SƏNİN OLMADIĞIN HƏR YER - QƏRİBLİK!
Sevimli şairimiz Məmməd
İsmayilin doğum gününə
Bu qədər geniş, anlaşılmaz, dəli-dolu
dünyada zərurət
yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz, ünyetməz qütbdə
yaşayan insanlar belə rastlaşar, tanış olar. Lakin qismət deyilsə,
hətta eyni küçədə qonşu
olan iki nəfər ömür boyunca bir-birini tanımaya, görməyə
bilər.
Zərurətdənmi bilmirəım,
xoşbəxtlikdənmi bilmirəm,
mənə - qarlı-boranlı
Rusiyada yaşayan bir şairə, Günəşli, odlu-alovlu
Türkiyədə yaşayan,
orada yazıb yaradan, amma səsi-ünü
dünyanın hər
yerinə yayılan Məmməd İsmayıl
ilə görüşmək
nəsib oldu.
Nağıllarda, dirilik suyu içib
ölməzliyə qovuşanlar
kimi, əsil şeir qaynağından su içmiş bu insan elə
sağlığındaykən ədəbi ölməzlik
qazanmışlardandır. Və onunla yoldaş, dost olmaq, onun həyatının
bir parçasına çevrilmək - bilavasitə
canlı əfsanəylə
qarşılaşmaq, sirli-sehrli
aləmə toxunmaq deməkdir.
Yəqin ki, taleyimizdən narazı olan zamanlarda, yaşadıqlarımızın
içərisində heç
olmasa ən xoş, əz əziz olan bircə günü yada salıb şükürlər deməliyik. Və o günü
bizə verən Allah,
mütləq ki, bir daha təkrarlayacaqdır.
Sadəcə ürəkdən və bütün varlığımızla istəməmiz
yetər.
...2012-ci il, fevral
ayı. Bu aydan üç gün: Məmməd İsmayılın
Moskvaya gəlişi, çıxışları və
gedişi... Bu gediş zamanı şəhər sanki boşalmışdı. Hər şey
yenə də bum-buz, adi və
söngün olmuşdu.
“Bu nurani insanı
bir daha yenə görə biləcəyəmmi?” - deyə düşünmüşdüm.
Nə yaxşı ki, qismətimdə onu təkrar-təkrar görmək, onun həmsöhbəti, silahdaşı
olmaq, şeir şölənlərində çiyin-çiyinə
çıxış etməklər
də varmış
Uşaqlıqdan bu dünyanın adamı deyildim mən. Təbiətimdə qəribəliklər
vardı: dalğınlıq,
gözlərimin tez-tez
“yol çəkməsi”,
saatlarla təkliyə
qapılıb şeirlər
yazmağım, bəzən
də kətilin üzərinə çıxıb
ən çox sevdiyim müğənni Zeynəb Xanlarovanın və Flora Kərimovanın
repertuarlarından əzbərlədiyim
mahnıları ifa edərək “konsert” verməyim... Təvazökarlıqdan uzaq da olsa, sanki xəmirim
mahnıyla, sözlə
yoğrulmuşdu. Əlbəttə ki, valideynlərim məndəki bu maraq və meylləri
görməyə bilməzdilər.
Beləcə də, 8 yaşım
olanda məni musiqi məktəbinin fortopiano şöbəsinə
və eləcə də, xor bölməsinə
yazdırdılar.
...İllər keçirdi,
mahnılarla böyüyürdüm. Öyrəndiyim,
sevdiyim, gözəl müğənnimiz Flora Kərimovanın
ifa etdiyi “Səndən xəbərsiz”,
“Nəyinə gərək”,
“Yaman darıxmışam
səninçün, ana!”
və s... kimi dillər əzbəri olan mahnıları sevə-sevə çalıb
oxuduğum. O zaman mənə, bu mahnıların sözlərinin
müəllifi ilə
bir gün tanış olacağımı, onunla yanaşı addımlayacağımı
desəydilər, təbii
ki, inanmazdım. Çünki, söz və sənət dünyası - mənimçün
bambaşqa bir dünya idi – qeyri-adi, əfsunlu...
Amma sən demə həyatda ola
bilməyəcək heç
nə yox imiş...
Məndən 30 il öncə dünyaya gəlməsinə baxmayaraq,
eynilə mənim kimi düşünən,
şeirin vurğunu və sevgilisi olan bir insan
da varmış dünyada.
“Mən onsuz da bu dünyadan
deyildim...
Öz özümü
aldatmağı bacardım!”
- deyən, ədəbiyyatı,
sənəti canından
çox sevən, yaşamını, sakitliyini
və gələcəyini
yalnız Sözə qurban verə biləcək bir insan – Məmməd İsmayıl.
Gizli deyil ki, onun haqqında
dəfələrlə yazmışam,
amma hər dəfə deyiləcək
yeni sözlərim
var. Çünki bu insanın öz dünyasında, yüzlərlə
sirri açılmamış,
kəşf edilməmiş
başqa dünyalar vardır. Çünki, bir insan, öz ətrafındakı
yüzlərlə adamı
xoşbəxt edə bilərmiş. Və qanı-qanından
olmasa da, onun varlığı üçün hər gün yaradana şükür edərsənmiş.
