51 manata 7 kiloqramlıq kitab 

 

Filarmoniya bağında tanınmış yazıçılarla görüşən oxucular pulsuz kitablar da əldə etdilər

 

Dünən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi “Milli Müstəqillik günü”nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgi-satış yarmarkası təşkil etmişdi. Yarmarkada Bakıda fəaliyyət göstərən “Nurlan”, “Mütərcim”, “Nurlar”, “Şirvannəşr”, “Altun”, “Azərnəşr”, “Qanun”, “Adiloğlu”, “Timaş “nəşriyyatları, “Dom Ruskıy kniq”, “Xəzər”, “Qlobal”, “Apostrof”, “1001 mahnı”, “Hədəf”, “Əli və Nino” kitab klubu, “Nağıl evi”, “Sehrli Dünya”, Kitab yayım mərkəzi, kitab mağazaları və yayım mərkəzləri iştirak edirdi. Bununla yanaşı, yarmarkada uşaq incəsənət məktəbləri şagirdlərinin əl işləri də təqdim olundu.

Yarmarkada hər nəslin nümayəndələrinə rast gəlinirdi. Tələblər və istəklər müxtəlif idi. Yaşlı təbəqə uşaq kitabları ilə maraqlanır, nəvələri, övladları üçün məntiq, nağıl kitabları axtarırdı. Kitab nümayiş etdirən satıcılarla söhbətimiz zamanı bəlli oldu ki, kitablar Müstəqillik günü münasibəti ilə endirimlə satılır. Kitab yarmarkasında oxuculara pulsuz kitablar da paylanırdı. Pulsuz paylanılan kitablara maraq daha çox idi. Hətta bir nəfərin eyni kitabdan 6 ədəd götürdüyünün şahidi oldum. Elçin İsgəndərzadənin qələmə aldığı “TarsusQaracaoğlan”, “Axundov fenomeni”, Özgen Keskinin “Qaçqın gözlər”, Mukadder Özakmannın ”İki devlet, bir millet” və s. kitablar pulsuz paylanan kitablar sırasında idi. Bu kitabları götürənlərdən kitab haqqında hansı məlumatlara malik olduqlarını soruşduqda, əsasən cavabları belə oldu: “Bilmirəm, içindən xəbərim yoxdur, pulsuzdur deyə götürürəm”. Daha çox maraq “Əli və Ninokitab evinin, “Qanun” və ”Global Publishing” nəşriyyatlarının çap etdiyi kitablara idi.

Gənc dindarları isə daha çox Harun Yəhyanın yazdığı kitablar maraqlandırırdı. ”Global Publishing” nəşriyyatının nümayəndəsi Ramil Rüstəmovun dediyinə görə, Harun Yəhyanın 300-dən çox kitabı var. Onun kitabları 75 dilə tərcümə olunub. Təkcə ötən il sözügedən müəllifin 16 milyon tirajla kitabı işıq üzü görüb. “Global Publishingin təqdim etdiyi kitablardan ən ucuzu 1 manat 50 qəpik, ən bahalısı isə Harun Yəhyanın 7 kilo ağırlığında olan 51 manatlıq ”Yaradılış atlası” kitabı idi. Onu da qeyd edək ki, sözügedən kitaba maraq o qədər böyük idi ki, hətta bu kitabla şəkil çəkdirənlər də oldu.

IB-klub və “Desperadogitara qrupu da sərgiyə dəvət olunmuşdu. Gitara qrupuna maraq az olsa da, IB-klubu öz oxucularını ətrafına toplaya bildi.

“Qələm” nəşriyyatının nümayəndəsi Ömər Məmmədovun söylədiklərinə görə, keçən mövsüm sərgiyə gələn azyaşlı oxucular daha çox şəkilli kitablara üstünlük verirdilər, ancaq indi məntiq kitablarına daha çox müraciət olunur. Test və nağıllarla bağlı kitablarda 30%-ə qədər endirimlər mövcuddur. “Hədəf” nəşriyyatı da kitablarında kifayət qədər endirimlər etmişdi. Sərgidə uşaq kitabları 3-4 manata, böyüklər üçün test kitabları isə 4-6 manata qədər idi. Bundan əlavə, nağıl kitablarının 1 manat dəyərində satışı da gerçəkləşirdi.

“Əli və Ninokitab evinin kitabları ilə daha çox gənclər maraqlanırdı. Burada ən ucuz kitab 3 manat, ən baha kitabın qiyməti isə 12 manat idi. Onu da qeyd edək ki, bütün kitablara 10% endirim vardı. Nəşriyyatın nümayəndəsinin sözlərinə görə isə, daha çox rus dilində olan kitablara maraq var.

Yarmarkada Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Aqil Abbas, Varis, Kamal Abdulla, Zəka Vilayətoğlu, Əjdər Olbaşqa yazıçıların kitablarını alan şəxslərə imzalı kitablar verilirdi. Oxucular yazarlarla görüşdüklərindən məmnunluq edib, onlarla söhbət edirdilər.

Əjdər Ol hər dövrün kitaba öz tələblərinin olduğunu dedi: “Getdikcə gənclər arasında kitaba maraq artmaqdadır. İndi bütün dünyada kitaba maraq yaranıb. Kitab insanı təzələyən vasitələrdən biridir. Dövlət getdikcə kitab yarmarkalarının açılmasına üstünlük verir. Bakıda da belə yarmarkalar tez-tez keçirilsə, ümid edirəm ki, kitablara maraq çox olar. Müəlliflərlə də canlı ünsiyyətdə olmaq onlara daha yaxşı təsir edir. Oxucunun fikri yazıçı üçün çox önəmlidir”.

Aqil Abbas indiyə kimi vətənimizdə keçirilən kitab sərgilərinin demək olar ki, hamısında iştirak etdiyini dedi: “İstərdim ki, belə sərgilər ayda bir dəfə şəhərin müxtəlif yerlərindıə keçirilsin. Bu günkü sərgi məkanı məni elə də qane etmədi. Filarmoniya bağı şəhərin gur yeri deyil. Lap Əhmədlidə belə kitab sərgisi keçirilməlidir ki, insanlar bu kitabları görsünlər”.

Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə Bakıda keçirilən kitab sərgilərinin hamısında iştirak etdiklərini bildirdi: “Düşünrəm ki, kitab sərgiləri daha tez-tez keçirilməlidir. Türkiyədə hər 3 aydan bir sərgi keçirilir. Orada mərkəz yazarları əyalət yazarları ilə görüşür və yazıçı ilə oxucu arasında bir fikir mübadiləsi yaranır. Yazıçıya stimul verən oxucunun münasibətidir”.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2012.-19 oktyabr.-S.16.