“Türkün mədəniyyəti
bütün mədəniyyətlərin fövqündə
dayanır”
Salatın Əhmədli:
“Yazı yazanda insan tənhalaşır”
Sona Vəliyeva: “Şeir ədəbiyyatın
elə bir janrıdır ki, o ürəyin yağını əridə-əridə
gəlməsə mümkün deyil ki, vərəqə
köçürülsün”
...sözün
düzü bu söhbətə nə ad verəcəyimi bilmirəm.
Redaksiyamızda bir bahar ətri var sanki. Niyə,
bilirsizmi? Çünki, mənim nur üzlü iki müsahibim
var: biri Qazaxın ab-havasında doğulub
böyümüş, yazıçı-publisist, filologiya
üzrə fəlsəfə doktoru Salatın xanım Əhmədli,
digəri isə...
...digəri
isə filologiya üzrə fəlsəfə doktoru, qəzetimizin
təsisçisi, şairə Sona xanım Vəliyevadır. Mənim
Sona xanımım, anama bənzəyən qadın... ilahi, mən
hara düşmüşəm? Onların
yaradıcılığından az – çox tanış
olanlar yaxşı bilər ki, bu iki xanımı birləşdirən
bir xüsusiyyət var – səmimiyyət! Və mən bu
gün bu səmimiyyətin işığına bütün
oxucuları toplamağa çalışacam. Qazağın
sazlı-sözlü xanımı Salatın Əhmədliylə,
Naxçıvanın əsalətini özündə
çox gözəl nümayiş etdirən Sona xanımla bu
söhbət alınacaqmı? Bilmirəm. Buyurun, bərabər
söhbətləşək:
(Onu da
qeyd edim ki, qonağımız Salatın xanımdır və
Sona xanım cidd-cəhdlə özünü bu söhbətdən
kənara çəkmək istəyir)
Sona Vəliyeva:
“Söhbətimizi gəlin ayrı məcradan başlayaq
axı, müsahibəmiz Salatın xanımladır.”
Salatın Əhmədli: “Çox sağ olun, mən
çox şadam ki, bu gözəl görüşə vəsilə
oldunuz”.
Nigar
İsfəndiyarqızı: - Mənim üçün ədəbiyyat
çərçivəsizdir. Sözə sığmayan,
kitaba sığmayan hisslərin aşıb-daşması, bəlkə
bir ananın dediyi bir doğma kəlmədə, bir atanın sevgisində,
bəzən bir kəlməylə, bəzən bir dastanla, bəzən
də deyilməmiş bir sözdür ədəbiyyat... Mənim
üçün ədəbiyyat yazılmamış qanundur.
Sizinçün ədəbiyyat nədir? Siz demək istədiklərinizi
deyə bilirsizmi?
Salatın Əhmədli: - Ədəbiyyat doğrudan
da hisslərin güzgüsü, bədii inikasıdır.
Hisslərimizi dilə gətirib deyə biliriksə o da bizim
anlamda ədəbiyyat deməkdir. Amma ədəbiyyatda öz
sözümü deyib-demədiyimi ancaq oxucular deyə bilər.
-Niyə məhz bayatılar?
Salatın
Əhmədli: - Bayatılar mənim növbəti
kitabımdır. Bundan əvvəl təxminən iyirmidən
artıq kitabım çapdan çıxıb. Düzdür,
bir neçəsi həmmüəlliflə yazılıb, nəşr
olunub. Bayatılar isə “Analar köç edəndə”
adlı kitabımdır. Mən həmişə fəxr eləmişəm
ki, anam yüz il ömür sürüb, özü də elə
bir müdrik ana. İllər onu məndən
uzaqlaşdırdıqca onun müdrikliyini,
böyüklüyünü dərk edirəm. İndi başa
düşürəm o necə anaymış, mən onun
qızı olmağımla fəxr edirəm. Anam sinədəftər
idi, çoxlu sayda bayatılar, rəvayətlər, tapmacalar
bilirdi və mən onun dediklərini yazıya almağa
başladım. Bilirsiniz, onun dediyi tapmacaların heç biri ədəbiyyatda
yoxdur. Bayatılar təkrar getməsin deyə nəşr
olunmuş kitabları müqayisə elədim, bir növ
araşdırdım. Əgər mən Anamın dediklərinin
hamısını yazıya alsaydım üç belə
kitab çıxardı. Daha sonra yenə də folklora aid
materialların yer aldığı haxıştalar, rəvayətlər,
bayatılar, inançlar, hekayətlər topladım.
Bunların hamısı sadəcə bir kənddən
yığdığım folklor nümunələridir.
