“Bizim dost itirən vaxtımız
deyil…”
Hafiz
Baxışın 80 illik yubileyi qeyd olunub
Abşeron
rayon “Mədəniyyət Evi”ndə nəğməkar şair
Hafiz Baxışın 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii
gecə keçirilib. Gecənin aparıcısı, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) dosenti, əməkdar artist Azad
Şükürov açaraq, mədəniyyət
ocağında Hafiz Baxış işığına
toplaşan hər kəsi salamlayıb. O, cismən aramızda
olmayan şairin zamanında yazdığı şeirləri ilə
daim ürəklərdə yaşadığını
söyləyib. Bildirib ki, ürəyi nəğmə ilə
dolu olan Hafiz Baxış bütöv bir Azərbaycanın
şairi olub.
Qısa
girişin ardınca, şair Hafiz Baxışın öz
ifasında səsləndirilən “Bizim dost itirən
vaxtımız deyil” şeiri dinlənilib.
“Zəngəzur”
Cəmiyyətinin sədr müavini, “Bütöv Azərbaycan”
qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu ədəbi-bədii
gecəni H.Baxış poeziyasının bayramı kimi
xarakterizə edib və bu bayram münasibətilə şairin
pərəstişkarlarını təbrik edib. Baş redaktor
şairin qələmindən söz-söz süzülüb
misra-misra sıralanan şeirlərin az qala hamının dillər
əzbəri olduğunu vurğulayıb: “Hafiz
Baxışın hər misrada bir hikmət yaşadan şeirləri
neçə illərdir ki, nəğmələrə
dönüb Azərbaycanımızı kənd-kənd,
oymaq-oymaq dolaşmaqdadır. Onun “Azərbaycan oğluyam”
şeirinə bəstələnmiş mahnını dinlədikcə,
adam bir daha milli mənsubiyyətindən qürur duyur. Öz
eşqini sönməyə qoymayan, bülbül olub
çiçəksiz yaşamayan, hər günün, hər
dəqiqənin qədrini bilən, kiminsə
görüşünə tələsəndə
özünü dünyanın ən xoşbəxt adamı
sayan,Vətən eşqi ömrünü bəzəyən,
ayrılığa dözə bilməyən, namərd
körpüsündən keçməyən şair,
xoşluqla ölümə göndərin məni, deyib. Amma,
ölüm ona heç də xoşluqla gəlməyib. Hafiz
Baxış ilk şəhid ziyalılarımızdan biridir.
Onu doğma ocağından didərgin salınmış
soydaşlarımızın dərdi vaxtsız aparıb. Lakin
ölüm şairi aramızdan cismani aparsa da, ürəklərdə
hopmuş Hafiz sevgisi, dodaqlarda nəğmələnən Hafiz
poeziyası şeirsevərlərin iliyinə işləyib.
Hafiz Baxışın sətirlərində Azərbaycan
sevgisi çağlayır. Bu sevgi qiymətə
sığmayan boyunbağıtək məmləkətimizin hər
çiçəyinə dolanır. Artıq 23 ildir xatirələrdə
yaşayan böyük sənətkarın oktyabr ayında 80
yaşı tamam olur. Bu münasibətlə “Bütöv Azərbaycan”
qəzeti redaksiyasında çapa
hazırladığımız “Ana layla deyir” kitabı Hafiz
Baxış ruhuna ehtiramımızın ifadəsi, onun
yaradıcılığının pərəstişkarlarına
ərməğanımızdır. İnanırıq ki,
şairin bu kitabı da əl-əl gəzəcək, poeziya
vurğunlarının stolüstü kitabına çevriləcək”.
AMEA Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi, filalogiya
üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğlu
unudulmaz şairin tərcümeyi halı, həyat və
yaradıcılığı barədə tədbir
iştirakçılarına geniş məlumat verib. Deyib ki,
şairin “Azərbaycan oğluyam”, “Sona bülbüllər”,
“Eşqimi sönməyə qoymaram”, “Dağlar
üçün darıxmışam”, “Bu torpağa
bağlıyam”, “Ömür bir yarpaq imiş” və “Ana layla
deyir” kitabları işıq üzü görüb: “Hafiz
Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur
mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində
müəllim ailəsində anadan olub. Orta məktəbi
1950-ci ildə Qafan bölgəsinin Şəhərcir kəndində
bitirib. 1950-1952-ci illərdə Qovşud kəndində ibtidai
sinif müəllimi işləyib, 1952-1956-cı illərdə
Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino
aktyorluğu fakultəsində təhsil alıb. Tələbə
ikən, - 1954-cü ildə Azərbaycan diviziyasında bədii
özfəaliyyət dərnəyinin rəhbəri olub.
