Bu festivalda gənclər
özlərini realizə
edir
Gənclərin
II Ümumrespublika Teatr
Festivalına 100-ə yaxın
ssenari göndərilib,
onlardan 12-si seçilib
Ötən il keçirilən Mübariz
İbrahimov adına Gənclərin I Ümumrespublika
Teatr Festivalı yəqin ki, xatirinizdədir. Bu il isə Ramil Ağasıyevin rəhbərliyi ilə Ekologiya mövzusunda Gənclərin II Ümumrespublika
Teatr Festivalı 23-30 noyabr tarixlərində Gənc Tamaşaçılar
Teatrında keçiriləcək.
Elə bu məqsədlə R.Ağasıyevdən
festival barədə fikirlərini
aldıq:
- Festivalların keçirilməsində məqsəd
nədən ibarətdir?
- Azərbaycanda ürəyi
teatrla, kinoyla, musiqiylə döyünən
istedadlı gənclərimiz
çoxdur. Belə festivallar onların
özlərini realizə
etmələri üçündür.
Adətən gənclərimiz teatrda, ekran qarşısında özlərini
tam realizə edə bilmirlər. Bizim festivalda
gənclərə mövzu
verilir və bu mövzu çərçivəsində
onlar özlərini göstərmək imkanı
qazanırlar. Həmçinin, festival çərçivəsində qoyduğumuz mövzularla gəncləri pis vərdişlərdən uzaqlaşdırmağa
cəhd göstəririk.
- Hazırda gənclərin teatra cəlb olunması ilə bağlı bir çox teatrlarımız bir sıra layihələr irəli sürür və bunun sayəsində
gənc kadrlar teatra cəlb olunur. Sizcə, bu qənaətbəxş
deyilmi?
- İncəsənət Universitetində ildə
100-dən çox rejissor
məzun olur. Mənim düşüncəmə
görə, bu düzgün deyil, absurddur. Əvvəllər İncəsənət Universiteti “Malakan bağı”nda yerləşəndə
maksimim 6-7 rejissor yetişirdi. İçlərindən
1-2 nəfər rejissor
kimi fəaliyyət göstərirdi. İndi rejissorların
kütləvi şəkildə
konveyer kimi buraxılması məqsədəuyğun
deyil. 2012-ci ildə belə bir qərar qəbul olundu ki, teatrların nəzdində studiyalar yaradılsın, gənc kadrlar yetişdirilsin.
Məndə olan məlumata
görə, “YUĞ”, Pantomim
teatrlarında, Lənkəranda
belə studiyalar var.
- Özünüz
də rejissorluq fakultəsini bitirmisiniz, bəs siz necə,
tamaşa hazırlayırsınızmı?
- Hazırda tamaşa üzərində işləmirəm,
festivalda iştirak edən gənclərin tamaşalarında onlara kömək etməyə çalışıram, yəni
öz fikrilərimi söyləyirəm. Gənclərin hazırladıqları tamaşaların
daha peşəkar, daha xoşagələn olmasına çalışıram.
Rejissor kimi isə ”Günah” filmi üzərində işləyirəm.
Filmin işıq üzü görməsi barədə
qabaqcadan məlumat verə bilməyəcəyəm,
çünki nə zaman hazır olacağını öncədən
deyə bilmərəm.
Filmin mövzusu uşaq evləri ilə bağlıdır.
- Festivalda münsiflər heyəti qismində kimlər iştirak edəcək?
- Onu sirr olaraq
saxlayacağıq. Komandaların özlərinə də bu, açıqlanmayacaq, onlar da festivalın
sonuna kimi münsiflər heyətinin
tərkibində kimlərin
olacağını bilməyəcəklər.
Keçən il açıqlamışdıq.
Sonradan eşitdik ki, zəng vurub tapşırmaq istəyiblər.
Belə halların baş verməsini istəmirik.
Münsiflər tamaşalara adi
tamaşaçı qismində
baxacaqlar, onlara blank veriləcək və həmin blanka ballar yazılacaq. Həmin balnk bağlanıb yekunda açıqlanacaq.
- Münsiflər
tamaşalar barədə
öz fikirlərini söyləməyəcəklər?
- Xeyr, münsiflər heyəti tamaşaları müzakirə etməyəcək.
Onların fikirləri kağızda
olacaq. Yəni festivalda ən
yaxşı ssenari, ən yaxşı aktyor, ən yaxşı rejissor işi, ən yaxşı tamaşa ballar əsasında müəyyənləşəcək.
- Bəs layihəni kim
maliyyələşdirir?
-
Ekologiya mövzusunda Gənclərin II Ümumrespublika Teatr
Festivalı Gənclər və İdman Nazirliyinin, Mədəniyyət
və Turizm Nazirliyinin birgə layihəsi əsasında maliyyələşəcək.