Özüm oxuyanda heyrətə gəlirəm ki, bu,
insanların ürəklərində nələr
yatırmış. Bu kitabın sonuncu variantını nəzərdən
keçirirəm. O bayatılar həm də mənə
kömək oldu. Gördüm ki, mənim də içimdə
yeni-yeni bayatılar göyərir. “Analar köç edəndə”
kitabı belə yarandı. Orda bir bayatı var:
“Qızıl gülü əkəndə,
Dolu gülü tökəndə,
balalar necə dözsün,
Analar köç edəndə...”
Kitabın
adını həmin o misradan götürmüşəm. Hərdən
mənə şair deyirlər. Ancaq mən şair deyiləm,
ilk növbədə özümü tədqiqatçı
hesab edirəm. Folklorumuzu tədqiq eləmək, toplamaq
çox xoşuma gəlir. Desələr ki, ən çox nəyə
meyillisən, deyərəm ki, tədqiqat aparmağa.
Ulu
öndərin ana dilinə olan məhəbbəti çox
böyük idi. Dilimizin qorunması, dövlət dili səviyyəsinə
qaldırılması bilavasitə onun adı ilə
bağlıdır. Namizədliyimi də Heydər Əliyevin
dil siyasətindən eləmişəm. Eyni zamanda publisistikanı
xoşlayıram. Bir sıra hekayələrim var. Əlimdə
dörd tamamlanmamış yazılarım var var. Onları istəyirəm
başa gətirəm.
-Mən uşaq vaxtı Anamdan
soruşmuşdum ki, analar hara gedirlər?
O mənə cavab vermişdi ki,
“Torpağı anasız qoymamaq
üçün,
Torpağın altına köçür
analar...”
Sizcə Analar hara köç eləyir?
-Analar
cismən torpağın altına köçürlər, ruhən
də bizimlə olurlar, onlar əbədi yaşayırlar
övladlarının qəlbində. Biz də eyni
köçün sırasındayıq, məndə elə
inam var ki, bir gün dünyamızı dəyişəndə
analarımızla, əzizlərimizlə ruhlarımız
qovuşacaq.
-
Çox güclü kişilərdən birinin dediyi bir ifadədir
ki, kişinin şair olmağının bir önəmi yoxdur,
vay o günə ki, güclü kişinin qadını
şair ola.
Şair
olmaq çərçivəsizlik deməkdir. Güclü bir
kişinin qadını olmaq çərçivəyə məhkum
olmaq deməkdir və eyni zamanda bu çərçivəsizliyi
qoruyub saxlamaq... Bu, nə cür alınır sizdə?
-
Güclü bir kişinin xanımı olmaq doğrudan da
çətindir. Onun hər nazına dözmək, onu yeri gələndə
müdafiə eləmək, qorumaq lazımdır. Mən belə
hesab edirəm ki, əgər biz öz vətənimizi,
dövlətimizi seviriksə, evdəki məmur kişini
qorumağı da bacarmalıyıq. Axı, o xalqına
lazımdır, xalqı üçün
çalışır. Mən çalışıram ki, o,
evə gələndə ancaq dincəlsin. Hərdən ona
deyirəm ki, bir bazar gününü bizə sərf elə,
cavabı bu olur ki, əgər metro işləyirsə, mən
də işləməliyəm. İşi ağır və məsuliyyətlidir.
Amma bir tək nəvələrinin sözündən
çıxa bilmir, o da yayda. O bazar günü bağa gedə
bilirik. Mən belə hesab edirəm ki, bu cür insanları
qoruyub qayğısına qalmaq lazımdır.
İnsanlar
bəzən olduğu kimi görünmürlər. Şərqin
müdrik şairi Cəmaləddin Rumi demişkən, ya
olduğun kimi görün, ya göründüyün kimi ol.
Tağı müəllimin çox həssas ürəyi var.
Bəzən fikirləşirəm ki, kaş elə bir aparat
icad olunaydı ki, insanların ürəyindən, beynindən
keçənləri göstərə biləydi. Onda kimin
hansı əqidəyə qulluq etdiyi məlum olardı.
- Siz
mövqe sahibi bir insanın xanımsınız həm də
öz xarakterinizi ortaya qoyub onu qoruyub saxlayan birisiniz. Yəni
insanlar sizə heç də Tağı müəllimin
yoldaşı olaraq deyil də Salatın xanım olaraq fərqli
bir rəğbətdədilər. Bunu bacarmaq çoxmu çətindir?
- O
nüfuzu qazanmaq da sonradan onu qorumaq da çox çətindir.