1956-1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi,
pionerlər evinin və mədəniyyat sarayının
direktoru vəzifəsində çalışıb. 1961-ci ildə
Azərbaycan Dövlət Radio və Televiziya verilişləri
Komitəsində rejissor köməkçisi, rejissor, yüksək
dərəcəli rejissor vəzifələrində fəaliyyət
göstərib. İlk şeirləri “Sosialist Sumqayıtı”
qəzetində dərc olunub. “Samur-Dəvəçi
kanalı” adlı ilk şeiri həmin qəzetin 1957-ci il 9
fevral tarixli sayında, “Zirvə” adlı ilk poeması isə
“Azərbaycan” jurnalının 1968-ci il 2-ci sayında çap
olunub. Bundan sonra o, altı poema qələmə alsa da lirik
şair kimi daha çox tanınıb. Şair 1989-cu ildə
sentyabrın 4-də vəfat edib. Ölümündən 23 il
keçsə də, onun Vətənə
bağlılığı, doğma Azərbaycanına həsr
etdiyi yaradıcılığı, şəxsiyyəti
şeirsevərlər tərəfindən unudulmayıb”.
Sabiq millət
vəkili, tibb elmləri doktoru, professor Eldar Abasov şairin 50-yə
yaxın şeirinə 18 bəstəkar tərəfindən
mahnılar bəstələndiyini dilə gətirib. Onun
sözlərinə görə, həmin bəstəkarları
Hafiz Baxış yaradıcılığına yönəldən
şeirlərdəki gözəllik, xalqımızın adət-ənənəsindən,
həyat tərzindən qaynaqlanan ifadələr, gənclik və
həyat eşqi, çılğınlıq, əsası isə
səmimilik olub: “Şairin yaradıcılığında
nisgillik qırmızı xətlə keçir. Bu nisgilin
birinci səbəbi, hələ 10 yaşında ikən
atasını itirməsi olub. Onun atası ikinci dünya
müharibəsi zamanı cəbhəyə yollansa da geri
qayıtmayıb. Bu hadisə, eəcə də sonrakı
dövrlərdə ailənin çəkdiyi əzab-əziyyət
şairin şeirlərində özünə məskən
tapşb. Nisgilin digər səbəbi isə Hafiz
Baxışın dədə-baba yurdu sayılan Zəngəzurdan,
eləcə də Qərbi Azərbaycan torpaqlarından
soydaşlarımızın deportasiyası olub. Bununla da Vətən
nisgili onun köksündə yuva qurub. Elə, dünyadan
vaxtsız köçməsinə səbəb də Vətənə
bu cür bağlılığı olub. Mən deyərdim ki,
Hafiz Baxışı insanlara sevdirən də məhz onun Vətənə
olan bağlılığı, məhəbbəti idi. Bu
baxımdan Hafiz Baxışa olan sevgini, paralel olaraq Vətənə
olan sevgi kimi də qiymətləndirməliyik”.
Ədəbi-bədii
gcədə şair İlyas Tapdıq, İctimai Radionun əməkdaşı,
jurnalist Kamil Məhərrəmoğlu, şairə Pərvanə
Zəngəzurlu, tanınmış parodiyaçı Həsən
Cəbrayılov və başqaları da çıxış
edərək, Hafiz Baxışın
yaradıcılığı barədə fikirlərini
bölüşüblər. ADMİU-nun dosenti Məleykə Məmmədova
şairin qəzəllərini bədii qiraət edib. Rəssam
Firdovsi Hacıyev isə 80 illiyi qeyd olunan Hafiz
Baxışın xatirəsinə həsr etdiyi portreti
şairin yaxınlarına təqdim edib.
Tədbirdə
“Xəzri” instrumental ansamblının müşayiəti ilə
müğənnilərdən əməkdar artist Rəhilə
Bəndəliyeva, Firdovsi Rəhimov (“Azərbaycan oğluyam”),
Anar Abbasov (“Xızı dağları”), Vahid Zəngəzurlu,
Güldanə Cavadzadə və Aşıq Azər Fərmayıloğlu
şairin sözlərinə bəstələnmiş
mahnılar ifa ediblər.
Mərasimin
sonunda iştirakçılara şair Hafiz Baxışın
şeirlər, nəğmələr və poemalardan ibarət
olan “Ana layla deyir” kitabı hədiyyə olunub.
Rufik İSMAYILOV
Kaspi.-2012.-23 oktyabr.-S.11.