Dünya ədəbiyyatı kitabxanası”nı kimlər oxuyur? 

 

İndiki müasir yeniyetmələrlə iyirmi beş il əvvəlki cavanları müqayisə edəndə bəzən heyrətlənirəm. Gənclik illərində həmyaşıdlarım ana dilimizdə dünya ədəbiyyatı klassiklərinin əsərlərinin azlığından, tərcümələrin orginaldan olmamasından şikayətlənirdilər. Yazıçılardan, tərcüməçilərdən yeni tərcümələr tələb edir, oxumaq istəyirdilər. (Hazırda tam əksinədir: kitab çox , oxumaq istəyən isə azdır.) O tələbata görə 1988-ci ildə “Yazıçı” nəşriyyatında ilk dəfə Azərbaycan dilində yüz cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası çap edilməsi qərara alındı. Az bir müddətdə otuza yaxın kitab çap olundu. Lakin, sovet quruluşunun dağılması ilə nəşr yarımçıq qaldığından tamamlana bilmədi.

Təqribən iyirmi il sonra həmin seriyanı yenidən həyata qaytarmaq mümkün oldu. 2009-cu ilin başlangıcından Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il sərəncamına əsasən bu dəfə daha artıq, 150 cildlikDünya ədəbiyyatı kitabxanası” seriyası çap edilməyə başladı. Kitablar nəfs tərtibatda və yüksək poliqrafik keyfiyyətlə, yeni tərcümə və redaktə ilə oxuculara təqdim olundu. Yüz əlli kitabdan yüz otuzunun materialı Azərbaycan dilinə birinci dəfə tərcümə edilirdi. Kitabların tərcümə, tərtibat və çap prosesi hələ davam edir.

Kitablar dörd bölümdə nəşr edilir: otuz səkkiz yazarı əhatələyən 45 kitab klassk dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə dünya ədəbiyyatı üzrə antologiyalardan ibarət olacaq.

Klassik dünya ədəbiyyatı bölümü Homerinİliada” və “Odisseya”, Cek LondonunMartin İden”, Conatan SviftinQulliverin səyahəti”, Çarlz DikkensinOliver Tvistin macəraları”, Daniel DefonunRobinzon Kruzo”, Migel de Servantesin “Lamançlı Don Kixot” cildlərindən və Emil Zolya, Fenimor Kuper, Fridrix Şiller, Gi de Mopassan, Henrix Heyne, Jül Vern, İohan Gete, Mark Tven, Mayn Rid, Onore de Balzak, Prosper Merime, Stendal, Valter Skot, Viktor Hüqo, Vilyam Şekspir sayaq dahilərin seçilmiş əsərlərindən təşkil olunub. Eyni zamanda bu bölümə rus yazarlarından Aleksanr Puşkinin, Anton Çexovun, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin (üç cilddə), Lev Tolstoyun (üç cilddə) seçilmiş əsərləri də daxil olunub. Ancaq mənim fikrimcə, klassiklərin seçimi yetərincə mükəmməl deyil. Misal üçün, şərq ədəbiyyatından dünya şöhrətli yazarların cərgəsinə cəmi iki nəfərin – Sədi ŞiraziYunus Əmrənin aid edilməsi təəccüb doğurur. Məgər şərqdə qeyd olunan səviyyəyə layiq şair yalnız iki nəfərdirmi?

Müasir dünya ədəbiyyatı bölümündə ən məşhurlardan Aqata Kristi, Andrey Platonov, Antuan Ekzüperi, Ayzek Azimov, Bertold Brext, Çingiz Aytmatov, Cerom Selincer, Erix Remark, Frans Kafka, Mixail Bulqakov, Vladimir Nobokov, Nazim Hikmət, Paulo Koelye, Tomas Vulf, Umberto Eko, Nobel mükafatına layiq görülənlər bölümündə Alber Kamyu, Aleksandr Soljenitsın, Bernard Şou, Boris Pasternak, Ernest Heminquey, Herman Hesse, Ivan Bunin, Qabriel Markes, Mixail Şoloxov, Orxan Pamuk, Rabindranat Taqor, Romen Rollan, Tomas Mann, Toni Morrison, Uilyam Folkner və sairlərin seçilmiş əsərləri toplanmışdır.

Dünya ədəbiyyatı üzrə antologiyalara: dünya dramaturgiyası, dünya elmi-fantastik ədəbiyyatı, qədim yunan-roma əfsanələri, dünya yazıçılarının nağılları, antik ədəbiyyat, XX əsr dünya ədəbiyyatı, alman, amerika, fransız, ingilis, ispan, italyan, Latın Amerikası, skandinav, yapon, rus, ərəb, Türk xalqları ədəbiyyatlarının antologiyaları aid olunacaq.