Xalqın gözü tərəzidir. Düzdür,
Tağı müəllimin mənə çox köməyi dəyib,
onun əməyini itirmək nankorluq olardı. Hər yerdə mənə
kömək olub, arxa-dayaq olub. Ancaq o nüfuzu özün
qazanırsan, gərək saxlamağı da bacarasan. Baxıb
görsünlər ki, sənin gördüyün işin
mahiyyəti nədir. Əgər gördüyün iş ədəbiyyatımıza
xeyir verirsə, xalqımızın zövqünü
oxşayırsa yazmağa dəyər.
- Salatın xanım, hardan yarandı
bu ehtiyac ki, siz tədqiqatçılıqla məşğul
olmağa başladınız?
-Ailədə
çox gec doğulmuş bir uşaq olmuşam. Anamın
qırx beş yaşı vardı. Mən böyüdükcə
onlar yaşlaşırdı və mən onları bir növ
nənə-baba yaşda görmüşəm. Onlar 20 –ci əsrin
əvvəllərinə aid olan insanlar idi və folklor
yaddaşları çox güclü idi. Mənim
uşaqlığımda uzun gecələri bir gecə atam, bir
gecə anam növbəylə bizə nağıl
danışardılar. Biz də diqqətlə qulaq asardıq
və inanardıq o nağıllara. Bu nağıllar o qədər
ürəyimdə yer tapmışdı ki, Məlikməmmədi
hələ də unuda bilmirəm...
Bu arada
Sona xanım söhbətimizə qoşulur:
“Bəlkə
də o nağıllardır sizi yaradıcılığa
sövq edən. Düşmüsüz, o Simurq quşunu
axtarmağa, o Məlikməmmədin sehrinə...
Salatın
Əhmədli: - Tədqiqatçılıq marağım elə
ordan bəhrələnib. Bir də mənim anam dağ kəndindən
- Qazağın Əskipara kəndindən idi. Mən Poyludanam,
ora qonaq gedəndə biz orda aşıqların dedikləri
dastanlara, aşıq havalarına qulaq asardıq. Onlar dövrə
vurub oturardılar, səhərə qədər saz
çalıb dastan söyləyərdilər. Lap
keçmişdəki kimi. Uşaqlıq yaddaşı isə
heç vaxt silinmir.
Mən
heyranlıqla izləyirəm. Artıq ocağı
qalamışam, alışmağını təbəssümlə
seyr edirəm. Əlini çənəsinə qoyub Salatın
xanımı maraqlı bir üz ifadəsiylə dinləyən
Sona xanım həyəcanını gizlədə bilmir:
“-
Silinmir, bəli. Mən düşünürəm ki, bu
gün siz folklor tədqiqatına mənbəni ordan
almısınız. Siz yaşlandıqca lap yüz
yaşınız da olsa yenə o yaddaş sizdə qalacaq.
Yaddaşınızın o uşaq vərəqi
açıldıqca daha çox tədqiq edəcəksiniz.
Mümkünsüzdür ki, elə bir yerdə doğulan bir
insanın folklor yaddaşı tədqiqata çevrilməsin”.
Salatın
Əhmədli: - Mənə elə gəlir ki, həmin o hisslərdir,
Anamdan mənə keçən. Mən bu kitabları ortaya
qoymuşam. Folklora aid ikinci bir kitab “Yol gedir Naxçıvana”
olacaq. Bu kitab da iki hissədən ibarət olacaq. Birincisi
sırf folklora aid, ikincisi kənd adamlarının
yaddaşında erməni-müsəlman davasına aid qalan
xatirələrdən ibarət olacaq. Sizə misallar çəkim,
orada 96 yaşlı Zaman kişinin müharibə
dövründən danışmağı var, o, Ruzveltin,
Çörçillin Stalinlə Krım
görüşünün şahidi olub, onu təsvir eləməyi
elə bir süjet xəttidir. Bir başqa yaşlı adam isə
ilk məktəbin yaranmasını, müəllimləri
xatırlayır. Kitaba ön sözü İsa Həbibbəyli
yazıb.
Sona Vəliyeva: - O kənd
Şahbuzunmu kəndidir?
Salatın
Əhmədli: - Bəli, Şahbuzun... Tağı müəllimin
kəndidir.
Sona Vəliyeva:
– Mən olmuşam o kənddə. Qayaların, təpələrin
arasında əsrarəngiz bir kənddir.
Salatın
Əhmədli: - Havası çox gözəldir. Kərdilərdə
əkilmiş pencərlərin, gülbəsərin
(xiyarın) ətri adamı uzaqdan vurur.
Sona Vəliyeva:
- Müşkinaz xanımın kəndi...
Salatın
Əhmədli: - Müşkinaz xanım həm də qohumdur
Tağı müəllimlə. Onun atası, babası
haqqında o qədər gözəl xatirələr
danışıblar ki, mən onları ikinci kitabda verəcəm.