- Festivalın öz qaydaları
varmı?
-
Yaş məhdudiyyəti 30-a qədərdir. Festival çərçivəsində
tamaşaları hazırlayanlar peşəkar da ola bilər,
qeyri-peşəkar da. Ancaq ssenarini gənclər özləri
mövzuya uyğun olaraq yazmalıdırlar. Ekologiya ilə
bağlı festivalın elə də ciddi qaydaları yoxdur.
Keçən il millət vəkili Jalə Əliyevanın
ideyası oldu ki, festival iştirakçıları
üçün art-kamp keçirək. Bütün Avropa
ölkələrində festivaldan öncə belə kamplar
keçirilir. Keçən il Şüvəlanda təşkil
etmişdik bu kampı və 100-ə yaxın gənc
yığılmışdı. Art-kampda uşaqların fikir
mübadiləsi aparıldı, əyləncələr oldu,
ustad dərsləri keçirildi. Gənclər
tamaşalarını ustad dərsləri vasitəsilə daha
çox yetişdirməyə, yenidən hazırlamağa
başladılar. Bu art-kampların böyük köməyi
oldu festival iştirakçılarına. Oktyabrın 24-də
iştirakçılarımız Bakıya gələcəklər
və onlar üçün də art-kamplar keçiriləcək.
Ustad dərslərini keçirmək üçün isə
düşünürük ki, İncəsənət
Universitetinin teatr kafedrasının müdiri Sevda
Teymurovanı, Ramiz Novruzovu dəvət edək. Hələ ki
fikirləşirik bu haqda, gündə iki və üç təlimçi
gəlib dərslər keçsin.
- Festivallar hər il
davamlı olaraq keçiriləcək, yoxsa
necə
- Biz istəyirik ki, hər il
keçirilsin. Artıq 2-ci ildir
ki, Mədəniyyət
və Turizm Nazirliyi, Gənclər və Turizm Nazirliyi bu sahəyə
maraq göstərir.
Növbəti festivalda biz Avropa
ölkələrinin gənclərini
dəvət etmək istəyirik. Əgər o ideyaya maraq olsa,
yəqin ki, biz həmin layihəni də həyata keçirməyə şad
olardıq. Qəbul
olunsa, gələn il mövzu
seçilib bu barədə tədbir keçiriləcək.
- Teatr festivallarının keçirilməsinin
ideya müəllifi kimdir? Necə oldu ki, belə
bir layihə reallaşdı?
- Mən incəsənət
Universitetini bitirəndə
diplom işini vətənpərvərlik mövzusunda
hazırladım. Azər Cəfərin
ssenarisi əsasında
“Ata ocağı” tamaşasını
hazırlamışdım. Mənim üçün doğma olan İlhamə Novruzovaya müraciət etdim ki, tamaşaya
millət vəkili və tanınmış simalar dəvət etsin. Mən çox istəyirdim
ki, tamaşama gənclər, dövlət
işçiləri, müəllimlərim
baxsınlar. Bu belə də oldu, tamaşam çox böyük polemika yaratdı. Millət vəkili Jalə Əliyevanın ideyası
oldu ki, belə bir festival keçirilsin. Əvəllər içimdə qorxu vardı, bu barədə təcrübəm
yox idi. Ancaq içimdə mübarizə
əzmi olduğu üçün bu təklifi qəbul etdim.
- Festivala maraq necədir? Nə qədər gənc müraciət edib sizə?
- Keçən il
vətənpərvərlik mövzusu olarkən bizə 50 nəfərə
yaxın gənc ssenari göndərmişdi.
İndi isə 100-ə yaxın ssenari göndərilib.
Həmin
ssenarilərin içərisindən
12-si seçilib. Ssenari müəlliflərinin
7-si Bakıdandır, 5-i regionlardan.
İncəsənət Universitetindən 3 ssenari iştirak edir. Ümumiyyətlə, aktyor heyəti
ilə bərabər
120-ə yaxın gənc
bu festivalda iştirak edəcək.
İncəsənət Universitetindən maraqlı, hətta mənim gözləmədiyim
səviyyədə tamaşalar
hazırlanıb. Rayonlarımızdan da müraciət edənlər olub ki, buraya Ağdam,
Ucar, Zaqatala, Zərdab və Sumqayıt daxildir. Qəzetiniz vasitəsilə bütün
insanları festivala maraq göstərməyə
və gənclərimizə
dəstək olmağa
çağırıram. 24-30 noyabr tarixlərində
onları tamaşalarımızı
izləməyə dəvət
edirik.
Xəyalə Rəis
Kaspi.-2012.-23 oktyabr.-S.15.