Bakıda «bal» ayı

 

Bal yarmarkasında gördüklərimiz, danışdıqlarımız, çəkdiklərimiz.....

 

“Arı südü əgər 2 saatdan artıq açıq havada, günün altında qalarsa, tərkibini itirir. Arıçı olan şəxs, heç vaxt bunu açıq şəkildə satmaz. Bunu edən arıçı deyil, onun arıçılıqdan xəbəri yoxdur”. Bu və buna bənzər bir neçə məlumatı dünən Bakıda start götürən bal yarmarkasından öyrəndik.

Yarmarkanın saat 12.00-da açılacağının elan olunmasına baxmayaraq, şəhər sakinlər səhər saatlarından oraya – Nərimanov rayonunda, keçmişŞuşa” kinoteatrının yaxınlığında yerləşən “Laləndə” şadlıq sarayına toplaşmışdılar. İnsanlar bayırda gözləyərkən bizkeçib içəridə sərgiylə və bir neçə arıçıyla tanış olduq.

Ötən illərdən fərqli olaraq, bu il sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edir. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılıb. Bu azlığı satış mərkəzinə daxil olarkən də müşahidə etmək mümkündür. Çünki, arıçıların qarşısında toplanan bal çəlləkləri ötən ilə nisbətdə seyrək idi. Amma onlarla söhbət zamanı məlum oldu ki, balın əksər qismi anbardadır. Təqdim olunan bal balonlarına nəzər salarkən üzərinə “arı südü” yazılmış bir qutu diqqətimi çəkdi. Məhsulun orta yaşlı sahibinə yaxınlaşıb söhbətə başladıq.

 

130 dərdin dərmanı

 

Sərgiyə Biləsuvar rayonundan qatıldığını deyən Əliyev Hikmət 25 ildir arıçılıqla məşğuldur. O, arının bütün məhsullarını peşəkar səviyyədə toplaya bildiyini dedi. Həmçinin bildirdi ki, arı məhsulları içərisində ən qüvvətlisi arı südüdür: “İki il əvvəl 1.2 kq, keçən il 1.5 kq, bu il isə 3.5 kq arı südü toplaya bilmişəm. Bunun 700 qramı qalıb, qalanını isə satmışam. Gələn il məqsədim 6-7 kq yığmaqdır. Əgər satışı yaxşı olarsa, ildə 10 kq-a qədər də arı südü yığmaq mümkündür”. Sərgiyə 200 kq bal, 60 kq çiçək tozu, 700 qr arı südü gətirən arıçının dediyinə görə, arı südün tərkibi vitamin qruplarından ibarətdir. Amin turşuları ilə çox zəngindir: “Bu südün tərkibində 20 amin turşusu var ki, bunun doqquzu əvəzolunmazdır. 120-130 xəstəliyin dərmanıdır”.

 

Peşəkar arıçılar adla tanınır

 

Hikmət dayı onu da dedi ki, arı südünü hər arıçı peşəkar səviyyədə toplaya bilmir. Azərbaycanda peşəkar arıçılar 5-6 nəfərdir: “Balakəndən Həsən, Qaxdan Bədrəddin, Qubadan Zəfər, Şəkidən Lətif, Biləsuvardan da mənəm”. Qeyd edim ki, adı sadalananlar sırasında olan arıçı Bədrəddin ötənilki bal sərgisində mənimlə həmsöhbət olmuşdu.

Diqqətimi çəkən arı südü xammal şəkilində xüsusi gellərdə – şpirislərdə olmaqla, soyuducuda idi. Arıçının bildirdiyinə görə, bunları 2-3 gün burada saxlamaq olar: “Arıçılıq üçün xüsusi termokontlar var (əlini uzadaraq qutunu açıb göstərir). Bunun temperaturu mənfi 20 dərəcə olanda arı südü 18 aya qədər keyfiyyətini saxlayır. Mənfi 2-6 dərəcədə 6 aya qədər, müsbət 2-6 dərəcə temperaturda isə arı südü 2 aya qədər keyfiyyətini saxlayır”.

Xatırladım ki, keçən il keçirilən bal yarmarkasında arı südünə bu şəkildə deyil, şüşələrdə və açıq havada satıldığının şahidi olmuşduq. Bunun düzgün olmadığını Hikmət dayı yazının girişindəki kimi izah etdi. Dedi ki, arıçı istehsal etdiyi məhsulun tərkibini və texnologiyasını bilməlidir. Onu izah etməyi bacarmalıdır. Yoxsa, görürsən ki, arıçı alıcıya yaxşı izah verə bilmir və onun xeyri əvəzinə ziyanını görürlər.

 

Arı südü necə qəbul olunur?