Bu birinci kitabda ancaq folklor nümunələridir. Nə qədər
haxışta var orada? İndi daha kimsə haxışta
üçün başqa kitab axtarmayacaq.
-Mən
istəyirəm bu sualı hər ikinizə verim: sizi dinlədikcə
düşünürəm ki, bizim ədəbiyyatın sizə
ehtiyacı var, çünki siz ədəbiyyatımıza
doğma ana obrazını gətirirsiniz. Ədəbiyyatımızda,
folklorumuzda, bizim yaradıcılığımızda bu qədər
səmimi məqamlar varkən, bu günün ədəbiyyatındakı
bu səmimiyyətsizlik nədən qaynaqlanır?
Salatın
Əhmədova: - Vallah, insanlar bəlkə də dəyişib.
-Ot kökü üstə bitməzmi?
-İndi
azad dövlətimiz var, müstəqillikdir, yazılanlara məhdudiyyət
yoxdur. Kimin fikri necədirsə, ürəyindən necə
keçirsə açıq-aydın yazır, öz bildiklərini
ortaya qoyur. Yazılmış hər hansı bir əsərdə
səmimiyyət yoxdursa o oxunmaycaq, oxunsa da yaddaşlarda
qalmayacaq. Qaldı ki, sualınıza, ədəbiyyatdakı səmimiyyətsizlik
– bu da yəqin ədəbiyyat sahəsində bir xəstəlik,
bir virusdur. Tanınmaq, ucuz şöhrət xəstəliyi.
Belə olan halda ədəbi mühitdə səmimiyyətsizlik
yaranır.
(Hə,
bax burda bizim söhbət mənim istədiyim məcraya
yönəlir, çünki artıq Sona xanımı söhbətə
cəlb etmək cəhdi göstərmirəm, çünki səmimiyyətdən
söhbət gedirsə müdaxilə də səmimi
olmalıdır)
Sona Vəliyeva:
- Səmimiyyət olmayan şeir şeir deyil. Ona görə
zaman gələcək qeyri-səmimi yazılanlar
özü-öz ayağıyla çıxıb gedəcək.
Xəlbirdən keçəcək, üzdə nə qalacaqsa
səmimiyyəti bütövlükdə ehtiva edən
şeirlər qalacaq. Şeir ədəbiyyatın elə bir
janrıdır ki, o ürəyin yağını əridə-əridə
gəlməsə mümkün deyil ki, vərəqə
köçürülsün. Şeirlər insanlara bənzəyir.
Qeyri-səmimilər də yadda qalsalar da elə-belə, tənqidi
nöqteyi-nəzərdən qalacaq.
-Sizin bəhrələndiyiniz və
yaradıcılığınızı bənzətdiyiniz
klassiklər, ədəbiyyat adamları. Sizə elə gəlirmi
ki, sizin yaradıcılığınız hansısa
şairin, yazarın yaradıcılığına bənzəyir
və ya ən azından siz ona bənzəməsini istəyirsiniz?
Salatın
Əhmədli: - hamımız yaxşı bilirik ki, o dövrdə
kitab oxuyan çox idi. Yeni çıxan kitablar əl-əl gəzirdi,
növbə ilə oxunurdu. Mənim ən çox önəm
verdiyim Cəlil Məmmədquluzadə, İsmayıl
Şıxlı, İlyas Əfəndiyevdir . Bu üç ədibə
o qədər vurğunam ki, başqa söz deyə bilmirəm.
- Gəlin
bir az da siz tərəflərdən danışaq. Mən
sazı çox sevirəm və mənə elə gəlir
ki, saza toxunsam əlimi yandırar. Düşünürəm
ki, siz tərəfin adamlarının
yaradıcılığında bir saz qoxusu, bir saz ab-havası
var. Sanki bu şeirlər, bu misralar sarı sim üstə
yazılıb...
- Ay Nigar
xanım, axı, sən hardan bildin ki, mən bu qədər
sevirəm sazı? Çox gözəl saz havaları var məndə,
çox sevirəm. Şeir yazmağa gəlincə, yenə
deyirəm, mən şair deyiləm. Məndə ancaq nəsr əsərləridir.
Bir də təddiq etdiyim əsərləri kitab halında
çap etdirirəm. Son illərdə professor Teymur Əhmədovla
birgə bir dərslik hazırlamışıq, XIX əsr Azərbaycan
ədəbiyyatı. Birinci cildi hazırlanıb, o
yayılıb, o taylı, bu taylı Azərbaycan şairlərinin
şeirlərindən ibarət idi. İkinci cildi də
artıq hazırdır. Sonuncu dəfə oxuyuruq. Burda da eynilə
seçmə hekayələrdir. Üçüncü cildi də
başlamışıq və bu da dramaturgiyadır. Bu
çox böyük bir işdir. Bizim Tehranda və Təbrizdə
bu işlə məşğul olan dostlarımız var ki, bu
seçmələrin toplanmasında kömək edirlər.
