqilliyimizə təminat verən müddəaların olmadığını, o zamankı hakimiyyətin bununla görüntü yaratmaq istədiyini nəzərə alıb mübarizəni daha da qətiyyətlə davam etdirdik. Təbii ki, xalq hərəkatına arxalanaraq mübarizəmizi davam etdirdik. Bu isə oktyabrın 8-də Ali Sovetin işə başlanan növbədənkənar sessiyasında məsələnin dörd gün müzakirə edilməsinə səbəb oldu. Ancaq qanunverici orqan qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da bunu əleyhinə səs verdilər. Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarət idi. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdilər.

- Sovet ideologiyasının təsiri altında olan insanları bir araya gətirərək, istiqlaliyyətin əldə olunmasına cəlb etmək sizlər üçün çətin deyildimi?

- Əlbətdə çətin idi. Təsəvvür edin ki, hətta Ali Sovetdə dövlət müstəqilliyi haqqında Konstitusiya aktının müzakirəsi keçirilən vaxt 350 deputat arasında da fikir ayrılığı var idi. Onlardan bir çoxlarının iclasa gəlmək istəməməsinə, bir çoxlarının Ali Sovetin iclasını tərk edib foyedə gəzməsinə rəğmən, biz deputatları iclas zalına qayıtmağa məcbur etdik. Onların iclasda iştirakını təmin edib kvorumun pozulmasına yol vermədik. Təklif etdik ki, bu məsələdə adbaad səsvermə olsun. Belə olan halda, onlar tarix qarşısında cavab vermək məsuliyyətindən qorxub iclasa qatıldılar. Beləliklə kvorum alındı və çox çətinliklə də olsa Konstitusiya maddə-maddə səsə qoyuldu. Həmin iki gün ərzində Ali Sovetdə aparılan müzakirələr dövlət televiziyasının canlı yayımı vasitəsilə xalqa göstərilirdi. Bu hadisələr həm biz deputatlarda, həm də bütövlükdə xalqda böyük sevinc əhval-ruhiyyəsi yaratdı. Mən həmin vaxt tribunada idim. Səsvermə başa çatandan sonra hamı ayağa durub bu qərarı alqışladı. Hətta bəzi deputatların gözündə sevinc yaşını da gördüm. O zaman verilmiş bu qərarlar Azərbaycan xalqının xoşbəxtliyinə xidmət etmək üçün idi. Bu hadisədən sonra ilk əvvəl qardaş Türkiyə, sonra İran, Rumıniya, Pakistan və digər ölkələr Azərbaycanın müstəqilliyini tanıdı. Tezliklə Azərbaycan BMT-nin bərabərhüquqlu üzvü seçildi. Azərbaycan beynəlxalq hüququn subyekti oldu. Əlbəttə, bu, çox böyük nailiyyətdir.

- Artıq 21 ildir ki, müstəqil dövlətimizdə yaşayırıq. Bu ötən illər ərzində baş verən hansı hadisə sizi daha çox narahat edib?

- Bəzən deyirlər ki, Azərbaycanın müstəqillik əldə etməsinə səbəb SSRİ-nin dağılması olub. Bax, bu kimi fikirlər məni narahat edir. Azərbaycan xalqının apardığı istiqlal mücadiləsini, 20 Yanvar şəhidlərinin qəhrəmanlığını unutmaq olmaz. Əgər azadlıq, müstəqillik bizə “hədiyyə” edilibsə, bu qırğınlar, əzab-əziyyətlər nə üçün idi? Niyə sovet tankları Azərbaycan xalqının azadlıqsevər mərd oğul-qızlarının üstünə yeridilirdi? Mən müstəqillik gününün yenidən qeyri günü elan edilməsi təklifini irəli sürürəm. 18 oktyabr tarixi Azərbaycan xalqının çox ağır, lakin şərəfli bir mübarizə sahəsində əldə etdiyi gündür. Eyni zamanda, xalqımızın ən böyük nailiyyəti, ən böyük sərvətidir. Bunu hamı etiraf edir. Ona görə də bu bayrama böyük nailiyyət, tarixi hadisə kimi yanaşılmalıdır.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2012.-18 oktyabr.-S.5.