 

Arı südünün necə qəbul olunması ilə də maraqlandıq. Sən demə, süd qəbul olunarkən dilin altına qoyulmalıdır. Profilaktik məqsədlə gündə bir dəfə, səhər yeməyindən əvvəl, müalicə məqsədi ilə gündə iki dəfə, səhər və günorta yeməklərindən bir saat qabaq qəbul olunmalıdır. Axşamlar məsləhət görülmür, çünki yuxuya təsir edir. Məhlulu dilin altına qoyarkən nə sormursan, nə də çeynəmirsən, özü əriyib gedir. Daxilə də qəbul etmək olar, ancaq mədə turşusu südü parçalayır, ona görə onun effekti az olur. Südü qəbul edərkən bala da, spirtə də qatmaq olar. Amma onda effekti azalır. (Bir şpirits 10 millidir, 11 qrama yaxındır. Qiyməti 35-40 manatdır).

Arı məhsulları sırasında bir neçə maye dolu kiçik şüşələr diqqətimi çəkdi. Biləsuvarlı arıçı dedi ki, bunlarpropolis”in (vərəmum) spirtlə qarışığıdır. Bundan prostatda, mədə yaralarında çox istifadə olunur: “Mən tibdə elə bir dərman tanımıram ki, propolis qədər güclü yara sağaldan olsun. Yəni istənilən açıq yaranı qısa vaxtda sağaldan bir məhluldur”.

 

Mədəni seksiya balı

 

Digər maraq çəkən obyektlərdən biri seksiya balıoldu. Bu o deməkdir ki, heç bir şanı yapışdırmadan arı özü hörüb bal yığır. Buna görə seksiya balı orqanikdir. Arıçı öz balına belə tərif verdi: “İnanmıram ki, bu sərgidə bu baldan görəsiniz. Mən buna tel çəkmişəm, şanı yapışdırmışam, arı özü hörüb yığıbdır. Arı bunu ərsəyə gətirənə kimi əlavə bal vaxt sərf edir. Ona görə bu balın qiyməti digərlərindən bahadır. Yəni bunu 25 manatdan aşağı vermək insafsızlıq olar (gülür). Elə bil ki, arı təbii olaraq ağacda bal yığır, bu, onun mədəni formasıdır”.

Sərgi-satış mərkəzinin açılışında kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov nazirliyin şöbə müdiri Çingiz Fərəcov da iştirak edirdilər. A.Aslanov bildirdi ki, Azərbaycanda aqrar sahəyə böyük diqqət yetirilir: “Artıq ölkəmiz bir çox kənd təsərrüfatı məhsulları ilə özünü təmin edə bilir. Biz istəyirik ki, arıçılıq təsərrüfatımız da daim inkişaf eləsin. Ötən il yerli istehsal 267 min ton olubsa, bu il havaların yağışlı keçməsi istehsalı azaldıb. Belə ki, bu il istehsal 110 min tona düşüb. Bu sahədə 6 mindən çox insan çalışır. Bu gün artıq Arıçılar İttifaqı yaranıb. Güman edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hər zaman arıçılara dəstək olacaq”.

 

Günah Çingiz Fərəcovda olacaq!

 

Nazir müavininin dediyinə görə, gələn ildən yarmarka bundan da böyük yerdə təşkil olunacaq: “Ötən il yarmarkaya 400 arıçı gəlmişdi. Bu il isə 200 arıçı gəlib. Yarmarkada iştirak etmək üçün bizə məktublar yazırlar, amma gəlmirlər. Niyə hər rayondan 5 nəfər arıçı gəlsin ki? Nəzərdə tutmuşuq ki, gələn il daha böyük yerdə, 400-500 arıçının iştirakı ilə belə yarmarka təşkil edək”. A.Aslanov həmçinin vurğuladı ki, yarmarkada 15 manatdan yuxarı bal satışı olarsa, günah Çingiz Fərəcovundur və o, cəzalandırılacaq”.

Ç.Fərəcov da öz növbəsində qeyd etdi ki, dekabr ayında bir yarmarka da keçiriləcək. Lakin, həmin yarmarkada burada toplaşan arıçılar olmayacaq. Bu dəfə yenə də eyni şərtlərlə yeni nəsil, yeni adamlar gələcək: “Bu gün bura bəzi adamlar gəliblər ki, bizə balaca bir stol verin, biz də iştirak edək. Amma, burada yer yoxdur, bir-birinizə mane olmayın. Nazirlik tərəfindən qərara alınıb ki, aztəminatlı ailələr də nəzərə alınsın. Ona görə balın bir kiloqramı 15 manata satılacaq. Biz 20 gün burada işləyəcəyik. Vətəndaşlardan xahiş edirəm ki, kimə artıq qiymətə bal satılsa, yaxud anlaşılmaz nə isə olsa, birbaşa mənə yaxınlaşsınlar”.

Sonda qeyd edək ki, yarmarkada arıçıların lisenziya sənədlərinin verilməsi ilə əlaqədar vətəndaşlar içəriyə gec buraxıldı. Bu da öz növbəsində kiçik də olsa izdihama səbəb oldu.

 

 

Elgün Mənsimov

 

Kaspi.-2012.-18 oktyabr.-S.9.