Bizim gücümüz xaricində olardı ki, gedib bir-bir gəzib
o materialları toplayaq. Mən elə yeri gəlmişkən,
Hüseyn Şərqi bəyə təşəkkür edirəm,
çünki, onun çox böyük əməyi var. O, bu
missiyanı öz boynuna götürdü. Mənim təxəyyülümdə
ən yüksək iş budur ki, ali məktəblər
üçün yeni bir dərslik hazırlayırıq.
Bakı Dövlət Universitetin qərarı ilə dərc
olunub. Elmlər Akademiyasının xətti ilə Səməd
Vurğunun bədii dilinin lüğətini
hazırlamışıq, orada 215 söz, 1753 ifadənin
lüğəti verilib. Hörmətli professor İsmayıl Məmmədov
bu lüğətin hazırlanması missiyasını öz
üzərinə götürmüş, ortaya sanmballı bir
iş qoymuşdur.
- Səməd Vurğunun
yaradıcılığında lüğətə ehtiyac
varıydımı ki?
- Bizim
filologiya sahəsinin akademikləri, professorları belə qərara
gəliblər ki, bəli, buna ehtiyac var. Bu sualı verən
çox olub amma kitabı əldə edib baxanda onu çox
yüksək qiymətləndiriblər.
Sona Vəliyeva:
- Bəlkə də var. Elə sözlər var ki, onu ədəbiyyata
Səməd Vurğun gətirib. Mənim düşüncəmdə
“Azərbaycan” şeiri hələ təhlil olunmayıb. Kifayət
qədər tənqidi oxu təcrübəm olduğu
üçün əminliklə deyə bilərəm. Elə
sözlər var ki, onu Azərbaycan poeziyasına təşbeh
kimi, ifadəli obraz kimi Səməd Vurğun gətirib, məs:
ülkər gözlüm, bu ifadə heç bir şairdə
yoxdur. Bu mənada ola bilsin ki, var. Bəlkə də Salatın
xanım təvazökarlıq edib demədi ki, onlar təhlili
lüğətdir. Amma yəqin ki, həmin təhlili sözlərlə
yanaşı şeirdəki sözlər də təhlil
olunur. Məs: Anamın dilbər gəlini, demir e, mənim
sevdiyim, mənim xanımım deyir anamın dilbər gəlini,
bir növ də aşıq Ələsgər sayağı bir
el dilini şeirə gətirir. Bunu ancaq Səməd Vurğun
deyə bilərdi.
-Eyni
zamanda o şeirlər abır yüklüdür...
Sona Vəliyeva:
- Əlbəttə abır yüklüdür. Səməd
Vurğunun yaradıcılığında onu
dövrünün bütün yazarlarından ucada saxlayan məhz
o el dilidir. El dilini elə bir poeziya dilinə çevirib ki,
minilliklər keçsə də Azərbaycan ədəbiyyatında
bu xüsusiyyət özünü qoruyacaq. Mən hesab edirəm
bu çox gözəl bir işdir.
-
Qarşıdan Hüseyn Cavidin yubileyi gəlir...
Salatın
Əhmədli: - Hüseyn Cavid bizim görkəmli, filosof
şairimizdir. Hərtərəfli bir insan olub. Təhsilini
mollaxanada alıb, daha sonra Təbrizdə, ən əsası
isə İstambulda təhsil alıb. İstambuldakı beş
il təhsil onun bütün dünyagörüşünü
dəyişdirib. Müşgünaz xanım xatirələrində
qeyd edir ki, o İstambuldan qayıdanda özü ilə 115
kitab gətirib. Ac qalıb, ancaq pulunu kitaba verib. İstambulda nəşr
olunmuş bu kitablar, astranomiyaya, təbabətə, yunan tarixinə
aiddir. Bunun özü də onun
dünyagörüşünün göstəricisidir.
Bütün əsərləri adlarından da məlum
olduğu kimi tarixi əsərlərdir. Bunu ulu öndərimiz
də təsdiq edib ki, Hüseyn Cavid tarixi əsərlər
yazıb. Bu onun güclü mütaliəsinin nəticəsidir
və əsərlərində özünü östərib.
-Bu o deməkdirmi, Hüseyn Cavid əslində
Azərbaycan tarixinə çox böyük töhfələr
verib amma biz onun fərqində olmamışıq?
-Bəli,
o tək pyeslər yazmayıb, tarixi tədqiq edib. Biz onu
oxuyanda tək əsər oxumuruq, həm də tarixi öyrənirik.