Dediyi çümlələri,
kəlmələri ardınca
yazıb çatdırmaq
olmur, hər biri bir atalar
məsəli, bir aforizmdir onların. “Hər
kəsin bir qayğısı var, mənim də qayğım - ədəbiyyatdır ”, “Ədəbiyyatını
göstər, sənin
kim olduğunu deyim”, - deyir o. “Hər axan suya
çay deməzlər!”
– deyir. Və nə qədər də haqlıdır!
Yazarların sayının sahildəki
qum dənələrinin
sayı qədər artdığı bu amansız dövrdə onun qələminin yeri bam-başqadır. Məmməd
müəllim öz oxucularını heç vaxt intizarda qoymur. Elə təkcə bu il, onun
Moskvada “Vmesto pisma”, Türkiyədə
“Unuttuğun yerdeym” adlı şeirlər kitabı nəşr olunub. Yeni bir romanı
və daha bir şeirlər toplusu da yaxın
zamanlarda işıq üzü görəcək.
Noyabrın 1-də əziz şairimizin 73 yaşı tamam olur, o isə gəncliyində olduğu
kimi gümrah və ürəyi yaşamaq eşqi ilə doludur. Məmməd
İsmayıl adına, dünyanın
müxtəlif ölkələrindəki
seir festivallarında, simpoziumlarda, sənət görüşlərində rast
gəlirik. Qəzet və jurnallarda
yeni-yeni şeirlərini,
məqalələrini, başqa
xalqların dilinə tərcümə olunmuş
yazılarını, kitablarını
oxuyuruq. Mükafatlarına və qazandığı uğurlara sevinirik. Bir sözlə, cəngavər
kimi döyüşlərdən,
yarışlardan gəlir
səsi bu yenilməz və məğlubolmaz şairin.
Qoy elə hər zaman belə olsun!
Məmməd İsmayıl dörd övlad atasıdır - gözəl, ağıllı,
qürur duya biləcəyi qızları
vardır və onlarla həmişə fəxr edir. Onların üçü
ataları kimi və eləcə də mənim kimi qürbətdədirlər.
Məktublaşmalarımızın birində rəfiqəm olan böyük qızı Gülzar belə yazmışdı:
“Əzizim Afaq! Atamdan nigaranam, yaşlanır, bizsə ondan çox-çox uzaqlardayıq.
Bu məni yaman
narahat edir. Gecələr də telefonumu
söndürmürəm. Bu yaşda hər
zaman onun yanında olmaq, hər arzu-istəyini həyata keçirə bilmək istəyərdim...,
aramızda isə bu qədər məsafə vardır”.
“Əziz bacım!
Məmməd müəllim hər
birimizin atası, yaxını və əzizidir. Qəlbində Vətən məhəbbəti
daşıyan bütün
türk övladları
onun balasıdır.
O heç vaxt tək deyil!” – demişdim mən
də. Və bu, doğrudan da belədir! Ona hər birimiz duaçıyıq. Telefon dəstəyindən
onun mehriban səsinin həmişə
gur və şən gəlməsi üçün, bir-birindən
gözəl şeirlər
yazması üçün
və hər zaman bizimlə birgə olması üçün duaçıyıq.
Harada olur olsun , Məmməd İsmayılın olduğu
yer – Vətəndir, əzizdir, müqəddəsdir!
Çanaqqalası – Çənlibeli, qələmi
– Misri qılınçı
olan Ədəbiyyat Koroğlusuna, əziz dostuma, sirdaşıma, gözəl insana, təkrarsız şairə
uzun ömür, can sağlığı, böyük
sevgi və bitib-tükənməyən ölməz
misralar diləyirəm!
Bundan daha layiqli kəlmələri100
illik yubileyində yazmağı həm ona, həm də
özümə arzu edir və sözlərimi
Məmməd müəllimə
həsr etdiyim bir şeirlə bitirmək istəyirəm!
MƏMMƏD İSMAYILA
Ötüb neçə payız,
keçib neçə
yaz,
Unutmaq asanmış gözdən
itəni...
Qəribdən savayı kimsə
anlamaz
Necə
özləmisən Ana Vətəni!
Məhəbbət payladın, qəmə
qarışdın,
Duyğular içində duyğu payın var.
Getdin, qürbət ellə elə barışdın
Vətən həsəd çəkib
səni arzular!
Səsini
gətirsə bir qərib külək
Nigaran fikirlər
durub dincələr.
Sözünün sehrindən titrəyər
ürək,
Ruhlar o dünyadan
qayıdıb gələr.
Bu qarı həsrətin ömrü minillik,
Qəhr olub nə qədər
ümidlər sönüb.
Sənin
olmadığın hər
yer - qəriblik!
Sənin
olduğun yer Vətənə dönüb!
Zəmanə dəyişər, səbr
elə hələ,
Qismət əl uzadar gözdən itənə.
“Sellər” cuşa gələr, insanlar dilə,
Dönərsən sevdiyin Ana Vətənə!
12.10.12.
Moskva.
Afaq ŞIXLI
Kaspi.-2012.-20-22 oktyabr.-S.16.