Kitabın qalınlığından asılı olmayaraq hər birinin abunə qiyməti 7 manatdır. Poctla almaq istəyənlər üçün kitabın qiymətinə poçt xidməti haqqı da əlavə edilir.

Aydındır ki, seriyaya abunə yazılmış şəxs dünya səviyyəsində tanınan dərin məzmunlu gözəl əsərlərlə tanış olmaq, mənzilində qiymətli kitablarla dolu interyer yaratmaq fürsəti əldə edir. Bu kitablar oxucuların ziyalı insanlarla qarşılıqlı münasibətlər qurmağına, zövqlərinin inkişafına, dünya görüşlərinin genişlənməsinə əvəzsiz kömək göstərir.

Sovet dövründəki seriyadan fərqli olaraq indiki kitabların arasında Azərbaycan ədəbiyyatı nümayəndələrinin – Nizami Gəncəvi, XIX əsr Azərbaycan poeziyası, M.F.Axundov cildləri yoxdur. Eləcə də klassiklər sırasına köhnə seriyada olan Əmir Xosrov Dəhləvi, Dante, Amerika yazıçısı Teodor Drayzer, rus yazarları Turgenev, Lermontovsair bir çoxları salınmayıb. Kitabların cildləri gözəl tərtib olunsa da, təəssüf ki, içərisində materiala uyğun rəsmlər verilməmişdir.

Bu günədək seriyanın demək olar ki, yarısı – 74 kitab oxucuların ixtiyarına verilib. Bildiyimiz kimi seriya hələlik yalnız abunə yolu ilə oxuculara çatdırılır və bu işi Bakı Kitab Klubu həyata keçirir. Mətbuatdan aldığımız məlumata görə nəzərdə tutulan min nəfər abunə yeri bir il yarım vaxt ərzində, 2010-cu ilin sonlarında dolmuşdu. Bəs hazırda vəziyyət necədir? Kimlər “Dünya ədəbiyyatı kitabxanası”nı oxuyur?

Bakı Kitab Klubunun direktoru Elxan Rzayevlə söhbətimdə öyrəndim ki, abunəçilərin sayı daha 200 nəfər artaraq 1200 nəfərə çatıb. (Düzünü desək sovet dönəmi ilə müqayisədə və 9 milyonluq ölkə üçün bu rəqəm elə də çox deyil.) Abunəçilərin 85 faizi ali təhsillilərdir, 70 faizi kişidir. Məşğuliyyət baxımından əsas üstünlük özəl qurumda çalışanlarındır (65 faiz). Dövlət qulluqçuları və büdcə təşkilatlarında çalışanların onlardan geri qalması təəssüf edici haldır. Abunəçilər yaşadığı yerlər üzrə araşdırılanda onların 86 faizi Bakı və Bakı ətrafı ərazinin payına düşür. Bakıdan sonra ardıcıllıqla Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Masallı gəlr. İyirmiyədək rayonda abunəçilərin sayı birya iki nəfərdir. İyimi beşdən çox rayondan isə bir nəfər də olsun abunəçi yoxdur. Nə səbəbdəndr, olmaya həmin ərazilərdə ziyalı qıtlığıdır? Aydınlaşdırmaq çətindr...

Söhbət zamanı E.Rzayev abunəçilərlə bağlı iki maraqlı hadisə danışdı. Onlardan birincisi Gəncədə bir abunəçinin ötən yay toy zamanı seriyanın əlliyədək cildini təntənəli təqdimatla qızına cehiz etməsidir. (Həmin mərasimin videosu xoş xatirə kimi Kitab Kilubda saxlanılır.) İkinci hadisə günlərin birində yaşlı baba və nənənin Kitab Kluba gələrək abunə ilə maraqlanmaları olub. Sonda məlum olub ki, heç demə onlar abunəni özləri üçün yox, tələbə nəvələrinə hədiyyə etmək istəyirlərmiş.

Abunəçilər arasında xoşa gəlməz hal onların bəzilərinin kitabları müntəzəm almamalarıdır. Elə bu səbəbdən Kitab Klub alınmayan kitabları abunə olmayanlara biri 10 manatdan satmağa hazırlaşır. Bu məqsədlə öncə çap edilmiş otuz cilddən olan kitablardan satışa çıxarılanları var.

Nəzərə almaq lazımdır ki, belə seriyanın təkrar nəşri hələ azından iyirmi-otuz il baş verməyəcək. Onun üçün də şansımızı vaxtındaca dəyərləndirmək gərəkdir.

Nəhayət müşahidələrim və araşdırmalalarım nəticəsində gəldiyim qənaət budur: “Dünya ədəbiyyatı kitabxanası”nı mənəviyyat zənginliyini qiymətləndirməyi bacaran yüksək zövqlü insanlar oxuyurlar...

 

 

 Rövşən Yerfi

 

Kaspi.-2012.-20-22 oktyabr.-S.14.