Ona vaxtilə yasaqlar, qadağalar qoyulub, onun əsərləri
hələ tam açılmayıb. Tədqiqatçılar
ona dəfələlə müraciət edəcəklər.
O, heç də nə Şillerdən, nə Şekspirdən
zəif yazmayıb. Çox təəssüf edirəm ki, onun
həyatı da əsərləri kimi faciəvi olub.
Sona Vəliyeva:
- Cavid Əfəndi haqqında biz öz fikrimizi onun əsərlərini
Türkiyə türkcəsinə uyğunlaşdırmaqla deyəcəyik,
bu, “Kaspi”təhsil mərkəziylə “Kaspi” qəzetinin birgə
layihəsi olacaq. Yaxın bir zamanda, hardasa iki ay müddətinə
Türkiyədə işıq üzü görəcək o əsərlər.
Amma mən Cavid haqqında danışarkən ulu öndərin
bir sözü yadıma düşdü: böyük bir məclisdə
Hüseyin Caviddən söhbət gedəndə onu Şekspirlə
müqayisə etmişdilər o isə demişdi ki, “əgər
Hüseyn Cavidi dünya ədəbiyyatında ən
böyük düha ilə eyniləşdirmək istəyirsizsə
onda onu “Faust”un müəllifi Höte ilə müqayisə
edin”. Bu, çox böyük bir bənzətmədir ona
görə ki, Cavid sırf fəlsəfi, milli zirvəyə
ucalıb. Daha fövqəlbəşəri bir məzmuna
yüksəltmək ideyası dururdu burda. Bu gün Cavidin
hansı əsərinə baxırsız baxın orda ümumbəşəri
çərçivə demək olar ki, öz zirvəsinə
çatıb və o daha fövqəlbəşəri məsələlər
qoyub.
Bu gün
dünyada, bu qloballaşan dövr dediyimiz bu zəmanədə
Cavidə nə qədər ehtiyac var? Qan tökülür,
Şərqdə demokratiya bərpası adı altında
dağılmayan bir məmləkət yoxdur. Amma bu
mümkün deyil, xalqlar öz taleyini özləri həll eləməlidir.
Dünyada sülh olmalıdır. Cavid ömrüboyu bəşəriyyətin
sülh şəraitində yaşamasını, ağlın,
intellektin, təfəkkürün, qalib gəlməsini, mədəniyyətin
yüksəlməsini arzulayırdı. Və deyirdi ki,
Kəssə
hər kim tökülən qan izini,
qurtaran
dahi odur yer üzünü,
Və ya
Turana
qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız
mədəniyyət, mədəniyyət, mədəniyyət!!!
Bu
sözü heç Höte de deyil, ancaq Cavid deyə bilərdi,
çünki həm Şərq, həm Qərb ədəbiyyatını
geniş şəkildə oxuyan, mənimsəyən və
üstəlik ilahinin göndərdiyi o bəşəri
ideyaları içində daşıyıb, ondan
çıxış eləməyi ancaq Cavid bacara bilərdi.
-Mənə
elə gəlir ki, Azərbaycan ədəbiyyatı
çiçək qoxumalıdır. Bu qoxunu, bu sevdanı
ötənləri oxuyanda alırıq. Amma bu gün Avropa ədəbi
cərəyanlarına meyl eləyən yazarlarımız var
ki, onların yazıları çox kəskin və Azərbaycan
ədəbiyyatından çox uzaqdır. Eyni zamanda
dünyada qəbul olunur. Bizim
sevdiyimiz ədəbiyyatı dünyaya
çıxarmaqçün nələr eləməyimiz
lazımdır ki, ən azından onlar qədər qəbul
oluna bilək?
Salatın
Əhmədli: -Sualınız çox düzgündür,
bizim ədəbi əsərlərin çoxu ürəkdən
gələn yazılardır. Nizamini, Fizulini unutmaq olmaz.
Neçə əsrlər keçib, təkrar-təkrar
qayıdırıq. Müasir yazıçılar da, bədii
ədəbiyyatda o çiçək qoxulu yazılar yazan
yazarlar da az deyil, Qərbə meyilli yazarların olması da
lazımdır. Sadəcə bizdə kitab təbliğatı
zəifdir. Dünyaya çıxmaq üçün xaricdə
əsərlərin çap olunması, təbliğ
olunması lazımdır. Xaricdə diaspora işləməlidir.
Çəkici bir yerə vurmaq lazımdır. Bir həqiqətimiz
varsa bunu hamı deməlidir. Bəzən elə tədqiqatçılar
meydana gəlir ki, Məs, Nizaminin bir sözündən tutub
onu Azərbaycan xalqından, ədəbiyyatından
uzaqlaşdırmaq istəyirlər. Bir haşiyə
çıxım: bir vaxtlar İngiltərənin özündə
belə bir fikir yaranmışdı ki, bu əsərləri
Şekspir adlı adam yazmayıb, məsələn Con
yazıb. Ağıllı bir adam çıxıb ortaya deyib
ki, səninçün nə fərqi var ki, bu ingilis yazıb,
ya o biri ingilis? Hər halda bu əsərləri ingilis
xalqının nümayəndəsi yazıb. Fikir həqiqətdirsə
onun üzərində dayanılmalıdır. Mübarizə
aparılmalıdır, haqq öz yerini tapana qədər, Azərbaycan
ədəbiyyatının səmimiliyini dünyaya göstərmək
üçün mütləq xaricdə çap olunmalı, o
kitablar yayılmalı, təbliğ olunmalı və müxtəlif
görüşlər keçirilməlidir.
-Məmməd Arazdan danışmamaq
günah olardı.
-Vətən mənə oğul desə
nə dərdim,
mamır olub, qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt nə dərdim,
Xəaznımdır, xəzanımdır,
xəzanım...
Məmməd
Araz ana torpaqdır, vətəndir, bütöv Azərbaycandır.
Onun şeirlərindəki o mübarizlik, o ruh bəlkə də
bir çoxlarında yoxdur. Məmməd Araz başdan-başa
səmimiyyətdir, insanın içinə nüfuz edə biləcək
bir ruhdur, sevdadır.
Sona Vəliyeva:
- Məmməd Araz min illər keçəcək yaşın
hansı vaxtından kim əlini atıb onun kitabını
götürəcəksə orda özünü görəcək.
Kim sevgi şeiri axtaracaqsa Məmməd Araza üz tutacaq. Və
ya vətənpərvərlik. Məmməd Araz heç kimin
bu mövzuda yazmadığı bir vaxtda “Məndən
ötdü, qardaşıma dəydi...” şeirini yazdı ki,
buna cəsarət lazım idi.
Ağır bir sənətə
könül bağladım,
Bəxtimə dərdin də
ağırı düşdü...
Məmməd
Araz çox ağır bir sənətə könül
bağlayan, amma onun səmimiyyətini içində
daşıya-daşıya özünə dərd qazanan bir
şairdir. Hansı şeirini desək bütövlükdə
bir Azərbaycan var o şeirdə, bütövlükdə Məmməd
Arazın səmimiyyəti, xarakteri var.
“...nə
doğmalıq bilin, nə də ki, ayıb,
mən
daha köçəri, köçəri quşam.
bu gecə
üstümü örtən olmayıb,
bu gecə
yamanca soyuqlamışam”
Ana
haqqında kim nə yazır-yazsın Məmməd Arazın
bu ifadəsini siz görməyəcəksiniz orda.
Və ya
“...Ana kədərini
yaşmıdır ölçən,
Ana
itirmişəm Ana yaşında”.
“...Mənim
könlüm bu torpağı vəsf edərək,
Azərbaycan
dünyasından baxar dünyaya”
Məmməd
Araz bilirdi ki, o Azərbaycana nə fransız kimi baxacaq, nə
ingilis kimi. O məhz o böyük sevgisi ilə baxacaq Azərbaycana.
Bütövlükdə Azərbaycan ədəbiyyatına xas
olan bütün mövzuların mükəmməl məcmusu
və səmimiyyəti toplusu: budur Məmməd Araz.
(Elə
bu əsnada Sona xanım gülümsəyir, məni lap Məmməd
Araz üstə köklədin, deyir)
-“Bağ evi, göy üzü, dəniz,
küləklər,
Ürəyim
sahildə bir qızıl balıq.
Bir dəli
həsrət tək uzanır gecə,
Bir dəli
sevda tək gəlir tənhalıq...”
Ədəbiyyatda
tənhalıq mövzusu...
Salatın
Əhmədli: - tənhalıqdan söz düşəndə
ilk növbədə Nəriman Həsənzadə
gözümün önünə gəlir. O, 55 yaşında
tək qalıb, sevimli Sarası dünyasını dəyişib,
23 yaşında anadan, iki yaşında atadan yetim qalıb.
Onun bütün şeirləri elə tənhalıqdan
yoğrulub. Özü deyir, hər şey var, heç nə
yoxdur. Bayıra çıxır, gül-çiçək dəstələri,
təbriklər, alqışlar, içəri girir, heç nə
yoxdur. Həmin o tənhalığın içindən
yaranıb onun yaradıcılığı. O şeirlər,
poemalar, dram əsərləri...
Nəriman
Həsənzadənin belə bir şeiri var:
Yaş gəlib
yetişir əlliyə, yüzə,
Ürək
həssas olur, əyriyə, düzə,
Qulağın
bir səsə, gözün bir üzə,
Ağızın
bir dada ehtiyacı var...
Arvadın
uşağa, qıza, gəlinə,
Kişinin
arvada ehtiyacı var.
Həmin
bu tənhalıqdır Nəriman Həsənzadəyə bu
şeiri yazmağa vadar edən.
Tənhalıq
deyəndə, insan bəzən tənha olmaq istəyir, bunu
bacara bilir. An olur, yazı yazırsan və o anda sən tənhasan,
bir o yazı masasıdır, qələm, dəftər və
bir də sənsən. Yazı yazanda insan tənhalaşır.
Bax, o məqamda daxilən tək olmasan o yazını yazmaq
qeyri-mümkündür. Əgər tənhalıq olmasa o
yazının içərisində səmimiyyət olmaz. Ədəbiyyatda
tənhalıq mövzusu da içdən gəlir. İnsan bəzən
vətənində də, ailədə də tənhalaşır.
Həmin anda yaranan hisslər tənhalıq mövzusuna gətirib
çıxarır.
-Azərbaycan ədəbiyyatında
sizin ürəyinizdən tikan çıxaran şeirlərin
müəlliflərindən bir neçəsinin
adlarını deyə bilərsizmi?
-Xəlil
Rza Ulutürkün, Nəriman Həsənzadənin
özünün şeirləri. Bəhs etdik Məmməd
Arazdan, onun elə bütün şeirlərinin əksəriyyəti
mübariz ruhludur.
-Saydıqlarınızın
arasında Tağı müəllim yoxdur, axı
(gülüş)
-Tağı
müəllimin yaxşı şeirləri var, amma mən ondan
danışsam təvazökarlıqdan uzaq olar. Onu bilirəm
ki, saf hisslərini köçürür varaqlara. Torpağa
bağlı insan olduğundan torpağa, Vətənə, Naxçıvana
aid şeirləri çoxdur. Onun hələ 1965-ci ildə Cənubi
Azərbaycana həsr etdiyi şeirləri var. Qanunla yasaq
edilmiş Cənubi Azərbaycan kəlməsini öz
şeirində yazıb: “Cənublu, Şimallı Azərbaycan
qoşa qanadımdır...”
- Bizim oxuculara sözünüz...
- Onlara
ilk növbədə cansağlığı arzulayıram, bir
də diləyim budur ki, kitabdan uzaq düşməsinlər.
Klassikləri, müasirlərimizi oxusunlar. İnternetlə
kitab bir deyil. Mən sizə bir məqamı deyim, son dövrlərdə
Elxan Elatlının “Cəhənnəmdən gələn səs”
romanını oxuyandan sonra daha möhkəm anladım ki,
Xocalı soyqırımı nə deməkdir, erməni əsirliyində
qalan soydaşlarımız hansı əzablarla üzləşiblər.
Mən çox istəyirəm ki, hər gənc oxucu bu
cür əsərləri oxusun. O zaman lazımi nifrət və
mübarizlik hissi onda oyanacaq.
Sona Vəliyeva:
Biz bu müsahibəni Salatın xanımla nəzərdə
tuturduq amma səmimi söhbət olduğundan mən də
qoşuldum. Çox sevindim ki, sizinlə bizim bu üç əsrin
qəzeti olan «Kaspi»nin redaksiyasında
görüşürük. Sizə uğurlar
arzulayırıq. Sizin tədqiqatlarınız, xüsusilə
folklora bağlılığınız məni valeh elədi.
Çünki folklor kənddə yaranır, onu tədqiq eləmək,
onu araya-ərsəyə gətirib bütün oxuculara təqdim
eləmək elə bir rayon bölgəsindən
çıxan oğulun-qızın işi deyil. Allah bu işdə
sizə güc-qüvvət versin. Ürəyiniz dolu olanda
mütləq bizi axtarıb-gəlin.”
Salatın
xanım müsahibənin sonunda televiziyalarımıza da
toxundu. Aparıcıların dil problemi, mətbəx
proqramlarının, xarici filmlərin, xüsusən də
Latın Amerikası seriallarının gənclərimizə mənfi
təsirindən təəssüflə danışdı. Dəyərlərimizə
sahib çıxmağı tövsiyə etdi. Və sonda onu
da qeyd etdi ki, bizim kənar mədəniyyətlərə meyl
etməyimizə gərək yoxdur, çünki...
Çünki
Türkün mədəniyyəti bütün mədəniyyətlərin
fövqündə dayanır!!!
Nigar İsfəndiyarqızı
Kaspi.-2012.-20-22 oktyabr.-S.10-11.